Məhkəmə qərarları › İş №1(001)-61/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-61/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-61/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 7(001)-280/2022-ci il tarixli qərar ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Meydan” adlanan yerdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,303 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 may 2022-ci il tarixdə Nəsimi rayonu, Papanin adlanan yerdə olmamışdır. 24 may 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi «Meydan» adlanan yerdə piyada gedən zaman iki nəfər mülki geyimli şəxslər adlarını sonradan bildiyi Şahid1 və Şahid2 ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmışlar, orada hansısa işi boynuna götürməyi bildirmişlər. O, inzibati xəta olduğunu düşünərək ona elan edilmiş ittiham üzrə əməli boynuna götürmüş və oxumadan sənədlərə qol çəkmişdir. Onun üzərində heç bir narkotik vasitə və ya psoxotrop maddə olmamışdır. Buna görə də məhkəmədən elan edilmiş ittiham üzrə təqsiri olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Binəqədi RPİnin 6-cı PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 24 may 2022-ci il tarixdə, saat 19:30-da o, qrup üzvü Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Meydan» adlanan yerə gəlmişlər. 24 may 2022-ci il tarixdə, saat 20:00-da yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər, ona yaxınlaşmışlar və saxlamışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün 6-cı PB-nin təhqiqatçı Xəyal Şükürova təhvil vermişlər. Təhqiqatçı X.Şükürov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onun iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı olmadan videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 1 ədəd göy rəngli kağıza bükülmüş bükümün içərisində metamfetamin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, Papanin deyilən yerdə tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham üzrə əməli boynuna götürməsi ilə bağlı ona tərəflərindən heç bir təklif edilməmiş, habelə tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya mənəvi zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuş və şəxsi axtarış və götürmə zamanı o da iştirak etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 1 ədəd göy rəngli kağıza bükülmüş bükümün içərisində metamfetamin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin deyilən yerdə tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. (i.v.32-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli 6/2946 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175”, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,303 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v.43-47) Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-1226/2021 nömrəli qərarından görsənir ki, Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 6-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v. 51-53) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.60-61) xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Binəqədi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rəşad Cəfərovun vəsatəti rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 78-82) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.83-84) xx.xx.2022-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 1 ədəd göy rəngli kağıza bükülmüş bükümün içərisində metamfetamin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, Papanin deyilən yerdə tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. (i.v. 95) Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu kimi xəstəliklərdən əziyyət çəkir. (i.v.106-108) 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v.109) 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, CPM-nin 53.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.124) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, müvafiq hökmdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-342/2021 hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 7(001)-280/2022-ci il tarixli qərar ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə 1 il azaldılmışdır. (i.v.111-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3751 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.121-122) Maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, video görüntülərin köçürüldüyü 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0.253 qram metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir (i.v.127) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı TSEK tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və onun icrası barədə hakimin göstərişi xx.xx.2021-ci il tarixdə İdarəyə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, bugunə kimi məhkum cəzasının 09 ay 16 gününü çəkmiş, çəkilməmiş 01 il 02 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin sorğuya xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə elektron monitorinq sistemində Təqsirləndirilən şəxs izləmə məlumatları gəlmədiyi üçün hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricindədir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, 24 may 2022-ci il tarixdə Nəsimi rayonu, Papanin adlanan yerdə olmaması, inzibati xəta olduğunu düşünərək ona elan edilmiş ittiham üzrə əməli boynuna götürməsi və sənədlərə qol çəkməsi, onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmaması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını, xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-342/2021 hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 7(001)-280/2022-ci il tarixli qərar ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə 1 il azaldılmışdır. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və onun icrası barədə hakimin göstərişi xx.xx.2021-ci il tarixdə İdarəyə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, bugunə kimi məhkum cəzasının 09 ay 16 gününü çəkmiş, çəkilməmiş 01 il 02 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən hökm ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasınının çəkilməmiş hissəsi qalmışdır. Məhkəmə, CM-in 18.4.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-342/2021 saylı hökmü ilə məhkum olunduğu və hazırkı vaxtadək bir hissəsi çəkilməmiş qalan cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-342/2021 hökmü ilə məhkum olunduğu 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 7(001)-280/2022 saylı qərar ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə 01 il azaldılmış və çəkilməmiş 01 il 13 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 06 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.253 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 47 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 47 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 47 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 282 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-342/2021 hökmü ilə məhkum olunduğu, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 7(001)-280/2022-ci il tarixli qərar ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə 1 il azaldılmış və çəkilməmiş 1 (bir) il 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 6 (altı) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.253 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 47(qırx yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 282 (iki yüz səksən iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar