Məhkəmə qərarları › İş №1(001)-674/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-674/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-674/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvələr məhkum olunmamış, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan, ünvan 2də yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında ağacın altından naməlum şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli falqa kağızına təmiz çəkisi 0,172 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 avqust 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 14:30-da üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızına bükümüş təmiz çəkisi 0,172 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, tanımadığın şəxslərdən əldə etdiyi “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini falqanın üzərində yandırıb buruna iyləməklə qəbul edir. 18 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında piyada hərəkət edərkən ağacın altında bir ədəd gümüşü rəngli falqa kağızına bükülü tapmış, baxdıqda içərisində heroin olduğunu görmüş, heroini öz istifadəsi üçün götürüb əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuş, həmin gün saat 12:30 radələrində elə Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim ederek polis əməkdaşı olduqlarını bildirib, üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-yə getmiş, polis bölməsində hüquq və vəzifləri izah edildikdən sonra özünün razılığı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyduğu bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroinin masanın üzərinə qoymuş, şifahi sorğu zamanı təqdim edtyiyi maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanılmamışdıan bir neçə saat əvvəl səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında piyada hərəkət edərkən ağacın altından tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Yaşını, himayəsində azyaşlı oğlunun olmasını, əməlindən peşman olmasını, bir daha narkotik maddə istifadə etməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 avqust 2022-ci il tarixdə qərəzsiz mənbədən xx xxx 1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş olmuş, ünvan 2də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raport yazmaqla, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmış, ondan və Binəqədi RPİ 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 avqust 2022-ci il tarixdə saat 12:30-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi “TAYQA” marketin müəyyən edilib, özlərini ona təqdim edərək üzərində və ya paltarında narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduğu üçün onu Binəqədi RPİ-nin 5-ci polis bölməsinə dəvət edib, bununıla bağlı rəhbərliyə raportla müraciət etmişdir. Binəqədi RPİ-nin 5-ci PBnin təhqiqatçısı Nihad Məmmədli qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Fərid Vahidlinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuş, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızın içərisində qəhvəyi rəngli kütləni çıxarıb masanın üzərinə qoyaraq, həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 18 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında ağacın altından naməlum şəraitdə tapdığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı digər şahid Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X4 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, 18 avqust 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 5367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 19 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 0,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və “18” avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması”nı özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,122 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 01 ədəd CD maddi sübut kimi tanınaraq disk cinayət işinə əlavə edilmişdir. “Videogörüntüyə baxış keçirilməsi haqqında” 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis mayoru Nihad Məmmədli tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızın içərisində qəhvəyi rəngli kütləni çıxarıb masanın üzərinə qoyur, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildərək, o, üzərində hər hansı bir əşya olmadığını bildirir, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 18 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Garaybəyli küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında ağacın altından naməlum şəraitdə tapdığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdirir, içərisində narkotik maddəyə bənzər bir ədəd gümüşü rəngli falqa kağız cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçı, polis mayoru Nihad Məmmədli tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 174 saylı möhürlənərək götürülür. İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş azyaşlı uşağı (X3) vardır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarıdan artıq miqdarı 0,15 qram müəyyən edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin təmiz çəkisi 0,172 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığnı, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.1.4.-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 12:30 dəqiqədən xx.xx.2022-ci il saat 15:00-a qədər 03 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Adıgözəlov X5, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının dörd günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmanın iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, işlədiyi Bakı şəhəri ərazisini hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,122 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar