Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-610/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, metronun «Həzi Aslanov» stansiyasının yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, 30 aprel 2021-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Poladtökmə» zavodunun yanında yol kənarında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ yan balaca cibindən 01 ədəd siqaretin qara kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,012 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə hesab olunan heroini çəkmək yolu ilə qəbul edir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən, 01 büküm narkotik vasitə heroini 30 manata almışdır. Həmin narkotik vasitəni üzərində saxlamışdır ki, bədənində ağrılar olan zaman qəbul etsin. xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Poladtökmə” zavodunun yanında yol kənarı ilə piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin inzibati binasına dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur. Sonra onun razılığı ilə vəkilin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuş və o, əynindəki qara rəngli şalvarın sağ yan balaca cibindən içərisində heroin maddəsi olan 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Ağdaş Rayon Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət etdiyi dövrdə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri qanunsuz üzərində gəzdirməsində şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 30 aprel 2021-ci il tarixdə saat 18:30 radələrində o, qrup üzvü bölmənin Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, “Poladtökmə” zavodunun yaxınlığına getmişlər. 30 aprel 2021-ci il tarixdə saat 19:00 radələrində xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün X5yə təhvil vermişlər. X5 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən «Kgtel» markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan balaca cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik maddəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 (otuz) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 19:00-da Binəqədi RPİ-nin 4-cü PŞnin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan balaca cibindən 01 ədəd siqaretin qara kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,012 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli şalvarının sağ yan balaca cibindən 01 ədəd siqaretin qara kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddənin “heroin” olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən olunduqda tutularaq cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi qərar alınmışdır. 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli, 4844 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(007)-113/2020 saylı hökm ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM—in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 ay 16 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,962 qram narkotik vasitə “heroin” və şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin yazıldığı 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(007)-113/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 ay 16 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli 17/620888 nömrəli məktubundan görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 5 saylı cəzaçəkmə müəssisəsindən xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-168/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilmiş və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-168/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və cəzasını çəkib qurtarmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 02 may 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar xx.xx.2021-ci il tarixdə saat 14:00-da müdafiəçisi Müdafiəçi iştirakı ilə ona elan olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə 30 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 30 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-168/2022 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)- 168/2022 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-168/2022 nömrəli hökmü ilə məhkum olunduğu 01 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 may 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,962 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-168/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,962 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-610/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-610/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver