Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-64/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 A, mənzil 4 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 20 (iyirmi) manata şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib, daşıyaraq özündə saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 saylı ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət edilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, 5-6 ildir ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə olarkən orada anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən, 01 ədəd siqaret gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə “heroin”ni 20 manata almışdır.Həmin narkotik vasitəni üzərində gəzdirmişdir ki, bədənində ağrılar olan zaman qəbul etsin.xx xxxxxxxx 2020ci il tarixdə saat 11:30 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında piyada gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər.Daha sonra, həmin polis əməkdaşları onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 saylı ünvanda yerləşən Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin inzibati binasına gəlmişdir.Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur.Daha sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur.Bundan sonra, polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuş və o, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, bükülünü çıxarıb masanın üzərinə qoymuş və bükülünün içərisində heroin olduğunu söyləmişdir.Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır.Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunduğunu, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və «Hepatit C» xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır.Binəqədi RPİ-nin 6-cı PB-nə əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Bakı şəhər sakini Əmiş adlı şəxsin cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır.Bu məqsədlə xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində o, qrup üzvü PB-nin sahə inspektoru Şahid2 ilə birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Əmiş adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar.Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün PB-nin baş təhqiqatçı, Famil Məsimova təhvil vermişlər.Təhqiqatçı F.Məsimov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur.Təqsirləndirilən şəxs oğlu əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin qutunun içərisində narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir.Daha sonra həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli və spesifik iyə malik maddə aşkar edilmiş və həmin maddə baxışda iştirak edən iştirakçılara nümayiş etdirilmişdir.Bunun ardınca aşkar edilən maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitə “heroin”i xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” ərazidə, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır.Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 6-cı PBnin sahə inspektoru, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1814 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “……şübhəli şəxs Əsədzadə……” yazılar və imzalar olan zərfdə 01(bir) ədəd bükümdə təmiz çəkisi-0,197 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2519 №-li rəyinə əsasən məlum ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu “Narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, «Hepatit C» xəstəliyindən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən peşmandır, gəncdir, ailəlidir, himayəsində 2 (iki) azyaşlı övladı var, «Hepatit C» xəstəliyindən əziyyət çəkir, istintaq müddətində həbs olnmamışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» xx xxxxxx 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Famil Məsimovun şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru Nazim İmanovun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Cəfər Nəzərovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 5 A, mənzil 4 ünvanında çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,147 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən – 10 sentyabr 2020ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 5 A, mənzil 4 çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,147 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-64/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-64/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver