Məhkəmə qərarları › İş №1(001)-676/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-676/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-676/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- (müqavilə üzrə vəkil) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xanbala oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs, xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, 3-cü qrup əlil, orta təhsilli, «Ovçular Ət və Ət Məhsulları MMC»-də sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobili idarə edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 06:30 radələrində B1BC1CD1D kateqoriyalı sürücülük vəsiqəsi və xx.xx.2023-cü il tarixli, 337 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi, "xxxx" MMC-yə məxsus ağ rəngli “Fiat Doblo” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə şəhər istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə əməl etməyərək Bakı şəhəri, Azadlıq prospekti 189 ünvanının qarşısında yolu sağdan sola keçən piyada X8 avtomobilin ön hissəsi ilə vurub sonuncunun alın sümüyünün sağ yarısının yerdəyişməmiş xətti sınığı, beyin toxumasının sağ alın-təpə-gicgah paylarının əzilməsi, sol yarımkürənin gicgah-təpə paylarında yumşaq qişa altına qansızmalar və sağ yan mədəciyə qanaxma ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ budun yuxarı 1/3-nin ön-iç, orta 1/3-nin arxa səthlərinin qançırları kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 həmin tarixdə X12 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o əvvəllər hər hansı bir cinayət törətməyə görə məhkum olunmamışdır.Onun BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır və 30 illik maşın idarə etmək təcrübəsi vardır.O, 2019-cu ildən "xxxx" MMC-də sürücü işləyir.O, həmin yerdə daimi işləmir və iş olduqca onu çağırılar və gündəlik 20-25 manat pul verirlər. O, "xxxx" MMC-yə məxsus olan “Fiat Doblo” markalı **-AK-*** dövlət nömrə nişanlı avtomobili yol vərəqi əsasında idarə edir və həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur və heç bir texniki problemi olmamışdır. İşlədiyi "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşir.03 mart 2023-cü il tarixdə saat 06.00 radələrində iş yerinə getmək üçün evdən çıxmışdır və Biləcəri qəsəbəsindən iş yoldaşını götürüb iş yerinə getmək istəmişdir.Lakin həmin iş yoldaşı gəlmədiyi üçün o, tək getmək məcburiyyətində qalmişdır.Həmin gün Biləcəri qəsəbəsindən Babək prospektinə getmək üçün idarə etdiyi “Fiat Doblo” markalı **-AK-*** dövlət nömrə nişanlı avtomobil ilə Azadlıq prospekti ilə üzü şəhər istiqamətinə doğru 30-40 km/saat sürətilə hərəkətdə olarkən Azadlıq prospekti 189 ünvanında yolu sağdan sola keçən piyadanı idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur.Piyada zərbənin təsirindən yerə yıxılmışdır.O, dərhal avtomobildən düşərək piyadaya yaxınlaşmışdır və piyada yerdə uzanıqlı vəziyyətdə idi. Sonradan həmin piyada durub getmək istəmişdir və o ona imkan verməmişdir. Sonradan hadisə yerinə PPX əməkdaşları yaxınlaşmışdılar.O, dərhal təcili tibbi yardım avtomobili çağıraraq xəsarət alan piyadanı adını sonradan bildiyi X8 təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışdır.O, özü hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməyini gözləmişdir.Yol nəqliyyat hadisəsi zamanı avtomobildə tək olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, 3-cü qrup əlil olmasını, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquq varisinin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində bildirmişdir ki, o, X2 oğludur.O, hadisə baş verən yerin yaxınlığında yəni, ünvan 3 ünvanında onunla birlikdə yaşayırdı və hadisə baş verən gün yəni 03 mart 2023-cü il tarixdə saat 06.00 radələrində atası yaşadığı evdən çıxıb işə getmək üçün Azadlıq prospekti ilə yolu keçən zaman onu avtomobil vurmuşdur.03 mart 2023-cü il tarixdə ona polisdən zəng gəlmişdir və baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat verilmişdir, o, atasının əməliyyat olunduğu barədə KTM-yə müraciət etmişdir və həmin gün saat 15 radələrində ona atasının vəfat etdiyini bildirmişdilər.Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X10 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid X5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 03 mart 2023-cü il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə Bakı şəhəri, Binəqədi rayon inzibati ərazisində olan zaman Binəqədi RPİ-nin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının qarşısında piyadanını vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.Bundan sonra o dərhal hadisə yerinə yaxınlaşmış və görmüşdür ki, Fiat Doblo markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş və yolun ortasında dayanmışdır.O, hadisə yerinə yaxınlaşmış və sürücü Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsini özü törətmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan piyada təxminən 75-80 yaşlarında olan X11 idi və həmin şəxs özünü yaxşı hiss etmirdi.Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının avtomobili ilə xəsarət alan piyada xəstəxanaya yola salınmışdır.Hadisə yerində yol hərəkətinin təhlükəsizliyini təmin edərək müstəntiqin oraya gəlməsini gözləmişlər.Bu vaxt sürücü bildirmişdir ki, hadisə vaxtı avtomobildə tək olmuşdur.O Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi, eləcə də nəqliyyat vasitəsinə dair sənədlərlə tanış olub həmin sənədlərin qaydasında olduğunu müəyyən etmişdir.Bir neçə dəqiqə sonra müstəntiq də hadisə yerinə gəlmişdir və hadisə yerinə sürücünün iştirakı ilə baxış keçirmişdir.Hadisə yerində sürücü müstəntiqə hadisənin baş verdiyi dəqiq yeri, onun mexanizmi və s. barədə məlumat vermişdir.Bu vaxt o hadisənin baş verdiyi yolda hərəkət təhlükəsizliyini təmin etmiş və avtomobillərin maneəsiz, eləcə də təhlükəsiz hərəkətinə şərait yaratmışdır. Müstəntiq hadisə yerinə baxışı tam başa çatdırdıqdan sonra Fiat Doblo markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə aparılaraq nəzarətlə duracağa yerləşdirilmiş və bununla bağlı müvafiq akt tərtib edilmiş, daha sonra sürücü Təqsirləndirilən şəxs Kamanadar oğlunun hadisə vaxtı sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsi üçün müstəntiqin məktubu əsasında müvafiq müayinədən keçirilmiş və bununla bağlı akt alınaraq müstəntiqə təqdim edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyni nəzərə alaraq, iş materiallarını və ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 55 nömrəli rəyindən görünür ki, -X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın sümüyünün sağ yarısının yerdəyişməmiş xətti sınığı, beyin toxumasının sağ alın-təpə-gicgah paylarının əzilməsi, sol yarımkürənin gicgah-təpə paylarında yumşaq qişa altına qansızmalar və sağ yan mədəciyə qanaxma ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ budun yuxarı 1/3nin ön-iç, orta 1/3-nin arxa səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03 mart 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli AĞİR zərərvurmanı əlamətlərinə malikdirlər.X2 ölümünə səbəb kəllə tağı sümüklərinin xətti sınığı, geniş ölçülü subdural (sərtqişaaltı) hematoma, beyin toxumasının əzilməsi və baş beyinin yumşaq qişası altına qansızmalar fonunda artan beyin ödemi ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur.Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, V.R.Ağayev 03 mart 2023-cü il tarxdə saat 15:00-da “X13" p.h.ş-in reanimasiya şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir.X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), ferotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi üzrə 15 may 2023-cü il tarixli, 8/1229 №-li rəyindən görünür ki, 1-2 Fiat Doblo markalı 77AK963 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü tarixli “hadisə yerinə baxış protokolu”ndan və sxemdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanın qarşısında yolda baş vermişdir. Baxış aydın havada aparılmışdır, yol asfalt örtüklü olmaqla, quru və düzdür, ikitərəfli nəqliyyat yolu olmaqla, hər iki istiqamət üçün iki zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 16 metr, hərəkət zolağının sayı 4, hərəkət hissəsinin eni 8 metrdir. Piyada hərəkət hissəsinin sağ kənarından 7 metr məsafədə vurulmuşdur. Piyada hərəkət hissəsinin sağ kənarından 7 metr məsafədə yolu sağdan sola doğru keçərkən vurulmuşdur. Hadisə yerində şinlərin izləri, totmozlama izləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu və digər izlər müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 04 mart 2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış protokolu”ndan və əlavə edilmiş fotocədvəldən görünür ki, 03 mart 2023-cü il tarixdə saat 06:37 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Fiatd Doblo” minik Unversal markalı, **-AK-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti üzü şəhər istiqamində hərəkət olan zaman Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında, yolu yolu sağdan sola doğru keçən piyada X8 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuş və piyada aldığı xəsarətlərdən KTMdə vəfat etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirildi, baxış zamanı avtomobilin qabaq kapot kapotunun sol hissəsində zədə aşkar edildi və sürücü Təqsirləndirilən şəxs həmin zədənin baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəldiyini bildirdi. Avtomobilə baxış zamanı başqa zədə aşkar edilməmişdir. İş materiallarında olan BB101472 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2031-ci ilədək etibarlı, BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır, sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi tərtib edilmiş 337 №-li yol vərəqəsindən görünür ki, Fiat Doblo minik Universal markalı, **-AK-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur və avtomobil saz vəziyyətdə sürücü Təqsirləndirilən şəxs təhkim edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Səhiyyə Nazirliyinin Respublika X9 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2/6851 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edimiş "xxxx" MMC-nin istintaqa təqdim etdiyi zərər aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı Fiat Doblo minik Universal markalı, **-AK-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəyməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir.Heç kimdən şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, 3-cü qrup əlilliyi olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və vurulmuş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulmalı və dövlət nəfinə keçirilməldir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi Fiat Doblo markalı 77AK963 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «Fiat Doblo minik Universal» markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar