Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-635/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu məhəllə 6 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən plastik emal sexinin qapısının açıq olmasından istifadə edib saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 650 manat dəyərində plasmas qabları və qırıntıları gizli taladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023cü il tarixdə səhər saatlarında eyni üsulla həmin plastik emal sexinə qanunsuz daxil olaraq oradan 3000 manat dəyərində qranur doqrayan (Drabilka) avadanlığı, 8000 manat dəyərində plastik əridən (Şnek) avadanlığı, 3000 manat dəyərində plastik üyüdən (Aqramer) avadanlığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 14650 (on dörd min altı yüz əlli) manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif ünvanlardan dəmir və plastik tullantıları toplayır, sonra həmin tullantıları qəbul məntəqələrinə təhvil verib əvəzində pul alırmış. 25 aprel 2023-cü ildə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən daş sexlərinin yaxınlığında dəmir və plastik tullantıları axtaran zaman, orada işlək vəziyyətdə olmayan sex görmüşdür. Həmin sexin üç tərəfi mişar daşları ilə hörülmüş, giriş hissəsi isə dəmir metallarla bağlanmışdır, lakin giriş qapısı açıq olmuşdur. Ətrafda heç kimin sexdə olmadığına əmin olduqdan sonra, sexə daxil olmuşdur. Sexin giriş hissəsində sol tərəfdən yerdə plastik qabların olduğunu aşkar etmişdir. Həmin plastik qabları oğurlanmaq qərarına gəlmişdir. Ətrafda tapdığı kisələrə plastik qabları toplamışdır. Ümumilikdə 4 kisə plastik qab toplamışdır. Daha sonra sexin içərisində 03 ədəd sökülmüş vəziyyətdə avadanlıqların olduğunu görmüşdür. İlkin olaraq həmin avadanlıqlarıda götürmək istəmiş, lakin onların çəkisinin ağır olduğuna görə onları götürə bilməmişdir. Həmin sexdən topladığı 4 kisə plastik qabları götürüb, sexdən çıxmışdır. Oğurladığı plastik qablar yararsız vəziyyətdə olduğuna görə onları qəbul məntəqəsinə satmaq qərarına gəlmiş, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül bazarının içərisində fəaliyyət göstərən plastik qəbul məntəqəsinə aparmışdır. Plastik qəbul məntəqəsində əvvələr tanımadığı şəxsə yaxınlaşmış və əlində olan plastik qabları satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan plastik qabları haradan əldə etdiyini soruşmuş, o, həmin qabları zibil qutularının yanından tapdığını bildirmişdir. Həmin şəxs gətirdiyi qabların yararsız vəziyyətdə olduğunu görmüş və dediklərinə inanmışdır. Beləliklə gətirdiyi kissələrin içərisində olan palstik qabların çəkisini müəyyən edilməsi üçün tərəziyə qoymuş, ümumilikdə 48 kq olmuşdur. Həmin plastik qabların 1 kiloqramı 0,30 qəpik olmaqla ümumilikdə 13 manat 50 qəpik qarşılığında satmışdır. Daha sonra sexdə olan digər dəmir avadanlıqları daşımaq üçün ona köməklik lazım olduğundan bazardan çıxan zaman əvvəllər tanıdığı Şahid2la rastlaşmışdır. Müzəffərə müəyyən miqdarda satış üçün dəmir metalın olduğunu və həmin metalları daşımaqda ona köməklik etməsini xahiş etmişdir. Müzəffər onun təklifi ilə razılaşmışdır. Həmin günü Müzəffərin əlaqə nömrəsini götürmüşdür. xx.xx.2023-cü ildə səhər saat 10 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül bazarına getmişdir. Bazarın giriş hissəsində yolun kənarında dayanmış əvvələr tanımadığı, yük avtomobili və avtokar sürücülərinə yaxınlaşmış və özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən sexdə yararsız vəziyyətdə avadanlıqlar olduğunu və avanlıqları satmaq istədiyini, daşınmasına avtokar və yük avtomobilinin lazım olduğunu söyləmişdir. Həmin şəxslərlə bir qədər danışdıqdan sonra razılaşmış və sexin yerləşdiyi ünvana getmişlər. Avtokar 03 ədəd avadanlığı yük avtomobilinə yükləmiş və yenidən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Dərnəgül bazarına gəlmişlər. Bazarın giriş hissəsində Müzəffərlə görüşmüşdür. Həmin bazarın içərisində metal qəbulu məntəqəsinə yaxınlaşmışdır. Həmin məntəqədə işləyən şəxsə özünə məxsus Bakı şəhəri Binəqədi rayonu, Baksol yolunda yerləşən sexində olan, yararsız vəziyyətdə avadanlıqları satmaq üçün gətirdiyini bildirmişdir. Məntəqəni işlədən şəxs sözü gedən avadanlıqların işlək vəziyyətdə olmadığını görüb ona inanmış və həmin avanlıqların çəkisi müəyyən edilmişdir. Metal qəbul məntəqəsində işləyən şəxs, həmin avadanlıqları qara metal qiymətləndirmiş və 1 kiloqramı 0,50 qəpikdən hesablayaraq ümumilikdə ona 680 manat pul vəsaiti vermişdir. Həmin puldan 40 manat Müzəffərə, 50 manat avtokar sürücüsünə və 50 manat yük avtomobilinin sürücüsünə vermişdir. Avdanlıqların satışından əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır.Vurduğu maddi ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yolu ərzisində yerləşən 15 sot torpaq sahəsində nəzərdə tutulan yer daş hasarla əhatə olunmuş, həmin yer müəyyən müddətə daş sexi kimi fəaliyyət göstərmişdir. Lakin 2023-cü ilin fevral-mart aylarında qeyd olunan ünvanda yerləşən sexin təyinatını dəyişərək sonradan plastik emalı üçün istehsalat sahəsi düzəltməyə qərar vermiş və bu məqsədlə plastik emalı üçün nəzərdə tutulan avandanlıqlar alıb sexə yerləşdirsə də, həmin sexdə fəaliyyət tam başlamamış, həmçinin də sex nəzarətsiz vəziyyətdə olmasına baxmayaraq aradabir sexə nəzarət məqsədilə baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə sexə daxil olan zaman sexin içərisində quraşdırılmış 3000 manat dəyərində qranur doqrayan avadanlığın, 3000 manat dəyərində drabilka avandlığın, 8000 manat dəyərində şnek avadanlığın və 650 manat dəyərində plasmas qabların oğurlandığını aşkar etmişdir. Bununla bağlı cinayət işi başlanmış və o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hadisə nəticəsində ona ümumilikdə 14650 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs vurduğu ziyanı ödəməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Santral Elektrik” yaxınlığındakı taxta bazarının ərazisində icarəyə metal qəbulu məntəqəsi işlədir. 29 aprel 2023-cü ildə səhər saatlarında işlətdiyi məntəqədə fəhlə kimi işləyən Həsən onunla əlaqə saxlamış və müştərinin metal gətirdiyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra məntəqəyə gəlmişdir. Həmin vaxtı “Foton” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin boş vəziyyətdə məntəqənin içərisində olan tərəzinin üzərində olduğunu görmüşdür. Məntəqədə belə qayda var ki, ilkin olaraq avtomobil yüklü vəziyyətdə məntəqənin içərisində olan tərəzidə ölçülür və daha sonra yük boşaldıqdan sonra yenidən tərəzidə ölçülür. Arada olan fərq yükün çəkisi kimi hesablanır. Tərəzinin yaxınlığında 03 ədəd adlarını bilmədiyi avandanlığın olduğunu görmüşdür. Həmin vaxtı orada əvvələr tanıdığı bazarda fəhlə kimi işləyən Müzəffər və sonuncunun yanında avadanlıqların özünə məxsus olduğunu bildirən əvvəllər tanımadığı Nizam adlı şəxs olmuşdur. Müzəffər 03 ədəd avadanlığı göstərib ümumilikdə 1580 kq çəkidə olduğunu bildirmişdir. O, Nizam adlı şəxsə yaxınlaşmış və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişdir. Nizam özünə məxsus sənədlərin üzərində olmadığını bildirmiş və o, bu səbəbdən Nizam adlı şəxsə sənədsiz hər hansı bir metal qəbul etmədiyini söyləmişdir. Həmin vaxtı Müzəffər heç bir problem olmadığını Nizam adlı şəxsi tanıdığını və sonuncunun yaşadığı evi bildiyini söyləmişdir. Hər hansı bir problem olduğu təqdirdə sonuncunun evini göstərə biləcəyini demişdir. Nizam daha sonra həmin avadanlıqların özünə məxsus olduğunu və uzun müddətdir ki, özünə məxsus sexdə qaldığını yararsız olduğuna görə satmaq istədiyini bildirmişdir. Bir qədər Nizam ilə danışdıqdan sonra 03 ədəd avadanlığın almaq qərarına gəlmişdir. Ona təqdim edilmiş 03 ədəd avadanlığı 680 manat qarşılığında almışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 6-7 ilə yaxın müddətdir ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Santral Elektrik” yaxınlığındakı taxta bazarının ərazisində fəhlə kimi işləyir. Orada müxtəlif avadanlıq alan şəxslərə köməklik edərək gündəlik pul qazanır. 25 aprel 2023-cü ildə səhər saatlarında bazarın qarşısında dayanıb müştəri axtaran zaman əvvələr tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Təxminən 2019-cu il tarixdə Nizami rayonu Böyükşor qəsəbəsində həyat yoldaşı Telnaz paltar mağazası işlədirmiş, Təqsirləndirilən şəxs ailə üzvləri ilə həmin mağazaya tez-tez gəlib bazarlıq edirmişlər. Nizamı oradan tanıyır. Nizam həmin günü ona işlərinin necə olduğunu soruşmuş, o, qarşılığında neçə gündür iş olmadığını bildirmişdir. Nizam ona bir neçə gün ərzində yükünün olacağını onları boşaltmaqda ona köməklik etməyi xahiş etmiş və qarşılığında ona hörmət edəcəyini bildirmişdir. O, Nizamın təklifi ilə razılaşmışdır. Nizam ondan mobil nömrəsini götürmüşdür. xx.xx.2023-cü ildə səhər saat 07 radələrində telefonuna zəng gəlmişdir. Zəng edən Nizam bir neçə gün öncə onunla danışığını yadına salmış və dediyi yükləri boşaltmaqda köməklik etməyi xahiş etmişdir. O, Nizamın təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü ildə saat 10:00 radələrində işlədiyi taxta bazarının qarşısında Nizamla görüşmüşdür. Həmin vaxtı Nizam “Foton” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində əyləşmişdir. O, avtomobilin arxasınca təxminən 10 metr piyada getmişdir. “Foton” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili bazarda Elxan adlı şəxsə məxsus metal qəbul məntəqəsinin qarşısında saxlamışdır. Nizamın göstərişi ilə yük avtomobilinin yük yerində olan 03 ədəd avadanlığı çətinliklə orada olan fəhlələrlə boşaltmışlar. Bir neçə dəqiqədən sonra Elxan məntəqəyə gəlmişdir. Nizamdan şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Nizam şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığı bildirmişdir. Elxan ilkin olaraq Nizamdan avadanlıqları almaq istəməmiş, bunun qarşılığında Nizamı tanıdığını və heç bir problem olmadığını demişdir. Bundan sonra Elxan və Nizam öz aralarında razılaşmışlar və Nizam həmin avadanlıqları Elxana satmışdır. Nizam söz verdiyi kimi ona yükü boşaltmaqda köməklik etməyinə görə 40 manat pul vəsaiti vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 10 ildir ki, müxtəlif yük avtomobiləri idarə edir və həmin tarixdən etibarən Nərimanov rayonu “Dərnəgül tikinti materialları bazarının qarşısında dayanır. Bazarın qarşısında müştərilərin aldıqlarını daşımaqda köməklik göstərir. Təxminən 1 ildir ki, “Foton” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 29 aprel 2023-cü ildə səhər saatlarında əvvələr tanımadığı özünü Nizam kimi təqdim şəxs, işlədiyi bazarın qarşısında ona yaxınlaşmış və Binəqədi rayonu Baksol yolunda yerləşən sexdə özünə aid bir neçə ədəd dəmir avadanlığı Nərimanov rayonunda yerləşən “Santral Elektrik” yaxınlığındakı taxta bazarına gətirilməli olduğunu bildirmişdir. Nizam həmçinin bildirmişdir ki, həmin avadanlıqları oradanda başqa şəxsin vasitəsi ilə rayona göndərəcəkdir. Əlavə olaraq həmin avadnlıqların çox ağır olduğuna görə qaldırmaq üçün avtokar lazım olduğunu demişdir. Onunla birlikdə bazarda işləyən Afər adlı avtokar sürüsü ilə danışmış, Afər həmin yükü 40 manat qarşılığında yük avtomobilinə yükləməkdə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra Nizamın göstərişi ilə Binəqədi rayonu Baksol yolunda gölün qırağında yerləşən işlək vəziyyətdə olmayan sexə getmişlər. Nizam orada avtomobildən düşmüş və sexin içərisində olan 03 ədəd adlarını bilmədiyi avadanlıqları onun yük avtomobilinə yüklənməli olduğunu demişdir. Afər avtokarla həmin avadanlıqları avtomobilinə yükləmişdir. Avtomobil hərəkətdə olan zaman Nizam onun avtomobilinə yüklədiyi avadanlıqların yararsız olduğunu və onları Nərimanov rayonunda yerləşən “Santral Elektrik” yaxınlığındakı taxta bazarının arxasında olan metal-qəbul məntəqəsinə verəcəyini demişdir. Daha sonra həmin yükü Nərimanov rayonunda yerləşən “Santral Elektrik” yaxınlığındakı taxta bazarın yaxınlığında fəaliyyət göstərən metal-qəbul məntəqəsinə gətirmişdir. Nizam ona söz verdiyi kimi 50 manat pul vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 10 may 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 38). Əməlin tövsif edilməsi haqqında 13 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 46). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 49-50). Qətimkan tədbiri seçilməsi haqqında 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 69-74). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs talama cinayəti törətməsini, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-635/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-635/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver