Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-671/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Verdiyev Elcan Elşad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları
1. Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,258 qram ayrı- ayrılıqda çəkiləri 0,087 qram, 0,109 qram və 0,062 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 16:50-də Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,Həsrət Ağamalıyev küçəsi ev 14 mənzil 4-ün yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 18:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 0,087 qram, 0,109 qram və 0,062 qram olmaqla ümumi təmiz çəkisi 0,258 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,293 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə əldə edərək əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 09 may 2024-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi ev 14 mənzil 4-ün yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 13:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,293 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı bildirmişdir ki, CM-in 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi zərurətinin olmamasını qeyd edərək, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər.
5. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
6. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs ifadəsindən müəyyən edilmişdir ki, o, azərbaycan dilində sərbəst yazıb oxumağı bacarmır. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs orta təhsilini və ali təhsilini rus dilində aldığını bu səbəbdən məhkəmə iclası zamanı azərbaycan dilində danışa bilmədiyini, özünü rus dilində daha yaxşı ifadə edə bildiyini bildirmişdir.
7. Cinayət işinin materiallarından isə göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirildikdə (cinayət işi materialı s.41; 106; 145), təqsirləndirilən şəxs kimi ona ittiham elan edildikdə, təqsirləndirilən şəxs kimi dindirildikdə (cinayət işi materialı s.115; 124; 162; 243; 247), cinayət işinin materialları ilə tanış olduqda (cinayət işi materialı s. 280), ittiham aktı verildikdə (cinayət işi materialı s.282) və ümumiyyətlə digər prosessual hərəkətlərdə tərcüməçi ilə təmin edilməmiş, tərtib edilən protokolların hər birində formal olaraq azərbaycan dilində yazıb-oxuya bilməsi və başa düşməsi qeyd edilmiş və təqsirləndirilən şəxsə imza etdirilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, CPM-in 26-cı maddəsinə görə cinayət prosessual məcəllənin əsas prinsiplərindən biri də cinayət mühakimə icraatının aparıldığı dildir. Həmin maddəyə görə Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etməli, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək üçün dövlət büdcəsi hesabına tərcüməçi ilə iştirakını təmin etməlidir. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər isə onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir.
8. Cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu baxımdan CPM-in 26-cı maddəsində göstərilən cinayət mühakimə icraatının aparıldığı dil prinsipi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi (CPM-in 11-ci maddəsi), hüquqi yardım almaq, müdafiə hüququnun təmin edilməsi (CPM-in 19-cu maddəsi) və s. prinsiplərinə uyğun həyata keçirilməlidir.
9. İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək.
10. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır.
11. Beynəlxalq normaların dillə bağlı cinayət-prosessual tələbləri cinayətdə ittiham olunan hər bir şəxsin müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə etməsi üçün nəzərdə tutulmuşdur.
12. Müdafiə hüququnun həyata keçirilməsi üçün CPM-də təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (CPM-in 91.5.2, 91.5.3, 91.5.18, 91.5.20-91.5.23-cü və s. maddələri). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. CPM-in 26-cı maddəsi Azərbaycan dilini ümumiyyətlə bilməyən və ya bu dili qismən bilən və tam başa düşməyən şəxslərə aid edilir.
13. Kamazinski Avstriyaya qarşı iş üzrə 1989-cu il 19 dekabr tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə, xüsusən də öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçiyə müdafiə olunması məqsədi ilə ədalət mühakiməsinin aparıldığı dildə danışmaq üçün vəkilin təqdim olunması ilə dövlət 6-cı maddənin 3-cü bəndinin “a” yarımbəndinin tələblərini yerinə yetirmiş olur.
14. Qeyd edilən prosessual pozuntu öz növbəsində təqsirləndirilən şəxsin müdafiə hüququnun da pozulması ilə nəticələnmişdir. Belə ki, cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra ona 11 saylı vəkil bürosundan Müdafiəçi vəkil təyin edilsə də, daha sonra polis bölməsində şəxsi axtarış və götürmə aparılması ilə bağlı hərəkət vəkilin iştirakı olmadan həyata keçirilmişdir. (cinayət işinin materialı s. 29). Lakin CPM-in 92.12-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.
15. Məhkəmə müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təyin edilmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi axtarış və baxış hərəkətlərində iştirak etməli olduğu halda prosesdə nəinki iştirak etməmiş, hətta buna öz razılığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutmadan dərhal sonra dövlət hesabına vəkillə (11 saylı vəkil bürosunun vəkili Müdafiəçi) təmin olunsa da şəxsi axtarış vəkilin iştirakı olmadan həyata keçirilmişdir. Rəsmiləşdirmə isə şübhəli şəxsin ifadəsi kimi kompüterdə belə yazılmışdır: “Yazıb bildirirəm ki, vəkilim Müdafiəçi iştirakı olmadan üzərimə şəxsi axtarış keçirilməsinə heç bir etirazım və vəsatətim yoxdur” (cinayət işinin materialı s.29). İlk öncə qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxsin icraatın aparıldığı dili bilməməsi ona müdafiəçinin təyin edilməsini zəruri edən haldır, digər bir tərəfdən isə şübhəli şəxs vəkildən imtina etməmişdirsə və ona etiraz yoxdursa onun prosesdə iştirak etməməsi şübhə doğurur. Hansı ki, yuxarıda qeyd edilən ifadədən də belə anlaşılır ki, şübhəli şəxsin üzərində axtarışın vəkilin iştirakı olmadan keçirilməsi təhqiqatçı tərəfindən təkilf edilmişdir ki, o da bu hala etiraz etməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir.
16. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, Konvensiyanın 6-cı maddəsinin məzmunu şəxsə ədalətli məhkəmə araşdırılmasının təminatlarından qəti sürətdə və yaxud sükutla imtina etməyi qadağan etmir (Avropa Məhkəməsinin X2rşı iş üzrə 18 oktyabr 2006-cı il tarixli Qərarı, §73). Lakin, belə imtinanın Konvensiyanın məqsədləri baxımından həqiqi olması üçün imtina müəyyən olunmalı və onun vacibliyi müvafiq minimal təminatlarla müşayiət olunmalıdır (Avropa Məhkəməsinin Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarı, §31). Bundan başqa, imtina hər hansı vacib ictimai maraqlara zidd olmamalıdır (Avropa Məhkəməsinin Hakansson və Sturesson İsveçə qarşı iş üzrə 21 fevral 1990-ci il tarixli Qərarı, §66; Avropa Məhkəməsinin X1rşı iş üzrə 01 mart 2006-cı il tarixli Qərarı, §86). Tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir (Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77, 78).
17. Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında birbaşa göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər birbiri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyriqanunidir. Bundan başqa Plenum qərarında birbaşa göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmin olunması cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı deyildir. Müdafiəçinin məcburi iştirakı həmin Məcəllənin 92.3.1-ci maddəsinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi halda, Məcəllənin 92.3.2-92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, müdafiə hüququ təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi hallar istər Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə birmənalı qadağan edilir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir.
22. Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177).
23. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114).
24. Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31).
25. Laqerblom İsveçə qarşı iş üzrə 14 yanvar 2003-cü il tarixli Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərilməsini ədalət mühakiməsinin maraqlarının tələb edib-etməməsi məsələsi həll edilərkən cinayətin ağırlıq dərəcəsi, təyin edilə bilən cəzanın sərtliyi və işin mürəkkəbliyi nəzərə alınmalıdır (§51). Beləliklə, cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edərkən işin konkret hallarını nəzərə almalıdırlar.
26. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri).
27. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinin maraqları naminə təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmsil olunması Konvensiyaya zidd deyil (Avropa Məhkəməsinin Kroysan Almaniyaya qarşı iş üzrə 25 sentyabr 1992-ci il tarixli Qərarı, §27, 29). Başqa sözlə, özünü müdafiə etmək hüququ insan hüquqları sistemində vacib yer tutsa da, mütləq xarakter daşımır. Buna müvafiq olaraq ədalət mühakiməsinin maraqları tələb etmirsə, müdafiəçinin yardımından istifadə etmək hüququnun həyata keçirilməsinə hər hansı məcburiyyət yolverilməzdir.
28. Cinayət prosesində müdafiəçinin iştirakının məcburiliyi bir çox dövlətlərin qanunvericiliyində nəzərdə tutulur (Almaniya, Bolqarıstan, Fransa, Norveç, Rusiya Federasiyası, Serbiya).
29. Adıçəkilən ölkələrin qanunvericilik təcrübəsi onu göstərir ki, bu məsələ həll olunarkən iki yanaşmadan istifadə olunur. Birinci yanaşmaya əsasən, cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməli olduğu konkret hallar bilavasitə qanunvericilikdə öz əksini tapmışdır. İkinci yanaşmaya görə isə müdafiəçinin cinayət prosesində iştirakı məsələsinin həlli bir sıra hallarda (Almaniya və Norveçdə olduğu kimi) məhkəmələrin mülahizəsinə buraxılmışdır.
30. Azərbaycan Respublikasında da ədalət mühakiməsinin maraqlarının təmin edilməsi məqsədilə vəkilin cinayət prosesində məcburi iştirakı halları nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 92.3-cü maddəsində cinayət prosesində müdafiəçinin iştirakının təmin olunduğu hallar göstərilmişdir. Bu halların hər hansı biri mövcud olduqda cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməlidir.
31. Göründüyü kimi, müdafiəçiyə malik olmaq konstitusion hüququnun həyata keçirilməsinin qaydaları və şərtlərini tənzimləyərkən qanunverici CPM-in 92.3-cü maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir. Belə ki, CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçinin iştirakını tələb edə bilər. Bu halda həmin şəxsə özünə müdafiəçi seçmək üçün şərait yaradılmalı, hüquqi yardımı ödəməyə vəsaiti olmadıqda isə ödənişsiz, dövlət hesabına müdafiəçi ilə təmin olunmalıdır. CPM-in 92.3.2- 92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq müdafiəçinin iştirakı təmin edilməlidir.
32. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ nəinki milli qanunvericilikdə eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır.
33. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
34. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.
35. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir.
36. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır.
37. CPM-in 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı kobud pozuntulara yol verildikdə çıxarılır.
38. CPM-in 303.3.2-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması halına yol verildikdə çıxarılır.
39. CPM-in 303.3.7-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi halında çıxarılır.
40. Göstərilənlərdən və iş materiallarından müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai araşdırma zamanı, onun icraatın aparıldığı dili qismən bilən və tam başa düşməyən şəxs kateqoriyasına aid olması nəzərə alınmamış, tərcüməçidən istifadə hüququ pozulmuş, eyni zamanda müdafiəçinin iştirakı məcburi olan hallar da diqqətdən kənarda saxlanılaraq üzərində axtarış və götürmə zamanı müdafiəçi ilə təmin edilməmişdir. Qeyd edilən hallar isə CPMin sadalanan tələblərinə riayət olunmamasına və ciddi prosessual pozuntuların baş verməsinə dəlalət edir.
41. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 26, 92, 125.2.3, 153.2.9- cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.1: 303.3.2; 303.3.7-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun, ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir.
42. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır.
43. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və CPM-in 10, 26, 92, 303, və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Hakim: Aytəkin İbrahimova