Məhkəmə qərarları › İş №1(001)-66/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-66/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-66/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİ dərəcəli əlil, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,488 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,488 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddədən istifadə etməmiş, ümumiyyətlə, o nədir, necə olur – başı çıxmır. O, yalnız reseptlə verilən dərmanları qəbul etmişdir. Onu saxlayanda dedilər ki, “sənədlərə imza at, sonra səni buraxacağıq”. O da təzyiq altında, nə olduğunu, nə yazıldığını tam başa düşmədən imza atmışdır. O üzərində heç nə daşımamış, yalandan boynuna qoyublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 7-ci PB-nin C/A üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis leytenantı rütbəsini daşıyır. Xidmət etdiyi bölməyə etimad doğuran və qərəzsiz mənbədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi ev 52 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələri qanunsuz olaraq üzərində gəzdirməsi barədə Bakı Şəhər Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə o, və Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılımışdır. Ona özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə RPİ-yə məlumat daxil olması barədə məlumat verilmiş onlarla birlikdə Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Polis Bölməsinə gəlmiş və Bölmənin inzibati binasının xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edildi. Sonra müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu daha sonra isə göy rəngli cins şalvarın qabaq sol yan cibindən bir ədəd şəffar rəngli selefon paketə bükülmüş bükümü, çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisində olan maddənin “patı” adlanan psixotrop maddə olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də, qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metafetamin DİN-nin möhürü ilə möhürləndi və bu barədə müvafiq protokol tərtib edildi. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 23). xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil mobil telefon çıxarıb masanın üzərinə qoymuşdur. Verilən suallara cavab olaraq vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin telefon ona məxsusdur, mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** nömrələr istifadə edilir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf salafan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar edilmiş bükümlə bağlı Təqsirləndirilən şəxs sual verildikdə bildirmişdir ki, həmin bükümün içərisində “patı” adlanan psixotrop maddə metafetamin var, bükümü tanımadığı şəxsdən 20 manata əldə etmiş və həmin maddəni şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. Daha sonra bükümə təhqiqatçı tərəfindən baxıldıqda içərisində ağ rəngli, spesifik iyə malik, mənşəyi bilinməyən, kristal formasında maddə aşkarlanmış, aşkar olunan büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra vətəndaşa üzərində digər əşya və maddələrin olub olmaması sual verildikdə sonuncu heç bir əşya və maddənin olmadığını bildirmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi şalvarın ciblərini təqdim etməsi tələb edilmiş, lakin heç nə aşkarlanmamışdır. Daha sonra PB-nin əməliyyat müvəkkili Şahid2 vətəndaşın üzərində axtarış keçirtmiş və heçnə aşkarlanmamışdır. Bundan sonra vətəndaşdan ayaqqabılarının çıxartması tələb edilmiş, sonuncu ayaqqabılarını çıxardıb təqdim etməsindən hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Sonda vətəndaş Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış sona çatmışdır (cild 1, i.v 35-37). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3680 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,488 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.438 qram (cild 1, i.v 42-44). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 55). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 74-75). “Diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil mobil telefon çıxarıb masanın üzərinə qoyur. Verilən suallara cavab olaraq vətəndaş Təqsirləndirilən şəxs bildirir ki, həmin telefon ona məxsusdur, mobil telefonun üzərində ***- ***-**-** və ***-***-**-** nömrələr istifadə edilir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf salafan bükümü çıxarıb masanın üzərinə qoyur. Aşkar edilmiş bükümlə bağlı Təqsirləndirilən şəxs sual verildikdə bildirir ki, həmin bükümün içərisində “patı” adlanan psixotrop maddə metafetamin var, bükümü tanımadığı şəxsdən 20 manata əldə etmiş və həmin maddəni şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. Daha sonra bükümə təhqiqatçı tərəfindən baxıldıqda içərisində ağ rəngli, mənşəyi bilinməyən, kristal formasında maddə aşkarlanır, aşkar olunan büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Bundan sonra vətəndaşa üzərində digər əşya və maddələrin olub olmaması sual verildikdə sonuncu heç bir əşya və maddənin olmadığını bildirir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır: ilk öncə onun geyindiyi şalvarın ciblərini təqdim etməsi tələb edilir, lakin heçnə aşkarlanmır. Daha sonra PB-nin əməliyyat müvəkkili Şahid2z vətəndaşın üzərində axtarış keçirdir və heçnə aşkarlanmır. Bundan sonra vətəndaşdan ayaqqabılarının çıxartması tələb edilir sonuncu ayaqqabılarını çıxardıb təqdim etməsindən hər hansı bir əşya, maddə aşkar edilmir. Sonda vətəndaş Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilir. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış sona çatır (cild 1, i.v 79). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 5111 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, Azərbaycan Respubilkası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tədbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 90-91). “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,488 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,438 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,438 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 82-83, 139-147). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “ƏFV” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır (cild 1, i.v.115, 128-138). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1485/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o, 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 22 (iyirmi iki) gün hissəsi qismən, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə əlavə cəzası tamamilə birləşdirilməlklə, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 2 (iki) il 06 (altı) ay müddətə şamil edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 45 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən və hal-hazırda «Üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə» əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusu nəticəsində o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Beləliklə, təqsirləndirilən şəxs məhkəmə iclasında bildirir ki, o, istintaqda etirafedici izahat verməmiş, barəsində tərtib olunmuş sənədləri psixoloji təzyiq altında, vəziyyətin mahiyyətini başa düşmədən imzalamışdır. Bu sənədlərin əsasında irəli sürülmüş ittiham faktiki gerçəkliyə uyğun gəlmir və bu səbəbdən onun təqsirləndirilməsi hüquqi baxımdan legitim hesab edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini obyektiv sübutlarla təkzib olunduğuna görə formal və müdafiə məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Birincisi ona görə ki, təqsirləndirilən şəxs hər nə qədər hazırkı cinayət işində özünü təqsirli bilmədiyini, psixotrop maddələrdən ümumiyyətlə istifadə etmədiyini və sadəcə resept əsasında müalicəvi dərman preparatlarını qəbul etdiyini bildirsə də, diqqətəlayiq haldır ki, onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırda məhkum olunduğu məhkəmə hökmü mövcuddur. Belə olan halda da məhkəmə qeyd edir ki, hərçənd təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan daha ağır cinayət əməli hal-hazırda baxılan iş üzrə cinayət hadisəsindən sonra törədilmişdir, lakin bu iki əməl arasında mahiyyətcə aydın daxili bağlılıq mövcuddur. Belə ki, sonrakı cinayətin xarakteri yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi və satış məqsədilə əldə olunması təqsirləndirilən şəxsin narkotik vasitələrlə sistemli və davamlı təmasda olduğunu birbaşa göstərir. Bu hal təqsirləndirilən şəxsin hazırkı iş üzrə irəli sürdüyü “mən psixotrop maddə (narkotik vasitə) istifadə etmirəm, o maddəni tanımıram”, “heç başım çıxmır o nədir” “məcbur boynuma qoydular” kimi izahatların real vəziyyəti əks etdirmədiyini və yalnız məsuliyyətdən yayınmaq məqsədilə verilmiş formal bəyanatlar olduğunu nümayiş etdirir. İkincisi, iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının nəticələrinə əsasən, təqsirləndirilən şəxsdə narkotik vasitələrə qarşı patoloji meyillilik aşkar edilmişdir. Elmi və tibbi cəhətdən sübut olunmuşdur ki, bu cür meyillik qısa müddətli və təsadüfi istifadə nəticəsində formalaşmır, yalnız uzunmüddətli və sistemli qəbul nəticəsində inkişaf edir. Bu da şəxsin "mən sadəcə dərman qəbul etmişəm" izahatını təkzib edən mühüm sübutdur. Qeyd olunan hallar birgə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin təqdim etdiyi izahatların real faktiki hallarla, tibbi ekspertiza nəticələri və hazırda davam edn məhkumluğu ilə uzlaşmadığı, daxili məntiqdən və həyat təcrübəsindən kənar olduğu qənaətinə gəlinir. Nəticə etibarilə, məhkəmə bu izahatları müdafiə taktikasından irəli gələn formal açıqlamalar kimi qiymətləndirir və obyektiv sübutlarla ziddiyyət təşkil etdiyindən onları əsas götürmür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Nəticə etibarilə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “üzvi şəxsiyyət pozuntusu və intellektual enmə” diaqnozu qoyulmuşdur. Ekspertiza nəticələrinə görə, o, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək qabiliyyətindən tam deyil, qismən məhrum olmuşdur. Məhkəmə qeyd olunan nəticəyə əsasən təqsirləndirilən şəxsin tam anlaqsız şəxs sayılmadığını, lakin psixi vəziyyətinin onun davranışına, qərarvermə qabiliyyətinə və iradi funksiyalarına müəyyən dərəcədə təsir etdiyini qəbul edir. Bu səbəbdən onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin deyil, 22.1-ci maddəsinin tənzimlədiyi hallara (anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir) aiddir. Cinayət qanunvericiliyinin 59.1.9-cu maddəsi ilə müəyyən etdiyi qaydaya əsasən, “cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi” yüngülləşdirici hal hesab edilir. Təqsirləndirilən şəxs ruhi vəziyyəti bu normaya tam uyğundur. Nəticə etibarilə, məhkəmə bu halı şəxsin şəxsiyyətinə dair mühüm xarakteristika, hüquqi məsuliyyətinin dərəcəsinə təsir edən amil və qanuni yüngülləşdirici hal kimi qiymətləndirir. Bu, cəza təyin edilərkən nəzərə alınmasına hüquqi əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hazırda cəzaçəkmə müəssisəsində olması faktını və tətbiq edilən yüngülləşdirci halı kompleks şəkildə qiymətləndirir və belə qənaətə gəlir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 5111 nömrəli rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirinin tətbiqini qanuna və tibbi əsaslara uyğun hesab etmir və onun yalnız ərazi narkoloji dispanserində qeydiyyata götürülməsini zəruri sayır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,438 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 60 (altmış) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 55 saatın hər iş saatının 6 manatdan, 5 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 385 manat (55 saat x 6 AZN + 5 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,438 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 385 (üç yüz səksən beş) (55 saat x 6 AZN + 5 saat x 11AZN) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar