Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-672/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cı il tarixdə Şamaxı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Təklə Mirzəbaba Ərazi Dairəsi, Təklə Mirzəbaba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, YYM, nömərsiz evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihama görə o,xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, nömrəsiz fərdi evin qarşısına gələrək, orada yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs1 öz evinə qayıtmamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan digərilərinin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edəcəyi ilə hədələyib, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirdiyi 41283 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş 20 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi, yivsiz odlu silah hesab edilən, lakin həmin of tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyindən, öz təyinatını itirərək, 16 kalibrli ov tüfənginin kəsiyi, texniki cəhətdən saz olan və hər iki lüləsi atəş üçün yararlı hesab edilən ov tüfəngindən silah qismində istifadə edib evin divarına 2 (iki) dəfə atəş açaraq ətrafdakı insanların dincliyini pozub, evin divarının zədələməsi nəticəsində Zərərçəkmiş şəxs2 60 manat maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, atasıyla aralarında olan problemlərə görə həyat yoldaşı Dəmirova X3 rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi nömrəsiz fərdi evdə yerləşən ata evinə getmiş, Zərərçəkmiş şəxs1 ilə birgə nigahlarından 13 yaşlı oğlan övladları var, həmin övladlarını özü ilə aparmışdır. O, dəfələrlə həmin ünvana gedərək həyat yoldaşı Esmiraya evə dönməsini bildirmiş, Esmira evə dönməyə razı olsa da, qaynanası Sura Xudamova ona öz evlərinə qayıtmasına icazə verməmişdir. xx.xx.2022-ci il tarixdə Şamaxı rayonuna getməyi planlaşdırmış, evlərində olan kustar üsulla hazırlanmış, qoşa lüləli ov tüfəngini köynəyinin altına qoyub özü ilə götürərək qaynanasıgilə getmiş, orada həyat yoldaşı Esmira ilə görüşüb yenidən ona evə qayıtmasını bildirmiş, qaynanası Sura onların söhbətlərinə müdaxilə etdiyi üçün orada aralarında sözlü mübahisə yaranmışdır. Daha sonra onlar içəri daxil olduqdan sonra o, üzərində olan silahı çıxararaq qorxutmaq üçün bir neçə dəfə yerə atəş açmış və çıxıb getmişdir. O, həmin gün qəsəbənin içərisində yerləşən binaların arasında gecələmiş, xx.xx.2022-ci il tarixdə taksi ilə Şamaxı şəhərində yaşayan bibisigilə yola düşmüş, istifadə etdiyi həmin silahı göy rəngli selloyan torbaya qoymuş, gedib bibisigilə çatdıqdan sonra polis əməkdaşları həmin evə gələrək onu saxlamışlar, oradan Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə gətirmişlər. O, hadisəni törədərkən əsəbi olduğu üçün atəş açmış, heç kimi öldürmək, xəsarət yetirmək məqsədi olmamışdır. O, istifadə etdiyi həmin silahı təxminən 10 il əvvəl Şamaxı rayonu, Ceyrankeçməz kəndində tanımadığı şəxsə 3 ədəd qoyun verərək almış, silahın lüləsini özü kəsərək balaca olması üçün qısaltmış, törətdiyi sözügedən hadisədən əvvəl həmin silahdan istifadə etməmişdir. İbtidai istintaq zamanı “həmin vaxt evin həyətində yoldaşı Esmira, azyaşlı oğlu Fədail orada olmuş, qaynansı Sura isə evin pəncərəsindən baxırmış, atəş açıdıqdan sonra qaynanası ora gələrək Esmiranı, azyaşlı oğlu Fədaili öz həyətlərindən çıxarıb qonşu həyətdə yaşayan qaynının həyətinə doğru aparmış, o isə qapıdan çölə çıxaraq qaynının küçə qapısından həyətə daxil olmuş, həmin vaxt orada qaynının həyat yoldaşı Şəfər orada olmuş, O silahın gülləsini dolduraraq qaynının həyətində olan tikilinin divarına atəş açmış” kimi ifadələr verməmiş və həmin vaxt sənədləri oxumadan qol çəkmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Deyilənlərin və himayəsində az yaşlı xəstə uşağının olmasının nəzərə alınmaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 2010-cu il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmiş, həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evlərində yaşamışlar. Həyat yoldaşı ilə ailədə münaqişə olduğundan azyaşlı oğlu ilə birlikdə Müşviqabad qəsəbəsində yaşayan valideynlərinə məxsus evə getmişdir. Həmin müddət ərzində həyat yoldaşı Fərahim mütəmadi olaraq valideynlərinə məxsus evə gələrək onu sözlə hədələyərək öz evlərinə qayıtmasını istəmiş, o isə evə qayıtmamış, Təqsirləndirilən şəxs toparlanması üçün ona zaman vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində valideynlərinə məxsus evinin həyətində övladı ilə birlikdə həyətdə olan zaman Fərahim ora gələrək uşağa pul verərək siqaret almağa göndərmiş, azyaşlı oğlu getdikdən sonra Fərahim ondan nə üçün evlərinə getmədiyini soruşmuşdur. Bununla bağlı aralarında mübahisə yaranmış, sonuncu onu hədələmişdir. Sonra o, evə daxil olmuş və bir neçə dəqiqədən sonra həyətdən silah səsi eşitmişdir. O, həyətə çıxarkən Təqsirləndirilən şəxs artıq çıxıb getmişdir. O, Təqsirləndirilən şəxsla söhbət edərkən sonuncunun üzərində silah görməmişdir. O, ibtidai istintaqda “ayrıldığı təqdirdə onu öldürəcəyi ilə qorxutmuş, o isə onunla getməmiş,” “o isə Fərahimin sakitləşməsi üçün ona yalandan evlərinə gedəcəyini bildirmiş, Fərahim isə onun yalan danışdığını bildirmiş, Fərahim ona 2 gün əvvəldə gedəciyini bildirdiyini demiş, həmin sözdən sonra Fərahim oturduğu stoldan ayağa qalxaraq əynində olan köynəyin altından odlu silah çıxartmış, o isə qorxaraq yüksək səslə qışqırmış, silahı atəşə hazırlayan zaman o həmin həyətdən qaçaraq, 2-ci həyətə girmiş, o, qaçan zaman Fərahim odlu silahdan atəş açmış, həmin zaman anası olduğu evdən çıxaraq onun yanına gəlmiş, Fərahimin həyətə girməməsi üçün hər ikisi həyətlərin arasında olan plastik qapını tutmuşlar, Fərahim qapını açmağa cəhd göstərsə də, anası ilə birlikdə ona imkan verməmişlər. Fərahim isə qapının açılmadığını görüb həyətdən küçəyə çıxaraq, onların olduqları həyətə, yəni qardaşının həyətinə daxil olmuş, o isə həmin vaxt qardaşı yaşayan evə daxil olmuş, dəmir qapını arxadan bağlamış, anası isə özü yaşadığı həyətə keçmiş, qardaşının həyat yoldaşı Şəfəq isə həmin həyətdə qalmış, Fərahim isə əlavə olaraq bir neçə dəfə həyətdə odlu silahdan atəş açmış, sonra Fərahim qaçaraq çıxıb getmişdir.” kimi ifadələr verməmişdir. İbtidai istintaq zamanı təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs övladlarının birini, xx.xx.2017-ci il təvəllüdlü X7 itirdikdən sonra əsəbi olmuşdur. Hazırda onu bağışlamışdır, aralarında barışıq əldə olunmuş, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən şəxsidir, eyni zamanda azyaşlı övladları xəstəliklərdən əziyyət çəkir, onun müalicələrə ehtiyacı vardır. Deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qızıdır. Qızı Zərərçəkmiş şəxs1 hadisədən təxminən 20 gün əvvəl ailəsində problemlər olduğundan onların yaşadıqları evdə azyaşlı oğlu ilə birlikdə gəlmişlər. Buna baxmayaraq kürəkəni Fərahim övladını görmək üçün gələrkən o, sonuncuya gəlməməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində kürəkəni Fərahimin bağçada Esmira ilə, azyaşlı oğlu ilə birlikdə söhbət etdiyini görmüş, onların söhbət etdiklərini görüb evə girmiş, daha sonra silah səsləri eşitmişdir. O, həyətə çıxarkən Təqsirləndirilən şəxs artıq çıxıb getmişdir. O, ibtidai istintaq zamanı “Esmiranın yüksək səslə qışqırdığını eşitmiş. yüksək səsdən sonra isə atəş səsi eşitmiş, 5-6 saniyə sonra yenidən atəş səsi eşitmiş, dərhal həyətə çıxmış, həyətə çıxan zaman Fərahimin silaha güllə qoyduğunu görmüş, onun fikri silahda olduğu üçün qızı Esmiranı götürərək oğlunun yaşadığı həyətə keçmiş, qızı ilə birlikdə qapını bağlamışlar. Fərahim qapını açmağa cəhd etsə də qapını açmağı bacarmamış, sonra Fərahim küçəyə çıxaraq onun oğlunun yaşadığı evin küçə qapısından həyətə daxil olmuş, Fərahim həyətə daxil olana qədər öz həyətlərinə keçib küçəyə çıxaraq kömək çağırmış, Fərahim həyətdə bir neçə dəfə atəş açdıqdan sonra qaçaraq çıxıb getmişdir.”kimi ifadələr verməmişdir. İbtidai istintaq zamanı təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. Hazırda onu bağışlamışdır, aralarında barışıq əldə olunmuş, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olmaqla azyaşlı övladı xəstəliklərdən əziyyət çəkir, onun mülaicələrə ehtiyacı vardır. Deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, nömrəsiz fərdi evdə baş vermişdir. (i.v. 13-30) xx.xx.2022-ci il tarixli protokoldon görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonunda saxlanılarkən onun xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, nömrəsiz fərdi evin həyətində atəş açdığı 01 ədəd lüləsi kəsilmiş ov tüfəngi, 07 ədəd tüfəng patronuna bənzər predmet, 02 ədəd gümüşü rəngli metal hissəciklər və 01 ədəd qırmızı rəngli plastmas hissəcik götürülmüşdür. (i.v. 56) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v. 73-74) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ( i. v. 83-84) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-819/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri qismində seçilmişdir və həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (i. v.101-104) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1051/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (i. v.119-123) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1172/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (i. v.190-192) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 125) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 18 iyul 2022-ci il tarixli, 22/492R nömrəli nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd 41283 №-li silah, keçmiş SSRi dövlətində Tula silah zavodundu 1966-cı ildə istehsal olunmuş 20 kalibrli TOZ-B modelli, çaxmağı, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır.
2. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 20x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.
3. Tədiqata təqdim edilmiş 02 ədəd metal əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş birinin təxmini uzunluğu 29,2 mm, eni 21 mm, orta hissədə diametri 7,5 mm, digərinin isə təxmini uzunluğu 27,3 mm, eni 18,3 mm, orta hissədən diametri 5,4 mm olmaqla, 20 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 20 kalibrli ov patronlarının bir hissəsidir-güllələridir. Güllələrin hər hansı bir ov silahlarından atılmasını və həmçinin deformasiyaya uğraması nəticəsində üzərlərində müqaisəli tədqiqat üçün heç bir iz olmadığından həmin güllələrin konkret olaraq tədqiqata təqdim edilmiş 41283 №-li 20 kalibrli TOZ-B modelli tüfəngdən və digər 20 kalibrli ov silahlarından atılmasını müəyyən etmək mümkün olmamışdır.
4. Tədiqata təqdim edilmiş 01 ədəd əşya ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 20x70 kalibrli ov patronunun bir hissəsidir-atılmış pıjdır. Pıjın hər-hansı bir ov silahlarından atılmasını və həmçinin deformasiyaya uğraması nəticəsində üzərlərində müqaisəli tədqiqat üçün heç bir iz olmadığından həmin pıjın konkret olaraq tədqiqata təqdim edilmiş 41283№-li 20 kalibrli TOZ-B modelli tüfəngdən və digər 20 kalibrli ov silahlarından atılmasını müəyyən etmək mümkün olmamışdır. (i.v. 130-134) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd 20 kalibrli 41283 №-li TOZ-B modelli lüləli ov tüfənginin kəsiyi, 05 ədəd 20 kalibrli ov patronu, 02 ədəd deformasiyaya uğramış güllə və 01 ədəd pıj maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin X4 Xidmətinə təhvil verilmişdir. (i.v. 137) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 143-145) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.3 və 228.1-ci maddələrinə tövsif edilməklə istintaqı həmin maddə ilə davam etdirilmişdir. (i.v. 146-151) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. ( i. v. 154-155) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 134-cü maddəsinə tövsif edilməsini və həmin maddə üzrə zərər çəkmiş şəxslərlə barışığını, onların şikayət və tələbini olmadığını nəzərə alıb həmin hissədə iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs bağışlamışdır, aralarında barışıq əldə olunmuş, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən şəxsidir, eyni zamanda azyaşlı övladları xəstəliklərdən əziyyət çəkir. Deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmuş, ondan heç bir şikayət və tələbi yoxdur, mülki iddiası yoxdur. Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsidir. Deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. “Azemis” elekton məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8 adında 1 azyaşlı uşağı vardır. Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X8 anadangəlmə trombositopatiya-Qlasman trombasteniyası, tez-tezhemorrahik sindromla residivləşən gedişli posthemorragik anemiya kimi xəstəliklərdən əziyyət çəkir. CM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən və qiymətləndirilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Belə ki, xüliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici əlaməti kimi silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması çıxış edir. Göründüyü kimi xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Esmira ilə görüşüb yenidən ona evə qayıtmasını bildirmiş, qaynanası Sura onların söhbətlərinə müdaxilə etdiyi üçün orada aralarında sözlü mübahisə yaranmışdır. Daha sonra onlar içəri daxil olduqdan sonra o, üzərində olan silahı çıxararaq bir neçə dəfə yerə atəş açmış və çıxıb getmişdir. Göründüyü kimi mübahisə səbəbsiz yerə deyil, məhz bu məsələ ilə bağlı yaranmışdır. İşin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə qarşı hərəkətlərini, o cümlədən onun divara 2 dəfə atəş açması qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud surətdə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, ailəsini geri qaytarmaq üçün edilmiş hədələrdən ibarətdir. yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirlən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin heç kəsin olmadığı həyətdə baş verməsi də nəzərə alınmaqla Təqsirləndirilən şəxs əməlində cəmiyyətə açıqca hörmətsizlik etmə, yəni təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarının pozulması, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi müşahidə edilmir. Belə ki, xuliqanlıq zamanı təqsirkarın hərəkəti şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Çox vaxt təqsirkar zərər çəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud surətdə pozulmasına dəlalət edən konkret faktlar məhkəmədə müəyyən edilməmişdir. CPM-in 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İttihamda zərər çəkmiş şəxslərin və təqsirləndirilən şəxslərin ifadələri ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında ziddiyyət olsa da CPM-in sadalanan normalarının tələblərini məhkəmə rəhbər tutaraq məhkəmə istintaqında verdiyi ifadələri sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs əməlinin CM-in 134-cü maddəsi ilə tövsif edilməsi barədə nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan başqa Ali Məhkəmənin müvafiq Plenum qərarında da göstərildiyi kimi şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkmişin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin CM-in 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq CM-in 221.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 134-cü maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə istintaqında təkzibedilməz sübutlarla təsdiq edildi ki, Təqsirləndirilən şəxs cinayət qəsdinin obyekti ictimai qayda deyil, ailəsinin geri qaytarılması üçün edilmiş hərəkətlərindən irəli gələn səbəblər nəticəsində baş vermiş və bu zaman ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi kimi hallar baş verməmişdir. Bu isə Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə,məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 346.1-ci maddəsinə əsasən, hökm çıxarılarkən müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli az ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməli, yəni Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 134-cü maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, zərərçəkmiş şəxslərlə barışıqla bağlı ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edərək peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışmalarını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-in 73-cü maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən səmimi peşimançılığını və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Qətimkan tədbirinə münasibətdə isə Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 134-cü maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə zərər çəkmiş şəxslərlə barışıb və onlara dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Mahirə Kərimova