Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-653/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə İmişli rayonu, İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Koroğlu küçəsi, ev 52 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, yeni tikililərdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə, saat 01.30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, yeni tikililərdəki kirayədə yaşadığı evdə divar qonşusu olan Zərərçəkmiş şəxs telefonla yüksək səslə danışdığına görə həyətə çıxmaqla qapını döyüb sonuncunun yüngül dərəcəli sərxoş vəziyyətdə ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs yumruqla üz nahiyəsinə vurub yerə yıxmaqla sol alt göz qapağı və gözaltı nahiyənin, sol dirsək oynağının qançırları, sağ said nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmayan xəsarətləri, üst çənədə 1-ci dişin travmatik sınığı ilə müşayiət olunan üst dodağın selikli qişasınin əzilmiş yarası xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda atası Cabir, anası Xəyalə və qardaşı Mircəlalla birlikdə kirayədə yaşayır. Kirayədə qaldığı evin sahibi Şahnaz adlı qadındır, Şahnaz da ümümi həyətdə ayrı evdə yaşayır. Onlardan başqa həmin həyətdə Zərərçəkmiş şəxs arvadı ilə yaşamış,sonradan onlar həmin həyətdən çıxmışlar. Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının əvvəllərində həmin ünvana gəlmişdir. 14 mart 2022-ci il tarixdə, gecə saat 01 radələrində o, qardaşı və anası ilə evdə olmuşlar. Qonşu divardan Anarın söyüş səsləri gəlmiş, kimləsə yüksək tonla qışqıraraq mobil telefonla danışmışdır. Onlar ümümi həyətdə ayrı-ayrı evlərdə kirayədə yaşasalar da evlərinin divarı birdir, yəni Anar gilin otağında hündürdən danışılarkən onların içəridəki otaqda həmin səs eşidilmişdir. Anarın səs-küyü onlara mane olmuşdur. O, həyətə çıxaraq Anargilin qapısını döymüş və sonuncuya telefonda yavaş danışmasını bildirmək istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qapını açmış, o, sonuncuya qışqırığından evdə yatmağın mümkün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ona öz evinin olduğunu, kimlə necə danışmaq lazım olduğunu özü bildiyini,kimsənin ona göstəriş verməyə ixtiyarının olmadığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs evindən bayıra çıxaraq onun üstünə gəlmiş və nalayiq küçə söyüşləri söymüşdür. O, Zərərçəkmiş şəxs əli ilə vurmuş, sonuncu sərxoş olduğundan ayağı büdrəyib yerə yıxılmışdır. Həmin vaxt yaranmış səs-küyə evin sahibi Şahnaz, Zərərçəkmiş şəxs arvadı, onun anası və qardaşı Mircəlal bayıra çıxmışlar. Şahnaz və Zərərçəkmiş şəxs arvadı Anarı aralaşdırıb evinə aparmış, onlarda evə girmişlər. Təxminən bu hadisədən bir saatdan sonra həyətə polislər gəlmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Oğuz rayonunda qeydiyyatdır, özünə iş tapa bilmədiyi üçün Bakı şəhərinə gələrək sürücülüklə məşğul olur. Belə ki, “Uber” şirkəti ilə müqaviləyə əsasən icarəyə taksi avtomobili götürərək sərnişin daşımaqla məşğul olmuşdur. Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Sonuncu kirayədə qaldığı ünvan Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsindəki fərdi həyət evi olmuşdur. Belə ki, həmin ünvana 2022-ci ilin mart ayının əvvəllərində gəlmiş və bir neçə həftə həyat yoldaşıyla birlikdə kirayədə qalmışdır. Həmin evin həyətində onlardan başqa digər bir ailə də kirayədə yaşamışlar. Həmin ailə 4 nəfərdən ibarətdir, iki qardaş, ata-anası ilə birlikdə kirayədə yaşamışlar. 14 mart 2022-ci il tarixdə, axşam saatlarında o, dostlarıyla birlikdə şam yeməyi zamanı bir qədər spirtli içki qəbul etmiş və saat 23 radələrində həmin kirayədə qaldığı evə gəlmişdir. Evdə həyat yoldaşıyla ikisi olmuşlar. O, rayonda yaşayan anasıyla mobil telefonla danışmış, rayonda yaşayan kiçik qardaşı problem yaratdığından anası qardaşından ona şikayətlənmişdir. O da bundan əsəbiləşərək anasıylı mobil telefonda ucadan qardaşının ünvanına təhqirlər demişdir. Saat təxminən 01.30-da mobil telefonla danışanda kimsə evin qapısını bərkdən döymüşdür. O, telefonla danışığını qurtardıqdan sonra qapını açanda qonşusu Təqsirləndirilən şəxs görmüş, sonuncu ona mobil telefonla ucadan danışmağını irad kimi bildirmişdir. O, isə öz evi olduğunu, kimlə necə danışdığını özü bildiyini, Mirheydərə bu barədə ona irad bildirə bilməməsini demişdir. Bu zaman Təqsirləndirilən şəxs onu yumruqla vuraraq yerə yıxmışdır. Həmin vaxt həyat yoldaşı, evin sahibi olan Şahnaz və bir nəfər də onların evindən qadın həyətə çıxmışlar. Bu zaman Mirheydərin qardaşı Mircəlal da ora gəlmişdir. Onları aralaşdırdıqdan sonra o, dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra evə polis əməkdaşları gəlmiş, baş vermiş hadisə ilə bağlı polislərə bildirmişdir. Sonra isə polis bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstətmişdir ki, o, ünvan 1 ünvanda atası Cabir, anası Xəyalə və qardaşı Mirheydərlə birlikdə kirayədə yaşayır. Kirayədə qaldıqları evin sahibi Şahnaz adlı qadındır, ümümi həyətdə ayrı evdə yaşamışdır. Onlardan başqa həmin həyətdə başqa Zərərçəkmiş şəxs arvadı ilə yaşamış, hazırda həmin həyətdən çıxmışlar. Anar 2022-ci ilin mart ayının əvvəllərində həmin ünvana gəlmişdir. Onlar isə artıq neçə illərdir ki, həmin həyətdə kirayədə yaşamışlar, hazırda da orada yaşayırlar. 14 mart 2022-ci il tarixdə, gecə saat 01 radələrində o, qardaşı Mirheydər və anası evdə olmuşlar. Qonşu divardan Anarın söyüş səsləri gəlmiş, Anar kimləsə yüksək tonla qışqıraraq mobil telefonla danışmışdır. Onlar ümümi həyətdə ayrıayrı evlərdə kirayədə yaşasalar da Anar gillə onların evin divarı birdir, yəni onların otağında hündürdən danışılarkən onun evindən həmin səs eşidilir. Anarın səs-küyü onlara mane olduğundan Mirheydər çölə çıxaraq Anar gilin qapısını döymüş və telefonda yavaş danışmasını demək istəmişdir. O, yaranmış səs-küyə bayıra çıxmış, Anarın Mirheydərin üstünə cumaraq onu söyüb təhqiq etdiyini görmüşdür. Bu zaman Mirheydər Anarı vurmuş və sərxoş vəziyyətdə olan Anar yerə yıxılmışdır. Həmin vaxt Anarın arvadı, evin sahibi Şahnaz da orada olmuşlar və onlar Anarı çəkib evlərinə aparmışlar. Anar DİN-in 102 xidmətinə zəng vurduğundan təxminən 1 saatdan sonra həyətə polislər gəlmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, fərdi yaşayış evində baş vermişdir. (i.v. 6-9) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin 15 mart 2022-ci il tarixli, 465 nömrəli rəyindən görünür ki, müayinəsi aparılan 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – üst çənədə 1-ci dişin travmatik sınığı ilə müşaiyət olunan üst dodağın selikli qişasının əzilmiş yarası, sol alt göz qapağı və gözaltı nahiyənin, sol dirsək oynağının qançırları, sağ said nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 neçə saat əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə üst çənədə 1-ci dişin travmatik sınığı ilə müşayiət olunan üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əl və yumruqla yetirilən zərbələr nəticəsinə əmələ gələ bilərdilər. (i.v.18-19) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.30) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid3 üzünə qarşı demişdir. (i.v.65-68) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v.69-72) xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada baş verməsini əyani olaraq göstərməmişdir. (i.v. 78-80) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.89-90) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.103-104) 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 113) İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 118) 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 121) xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də rəy, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 43 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 43 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 43 (qırx üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 (iki yüz əlli səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-653/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-653/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver