Məhkəmə qərarları › İş №1(001)-64/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-64/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-64/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nın Culfa rayonu, Saltaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-173/2019 saylı hökmünə əsasən AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR-sı, Culfa rayonu, Saltaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, YYM-də yaşayan, baxılan iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa işlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 635/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,379 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq ünvan 2 PB-nə gətirilmiş, həmin gün saat 20:25-də üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,379 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən üzlə tanıdığım, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm metamfetamin alaraq üzərndə saxlamış, xx.xx.2022-ci il tarixdə saat təxminən 19.00 radələrində ünvan 1 ünvanda olan zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olduqlarını qeyd edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bildiklərini qeyd edərək məni Binəqədi RPl-nin 6-cı PB-nə gətirmiş,Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələrim izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş, təqdim edilən müdafiəçiyə etiraz etməmiş, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və maddə olması, vardırsa təqdim etməyi təklif olunduqda əynindəki göy rəngli cins şalvarın sağ yan cbində saxladığı bir ədəd qızılı rəngli kağız bükümdə olan həmin metamfetamini çıxarıb masanın üzərinə qoymuş, daha sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bir qadağan olunmuş əşya olmadığını bildirmiş, həmin metafetamin zərfə qoyularaq möhürlənmiş,digər iştirakçılar tərəfindən imzalanmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, evli olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, polis leytenantıdır.Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur.Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərəfdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir.Məlumat əsasında tərəfimzdən əməliyyat qrupu təşkil edilmiş və xx.xx.2022-ci il tarixdə saat 19:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda saxlanılaraq ünvan 2 PB-nə gətirilmiş, həmin gün saat 20:25-də üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə ağ rəngli kristallardan ibarət maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 6-cı PŞ-nin polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin büküm açıldıqda ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Panasonic» vidokamera vasitəsi ilə qeydə alnımış və 01 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən üzərində markası olmayan, ağ rəngli 1 ədəd DVD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd video fayl olduğu müəyyən edildi.Həmin video fayllara baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin büküm açıldıqda ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3956 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,379 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetaminin təmiz çəkisi-0,379 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,329 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 5306 nömrəli rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə və həmçinin hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını, ekspert rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, habelə əməlində cinayətin residivinin olmasını nəzərə alaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RP-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Tural Məmmədov tərəfindən qəbul olunmuş 20 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 20.05 dəqiqədə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəəqdi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, müstəntiq Rövşən Cavadovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir.İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rövşən Cavadov tərəfindən qəbul olunmuş 22 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, X4 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs başqa cinayəti işi ilə bağlı həbsdə olduğu nəzərə alınmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxdığı tarixdən, yəni 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəzanın residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, həmçinin qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetamin qalığı 0,329 qram məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 25 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs başqa cinayəti işi ilə bağlı həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,329 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 25 saat hüquqi xidmətin dəyəri 150 (yüz əlli) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB************* *******, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar