Məhkəmə qərarları › İş №1(001)-642/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-642/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-642/2022 14.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, 03 aprel 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,156 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 04 aprel 2022-ci il tarixdə həmin psixotrop maddəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın qarşısında saxlanılaraq Bakı şəhəri 7-ci Polis Bölməsinə gətirilmiş və saat 21:50-də bölmədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,156 qram olan, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 aydır ki, psixotrop maddədən istifadə etməyə başlamışdır.Sonuncu dəfə 03 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata psixortop maddəni alaraq üzərində istifadə etmək üçün saxlamışdır.04 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8-ci sıranın girişinə tərəf gedən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər.Polis əməkdaşları üzərində narkotik vasitə olmasında şübhə olduğunu bildirib onu 7-ci Polis Bölməsinə dəvət etmişdirlər.O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə həmin bölməyə getmişlər.Orada onun hüquqları izah edilmiş və şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir.Vəkil ona təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir.O, həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir.Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə axtarış keçirilmişdir.Həmin zaman ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin.Buna görə də o, əynində olan tünd rəngli şalvarın sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan psixotrop maddəni təqdim etmişdir.Bundan başqa, onun üzərindən qanunsuz heç bir şey aşkar olunmamışdır.Həmin zaman o, etiraf edərək, həmin bükümdəki kütlənin psixotrop maddə olduğunu, 2022-ci ilin aprel ayının 3-də Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir.Təqdim etdiyi maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır.O, həmin psixotrop maddəni tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını, Polis bölməsinə gətirilərkən və Polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini qeyd etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-si 7-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Daha sonra həmin tarixdə saat 20:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8-ci sıra adlanan yerə gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır.Onlar, məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər.Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd rəngli şalvarın sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan psixotrop maddəni təqdim etmişdir.Bundan başqa onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Həmin vaxt o, etiraf edərək, həmin bükümdəki kütlənin psixotrop maddə olduğunu, 2022-ci ilin aprel ayının 3-də Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir.Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, eyni məzmunlu ifadə verərək digər Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli 6/1827 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs (imza)…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan ağ kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 1) daxildir.Tədqiqat zamanı psixotrop maddə olan metamfetaminin 0,05 qramı istifadə olunandan sonra 0,106 qram qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxs tərəindən keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli, 3280 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında”xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 2 siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,150 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixdək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Surəc Niyazov tərəfindən qəbul edilmiş 04 aprel 2022-ci il tarixli tutma protokoluna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə gecə saat 21.00-da tutulmuşdur. Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 06 aprel 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Abdullayevin 06 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir.Bundan sonra, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Ülvi Abdullayev tərəfindən qəbul olunmuş 06 aprel 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi nömrəsiz fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə metamfetaminin 0,106 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı)ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdən – 06 aprel 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz fərdi evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – 0, 106 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar