Məhkəmə qərarları › İş №1(001)-644/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-644/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-644/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də elektrik işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 14 iyun 2023-cü il tarixində günorta saatlarında şəxsiyyəti istintaqa məlum olmayan «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsdən 60 manat müqabilində bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,675 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom yaşayış kompleksi»nin ərazisində gizlətdiyi yerdən əldə edib daşıyaraq üzərində saxlamış, elə həmin gün, yəni 14 iyun 2023-cü il tarixində saat 14:25 radələrində Binəqədi Rayon Polis İdarəsininin Post-Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom yaşayış massivi»ndə şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 15:30 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,675 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. Adətən narkotik maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən müxtəlif qiymətlərə əldə etmişdir. Sonuncu dəfə 14 iyun 2023-cü il tarixində yaşadığı evdə olarkən “İnstagram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxslə «WhatsApp» da əlaqə saxlamışdır. Həmin şəxsdən öz istifadəsi üçün heroin istəmiş və sonuncu ondan həmin maddəyə görə hesabına 60 manat köçürməyi tələb etmişdir. O da həmin şəxsin bildirdiyi bank hesabına 60 manat pul köçürdükdən sonra ona bir büküm narkotik vasitə heroinin Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom yaşayış massivi»ndə qoyulduğu yeri öyrənib həmin yerə getmişdir. Yaşadığı evdən çıxdıqdan sonra tanışı Şahid3 görüb sonuncuya birlikdə getməyi təklif etmiş və yolda gedərkən Ehtirama narkotik vasitə istifadə etmək üçün götürməyə getdiyini izah etmişdir. Həmin yerə çatdıqdan sonra Şahid3 dayanıb onu kənarda gözləmiş, o isə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin nişan verdiyi yerdən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş nakotik vasitə heorini götürmüşdür. Həmin gün saat 14:25 radələrində Şahid3lə Binəqədi rayonu, Motodrom yaşayış massivindən çıxarkən iki nəfər post-patrul xidməti əməkdaşı yaxınlaşıb onlardan sənədlərini tələb edib özlərini təqdim etməklərini istəmişlər. O və Şahid3 polislərə dəqiq cavab verməyib özlərini şübhəli apardıqlarından polislər onları Binəqədi RPİ-nin 40cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan başqa, şalvarının sol yan cibində olan özünə məxsus “Redmi” markalı mobil telefonu da təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ondan həminn bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda onun heroin olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin qablaşdırılaraq möhürlənib, iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsindədir. 14 iyun 2023-cü il tarixində digər polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə AP 64 53 nömrəli avtomobillə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati ərazisi sayılan «Motodrom yaşayış massivi»ndə xidmət aparan zaman təxminən saat 14 radələrində hərəkətdə olarkən iki nəfər şəxsin onların xidməti patrul avtomobilini gördükdə özlərini şübhəli apardıqlarından onların diqqətini çəkmişlər. Ona görə də, dərhal xidməti avtomobili saxlayıb həmin şəxslərə yaxınlaşaraq özlərini təqim etmiş və sonra da harada yaşadıqları barədə soruşmuşlar. Həmin şəxslərdən şəxsiyyətlərini təsdiq eidən sənədləri tələb etdikdə onlar müxtəlif bəhanələr gətirməklə suallardan yayınmağa çalışmışlar. Ona görə də, həmin şəxslərin qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməsində şübhələnmiş və onları saxlayaraq barələrində axtarış aparılması məqsədi ilə xidməti patrul avtomobilinə əyləşdirib Binəqədi RPİ-nin 40-cı PB-yə gətirmişlər. Burada məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid3dur. Bölmənin otaqlarından birində şübhəli şəxslərin hər birinə ayrı-ayrılıqda onların hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə onun iştirakı ilə şəxsi axtarış keçirimişdir. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində, paltarında, ciblərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın digər sol yan cibindən isə «Xiaomi Redmi» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilsə də, başqa heç nə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş maddənin nə olduğu, kimdən, nə məqsədlə əldə edildiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofan bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə heroin oluğunu və «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından özünün istifadəsi üçün 14 iyun 2023cü il tarixində günorta saatlarında 60 manat müqabilində aldığını, həmin şəxslə «WhatsApp»da olmuş ünsiyyətləri vasitəsi ilə aldığı narkotik vasitənin Bakı şəhərində «Motodrom yaşayış kompleksi»nin ərazisində qoyulduğu yeri müəyyən edib əldə etdiyini bildirmişdir. Saxlanılmış digər şübhəli şəxs olan Şahid3 heç nə aşkar edilməmişdir. Aşkar edilmiş maddə qablaşdırılraq bu barədə protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, yaşadığı yerdən tanımış və əvvəllər "xxxx" ASCdə birlikdə işləmişlər. Bəzən o, taksi fəaliyyəti ilə məşğul olaraq dolanır. 14 iyun 2023-cü il tarixində günorta saatlarında yaşadığı məhəllədə olarkən Təqsirləndirilən şəxs keçdiyini görüb danışarkən sonuncu ona Binəqədi rayonu istiqamətində getməli olduğunu deyib işi yoxdursa, birlikdə getməyi təklif etmiş, o da həmin vaxt bekar olduğundan etiraz etməmişdir. Yolda marka və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Binəqədi rayonu, Motodrom yaşayış massivi istiqamətində getmişlər. Təxminən saat 14 radələrində taksidən düşdükdən sonra Təqsirləndirilən şəxs ona narkotik vasitə əldə etmək üçün İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin maddəni götürmək üçün qeyd olunan ünvana getdiyini demişdir. O, İnqilabın narkotik vasitə istifadəçisi olduğunu bilsə də, sonuncunun həmin yerə əvvəlcə nə üçün getdiyini bilməmişdir. Sonradan o, bunu öyrənsə də, Təqsirləndirilən şəxs qarışmamış və kənarda dayanıb gözləmişdir. Təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs onun yanına gəlib narkotik vasitəni götürdüyünü demişdir. Bundan sonra onlar qayıdarkən təxminən saat 14 radələrində Binəqədi rayonu, Motodrom yaşayış massivindən çıxarkən iki nəfər polis əməkdaşı yaxınlaşıb onlardan özlərini təqdim etməyi istəmişlər. Qeyri-dəqiq cavab verdiklərindən polis əməkdaşları onları şübhəli şəxs kimi Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, lakin onun üzərində hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 14 iyun 2023-cü il tarixdə saat 14:25-də məhdudlaşdırılmış və sonuncu həmin tarixdə saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üstünə qoymuş, bundan sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan başqa heç nə aşkar edilməmiş, masanın üstünə qoyduğu həmin bir ədəd bükümdəki maddənin el içində «heroin» deyilən narkotik vasitə olduğunu, «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından özünün istifadəsi üçün «WhatsApp»da olmuş ünsiyyətləri zamanı göndərdiyi hesaba 60 manat pul köçürtdüyünü, bundan sonra 14 iyun 2023-cü il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Motodrom yaşayış massivi»ndən gedib əldə etməsini bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3351 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksləri olan, “Hüseynov “imza” ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,675 qram qəhvəyi rəgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,675 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,625 qram. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üstünə qoyduğu, bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmədiyi, masanın üstünə qoyduğu həmin bükümdəki maddənin narkotik vasitə «kokos» olduğunu, «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından özünün istifadəsi üçün 14 iyun 2023-cü il tarixində günorta radələrində 60 manat müqabilində aldığını, həmin şəxslə «WhatsApp»da olmuş ünsiyyətləri vasitəsi ilə aldığı narkotik vasitənin Bakı şəhərində «Motodrom yaşayış kompleksi»nin ərazisində qoyulduğu yeri müəyyən edib əldə etməsini bildirdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmçinin bu videokadrlarda görünən şəxsin məhz özü olduğunu da təsdiq etmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, barəsində keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi, Cin Xalq Respublikasında istehsal olunmuş ekranı qara rəngli, arxa korpusu isə gümüşü rəngli «Xiaomi Redmi S2» markalı, M4803E6G modelli mobil telefona baxış zamanı həmin mobil cihazın «WhatsApp» bölməsində olan kontaktların içində «İran» adı altında «+98 990 409 5382» nömrəsinin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə məhz bu nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Saxlanıldıqdan sonra Binəqədi RPİ-nin 40-cı PB-də təqdim etdiyi «kakos» kimi tanıdığı narkotik vasitəni də məhz bu mobil nömrə ilə əlaqə saxladıqdan sonra 14 iyun 2023-cü il tarixində günorta saatlarında 60 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonun «WhatsApp» bölməsində onunla yuxarıda qeyd edilən nömrənin istifadəçisi arasında olan yazışma və səs yazılarının olduğu səhifəni açaraq həmin səhifədə özünün «İranlı» kimi tanıdığı şəxs arasında olmuş yazışmaların mətn və səs yazılarını nümayiş etdirmişdir. Qeyd edilən yazışmalardan və səs yazılarından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə həmin şəxs arasında narkotik vasitələrin əldə edilməsinə dair dəfələrlə ünsiyyətləri olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Maddi Sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,675 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 1,625 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk, eləcə də sonuncu tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd «Xiaomi Redmi S2» markalı, M4803E6G modelli mobil telefon iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2023-cü il tarixli, 4076 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, habelə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il şübhəli şəxs qismində tutulmuş və 16 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilərək sonuncu həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək, yəni ümumilikdə 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,625 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd “Xiaomi Redmi S2” markalı, M4803E6G modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,625 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd “Xiaomi Redmi S2” markalı, M4803E6G modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar