Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-697/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,363 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini 1 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən saat 21:00-da Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsində yerləşən “Azadlıq prospekti” metrostansiyası yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 22:30-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,363 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildən çoxdur ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 02 avqust 2024-cü ildə səhər saatlarında psixotrop maddə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə getmişdir. Orada narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Ondan bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Sonuncu ona 10 manat qarşılığında şəffaf sellofan bükümdə olan metamfetamini satmış və o həmin bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə oradan uzaqlaşmışdır. Həmin gün saat 21:00-da Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsində yerləşən “Azadlıq prospekti” metrostansiyası yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Binəqədi RPİ-in 5-ci PB-yə dəvət edilmişdir. Bölmədə ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi büküm içərisi açılaraq ağ rəngli, kristallik formada olan maddə olduğu görsənmiş və elektron tərəzi vasitəsi ilə çəkilərək qablaşdırma ilə birlikdə 0,39 qram olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilmiş və möhürlənmişdir. Sonradan həmin bükümün içərisindəki maddənin 0,363 qram çəkidə psixotrop maddə metamfetamin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair başqa 2 cinayət işi də vardır. Həmin cinayət işlərindən biri məhkəmədə, digəri isə rayon polis idarəsinin istintaq şöbəsinin icraatındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. 02 avqust 2024-cü ildə saat 21:00-da Xəyalı Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsində yerləşən “Azadlıq prospekti” metrostansiyası yaxınlığında görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 5-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişlər. Təklifdən sonra şübhəli şəxs əlini əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxsə təqdim etdiyi bükümün nə olması, onu haradan və necə əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs şəffaf sellofan kəsiyinə bükülmüş maddənin “şüşə” adlandırılan psixotrop maddə olduğunu, 02 avqust 2024-cü ildə səhər saatlarında “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş büküm elektron tərəziyə qoyularaq çəkisinin 0,39 qram olduğu, eləcə də içərisini açmaqla bükümdə ağ rəngli, kristallik maddə olduğu müəyyən edilmiş, həmin büküm içərisi boş olan zərfə qoyaraq qablaşdırılmış və 174 nömrəli möhürlə möhürləmişdir. O da daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı psixi və fiziki təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 23). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsində yerləşən “Azadlıq prospekti” metrostansiyası yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 22:30-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristallik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 35-37). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/3962 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,363 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 45-48). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 61-62). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 81-82). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,363 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,313 qram çəkidə olan psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd sd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 89-91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.94-95). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən imtina etdiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və barəsində həbsli axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair başqa 2 cinayət işi də vardır. Həmin cinayət işlərindən biri məhkəmədə, digəri isə rayon polis idarəsinin istintaq şöbəsinin icraatındadır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr aludəçisi olduğunu, barəsində cinayət işinə məhkəmədə baxıldığı dövrdə yenidən oxşar cinayət törətdiyini və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 107 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,313 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 45 (qırx beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,313 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 270 (iki yüz yetmiş) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-697/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-697/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver