Məhkəmə qərarları › İş №1(001)-62/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-62/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-62/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Baksol Yolu fərdi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 29 aprel 2022-ci il tarixdə saat 07:40 dəqiqədə tanışı X2 Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda “Opel” markalı, “Astra minik” modelli **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Zərərçəkmiş şəxs hərəkətdə olan yola çıxdıqda sonuncunun siqnal verməsini cüzi səbəb gətirərək Zərərçəkmiş şəxs avtomobilindən düşürüb onunla mübahisə edərək tanışı Pərviz Şahverdiyev ilə cinayət əlaqəsinə girib bir qrup şəxs halında ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə nəlayiq söyüşlər söymüş, özlərini ətrafdakılara qarşı qoyaraq şəxslər üzərində əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək qərəzli hərəkətlər edib, ictimai yer olan küçədə yüksək səslə nəlayiq ifadələr işlədərək, avtomobillərin hərəkətinə tıxac yaradıb Zərərçəkmiş şəxs üzərində hücum edib qəsdən onun üzünə kəllə ilə zərbə vurmuş, bu zaman Pərviz Şahverdiyev isə onun baş və ənsə nahiyyəsinə yumruqla qəsdən vurub ona burun belinin qançır-şişkinliyi və ənsə nahiyyəsinin dərialtı hematoması və sol əlin arxa səthinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmiş bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə arasında baş vermiş hadisənin səbəbkarı o olmamışdır. Belə ki, o, X2 ilə bir yerdə işləmişdir. Hadisə baş verən gün Pərviz ona demişdir ki, “yolun qırağına çıx, gəlib səni götürüm”. O, Pərvizin dediyi yerə yaxınlaşdıqda görmüşdür ki, Pərvizlə Məmməd mübahisə edirlər. O, da mübahisənin səbəbini aydınlaşdırmaq üçün həmin şəxslərə yaxınlaşmış, bu zaman Məmmədlə aralarında anlaşılmazlıq olmuşdur. Onun məqsədi Pərvizlə Məmmədi aralaşdırmaq olmuşdur. Lakin, aralarında yaranmış anlaşılmazlıq səbəbindən özü də istəmədən dava düşmüş və o, Məmmədi bir dəfə kəllə ilə vurmuşdur. Özünü ona görə qismən təqsirli bilir ki, hadisə ona görə baş verməmişdir. Onun niyyəti mübahisə edən tərəfləri aralamaq olmuş, aralarında anlaşmazlıq yarandığından zərərçəkmiş şəxsi vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində yaşlı anasının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Qobu qəsəbəsində yaşayır və taksi fəaliyyəti ilə məşğuldur. Öz evindən “20 Yanvar” istiqamətinə gedərkən, Pərviz idarə etdiyi avtomobillə köməkçi yoldan onun yoluna çıxmışdır. O, çətinliklə yol-nəqliyyat hadisəsinin baş verməsinin qarşısını almış, möhkəm siqnal verərək yoluna davam etmişdir. Həmin vaxt Pərvizin maşınında özündən başqa bir nəfər də olmuşdur. Pərviz bu siqnalı təhqir kimi qəbul etmiş, bir qədər getdikdən sonra yaranmış tıxacda avtomobilini onun avtomobilinin yanına sürərək, nə olduğunu soruşmuşdur. O, isə cavabında “yoluma çıxmısan, siqnal vermişəm. Necə başa düşürsən, elə də başa düş” demişdir. Həmin vaxtı onun avtomobilin ön və arxa oturacağında idmançı görkəmli müştəriləri olmuşdur. Hesab edir ki, Pərviz həmin şəxslərin onunla birlikdə olduğunu ehtimal edərək, cavab verməyərək maşınını sürüb getmişdir. O, Hökməli dairəsində müştəriləri düşürtmüşdür. Pərviz də arxadan avtomobili ilə onu izləyirmiş. Müştərilərini düşürtdükdən sonra Pərviz yolda manevrllər etməyə başlamışdır. Yol iki cərgəli olduğundan o, digər hərəkət iştirakçılarına maneə yaratmamaq üçün Pərvizə demişdir ki, “sür, harda istəyirsən maşını saxlayaq, söhbətimizi edək”. Pərviz maşını saxlamamışdır. Sonradan o, yoldan bir nəfər də müştəri götürmüşdür. Həmim müştərini düşürtmək üçün Sulutəpə dairəsində maşını saxlamışdır. Pərviz də maşınını onun maşınının qarşısında saxlamış, maşından düşərək ona yaxnınlaşmış və maşından düşməyini tələb etmişdir. Bu zaman Pərvizin yanında sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs, Şahid3 və Azər Hüseynov adlı şəxslər olmuşdur. O, Pərvizə yola davam etməsini, lazım bilirsə telefon nömrəsini götürməyi və münasibətlərini Qobuya qayıtdıqdan sonra orda aydınlaşdırmağı təklif etmişdir. Lakin, Pərviz təkidlə onun avtomobildən düşməsini tələb etdiyindən o, maşından düşmüşdür. Pərviz ondan niyə siqnal verməsini soruşmuş, o, isə Pərvizə köməkçi yoldan qəflətən əsas yola çıxmaqda xətalı olduğunu bildirmişdir. Pərviz isə cavabında onu təhqir etmişdir. O, əlini Pərvizin boynunun arxasına qoyaraq, “söyüşlə özünü sığortalama” demişdir. Həmin vaxt təqsirləndirilən şəxs Elbrus onların yanında dayanmışdı. O, Pərvizə “söyüşlə özünü sığortalama” dedikdən sonra Elbrus kəllə ilə onu vurmuşdur. O, da Elbrusu yumruqla vurmaq istəsə də, atdığı yumruq Elbrusa dəyməmişdir. Elbrusun vurduğu kəllə nəticəsində burnundan qan açılmışdır. O, özünün tək olmasını, digər tərəfin isə dörd nəfər olmasını nəzərə alaraq, onlara gücünün çatmayacağını anlamış, həm burnunun qanını kəsmək üçün bez, həm də dalaşdığı şəxslərə xəsarət yetirmək üçün maşından kəsici-deşici alət götürmək məqsədilə maşınına qayıtmışdır. Bu vaxt Pərviz, Elbrus və yanlarında olan iki nəfər maşınlarına oturaraq qaçmışlar. Davanın nəticəsində yolda tıxac yarandığından, post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşmış, burnunun qanadığını görmüşlər. O, da hadisə necə olunbsa, ona yaxınlaşan polis əməkdaşlarına elə də məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Elbrusa qarşı heç bir şikayətinin və tələbinin olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. O, da qardaşı kimi taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü o, sərnişin daşıyarkən Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda olanda görmüşdür ki, qardaşı Məmmədin maşını və onun yanında tanımadığı bir maşın yolun kənarında dayanmışdır. O, həmin maşınları görsə də, yolda tıxac olduğundan onun qardaşının yanına çatmasına 10 dəqiqə vaxt tələb olunmuşdur. O, uzaqdan görmüşdür ki, qardaşı və yanındakı şəxslər dalaşırlar. O, qardaşının yanına çatdıqda qardaşının üzübaşı qan olmuşdur. O, Məmmədən nə baş verdiyini soruşmuş, Məmməd isə ona izah etmişdir ki, Qobudan Hökməli dairəsi istiqamətinə gedərkən, adının sonradan Pərviz olduğunu bildikləri şəxs köməkçi yoldan baş yola qəflətən çıxmış, yolda bir dəfə onun yolunda saxlamış, lakin tıxac yarandığından yenə irəli sürmüş, Pərviz yolda onun maşınının qarşısında manevrlər etmişdir. Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda Məmməd avtomobilini saxlamış, sərnişinləri düşürtmüş, bu zaman Pərviz onun avtomobilinə yaxınlaşıb onu təkidlə avtomobildən düşürtmüş, mübahisə etməyə başlamış, nəlayiq söyüş söymüş, Pərvizin yanında olan, sonradan adını bildikləri Elbrus Məmmədə yaxınlaşıb davaya qoşularaq kəllə ilə Məmmədin üzünə vurmuş, daha sonra Pərviz Məmmədin üstünə gəlib baş və ənsə nahiyyəsinə yumruqla vurmuşdur. O, dava olan yerə çatdıqda Məmmədlə dalaşan şəxslər artıq çıxıb getmişdilər. O, hadisə yerinə dava qurtardıqdan sonra gəlsə də, dava nəticəsində yolda tıxac yaranmış, ətrafa çoxlu sayda tanımadıqları şəxslər toplaşmışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, o, ibtidai istintaq dövründə 40-cı Polis Bölməsində öz əlyazması ilə izahat vermişdir. Hazırda həmin izahatını təsdiq edir. Dava dalaş zamanı zərərçəkmiş şəxs söyüş söymüş, Elbrus da ona bir dəfə sillə vurmuşdur. İbtidai istintaqın gedişində ondan bir daha izahat alınmışdır. Lakin, həmin izahatı o, oxumadan imzalamışdır. Hadisəni olduğu kimi əks etdirən izahatı onun 40-cı Polis bölməsində öz əlyazması ilə vermiş olduğu izahatdır. Şahid3 ifadəsi ilə bağlı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bir daha zərərçəkmiş şəxsi kəllə ilə vurduğunu bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü Pərvizin maşını ilə işə getmək üçün yoldan Təqsirləndirilən şəxs götürməli idilər. Onlar maşını saxlayıb, Elbrusu gözləyərkən, zərərçəkmiş şəxs gələrək, maşınının Pərvizin maşınının arxasında saxlamışdır. Bu zaman Pərviz həmin maşını görərək, öz maşınından düşmüş və zərərçəkmiş şəxsin maşınına yaxınlaşmışdır. Pərviz və Zərərçəkmiş şəxs mübahisə etməyə başlamışlar. O, həmin şəxsləri aralaşdırmaq üçün onlara yaxınlaşmışdır. Mübahisə zamanı zərərçəkmiş şəxs nəlayiq ifadə işlətmiş, o, isə dava-dalaşdan uzaq adam olduğu üçün mübahisə edən şəxslərdən aralaşmışdır. Bu səbəbdən Elbrusun Məmmədi vurmasını görməmişdir. Verilmiş sullara cavab olaraq Şahid2 ibtidai istintaq dövründə bir neçə dəfə ifadə verdiyini, lakin hazırda məhkəmə iclasında verdiyi ifadənin əsas götürülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından axtarışda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (i.v. 1-2); • “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 5); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, həmin tarixdə X3 ərizəsi əsasında toplanmış materialın icrası ilə əlaqədar baş vermiş hadisəyə dair Binəqədi rayonu Sulutəpə qəsəbəsi Sulutəpə dairəsi yaxınlığında yerləşən əraziyə baxış keçirilmiş və fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur (i.v. 9-12); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ-in xx.xx.2022-ci il tarixli 810 saylı rəyindən görünür ki:

1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – burun belinin qançır-şişkinliyi, ənsə nahiyyəsinin dərialtı hematoması və sol əlin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən ənsə nahiyyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətdə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir.

2. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri ilə (əl barmaqlarının dırnağı, kəllə, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər.

3. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır.

4. Vət. Zərərçəkmiş şəxs adına xx.xx.2022-ci il tarixdə “X8” PHŞ-də keçirilmiş burun sümüyünün rentgen müayinəsi zamanı burun sümüyündə aşkar olunmuş dəyişikliklər köhnə travma ilə əlaqəli olub, xx.xx.2022-ci il tarixdə ona yetirilmiş travma ilə səbəbli əlaqəsi olmadığından sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olmadı (i.v. 35-37); • “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs 20040806 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 41); • Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin xx.xx.2024-cü il tarixli 3-13- 46-5/2-2535 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 107); • “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 129-130); • “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 150-151); • Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-71/2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girib xuliqanlıq cinayətini törətmiş X2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v. 156-163); • “ifadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə baş vermiş mübahisə zamanı tanışı X2 ilə birlikdə Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirdiyi yeri əyani olaraq göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 177-178); • “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən şəxsləri nəzərdən keçirib, ona təqdim edilmiş şəxslər sırasından Təqsirləndirilən şəxs göstərib ifadəsində olan xüsusatları təsdiq etmiş, tanınmaya təqdim etmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 179-181); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-431/2024 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir (cild İ); • Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-19041/2025 nömrəli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir (cild İ); • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Qurbanov X4 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-nin 128, 70-ci maddəsi ilə 01 il şərti sınaq müddəti müəyyən edilməklə 06 ay islah işləri cəzasına, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 221.3, 70-ci maddəsi ilə 03 il şərti sınaq müddəti müəyyən edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 04 il 6 ay azadlıqdan məhrum etmə cəzasına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır (i.v. 99-101).

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə şahidlər Şahid2 (təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını görməməsi) və Şahid3 (təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə sillə vurması) məhkəməyədək icraatda vermiş olduğu ifadələrlə ziddiyyət təşkil edən ifadələr vermələrinə münasibət bildirməyi zəruri hesab edir. Cinayət işi materiallarından görünür ki, hazırki əməl 29 aprel 2022-ci il tarixdə, yəni 3 il bundan əvvəl baş vermişdir. Qeyd olunan şahidlər isə həm məhkəyədək icraat dövründə, konkret olaraq 06 avqust 2022-ci il tarixdə, həm də təqsirləndirilən şəxslə birlikdə cinayət əməlini törətmiş X1 mühakimə olunması ilə bağlı keçirilən məhkəmə proseslərində (bax. iş vərəqi 159-160) dəqiq olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi kəllə ilə vurmasını gördüklərini bildirmişlər. Hazırda baş vermiş hadisənin üzərindən 3 ildən biraz artıq vaxt keçməsini, bu müddət ərzində baş vermiş hadisənin şəxslərin yaddaşında dəqiqliklə qalmasında çətinliklərin ola biləcəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Şahid2 və Şahid3 məhkəməyədək icraatda, habelə X1 mühakimə olunması ilə bağlı keçirilən məhkəmə proseslərində vermiş olduğu ifadələr daha mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur (1-ci hissə); İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci hissə); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir (4-cü hissə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını (CM 59.2.) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Qurbanov X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsəsən “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 06 (altı) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılaraq, o, cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən törətdiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmış və həmin qərar 29 aprel 2025-ci ildən qüvvəyə minmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 320 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar