Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-687/2024 03.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.212 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 05 iyul 2024-cü ildə, saat 14:40-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Oba” marketin yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 16:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş,satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.212 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 05 iyul 2024-cü ildə, səhər saatlarında psixotrop maddə əldə etmək məqsədi ilə Papanin adlanan ünvana getmişdir. Orada tanımadığı bir şəxsə yaxınlaşaraq bədənində ağrılar oduğunu və buna görə də psixotrop maddəyə ehtiyacının olduğunu bildirmişdir. Həmin şəxs ona, 10 manata bir büküm metamfetamin verə biləcəyini bildirmişdir. O, razılaşaraq həmin şəxsə 10 manat pul verib qarşılığında qızılı rəngli kağıza bükülmüş halda olan metamfetamini əldə edərək əynində olan şalvarın sağ yan cibinə qoymuş və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 05 iyul 2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Oba” marketin yaxınlığında olduğu zaman saat 14:40 radələrində iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq psixotrop maddə əldə edib, üzərində saxlamaqda şübhəli bilindiyini bildirərək 6-cı polis bölməsinə dəvət etmişlər. Etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada olarkən təhqiqatçı tərəfindən ona, müdafiə hüquqları izah edilmiş və o, maddi imkanı olmadığı üçün dövlət hesabına pulsuz müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra ona, Bakı şəhəri, 11 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və o, həmin siyahıda adları qeyd olunan istənilən vəkil tərəfindən müdafiə olunmağına etiraz etmədiyini bildirmişdir. Bir müddət sonra təhqiqatçı tərəfindən ona, 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Hünbət oğlu təqdim edilmişdir. O, həmin vəkillə tanış olduqdan sonra hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən buna dair protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmağı haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti ona təqdim edilmiş, o cümlədən şübhəli şəxs kimi bütün hüquq və vəzifələri ona izah edilmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən ona, barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra onun barəsində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Proses başlamadan öncə təhqiqatçı tərəfindən ona, eləcə də digər iştirakçılara, həmin prosesin videoçəkilişlə baş tutacağı bildirilmiş və heç birisi buna etiraz etməmişlər. Bundan sonra təhqiqatçı ona, üzərində psixotrop maddə və ya daşınması qanunla qadağan edilmiş digər əşya vardırsa həmin əşyaları təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmış və üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, təhqiqatçıya, masanın üzərinə qoyduğu bükümün içərisində olan kütlənin “şüşə” olduğunu, həmin psixotrop maddəni Papanin adlanan ünvanda tanımadığı şəxsdən 10 manata əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi və içərisində psixotrop maddə olan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyulmuş, zərf möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmış. Yekunda təhqiqatçı tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmişdir və o, həmin protokolu oxuyaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifädəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 iyul 2024-cü ildə işlədiyi Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi rayon polis idarəsi 6-cı polis bölməsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək, özünün rəhbərlik etdiyi, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 da daxil olduğu əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izldədikdən sonra 05 iyul 2024cü ildə saat 14:40-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Oba” marketin yaxınlığında olduğu zaman piyada hərəkət edərkən əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxsə özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar həmin şəxsə, psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətlərinə etiraz etmədiyindən onlarla polis bölməsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 təqdim ediməklə araşdırmanın aparılması da həmin təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bununla bağlı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə hesab edilən metamfetamini Nəsimi rayonu Papanin adlanan ünvanda, tanımadığı şəxsdən 10 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metametaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Oba” marketin yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 16:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.37-38). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3489 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, “..Məmmədov (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.212 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,162 qram (cild 1, i.v.48-51). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.65-66). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 83-84). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,212 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,162 saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v 92-93). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 4642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.97-98). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.109). Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla öz əməlinə mənfi münasibətini, səmimi peşmançılığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəzasını yüngülləşdirilən halları və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 4642 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,162 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,162 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-687/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-687/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver