Məhkəmə qərarları › İş №1(001)-623/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-623/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-623/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Ağcabədi rayonu Şənlik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 aprel 2023-cü ildə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram çəkidə narkotik vasitə olan heroini 03 ədəd bükümdə və şəxsi istehlak miqdarından artıq miqdarda 0,257 qram çəkidə psixotrop maddə olan metamfetamini 02 ədəd bükümdə 20 manat pul müqabilində əldə edərək üzərində saxlamaqla daşımış, 12 aprel 2023-cü ildə saat 12:10-da Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanda yerləşən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinə gətirilib üzərinə həmin gün saat 14:50-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli, 01 ədəd gümüşü rəngli və 01 ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,062 qram, 0,128 qram və 0,015 qram olmaqla ümumi təmiz çəkisi 0,205 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü və 01 ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,112 qram və 0,145 qram olmaqla, ümumi təmiz çəkisi 0,257 qram öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023cü ilin mart-aprel aylarında narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 08 aprel 2023-cü ildə axşam saatlarında Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yanına getmiş və narkotik vasitə, psixotrop maddə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb həmin şəxsə yaxınlaşaraq heroin və patı lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 20 manat müqabilində 03 ədəd bükümdə heroin və 02 ədəd bükümdə metamfetamin alıb üzərində olan boş siqaret qutusunun içinə qoyaraq saxlamışdır ki, lazım olanda istifadə edər. Sonradan heroindən bir dəfə az miqdarda istifadə etmiş və qalan hissəni üzərində saxlamışdır. 12 aprel 2023-cü ildə saat təxminən 12:10-da Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşlarıdırlar.Narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-in 6-cı PB-yə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 6-cı PB-in inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı, 01 ədəd LD markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içində olanlar masanın üzərinə boşaldılmış və 02 ədəd gümüşü, 02 ədəd ağ və 01 ədəd qəhvəyi rəngli kağız büküm olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən bükümlər açıldıqda 01 ədəd gümüşü və 01 ədəd ağ rəngli 02 ədəd bükümün içindən psixotrop maddə metamfetamin, eləcə də 01 ədəd ağ, 01 ədəd qəhvəyi və 01 ədəd gümüşü rəngli digər 03 bükümün içində isə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddələr barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, həmin maddələrin istifadəçisidir, lakin aludəçisi deyil, aşkar edilən maddələri xx.xx.2023-cü ildə Xırdalan şəhərində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərimə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 02 ədəd bükümdə metamfetamin və 03 ədəd bükümdə heroin ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşmandır. Öz əməlinə mənfi münasibətini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir kı, Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə sahə inspektoru vəzifəsində işləyir. 12 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs Binəqədi rayonu inzibati ərazisində baş vermiş bəzi oğurluq cinayətləri törətməsi və qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 6-cı PB-in əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 aprel 2023-ci il tarixdə saat 12:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-in 6-cı PB-in inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-in 6-cı PB-in inzibati binasına gəlmişdir. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla vəkil dəvət edilmişdir. Vəkil Eşqinə təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd LD markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Eşqinin üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Eşqinin təqdim etdiyi LD markalı siqaret qutusu açıldıqda içindən 02 ədəd gümüşü, 02 ədəd ağ və 01 ədəd qəhvəyi rəngli kağız büküm olmaqla, ümumilikdə 05 ədəd büküm aşkar edilmişdir. 01 ədəd qəhvəyi, 01 ədəd ağ və 01 ədəd gümüşü rəngli bükümlər açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. 01 ədəd ağ və 01 ədəd gümüşü rəngli bükümlərdə isə ağ rəngli, kristallik quruluşlu psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 03 ədəd kağız bükümə bükülmüş qəhvəyi rəngli toz formasında olan maddənin narkotik vasitə heroin, 02 ədəd kağız bükümə bükülmüş maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 08 aprel 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Xırdalan şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilən heroinə və metamfetaminə bənzər maddələr boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 20). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-da Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanda yerləşən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinə gətirilib üzərinə həmin gün saat 14:50-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində 03 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər və 02 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 29-31). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2176 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər № 175” dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,062 qram, 0,128 qram, 0,015 qram ümumi təmiz çəkisi 0,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,112 qram, 0,145 qram ümimi təmiz çəkisi 0,257 qram olan ağ rəngli kristal formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 1, i.v 39-42). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 56-57). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o saxlandığı MSY-dən azad edilmişdir (cild 1,i.v 73-75). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2470 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tədqiqat obyekti № 63” ştamp əksi və s. yazılar olan bir ədəd kağız paketin içərisində bir ədəd zərfdə olan Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümdə olan heroinlər və 2 ədəd bükümdə olan metamfetaminlər hər biri öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidir (cild 1, i.v 93-97). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsindən verilmiş xx.xx.2023cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1,i.v 98-99). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,205 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,257 qram olan psixotrop maddə metamfetamin və Binəqədi RPİ-in 6-cı PB-in inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,149 qram narkotik vasitə heroin və 0,147 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v 119-120). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 5257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.121-122). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş 4 saylı MTİİTS-dən verilmiş xx.xx.2023cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur, qonşular arasında hörməti var, ərazinin ictimai işlərində fəal iştirak edir. Təltifnamələrdən görünür ki, Təqsirləndirilən şəxs oğlu Əli Səfərov idmanın karate növü üzrə çoxsaylı yerli və beynəlxalq yarışlarda iştirak etmiş, dəfələrlə birincilik qazanmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs öz əməlinə mənfi münasibətini, səmimi peşmançılığını, yaşadığı ərazidə müsbət xasiyyətləndirilməsini, övladının idmanın karate növü üzrə fərqlənərək beynəlxalq yarışlarda Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdığını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (cəmi 2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 5257 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ümumi qalıq çəkisi 0,149 qram narkotik vasitə heroin və 0,147 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi nömrəsiz ev) gecə saat 2300-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonunun, habelə Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,149 qram (qalıq çəkisi) narkotik vasitə heroin və 0,147 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar