Məhkəmə qərarları › İş №1(001)-621/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-621/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-621/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Cəlilabad rayonu, Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Şorbaçı ərazi dairəsi, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, fərdi həyət evində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan Bazarının yaxınlığında 30 manat ödəyərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,810 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq, üzərində saxlamış, 10 may 2022-ci il tarixdə, saat 12.10-da Binəqədi RPİ-nin 43cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən “Araz” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda, 0,810 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Şorbaçı ərazi dairəsi, Məmmədrzalı kəndində qeydiyyatda olsa da Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, fərdi həyət evində ailəsilə birlikdə yaşayır. 10 may 2022-ci il tarixdə, saat 12:10-da Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən “Araz” marketin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmışdır və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda o əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülü, həmin gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd 10 manatlıq pul əskinsını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun qara rəngli gödəkçəsinin və göy rəngli şalvarının ciblərini açmağı tələb olunmuşdur, onun şalvarının və gödəkcəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qəhvəyi rəngli ayaqqabısını çıxarıb içərisini nümayiş etdikdə ayaqqabısının da içərisindən heç nə aşkar olunmamışdır. Ondan həmin şəffaf rəngli sellofan bükülüdəkı qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, o həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O həmin narkotik vasitəni bir gün əvvəl saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən Xırdalan bazarının yaxınlığında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. O həmin narkotik vasitədən heç kimə satmamış və narkotik vasitə aldığı şəxsin anket məlumatları barədə heç bir məlumata malik deyildir. Təqsirini səmimi etiraf etməsinin, himayəsində azyaşlı övladlarının olmasının, əməlindən peşman olmasının, 2016-cı ilin aprel döyüşlərində iştirak etməsinin, İİ qrup əlil olmasının, müharibə veteranı olmasının, xəstəliklərdən əziyyət çəkməsinin nəzərə alınaraq, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. O, işlədiyi Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx.xx.1980-cı ildə Cəlilabad rayonunda anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Şorbaçı ərazi dairəsi, Məmmədrzalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olur. Əməliyyat yolu ilə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə rəhbərliyi altında Binəqədi RPİ-nin 43-cü PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü ilə birlikdə 10 may 2022-ci il tarixdə, 12:10-da Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu vaxt o və əməliyyat qrupunun digər üzvü həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşı olduğumuzu bildirmişlər və həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 11 saylı vəkil bürosundan vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan üzərində axtarış aparılmağına etirazı olmadığını bildirmişdir. Polis bölməsinin xidməti otaqların birində Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevin, əməliyyat qrupunun üzvü Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, narkotik vasitənin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmasından əvvəl həmin şəxsə qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, həmin şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən Xırdalan bazarının yaxınlığında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmiş və şəxsi axtarış barədə tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.19-20) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan geyimində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda sonuncu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülü, həmin gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd 10 manatlıq pul əskinsını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükülüdəkı qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, sonuncu həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (i.v.31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli 6/2695 saylı rəyindən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Təqsirləndirilən şəxs” Yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,810 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (i.v.40-41) Binəqədi rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 09 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v. 48-50) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda sonuncu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülü, həmin gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd 10 manatlıq pul əskinsını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükülüdəkı qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, sonuncu həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (i.v. 56-57) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i. v. 59-60) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. (i.v.77-80,82). Maddi sübut kimi tanınması haqqında xx.xx.2022-ci il tarixli və cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,810 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və heroinin tədqiqatdan sonrakı qalıq hissəsi 0,760 qramı Binəqədi RPİ-nin MSK-na təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə kecirilmiş şəxsi axtarış zamanı aparılmış video çəkilişin bir ədəd «CD» formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. (i.v. 84, 149-159) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməsindən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Əzimov X3 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 62-ci maddələri ilə təqsirləndirilərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Əzimov X3 Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirlərək 01 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5.000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 01 il islah işləri cəzası ilə əvəz edilmişdir. xx.xx.2018-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə islah işi cəzası tam icra olunduğundan qeydiyyatdan çıxarılmışdır. (i.v. 89-91, 114-118)) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 106,108) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-in əməkdaşları tərəfindən tutulmuşdur. (i.v. 110) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 279-cu maddəsinə əsasən təzələnmişdir. (i.v. 111) İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi məşəli şəxsiyyət və davranış pozuntuları, ağır dərəcədə ifadə olunmuş uzvi-emosional-labil (astenik) pozuntu. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəll-beyin travması. Baş beyinin silkələnməsindən sonrakı ayrı-ayrı dağınıq üzvi nervoloji nişanələr, vegetativ damar davamsızlığı. Asteno-nevrotik vəziyyət, mərkəzi sinir sisteminin funksiyasının cuzi pozulması ilə hərbi travma kimi xəstəliklərdən əziyyət çəkir. (i.v. 122-129) AA seriyalı, ******* saylı, AZE seriyalı, 11111284 saylı, şəxsiyyət vəsiqələrin surətindən və “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2010-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 adlı 3 azyaşlı uşağı vardır. (i.v. 130) Füzuli rayon İcra şöbəsindən daxil olmuş məktubdan görünür ki, Əzimov X3 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 62-ci maddələri ilə təqsirləndirilərək 500 manat cərimə cəzasına məhkum edilmiş, barəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il il tarixli qərarının 1.7-ci bəndi tətbiq edilməklə həmin hökmlə təyin ediliş 500 manat cərimə cəzasından azad edilmişdir. (i.v. 131) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (i.v.134-137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 avqust 2022-ci il tarixli 4812 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlətin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 141-142) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X4 X7 Məhkəmə Psixatrik Ekspertizasının 31 avqust 2022-ci il tarixli, 2335 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu (F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixatrik müayinənin nəticələri-xx.xx.2016-cı il tarixdə mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması alması, bundan sonra dəfələrlə SQ BKH-nın nevrologiya şöbəsində müalicə olunması,tədricən psixi vəziyyətində dəyşikliklərin meydana çıxması, yuxarıda göstərilən diaqnozla 2017-ci ildə SQ BKH-nin psixatriya bölməsində müalicə olunması, X1 ambulator müalicə alması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, astenizasiya əlamətləri biruzə verməsi və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosionallabil (astenik) pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil (astenik) pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 144-146) 058823 və 257468 saylı vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı və İİ qrup əlildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 2016-cı ilin aprel döyüşlərində iştirak etməsini, İİ qrup əlil olmasını, müharibə veteranı olmasını, xəstəliklərdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, fərdi həyət evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin MSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,760 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, fərdi həyət evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin MSKda saxlanılan 0,760 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar