Məhkəmə qərarları › İş №1(001)-694/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-694/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-694/2024 19.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu Muradxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsi fərdi tikili evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə əmisi X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 6,213 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd kibrit qutusunda əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin gün saat 23:30-da Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən “Qədir Xum” restoranın qarşısında saxlanılaraq Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasına aparılmış, orada xx.xx.2024-cü il tarixdə saat 01:20-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 6,213 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən çəkmə yolu ilə istifadə etmişdir. 13 iyul 2024-cü ildə günorta saatlarında əmisi X6 öz ailəsi ilə birlikdə yaşadığı ünvan 3 ünvanda yerləşən evinə getmişdir. O əmisi ilə yaşadığı evin qarşısında görüşdükdən sonra əmisinin əvvəllərdə narkotik vasitə istifadə etdiyini bildiyi üçün şəxsi istifadəsi üçün ona narkotik vasitə marixuana verməsini xahiş etmişdir. X7 əsəblərinin gərgin olduğunu görüb sakitləşməyi üçün ona təmənnasız olaraq cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana çıxardıb vermişdir. O da həmin içərisində narkotik vasitə marixuana olan kibrit qutusunu əmisi Niyazidən alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşıb Bakı şəhəri, Binəqədi rayonuna gəlmişdir ki, nə vaxt evə getsə orada istifadə edər. Bir qədər şəhərdə gəzişdikdən sonra, həmin gün saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən “Qədir Xum” restoranın qarşısı ilə piyada şəkildə hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra özünü şübhəli apardığı üçün onu Binəqədi RPİ-in 4-cü PŞ-yə dəvət etmişlər. O polis əməkdaşlarından onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-in 4-cü PŞ-yə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusu onun iştirakı ilə açılan zaman həmin kibrit qutusunun içərisindən yaşımtıl rəngli, spesifik qoxuya malik bitki kütləsi aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi qutuda olan maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, qeyd olunan kibrit qutusundakı bitki kütləsi narkotik vasitə marixuanadır. Həmin maddəni o bu gün, yəni 13 iyul 2024-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanın qarşısında əmisi X5 təmənnasız olaraq şəxsi istifadəsi üçün almışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu içi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır.Öz əməlinə mənfi münasibətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 4-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis Şöbəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü ildə saat 23:30 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Binqədi qəsəbəsi, C.Cabbarlı küçəsi 8 ünvanda yerləşən “Qədir Xum” restoranın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunmasında şübhəli olduğunu bildirib Binəqədi RPİ-in 4-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq birlikdə polis şöbəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin kibrit qutusu Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində bitki mənşəli kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi bir ədəd kibrit qutusu içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd kibrit qutusunun içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda İlkin bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə narkotik vasitə qurudulmuş marixuanadır və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanda əmisi X5 şəxsi istifadəsi üçün almışdır. Bundan sonra narkotik vasitəyə bənzər maddə çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, buna dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 4-cü PŞ-in əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən “Qədir Xum” restoranın qarşısında saxlanılaraq Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasına aparılmış, orada xx.xx.2024-cü il tarixdə saat 01:20-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 37-38). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1149 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,213 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Sərf edildi: 0,05 qr, qalıq: 6,163 qr (cild 1, i.v 65-68). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 81-82). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o saxlandığı MSY-dən azad edilmişdir (cild 1,i.v 105-106). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsindən verilmiş xx.xx.2024cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.126). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.146-147). Sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 6,213 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, qalıq hissəsi 6,163 qram saxlanılması üçün Binəqədi RPİ-in saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 158-159). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla öz əməlinə mənfi münasibətini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halllar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq, təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli,azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı müddət (cəmi 2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4849 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ümumi qalıq çəkisi 6,163 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsi fərdi tikili ev) gecə saat 2300-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonunun, onunla bilavasitə bağlı olan Bakı şəhərinin və cəzanı icra edən orqanın yerləşdiyi Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan ümumi qalıq çəkisi 6,163 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar