Məhkəmə qərarları › İş №1(001)-696/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-696/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-696/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpusda yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2022-ci il tarixdə, saat 15:45 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9, 133 nömrəli evin həyətinə darvazanın üstündən aşmaqla qanunsuz daxil olub həyətdən 1 ədəd 500 manat dəyərində qədimi samovar, 1 ədəd 60 manat dəyərində kiçik direl, 1 ədəd 90 manat dəyərində «Euromax» markalı direl, 1 ədəd 60 manat dəyərində lobzik və 1 ədəd 180 manat dəyərində «Candan» markalı santexnik ütüsünü gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının ortalarında övladı özünü narahat hiss etdiyi üçün həyat yoldaşı onu ərazi poliklinikasına aparmış və həkim ona dərman yazmışdır. Lakin onun dərman almağa pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Onun evindən təxminən 100-150 metr aralıda qonşuluqda yaşayan İradə adlı qadının həyətində qapı açıq olanda samovar olduğunu görmüşdür. 17 iyul 2022-ci il tarixdə günorta saatlarında İradənin evinin yanından keçəndə onun evinin qapısının kilidinin bağlı olduğunu və qapılarında maşınlarının olmadığını görüb İradənin evdə olmadığını bilmişdir. Buna görə də, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra darvazanın üstündən aşıb həyətə düşmüşdür. O, həyətdə evin qarşısından bir ədəd samovarı, bir ədəd lobziki, iki ədəd direli və bir ədəd santexnika ütüsünü oğurlamışdır. Həmin əşyaları həyətdən tapdığı parça çuvala yığmış və darvazanın üstündən küçəyə atmışdır. Sonra həmin əşyaları çuvalın içərisində öz yaşadığı evə gətirib evdə öz otağında gizlətmişdir. Ailə üzvləri həmin zaman evdə olmamışlar. Sonra o, birinci samovarı götürüb Binəqədi qəsəbəsi Mərkəzi küçəyə gəlmiş və orada meyvə-tərəvəz dükanının qarşısında dayanmış tanımadığı şəxsə həmin samovarı 30 manata satmışdır. Bundan sonra evə qayıtmış və iki ədəd direli satmaq məqsədilə özü ilə götürmüşdür. Həmin direllərdən balaca olanını Binəqədi rayonu, DSK yolunda fəhlə paltarında olan bir nəfərə 10 manata, digər böyük direli isə Binəqədi rayonu, 1-ci mədən ərazisində yerləşən «1001» xırdavat santexnika malları mağazasına 7 manata satmışdır. Oğurladığı santexnik ütüsü və lobzik isə evində qalmışdır. 19 iyul 2022-ci il tarixdə İradənin ailə üzvlərindən bir nəfər cavan oğlan onu tapıb İradənin evindən oğurluq etməsini demişdir. O, güman etmişdir ki, yəqin oğurluq edəndə kimsə qonşulardan onu görmüş və bu səbəbdən də oğurluq etdiyini etiraf etmişdir. Sonra o, özü təklikdə İradənin evinə gedib axşama kimi oğurladığı əşyaları qaytaracağını ona demiş, İradə isə artıq polisə zəng vurduğunu bildirmişdir. O, orada gözləmiş, bir qədər sonra polislər gəlib onu tutmuşlar. O, polis əməkdaşlarına da oğurluq etdiyini etiraf etmiş və oğurladığı əşyaları satdığı yerləri göstərmişdir. Polis əməkdaşları böyük direli tapıb götürsələr də samovar və kiçik direli satdığı şəxsləri tapa bilməmişlər. Həmçinin o, evində gizlətdiyi santexnik ütüsü və lobziki polislərə təqdim etmişdir. Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Törədtiyi cinayət əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə günorta saatlarında oğlu ilə birlikdə yaşadığı ünvanı tərk edib həyət darvazasını kilidlə bağlayaraq, Binəqədi kəndində yaşayan qardaşının evinə getmişdir. Həmin gün axşamüstü yaşadığı evə qayıtmış və darvazanı açarla açıb həyətinə daxil olmuşdur. Darvazanın qapısının yanına içəri tərəfdən stul qoyulmuş, bu onda şübhə oyatmış və həyətə baxanda görmüşdür ki, darvazanın yanında olan ona məxsus bir ədəd qədimi samovar, evin giriş qapısının qarşısında olan kiçik meydançadan iki ədəd biri böyük və biri balaca direl, bir ədəd santexnika ütüsü və bir ədəd lobzik oğurlanmışdır. Daha sonra o, 102 xidmətinə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Sonra evində usta işləyən xalası oğlu Rövşən ətrafda qonşulardan maraqlanıb şübhələnmişdir ki, onların həyətindən qonşuluqda yaşayan Böyükağa adlı şəxs oğurluq etmişdir. Rövşən Böyükağanı tapıb soruşmuş və Böyükağa oğurluq etməsini etiraf etmişdir. Bundan sonra Böyükağa onun yaşadığı evə gəlin oğurladığı əşyaları qaytaracağına söz vermişdir. Lakin o, artıq polisə çodan məlumat vermişdi. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 890 manat maddi ziyan dəymişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış və ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 17 iyul 2022-ci il tarixdə, saat 15:45 radələrində özünə məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9, 133 nömrəli evinin həyətindən bir ədəd qədimi samovar, 2 ədəd drel, bir ədəd lobzik və bir ədəd də santexnika ütüsü naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Araşdırma zamanı şikayətçi oğurluğun törədilməsində qonşuluğunda yaşayan Böyükağadan şübhələndiyini qeyd etmişdir. 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şikayətçinin verdiyi məlumat əsasında hadisə baş verən ərazidə müəyyən edilərək Polis Bölməsinə gətirilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, Zərərçəkmiş şəxs evinin darvazasının üstündən aşıb həyətə düşmüşdür. Həyətdə evin qarşısından bir ədəd samovarı, bir ədəd lobziki, iki ədəd dreli və bir ədəd santexnika ütüsünü oğurlamış, həmin əşyaları həyətdən tapdığı parça çuvala yığıb darvazanın üstündən küçəyə atmış, sonra həmin əşyaları çuvalın içərisində öz yaşadığı evə gətirib gizlətmişdir. Təqsirləndirilən şəxs oğurladığı samovarı Binəqədi qəsəbəsi, Mərkəzi küçədə olan meyvə-tərəvəz dükanının qarşısında tanımadığı şəxsə satdığını, drellərdən balacasını Binəqədi rayonu, DSK yolunda bir nəfər fəhləyə, böyük dreli isə Binəqədi rayonu, 1-ci mədən ərazisində yerləşən «1001» xırdavat santexnika malları mağazasına satdığını, oğurladığı santexnik ütüsünün və lobzikin isə evində qaldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğurladığı santexnik ütüsünü və lobzik aparatını könüllü olaraq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxsla birlikdə Binəqədi rayonu, 1-ci mədən ərazisində yerləşən «1001» xırdavat santexnika malları mağazasına gedilmiş və mağazada işləyən şəxsdən Böyükağanın onlara satdığı drel götürülmüşdür. Lakin samovar və kiçik drelin satıldığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Daha sonra toplanmış materiallar şəxslə birlikdə İdarənin İstintaq şöbəsinə verilmişdir. Məhkəmə iclasına çağırılmış şahid X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış və götürülmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 17 iyul 2022-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9, 133 nömrəli evin həyətinə baş vermişdir. Könüllü təqdim olunan maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpusda yerləşən fərdi yaşayış evində saxladığı və oğurluq yolu ilə əldə etdiyi 1 ədəd üzərində “meakida” sözü həkk olunmuş lobziki və 1 ədəd üzərindən “Candan” sözü həkk edilmiş santexnik ütüsünü könüllü olaraq təqdim etmiş, həmin əşyaları 17 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9, 133 nömrəli evin həyətindən oğurladığını bildirmişdir. Həmin əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Könüllü təqdim olunan maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, vətəndaş X3 icarə müqaviləsi əsasında işlətdiyi “Santexnika 1001 xırdavat elektrik malları” mağazasında Təqsirləndirilən şəxs 7 manat müqabilində satdığı 1 ədəd “Euromax” markalı direli könüllü təqdim edərək, həmin direli işçisi Şahid1 17 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 7 manata aldığını bildirmişdir. Həmin əşya sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-837/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmışdır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, istintaq zamanı 1 ədəd “Meakida” markalı lobzik, 1 ədəd “Candan” markalı santexnik ütüsü və 1 ədəd “Euromax” markalı direl Zərərçəkmiş şəxs ayrı-ayrılıqda tanınmaya təqdim edilmiş və sonuncu hər üç əşyanı tanıyaraq ona məxsus olduğunu, onların 17 iyul 2022-ci il tarixdə yaşadığı evin həyətindən oğurlandığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5656 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına orta bazar qiyməti “Euromax” markalı drel 25 manat, “Meakida” markalı lobzik 50 manat və “Candan” markalı santexnik ütüsü 40 manat olmaqla ümumi dəyəri təxminən 115 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 5 ay 13 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində CM-in 177.2.1 və 234.1-ci maddələri ilə istintaq olunan ********* və ********* nömrəli cinayət işləri 19 fevral 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. İfadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd “Euromax” markalı direl, 1 (bir) ədəd “Meakida” markalı lobzik və 1 (bir) ədəd “Candan” markalı santexnik ütüsü iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. AA1118747 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 adlı bir azyşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1200/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 08 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, habelə hazırda baxılan iş üzrə nəzərdə tutulan cinayət əməlini barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılmış cinayət işinin məhkəmə istintaqı dövründə törədilməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26 aprel 2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün müddətində tutulmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-837/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Euromax” markalı direl, 1 (bir) ədəd “Meakida” markalı lobzik və 1 (bir) ədəd “Candan” markalı santexnik ütüsünün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Euromax” markalı direl, 1 (bir) ədəd “Meakida” markalı lobzik və 1 (bir) ədəd “Candan” markalı santexnik ütüsünün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar