Məhkəmə qərarları › İş №1(001)-669/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-669/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-669/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Cəlilabad rayonu, Pokrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni sahədə fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdə naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,531 qram çəkidə narkotik vasitə olan heroini 10 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 18 iyul 2023-cü il tarixdə saat 13:00da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən keçidin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirilib üzərinə həmin gün saat 14:45-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 18 iyul 2023-cü il tarixdə səhər saatlarında heroin almaq üçün Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerə getmiş və narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb yaxınlaşaraq heroin lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 10 manat müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə heroin alıb üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. 18 iyul 2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən keçidin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 40-cı PB-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 40-cı PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra o müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etmədiyini bildirmiş, müdafiəçi özü də buna etiraz etməmiş, şəxsi axtarış keçirilməsi ilə bağlı qərar elan edilmiş və qərarla tanış olmuşdur. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı içində heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən büküm açıldıqda içində heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddələr barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra üzərinə axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli büküm içərisindəki heroin ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişimin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmışdır. İstifadə etdiyi heroini müxtəlif şəxslərdən almışdır, onların heç birini tanımır. Sonuncu dəfə heroin əldə etdiyi şəxsi üzdən tanısa da adını bilmir. Heroini şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə aldığı narkotik vasitə heroindən istifadə etməmişdir. Narkotik vasitə heroini heç kimə satmamış, heç kimə də bağışlamamışdır. Özü bu maddəni çətinliklə tapır. Narkotik vasitə heroini əldə etdiyiniz şəxsi üzdən tanıyır, orta boylu, 30-35 yaşlarında qaraşın, arıq bədən quruluşlu oğlandır. Hazırda tərətdiyi inzibati xətadan səmimi peşmanlıq hissi keçirdiyini bildirərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyul 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla PB rəhbərliyinə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Ertəsi gün, 18 iyul 2023-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən keçidin yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gəlmişdir. Binəqədi RPİ-nin 40- cı PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edildi. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Kənanın üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sorğu zamanı aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz formasında olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 18 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində Yasamal rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilən heroinə bənzər maddə boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə, saat 14:10-da Binəqədi RPİ-nin 40-cı PBnin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,531 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-764/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 4752 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Bayramov X4 Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-in 15, 143-cü maddələri ilə təqsirli bilinib, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə AR məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-377/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddənin “heroin” olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 0,531 qram narkotik vasitə heroin və şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş video çəkilişin olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə AR məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmədən və ya götürülmədən az ağır cinayət törətmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02(iki) il 06(altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 18 iyul 2023-cü il tarixdə saat 13:00-da məhdudlaşdırıldırılmış, 18 iyul 2023-cü il tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuş, 20 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-764/2023 nömrəli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 4752 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,481 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,481 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar