Məhkəmə qərarları › İş №1(001)-659/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-659/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-659/2023 23.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Cəngan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 25 fevral 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “aviator_pulqazan_” adlı istifadəçi hesabı yaradıb yatırım edəcəkləri halda yatırımçıların xeyrinə əlavə gəlir qazandıracağı məzmunda həqiqətə uyğun olmayan elanlar yerləşdirməklə, faktiki olaraq heç bir elektron ticarətlə məşğul olmadığı halda sosial şəbəkədəki elanlar əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib “aviator_pulqazan_” proqramı vasitəsilə gəlir qazandıracağı adı ilə aldadaraq təqdim etdiyi 4169 7388 0940 6717 nömrəli bank kartının hesabına 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində kartdan karta köçürmə əməliyyatı vasitəsilə 40 manat və 334 manat, 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən mağazadakı ödəmə terminalı vasitəsilə həmin kart hesabına 2000 manat, 28 yanvar 2023-cü il tarixdə 1200 manat, 29 yanvar 2023-cü il tarixdə 4600 manat köçürməsini təmin etməklə Zərərçəkmiş şəxs ümumilikdə 8174 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin əvvəllərində sosia şəbəkələrdə səhifələr açaraq saxta elanlar vasitəsilə pul əldə etmək istəmişdir. Həmin elanlarda vətəndaşlara vəd etmişdir ki, yatırım etdikləri zaman 100 faiz və risksiz qazanc əldə edəcəklər. 27 yanvar 2023-cü il tarixdə sonradan Zərərçəkmiş şəxs kimi bildiyi qadın onun yaratdığı “aviator_pulqazan_” səhifəsindən ona mesaj yazaraq ilkin olaraq hansı formada qazanc əldə edəcəyi ilə bağlı maraqlandıqda o, bildirmişdir ki, 40 manat vəsait əvəzində 950 manat, 50 manat vəsait əvəzində 1600 manat, 80 manat vəsait əvəzində 2900 manat, 100 manat vəsait əvəzində isə 3400 manat qazanc əldə edə bilər. Fəridənin ona inandığını gördükdən sonra daha da inandırıcı olsun deyə qeydiyyat üçün onun şəxsiyyət vəsiqəsinin şəkilini istəmiş və o, şəxsiyyət vəsiqəsinin şəklini göndərən zaman məlum olmuşdur ki, həmin qadın Zərərçəkmiş şəxsdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə bir qədər də danışaraq 100 faiz qazanc əldə edəcəyini, yatırdığı pulun riskli olmadığını bildirib onu inandırmış və pul investisiya etməyə razı salmış, sosial şəbəkə ilə bərabər onunla mobil telefonun “whatsapp” ani mesajlaşma sistemindən də danışıqlar aparmışdır. Daha sonra Zərərçəkmiş şəxs investisiya edərək risksiz qazanc əldə edəcəyini vəd edib aldadaraq 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan müddət ərzində 40 manat, 334 manat, 2000 manat, 1200 manat və 4600 manat olmaqla onun ümumilikdə 8174 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulları ona göndərən zaman qazanc əldə edəcəyini düşünmüş, Zərərçəkmiş şəxs bütün pulları onun istifadəsində olmaqla dostluq münasibətində olduğu Şahid2 məxsus 4169- 7388-0940-6717 saylı Kapital Bank kartına köçürmüş, hər dəfə pul köçürən zaman köçürmə barədə qəbzləri ona göndərmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 8174 manat pul vəsaitini ələ keçirdikdən sonra həmin pulları Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi metrostansiyanın yaxınlığında olan bankomat vasitəsilə nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləmişdir. Özü və ailə üzvləri Cəlilabad rayonunda yaşasalar da, özü tez-tez Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gələn zaman valideynlərinə və dostlarına gəzməyə gəldiyini bildirmişdir. Ətrafında olan heç kəsin onun əməlləri barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs göndərdiyi pulları nağdlaşdırdıqdan sonra onunla əlaqəni kəsmişdir. Bundan başqa heç bir cinayət hadisəsi törətməmiş, heç kimin pulunu ələ keçirməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Baş vermiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyan Zərərçəkmiş şəxs tam şəkildə ödənilmiş, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizi dövlət nəfinə ödənilmişdir. Hazırda zərərçəkmiş şəxslər barışmış və ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 27 yanvar 2023-cü il tarixdə “İnstagram” sosail şəbəkəsində “aviator_pulqazan” adlı səhifə görmüş, həmin səhifədə ödəniş etməklə əlavə qazanc əldə olunacağı bildirilmişdir. Səhifə istifadəçisinə yazaraq yatırım etmək istədiyini bildirmiş, həmin şəxs ondan ilkin olaraq 40 manat pul istəmiş və "xxxx" ASC-yə məxsus **********406717 nömrəli bank kartının məlumatlarını ona göndərmişdir. 27 yanvar 2023-cü il tarixdə yaşadığı evdən qızı Alsu Əliyevaya məxsus Leo Bank-a aid **********431559 nömrəli bank kartından **********406717 nömrəli bank kartına 40 manat card-to-card kimi bildiyi üsuldan istifadə edərək köçürmüş və qəbzin şəklini həmin şəxsə göndərmişdir. Daha sonra səhifə istifadəçisi ondan guya udulan məbləğin faizini istəmiş və yenidən pul tələb etmiş, ona görə də 27 yanvar 2023-cü il tarixdə yenidən yaşadığı evdən qızının kartından həmin karta 334 manat card-to-card üsulu ilə ödəniş etmişdir. Yalan vədlər verərək guya depozit və uduşlar olduğunu bildirdikdə inanaraq yenidən 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Araz Express” marketdə quraşdırılmış “Milli ön” ödəniş terminalı vasitəsilə 2000 manat, 28 yanvar 2023ci il tarixdə sonuncu ünvandan təkrar olaraq 1200 manat, 29 yanvar 2023-cü il tarixdə 4600 manat pulu həmin şəxsin ona təqdim etdiyi və Kapital Bank ASC-yə məxsus **********406717 nömrəli karta ödəniş etmişdir. Daha sonra +**********3 nömrəsindən özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Vatsapp” proqramı vasitəsilə yazaraq yenidən uduşun qaytarılacağı ilə bağlı pul istəmişdir. Lakin, bundan sonra heç bir ödəniş etməmiş, həmin şəxs vədinə əməl etməyərək onun mobil nömrəsini və “İnstagram” hesabını telefonunda qara siyahıya atmışdır. Həmin vaxtı aldadıldığını başa düşmüş, ümumilikdə ona 8174 manat ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə müraciət edərək məlumat vermişdir. Bundan sonra onu Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə olan zaman bir daha cinayət hadisəsi barədə məlumat vermiş, eləcə də araşdırma dövründə ona dəymiş 8174 manat ziyanın 4000 manat hissəsini hadisəni törətmiş şəxsin atası qaytarmış, qalan pulu isə 2 ay müddətində qaytaracağına söz vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Samsung” markalı mobil telefonda ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2023-cü ilin təxminən mart ayının axrılarında eşitmişdir ki, qardaşı Sadiq bir nəfər tanımadığı qadının pulunu aldatma yolu ilə ələ keçirmişdir. Lakin, həmin qadının kimliyi barədə məlumatı yoxdur, qardaşı Sadiqin, həmin qadının hansı məbləğdə pulunu ələ keçirməsini bilmir. O, göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, qardaşı Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “aviator_pulqazan_” adlı saxta profil yaratması, həmin saxta profildə qeydiyyatdan keçən zaman adına olan ***-***-**-** mobil nömrəsini qeyd etməsi, Zərərçəkmiş şəxs 8174 manat pulunu ələ keçirməsi barədə əvvəldən məlumatı olmamış, bu barədə sonradan eşitmişdir. Qardaşı Təqsirləndirilən şəxs ələ keçirdiyi pullardan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı apoarılması üçün icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona vurulmuş 8174 manat məbləğində maddi ziyan tamamilə ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istntaq zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərin sayı 5 ədəddir, həmin qəbzlərdən 3 ədədi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə MilliÖn elektron ödəmə sistemi vasitəsilə əldə edilmişdir, "xxxx" xidmətinin nağd ödənişləridir. Qəbzlərdə qeyd olunan məbləğlər 2000 manat, 1200 manat və 4600 manatdır. Həmin məbləğlər 2023-cü ilin yanvar ayında "xxxx" tərəfindən verilmiş 4169 73******6717 nömrəli bank kartına köçürülmüşdür. Digər iki ədəd qəbzlərdə Alsu Əliyevaya məxsus “Leobank”-a məxsus 4098 58****1559 nömrəli bank kartından 27 yanvar 2023-cü il tarixdə 40 manat və həmin tarixdə 334 manat məbləğində pulların "xxxx" tərəfindən verilmiş 4169 73****6717 nömrəli bank kartına köçürülməsi müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş fotoşəkillərdə “Salam, məlumat verə bilərdiz ?”, “Salam”, “40 AZN 950 edilir, 50 AZN 1600 edilir, 80 AZN 2900 edilir, 100 AZN 3400 edilir, Aviator Proqrami 300azn qazancınıza 100% Qaranti verir”, “Buyurun”, “Mən sizə ödəniş edəndən sonra neçə gün ərzində pul gəlir ?”, “Tamam, 950 aznan yüksey olarsa Komisiya hesablanacag, Buna razisiz ”, “Bəli”, “Meselcun 2 3 min Olarsa Komisiya odenisi teleb olunacag”, “Problem yoxdu olar”, “Yaxsi”, “Beli 1 bank Variniz di”, “Xeyr leobank”, “Olar”, “4169-7388-0940-6717 ödenisi edin ceki atin, Qeydiyati eledim”, “Komisya odensin basa salmag ucun Admin sizi zeng vuracag, Zehmet olmasa sexsiyet vesiqenin on hisesin atin”, “Yigacam Heleki musait deyilem Men ozum size yigacam 4 min elave Oyun olacag Onu bilin Admindi yazan Hal hazirda oyun var”, “Bu karta ödəniş onulacaq ?”, “Beli”, “Xeyirli olsun xanim 4500 azn udusunuz oldu bu gunun en yükseyi olmasaz da normal oyunlardan biri de sizde oldu xeyirli yerlere xercliyersiz” və bu mövzuda digər yazışmalar vardır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş 5 ədəd pul köçürmə qəbzi iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tamamilə ödənilmiş, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur və onlar barışmışılar. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 25%-i olaraq ümumilikdə 2047 (iki min qırx yeddi) manat məbləğində pul keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş 8174 manat məbləğində maddi ziyan tamamilə ödənilərək həmin ziyanın iyirmi beş faizi dövlət nəfinə köçürülmüşdür. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş 8147 manat məbləğində maddi ziyan ona tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Habelə cinayət işi üzrə vurulmuş 8147 manat maddi ziyanın 25%-ni (iyirmi beş faizini), yəni 2047 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 (beş) ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 5 (beş) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar