Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-660/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi “X11” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 məhkəməyə müraciət edərək, X3 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul edərək onu xüsusi ittihamçı qismində tanınmasını, işin məhkəmə baxışına təyin edilməsini, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri vəzifəsini icra edir. Uzun illərdir ki, mədəniyyət sahəsində çalışır, çalışdığı müddət ərzində xidməti fəaliyyətində hər zaman qanunlara və etik davranış qaydalarına tam əməl etməyə və nümunəvi dövlət qulluqçusu kimi vəzifəsini icra etməyə çalışmışdır. Ancaq aşağıda qeyd etdiyi hadisələrin bir ziyalı və ən əsası bir qadın kimi işgüzar və şəxsi nüfuzuna ağır zərbə vurması onu dərindən sarsıtmışdır. Barəsində şikayət verdiyi X5 isə uzun illərdir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışır. İvtixar Piriyev xidməti məsələlərlə bağlı xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyət göstərdiyi Hökümət evi, 3-cü mərtəbə, 329 nömrəli otaqda onunla keçirilən görüşdə müzakirələr aparılarkən onunla yüksək tonda və nalayiq tərzdə danışmağa başlamış, onu “mən bilirəm, Vəfa, bunlar sənin işindir. Sən qəsdən o xidməti məlumata qida xərclərini də əlavə etmisən ki, məbləğ çoxalsın və nazir etiraz etsin. Mən bilirəm nə edəcəm, mən nazirlə görüşüb, hər şeyi danışacam”, “səni yandıracağam” kimi ifadələr işlətməklə təhqir etmiş, habelə onun barəsində rəhbərliyə yanlış məlumatlar verməkdə ittiham edərək əsassız böhtanlar irəli sürmüş, haqqında mənfi rəy formalaşdırmağa və işgüzar nüfuzuma xələl yetirməyə çalışmışdır. Sözügedən hadisə hazırkı şikayətə əlavə olunmuş Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov və Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşları Günay Hümbətova və Sevda Quliyeva tərəfindən tərtib olunmuş 29 avqust 2023-cü il tarixli aktla təsdiq olunur. X4 istifadəsində olan mobil nömrəmə (***-***-**-**) “whatsapp” mobil tətbiqi vasitəsilə mesajlar göndərərək hədələmiş, ertəsi gündən başlayaraq ayrı-ayrı vaxtlarda özünə məxsus “facebook” sosial şəbəkəsində davamlı şəkildə onun və yaxın qohumları haqqında təhqiramiz ifadələr işlədərək mətnlər paylaşmış, şərəf və ləyaqətini alçaltmışdır (təsdiqedici sübutlar əlavə olunur). Sözügedən yazılarda İvtixar Piriyev aşağıdakı ifadələrdən istifadə etmişdir: “Bütün cəmiyyət bilir ki, İrəvan teatrının erməni faşistləri kimi mənfur düşməni var! Əlavə, Vəfa Novruzova kimi milli mənliyi olmayan, könül bulandıran milçəkləri qovmağa nə hacət?” “Sabah-sabah bir it qapdı qıçımdan, itin adı Vəfa imiş, sən demə. Gözlüyünün arxasında gizlənən, it baxışı fəna imiş, sən demə.” - İvtixar Piriyev burada “gözlüyünün arxasında gizlənən” deməklə mənim eynəkdən istifadə etdiyimə eyham vurur; “Ağlı uçuq, gözü kor, Vəfa adlı itə bax. Gör bizə kim dərs deyir, kimə möhtacıq Allah!”; “İtin adı Vəfaymış, sürdüyü xoş səfaymış, bir gün ayılar görər, səfa deyil cəfaymışl”; “Şimpanzeyə oxşayan bir murdarın adını, Vəfa qoydu atası, çıxartmaqçün dadını! Qız böyüdü, pisləşdi, söydürdü atasını, bircə kərə duymadı atanın fəryadını!”; “Siçovula oxşayana Vəfa adı yaraşmır! Hər heyvanın öz adı var, səninki də siçovul! “intriqant”, “danos” verən, paxıl, qısqanc, ziyankar, beləsinə bel bağlasan, güvənsən, yolun azar”; “...Vəfa kimdir, zad kimdir, onlar dırnaqda qalan, nal altında tozlanan bir əskidir, "kilim”dir”; “Hər kəs eşitsin, bilsin!!! Mən həyatımı İrəvan teatrına vermişəm ona görə yox ki, vəzifəsindən sui istifadə edən Vəfalar onu iyrənc əməllərinin oyuncağına çevirsinlər, mən də göz yumum!!!”; “Vəfa deyilən cadı, qovularsan inşallah!.. Sən qovulmasan vallah, sona qədər gedəcəm! Mənfur əməllərinlə səni ifşa edəcəm!”; “Altdan kəsən siçovul, ovul, qum kimi ovul! Teatr sektorundan, it qovulan tək qovul!!!”. İvtixar Piriyev yuxarıda qeyd olunan hərəkətlərindən - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyət göstərdiyi Hökümət evi, 3-cü mərtəbə, 329 nömrəli otaqda onunla keçirilən görüşdə mənə qarşı yüksək səslə nalayiq ifadələrdən istifadə etməsi və onun barəsində təhqir və böhtan xarakterli məlumatları özündə ehtiva edən yazıları özünə məxsus “facebook” sosial şəbəkəsində paylaşması ilə əlaqədar 21 sentyabr 2023-cü il tarixində Mədəniyyət Nazirliyinə dəvət edilmiş, həmin görüşdə İvtixar Piriyev sözügedən məlumatların məhz onun özü tərəfindən sosial şəbəkə hesabında paylaşıldığını bildirmişdir. Sözügedən hal həmin görüşdə iştirak etmiş Mədəniyyət Nazirliyinin İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov və həmin şöbənin müdir müavini Turan Babayeva tərəfindən tərtib edilmiş və hazırkı şikayətə əlavə olunmuş 21 sentyabr 2023-cü il tarixli aktla təsdiq olunur. İvtixar Piriyevə məxsus facebook şəbəkəsində sonuncunun “dostluğunda” bilavasitə 4964 (dörd min doqquz yüz altmış dörd” nəfər insan mövcuddur. Beləliklə, yuxarıda qeyd olunmuş paylaşımlar kütləvi olaraq bu sayda insana təqdim edilmiş, həmçinin paylaşımlar sosial şəbəkədə mövcud olan “hamıya açıq” bəndi əsasında hər kəs üçün əlçatan olmuşdur. Beləcə istənilən şəxs həmin paylaşımları görmüş, nəticədə sözügedən paylaşımlar dava kütləvi halda yayılmışdır. İşin hallarından göründüyü kimi, İvtixar Piriyev onun barəsində təhqir və böhtan xarakterli məlumatları özünə məxsus “facebook” sosial internet şəbəkəsində, həmçinin çalışdığı kollektivin önündə yaymışdır. X3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi mövcuddur və buna görə də o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi “X11” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyə vəsatətlə müraciət edərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd edib, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi tərəfindən verilmiş vəsatəti müdafiə edib, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatəti iş materialları ilə birlikdə ələqəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, X2 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməyərək doğulduğu il, məşğuliyyət növü və ya vəzifəsi barədə məlumatları göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix, yəni il, ay və gün, eləcə də yer göstərilməli olduğu halda, X2 xüsusi ittiham qaydasında verilmiş şikayətdə X5 tərəfindən verilmiş şikayətdə şikayətin verildiyi tarix və yer göstərilməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-660/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-660/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver