Məhkəmə qərarları › İş №1(001)-640/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-640/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-640/2023 26.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Araşdırma zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 02:00 radələrində texniki cəhətdən saz olan “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən “X5” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, həmin tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, tədbirlər görməyərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən Hərbi Polis İdarəsinin inzibati binasının qarşısında yolun sağ kənarında Zərərçəkmiş şəxs saxladığı Skooter Moon markalı mopedi vurması nəticəsində sonuncuya sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı, sol baldır sümüklərinin qapalı yerdəyişməyən sınığı, sağ əlin İİİ daraq sümüyünün yerdəyişən sınığı, təpə nahiyəsinin, alın nahiyəsinin, qaşarası nahiyənin, döş qəfəsinin, sağ said nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən sürücülük hüququ var, etibarnamə əsasında “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydydiyyat nömrə nişanlı avtomobili idarə edir, eyni zamanda "xxxx" Taksi Şirkətinə qoşularaq sürücü işləyir. Avtomobili idarə etməyə BC dərəcəsi vardır. 13 iyul 2023-cü il tarixdə saat 01:50 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, 20 Yanvar istiqamətində saatda 60 km/saat sürətlə hərəkət edirmiş. Hərəkətdə olduğu yol iki istiqamətli, bir zolaqlı idi. Həmin yolda hərəkətdə olan zaman, yolun kənarında motorlu velosipedin dayanmış vəziyyətdə olduğunu, eyni zamanda motorlu velosipedin işıqlarının yanıb-söndüyünü görmüşdür. Daha sonra isə əlavə işığın yanıb-söndüyü, həmçinin işığın ona tərəf yönəlməsindən hərəkətdə olduğu yolu aydın görə bilmədiyi üçün, idarə etdiyi avtomobil ilə idarə etməni itirərək, yolun kənarında dayanmış vəziyyətdə olan mopedi vuraraq kənara atmış, idarə etdiyi avtomobili yolun kənarında saxlamış və aşağı endikdə, həmin mopedi üzərində olan sürücü ilə birlikdə vurduğunu görmüşdür. Daha sonra ilk olaraq hadisə barədə AR-nın DİN-nin 102 zəng xidməti mərkəzinə, sonra isə xəsarət alan şəxsə tibbi yardım göstərilməsi məqsədi ilə 103 X6 stansiyasına məlumat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdikdən dərhal sonra o avtomobildən düşmüş və zərərçəkmiş şəxsə yardım göstərməyə çalışmışdır, hazırki vaxta qədər maddi vəziyyəti ilə bağlı olaraq zərərçəkmiş şəxsə dəymiş olan ziyandan ödəniş edə bilməmiş və zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməmişdir. Lakin, buna baxmayaraq o zərərçəkmiş şəxsə dəymiş olan maddi ziyanı ödəməkdən boyun qaçırmır, belə ki, hər ay səhhəti ilə bağlı ona təyin olunmuş 100 manat pensiya məbləğini vurulmuş ziyanın əvəzi olaraq ödəməyə hazırdır. Törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 13 iyul 2023-cü ildə saat təxminən 02:00-da dostu Şahid1lə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Hərbi Polis İdarəsinin inzibati binasının qarşısında idarə etdiyi “Skooter Moon” markalı mopedlə yolun kənarında dayanıb dostu Fuadın motesikletini təmir edirmişlər. Onların dayandıqları yer yolun nəqliyyat vasitələrinin hərəkət hissəsindən kənarda boş sahədə yerləşirmiş. O, idarə etdiyi mopeddə oturub Fuada sözlə köməklik edirmiş. Onlar birlikdə Fuadın motosikletini təmir etməyə başları qarışdığından, nömrəsini görmədiyi “Toyota Prius” markalı avtomobil üzərinə gələrək onu mopedin üzərində vuraraq yerə yıxmışdır. O, zərbədən yerə yıxılmış və xəsarət almışdır. Yerdə yıxılı vəziyyətdə göyə baxa vəziyyətdə qalmışdır. Ətrafa yığışan tanımadığı vətəndaşlar TTYX-nə zəng vurub tibbi yardım çağırmışdır. Hadisə yerinə 10-15 dəqiqə ərzində TTYXnin briqadası gəldikdən sonra ona köməklik edib KTM-nə aparmışlar. Bundan əlavə Zərərçəkmiş şəxs əlavə olaraq təqsirləndirilən şəxsi onu vurduqdan sonra kömək etmədiyini, təcili tibbi yardım maşınını isə ətrafda olan şəxslərin çağırdığını, həmin vaxt gözlərinin yumulu vəziyyətdə olduğunui, ancaq ətrafdan səbrli ol indi təcili tibbi yardım gəlir sözlərini eşitdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər cinayət işi üzrə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməmişdir, belə ki,zərərçəkmiş şəxs onun müalicə xərclərinə yardım etməmişdir, aralarında barışıq olmadığından o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq hazırki vaxta qədər təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan zərərin ödənilmədiyini və aralarında barışıq əldə edilmədiyini bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzxa təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə baxış iclasında iştirak etməmələri nəzərə alınaraq, cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət alması faktına görə CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən Hərbi Polis İdarəsinin inzibati binasının qarşısında yolun sağ kənarında törədilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Qasımov X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə, CM-nin 234.1 maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasıəna məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixli, 8/2132 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” avtobus markalı, **-BP-*** dövlət qeydiyyat nişan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələlərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli, 2/7166 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. (İş materiallarına əlavə edilməmişdir). xx.xx.2023-cü il tarixli, 1412 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı, sol baldır sümüklərinin qapalı yerdəyişməyən sınığı, sağ əlin İİİ daraq sümüyünün yerdəyişən sınığı, təpə nahiyəsinin, alın nahiyəsinin, qaşarası nahiyənin, döş qəfəsinin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müdətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli mopedlə avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərdilər. Hadisə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və bu barədə zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə məlumat verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 717845 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “TOYOTA PRİUS” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində saxlanılmış və Şahid2 məxsus “TOYOTA PRİUS” markalı, **- BP-*** qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamış, hadisə yerindən qaçmamışdır, həmçinin, hadisə yerinə baxış zamanı ərazidə müşahidə kameralarının olmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, zərərçəkmiş, şahid ifadələri sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunaraq, cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə tutulduğundan cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdən hazırki vaxtda qədər həbsdə olmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yol nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçəkmiş şəxsə müalicə olunması üçün maddi yardım göstərməməsi və onunla maraqlanmaması kimi halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunaraq, cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə tutulduğundan cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun faktiki olaraq tutulduğu vaxtdan, yəni 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Şahid2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar