Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-68/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx xxxx 2020-cu il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən “Murad” avtomobil servisin qarşısında X1 adına olan, faktiki olaraq özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, yəni yol ayrıcından kənarda sola və geriyə dönərkən relssiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli, daimi hərəkətə nəzarət etməli və təhlükəsiz hərəkəti təmin etməli qarşı yolla hərəkət edən nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verməli və sonra dönmə əməliyyatının başlamasını, idarə etdiyi avtomobili yol ayrıcına daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunlara riayət etməmiş və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə Zərərçəkmiş şəxs məxsus olan və sonuncu tərəfindən əks istiqamət hərəkət zolağı ilə idarə edilən “Zontes ZT150 3A” markalı AZ-55A002 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi ilə toqquşmuş, nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan açıq kəlləbeyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alın payında subdural hematoma, subaroxnoidal qansızma və pnevmosefaliya ilə müşayiət olunan, alın sümüyünün basılmış qəlpəli sınığı, sağ almacıq sümüyünün xətti sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ diz qapağının, sağ baldır nahiyəsinin, sağ və sol topuq nahiyələrinin, sağ əlin ovuc səthinin və sol said nahiyəsinin, sol baldır nahiyəsinin əzilmiş yaraları, sağ və sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları, sağ gözün ağlı qışasına qansızma ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmçinin baş vermiş yol nəqliyyat hadısəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes ZT150 3A” markalı AZ-55A002 dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan zədələyərək, ümumilikdə Zərərçəkmiş şəxs 400 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və Qarabağ müharibəsi veteranıdır. İdarə etdiyi “VAZ-21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən X4 məxsus olsa da, o, həmin avtomobili sonuncudan almışdır. O, 2004-cü ildə “BCE” kateqoriyalı sürücülük vəsiqəsi alsa da, həmin vəsiqənin müddəti 2014-cü ildə bitmiş, lakin o, yeni sürücülük vəsiqəsi almamışdır. Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “VAZ-21043” markalı, **-OS-*** dövlət qeydiyyat, nişanlı avtomobillə yaşadığı mənzilə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ilə hərəkət etmişdir. Həmin vaxt avtomobildə tək olmuş və avtomobilin salonunda ondan başqa hər hansı bir sərnişin və ya yük olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ilə avtomobili saatda təxminən 30-40 km/sürətlə hərəkət etdirmiş, hərəkətdə olduğu küçədə nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli olmuşdur. Yolun hərəkət hissəsinin mərkəzində qoşa xətli üfüqi nişanlanma xətti olmuşdur. Üfüqi nişanlanma xəttinin kənarı ilə hərəkət edərək yaşadığı ara məhəllənin olduğu küçəyə dönmək üçün avtomobilin sola dönmə işıq göstəricisini yandıraraq üfüqi nişanlanma xəttinin qırıq-qırıq olan hissəsindən avtomobillə sola dönmə əməliyyatı həyata keçirməyə başlamışdır. Dönmə əməliyyatı apardığı anda anidən avtomobilin qabaq sağ tərəfinə nəyinsə çırpılmasını eşitmişdir. Bundan sonra o, dərhal idarə etdiyi avtomobilin hərəkətini dayandırıb sükan arxasından yerə düşmüşdür. Bu zaman markasını və dövlət qeydiyyat nişanını bilmədiyi motosikletin M.S.Ordubadi küçəsi ilə qarşı hərəkət istiqamətində hərəkətdə olarkən qabaq tərəfi ilə idarə etdiyi avtomobilin qabaq sağ tərəfinə çırpılmasını anlamışdır. Həmin vaxt motosikletin sürücüsünün əvvəllər tanımadığı və görmədiyi, təxminən 22-25 yaşlarında olan cavan oğlan olmasını görmüşdür. Bu zamşan yoldan keçən tanımadığı şəxslər hadisə yerinə toplaşmış və həmin şəxslərdən kimsə təcilli tibbi yardıma zəng edərək məlumat vermişdir. Bundan bir müddət sonra hadisə yerinə Binəqədi RPİ-nin əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. TTY avtomobilin həkim personalı hadisə nəticəsində xəsarət almış motosikletin sürücüsünü avtomobilə əyləşdirib ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. O, özünə və avtomobilə dair sənədləri polis əməkdaşlarına təqdim etməklə ilkin sənədləşdirmədə iştirak etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə maddi yardım göstərə bilməmiş və onun motosikletini təmir etdirə bilməmişdir. Baş vermiş yol nəqliyyat qəzası onun özünün səhlənkarlığı ucbatından baş vermişdir və o, törətdiyi yol-nəqliyyat hadisəsindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, yol nəqliyyat hadisəsinə qədər “Qədir Xum” restoranında kuryer olaraq işləmişdir. “Zontes ZT 150” markalı 55 A 002 dövlət qeydiyyat nişanlı motosiklet vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olmuş və həmin motosikleti “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Zontes ZT 150” markalı 55-A-002 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsindən işlədiyi restoran tərəfə “Ağsaray” dairəsində yerləşən “Qədir Xum” restoranı istiqamətində hərəkət etmişdir. Həmin vaxt motosikletin üzərində tək olmuş və özündən savayı motosikletin üzərində başqa hər hansı bir sərnişin və yük olmamışdır. O, öz hərəkət istiqaməti üzrə yolun hərəkət hissəsinin sağ kənarı ilə saatda təxminən 50- 60 km\saat sürətlə hərəkətdə olan zaman qarşı hərəkət istiqamətindən markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin Bakı şəhəri Biləcəri qəsəbəsi istiqamətində dönmə əməliyyatı aparmasını görmüşdür. Həmin an o, dərhal əyləcindən istifadə etmiş, motosikletin hərəkətini dayandırmağa çalışsa da, idarə etdiyi motosikletlə həmən avtomobil arasında məsafə az olduğundan toqquşma qaçılmaz olmuş və o, motosikletin qabaq tərəfi ilə həmin avtomobilin qabaq sağ tərəfinə çırpılmışdır. O, zərbənin təsirindən motosikletin üzərindən yol örtüyünə yıxılmış və baş nahiyəsi asfalt örtüyünə dəymişdir. O, bundan sonra huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu bilmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs xəsarət almağı ilə bağlı dərmanlarının alınmasında, ona dəymiş maddi ziyanın ödənilməsində heç bir yardım etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu ilə barışmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, xx xxxx 2020-cu il tarixdə saat 20-30 radələrində idarə etdiyi “VAZ-21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ilə hərəkət edən zaman “Murad” avtomobil servisin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes ZT150 3A” markalı AZ-55-A-002 dövlət qeydiyyat nişanlı motosikleti vuraraq, ehtiyatsızlıqdan onun sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi ilə törətməsi faktına görə CM-in 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, baş vermiş yol-nəqliyyat qəzası xx xxxx 2020-cu il tarixdə saat 20-30 radələrində ünvan 3 ünvanında yerləşən “Murad” avtomobil servisin qarşısında qeydə alınmış və hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21043” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən idarə olunan “Zontes ZT 150 3A” markalı AZ-55A002 dövlət nömrə nişanlı motosikletlə toqquşması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 2/10320 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı, yəni xx xxxx 2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixli, 1088 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji X3 rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alın payında subdural hemotoma, subaroxnoidal qansızma və pnevmosefaliya ilə müşayiət olunan, alın sümüyünün basılmış qəlbəli sınığı, sağ almacıq sümüyünün xətti sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ diz qapağının, sağ baldır nahiyəsinin, sağ və sol topuq nahiyələrinin, sağ əlin ovuc səthinin və sol said nahiyəsinin, sol baldır nahiyəsinin əzilmiş yaraları, sağ və sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları, sağ gözün ağlı qışasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Baş Si-nin 3 saylı şəhər klinik xəstəxanasına müraciət etdiyi 09.07. 2020-ci il saat 12- 00 dan bir qədər əvvəl əmələ gəlmişdirlər və xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2020-ci il tarixli, 8/1089 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, VAZ-21043 markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-cimaddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və xx.xx.2020-ci il məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokol, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və ifadənin yerində yoxlanılması zamanı, hərəkət üçün təhlükə yaranan andan Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes ZT150 3A” markalı 55-A-002 dövlət qeydiyyat nişanlı motosikleti ilə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında 13 metr məsafə olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Şirinov X2 rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatdadır və müsbət xarakterizə olunur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus “Zontes ZT150 3A markalı motosiklet və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə verilmiş “BCE” kateqoriyalı AA 621635 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2014-cü il tarixdə bitmiş və bu günədək Azərbaycan Respublikasında ona yeni sürücülük vəsiqəsi verilməmişdir. 077642 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “İ Qarabağ Müharibəsi” veteranıdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, “İ Qarabağ Müharibəsi” veteranı olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263- 1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Zontes ZT150 3A markalı motosikletin və “VAZ-21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Zontes ZT150 3A markalı motosikletin və “VAZ- 21043” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-68/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-68/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver