Məhkəmə qərarları › İş №1(001)-646/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-646/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-646/2023 01.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Əzizov küçəsi, ev 126-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi döngə 2 ev 40-da yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd kağız bükümdə 01 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində Əli-zadə Ağasəlim Dünyamalı oğlundan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində görüşüb 20 manat pul qarşılığında əldə edib üzərində daşımaqla saxlamış, 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 21:40-da üzərində axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ilk olaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olmasını, narkomaniyadan asılılığının olmamasını, ibtidai istintaq dövründə ona hər hansı təyziq olmadığını bildirsə də, daha sonra ona verilmiş ittihamda özünü təqsirli bilməyərək özünün şəxsən gedib narkotik vasitə almadığını, Mübariz Əmiraslanovla birlikdə 10 və ya 20 manat Ayaza narkotik vasitə almaq üçün pul verdiklərini, Ayazın narkotik vasitə alması üçün getdiyini, Ayaz adlı şəxin narkotik vasitəni götürərkən polislər tərəfindən tutulduğunu, Mübariz, Ayaz və onun bir yerdə saxlanıldığını, Mübariz Əmiraslanovla onun Binəqədi Rayon Polis İdarəsinə birlikdə gətirildiyini, Ayazın isə ayrıca gətirildiyini, onun üzərinə baxış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitəni orada onun cibinə qoyulduğunu, lakin tutulan zaman üzərində narkotik vasitə olmadığını, həmin narkotik vasitəni Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı X6 həmin narkotik vasitəni cibinə qoymağını, çəkiliş vaxtı cibindən çıxarmasını, çəkilişdən sonra onu buraxacaqlarını bildirdiyini, buna görə də götürüb cibinə qoyduğunu və çəkilişdə çıxartdığını, müstəntiqə bu barədə heçnə demədiyini, prokuorluğa da bu barədə şikayət etmədiyini, gündə 1-2 dəfə olmaqla 3 və ya 4 ildir ki narkotik vasitədən istifadə etdiyini, tutulduğu yeri tam xatırlamadığını, lakin sənədləşmədə göstərildiyi yer olduğunu, ora həm işləməyə, həm də narkotik vasitə götürməyə getdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarışı şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin avqustun ayının 1-i axşam saat təxminən 19:00 radələrində Binəqədi rayonu, Aydınbəyov küçəsində olan şəxslərlə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxslərə yaxınlaşmış və həmin şəxsləri Binəqədi rayon polis idarəsinə dəvət etmişlər. İdarədə üzərlərinə baxış keçirilən zaman şəxsin üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman özünü şübhəli şəxs kimi aparmış, yanında digər şəxslər də olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o da baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etmiş, səmimi şəkildə özü etiraf edərək istifadəçisi olduğunu və özü üçün götürdüyünü, həmin narkotik vasitəni Ağa adlı şəxsdən aldığını bildirmişdir. Şəxs tutulan zaman ona fiziki, psixi təzyiq və hədə olmamış, özü rahat avtomobildə əyləşərək onlarla birgə gəlmişdir. Bədirov X7 rayonu, “Pasyolka Kirov” adlanan ərazidə Aydınbəyov küçəsində saxlanmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutanda yanında əməliyyat qrupu olmuş, lakin neçə nəfər olduğunu, Kamil adlı şəxsin orada olmasını isə hazırda dəqiq xatırlamır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarışı şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. İdarəyə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında qeyd olunan şəxslərin şəxsiyyətləri müəyyən edilmiş, bu barədə rəhbərliyə məruzə olunmuşdur. M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində əməliyyat qrupu həmin şəxslərə yaxınlaşmış və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb polis idarəsinə dəvət etmişlər. Əməliyyat qrupunda 5 və ya 6 nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında Mübariz Əmiraslanov da olmuşdur. Polis idarəsində Mənsur Mədirovun üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində o da iştirak etmişdir. Şəxsə hər hansı bir təzyiq olmamışdır. Üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının 1-i, saat 19:00 radələrində M.Ə. Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində, yəni “Pasyolka” deyə bilinən ərazidə saxlamışlar. Mənsurun üzərindən çıxan narkotik vasitənin Kamil adlı polis əməkdaşı tərəfindən verilməsinin şahidi olmamış, Kamil ilə Mənsurun orada hər hansı bir ünsiyyətinin olmasından məlumatı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru X12 bildirmişdir ki, avqust ayının 1-i Mübarizlə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs da orda olmuşdur. Mənsuru orada gördüyünü hazırda dəqiq xatırlamır. Ola bilsin, Mənsur onu orada görmüşdür. Mənsuru o tutmamış və sənədləşdirməmişdir. O Mübariz Əmiraslanovu şübhəli şəxs kimi tutmuşdur. Tədbir keçirdikləri yerdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs yaşamışdır və şəxsi də orda tutmuşlar. Təqsirləndirilən şəxs guya ona narkotik vasitəni onun verməsi ilə bağlı bildirdiyi ifadəsi yalandır, özünü müdafiə üçün bu cür ifadə verir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, 2023-cü ilin avqust ayının biri Mənsurla birgə tutulmuşlar. Onları tutub idarəyə gətirəndə üzərilərinə baxış keçirilən zaman heç nə çıxmamışdır. Video çəkilən zaman Kamil onlara 0,3 qram narkotik vasitə verərək ciblərinə qoymağı, çəkilişdən sonra buraxacaqlarını bildirsə də, onları buraxmamışlar. Mənsurla Ayaza 25-30 manat pul vermişdir ki, narkotik vasitə alıb gətirsin. Lakin Ayaz gedəndən sonra qayıtmamış, onları da tutub Binəqədi Polis İdarəsinəı aparmışlar. Onları tutan şəxs Kamil olmuşdur. Onları tutub idarəyə gətirəndə onun üzərində narkotik vasitə olmuşdur, lakin Mənsurun üzərində olmamışdır. Narkotik vasitəni avtomobildə istifadə etmişlər və Mənsur da onun yanında olmuşdur. Narkotik vasitə onun öz üstündə olub, idarəyə gəldikdən sonra Mənsura da “yükləmişlər”. Mənsurun üstündə heç nə olmamışdır. Mənsurla çoxdan münasibəti var, həmin vaxt da işə gedirdilər. Mənsura idarədə büküm verilməsini bilmir, sadəcə əminliklə deyə bilər ki, Mənsur onunla gəzdiyi zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Çünki narkotik vasitə onun özündə olmuşdur. İdarədə onlara hədə-qorxu gəlmişlər, onları vurmuşlar, ona görə də təzyiq altında qalaraq ifadəni necə verdiklərini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (i.v.1) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. Onun azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən, saat 19:30-dan məhdudlaşdırılmışdır. (i.v.21-22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:40 dəqiqədən saat 22:00 dəqiqəyədək olan müddət ərzində Binəqədi rayon polis idarəsinin inzibati ərazisində xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkəti "Panasonic" markalı video kamera ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa əşya, maddə aşkar edilməmişdir. Büküm açılmış, içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdəki maddənin "kakos" adlanan narkotik vasitə olduğunu, həmin maddəni 20 manat pulun müqabilində Ağa adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin maddə təhqiqatçı Surəc Niyazov tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. (i.v.37-38) “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, 02 avqust 2023-cü il tarixli 3-6- 16/2-6/4124 nömrəli materialların məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. (i.v 45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-6-16/2-6/4124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Saxlanılan şəxs Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,387 qram, tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 0,337 qr. (i.v.46-48) xx.xx.2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,387 qram miqdarında narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, heroinin 0,05 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,337 qramı "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 № 60" mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (i.v 63-64) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.66-67) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-817/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 84-87) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Əli-zadə Ağasəlim Dünyamalı oğlu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.93-94) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-814/2023 saylı qərarından görünür ki, Əli-zadə Ağasəlim Dünyamalı oğlu barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 95-98) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Niyazov Surǝc Vasif oğlu 01 avqust 2023-cü il tarixdə saat 21:40 dəqiqədə Binəqədi rayon polis idarəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmədə Binəqədi rayon polis idarəsinin cinayət-axtarışı şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Binəqədi rayon polis idarəsinin cinayət- axtarışı şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirak etmişdir. Şəxsi axtarış və götürmə Binəqədi rayon polis idarəsinin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti, polis kapitanı X9 tərəfindən "Panasonic" markalı video kamera vasitəsi ilə videoçəkilişlə qeydə alınmışdır. Təhqiqatçı Surǝc Niyazov tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir maddə olduğu halda təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin "kakos" adı ilə tanıdığı narkotik maddə olduğunu, həmin maddəni 20 manat pulun müqabilində Ağa adlı şəxsdən aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı Surəc Niyazov tərəfindən açılmış, içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Surǝc Niyazov içərisində heroinə bənzər maddənin olduğu bir ədəd bükümü qablaşdırmış, qablaşdırmanın üzəri imzalandıqdan sonra götürmüşdür. (i.v. 99) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon polis idarəsində Azərbaycan Respblikası CM-nin 177.2.1.3-cü maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. (i.v.111-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 X14 X15 üzrə 08 avqust 2023-cü il tarixli 5064 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 122-123) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd “CD” disk maddi sübut növü hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri, əməliyyat tapşırığının cavabı sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 124-132) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-996/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-646/2023 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-279/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs və X3 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-645/2023 saylı hökmündən görünür ki, X4 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərində heç bir narkotik vasitə olmaması, polis əməkdaşı tərəfindən “buraxılacağı” vədi ilə aldadıldığı üçün elan edilmiş ittiham üzrə əməli öz üzərinə götürməyə məcbur qalması, narkotik vasitəni X6 aldararaq ona verməsi və cibinə qoyaraq üzərində baxış axtarış aparılması zamanı çıxarması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində “narkotik, kokos” olmasını bildirir və “Ağa” adlı şəxsdən almasını qeyd edir. İş materiallarına əlavə olunmuş sənədlərdən və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işi materialları ilə tanış etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi xüsusatlarla bağlı heç bir qeyd verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilərkən də məhkəmə istintaqı dövründə verdiyi xüsusatlarla bağlı hər hansı məlumat verməmiş, bunun tam əksinə ona elan edilmiş ittihamda özünü təsirli bilərək ətraflı ifadələr vermişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri daha mötəbər hesab edir və məhkəmə baxışında verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr hesab edir. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmişdir. Yalnız X1 Mənsur Səyyad oğlunun verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə X3 əvvəlcədən bir-birini tanımalarını, Binəqədi Rayon Məhkəməsinin icraatında olan eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilmələrini, X3 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 645/2023 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmin məhkəmə hökümnə əsasən öz əməlini etiraf etməsini nəzərə alaraq X3 ifadəsinin Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə verildiyi qənaətinə gələrək, həmin ifadəni işin faktiki hallarına uyğun olmayan hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-817/2023 saylı qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-996/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-646/2023 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırkı tarixədək, yəni 4 aydır həbsdə saxlanılır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 4 (dörd) ay həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin icraatında olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 1(001)-279/2023 saylı qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs”qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərarının olmasını nəzərə alır və bu səbəbdən də hazırkı cinayət işi üzrə məhkəmə iclas zalından azad edilməsinin mümkünsüz olduğunu qeyd edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,337 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırkı tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 1(001)-279/2023 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixli 1(001)- 279/2023 saylı həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,337 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar