Məhkəmə qərarları › İş №1(001)-650/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-650/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-650/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1(bir) azyaşlı övladı olan, orta təhsilli, Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli, 1(001)-307/2012 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 4 000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, «28 may- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Qərarın 1.8-ci bəndinə əsasən cəzadan azad olunaraq 28 iyun 2013-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,Y.Hüseynov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 0,420 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, 29 iyun 2022-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılaraq ünvan 3 ünvanında yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş, şəxsi axtarış zamanı əynindəki açıq rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf salafan bükümdə təmiz çəkisi 0,420 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3-4 aydır ki, narkotik vasitə heroin istifadə edir.xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata narkotik vasitə hesab edilən heroini alıb istifadə etmək üçün üzərində saxlamışdır.xx.xx.2022-ci il tarixdə, saat təxminən 10:00 radələrində ünvan 4 ünvanında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirmişlər.Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan açıq rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda 1 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş heroin adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.Verilən suala cavab olaraq bildirmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, 29 iyun 2022-ci il tarixdə 6-cı Polis Bölməsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra o və 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir.Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2 ünvanı yaxınlığında saxlanılmış və onlar onu 5-ci Polis Bölməsinin inzibati binasına gətirmişlər.Polis Bölməsində təhqiqatçı tərəfindən prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan açıq rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur.Təhqiqatçı bükümü açdıqda onun içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu məlum olmuşdur.Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin «kokos» deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı əşya tapılmamışdır.Təhqiqatçı Təqsirləndirilən şəxs bükümdəki maddəni haradan əldə etdiyini soruşmuş, Ramin də bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümü də 28 iyun 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərini imzalamışlar.Həmçinin, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarnı araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3606 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4407 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli, № 17/68-307-1 saylı məktuba əsasən məlum olur ki, Mehdiyev X3 Rayon Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş və sonradan «28 may - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Qərarın 1.8-ci bəndinə əsasən cəzadan azad olunaraq 28 iyun 2013-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə və hökmün surətinə, o cümlədən, Binəqədi Rayon İcra Şöbəsindən alınmış məktuba əsasən məlum olur ki, Mehdiyev X3 Rayon Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş və sonradan «28 may - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Qərarın 1.8-ci bəndinə əsasən cəzadan azad olunaraq 28 iyun 2013-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır.Beləliklə də, məlum olur ki, Cinayət məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs İnqilab oğlu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, o cümlədən, himayəsində 1(bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır və əməlində cəzanı ağırlaşdıran hallar, ümumiyyətlə, yoxdur.Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin Qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürov tərəfindən qəbul olunmuş şübhəli şəxsin tutulması haqqında 29 iyun 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə saat 11.00-da tutulmuşdur.Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 01 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Əflatun Səlimovun 01 iyul 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, buraxılmışdır.Həmçinin, Binəqədi RPİ İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Əflatun Səlimov tərəfindən qəbul edilmiş 01 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,370 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri- 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 33 (otuz üç) saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən – 01 iyul 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – 0, 370 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 33 (otuz üç) saat hüquqi xidmətin dəyəri 198 (yüz doxsan səkkiz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar