Məhkəmə qərarları › İş №1(001)-617/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-617/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-617/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 23 iyun 2022-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,173 qram çəkidə narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşımış, 23 iyun 2022-ci il tarixdə saat 20:20 radələrində Binəqədi RPİ-nin 43cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Novxanı çimərliyi “Bizim Məkan” adlı restoranın yaxınlığında olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülüdə təmiz 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət narkotik vasitə istifadə edib sonradan müalicə almışdır. 23 iyun tarixdə saat 09 radələrində o Sumqayıtda olan zaman tanımadığı şəxsdən pulsuz olaraq narkotik vasitə əldə etmiş və onu üzərində saxlamışdır. 23 iyun 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu Novxanı çimərliyində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar polis işçisi olduqlarını və üzərində narkotik vasitə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O isə etiraz etməyərək bölməyə getmişdir. Bölmədə ona hüquq və vəzifələrini izah edilmiş və müdafiəçi ayrılmışdır. Bundan sonra ona videoçəkilişlə üzərində axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Axtarış davam etdirilsə də, onun üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra ondan aşkar edilmiş bükümün içərisində olduğu soruşulduqda o, həmin bükülüdə olan maddənin «kakos» olmasını, onu tutulduğu gün gün saat 09 radələrində Sumqayıtda tanımadığı şəxsdən öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 22 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitəni əldə etməsi, saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə özünün rəhbərliyi və bölmə əməkdaşı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 23 iyun 2022-ci il tarixdə saat 20:20 radələrində Vüqarın olduğu yeri müəyyən edib onun qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Binəqədi rayonu Novxanı çimərliyi yaxınlığına gəlmişlər. Orada “Bizim Məkan” adlı restoranın yaxınlığında Təqsirləndirilən şəxs görüb onu bir qədər kənardan müşahidə etmiş və Cəfərlə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona narkotik vasitə əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlərdik. Həmin şəxs isə buna etiraz etməmişdir. Bölməyə gəldikdən sonra xidməti otaqların birində Vüqara hüquq və vəzifləri elan olunmuşdur. Təqsirləndirilən şəxs dövlət hesabına vəkil dəvət olunub təqdim edilmişdir. Bundan sonra Vuqar İsmayılovun razılığı ilə video çəkilişlə üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellofan bükülünün içərisində heroin olduğunu, həmin narkorik vasitəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhərində olarkən tanımadığı, şəxsdən öz istifadəsi üçün pulsuz aldığını demişdir. Bundan başqa Vüqarın üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış və bu burada protokol tərtib edildikdən sonra zərf və protokol tərəflərindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin YYÇ işləri üzrə inspektoru Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3517 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №243» dairəvi möhür əksi olan «... Təqsirləndirilən şəxs ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,173 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,173 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,123 qram. xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü, çıxarıb masanın üzərinə qoyur, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri ərazisində olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün pulsuz olaraq əldə etdiyini bildirir. Bundan başqa onun üzərindən heç bir qanunsuz əşya aşkar edilmir. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,173 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,123 qram qalığı saxlanması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli, 3908 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. AZ-İİ 262142 və AZ-İİ 616722 nömrəli doğum haqqında şahədətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər məhkum olunmamasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 25 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsindən imtina edilməklə Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,123 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,123 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar