Məhkəmə qərarları › İş №1(001)-699/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-699/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-699/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,357 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf selofana bükülmüş bükümdə əldə edərək əynində olan boz rəngli şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4rləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 16:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,357 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkəmə iclasında ifadə vermək istəmir, cinayət işinin materiallarında ola ifadəsində göstərilənlərin hamısı doğrudur. Törətdiyi əməldən peşmandır. Şahid2 dindirildikdən sonra ona verilmiş suallara cavab olaraq şahidin dediklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 7ci PB-in sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərlərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri həyata keçirilmiş, Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə həmin tarixdə saat 14:00-da ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, sonuncuya psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirib birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Rəhim Yusubova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncu əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdən şəxsi istifadəsi üçün əvvəllər tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı psixi və ya fiziki təziq olmadığını qeyd etmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifdəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. şübhəli şəxsin tutulması haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütləni və sol yan cibindən 1 (bir) ədəd "Redmi" markalı ombil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılarkən sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini xx.xx.2024-ci il tarixdə səhər saatlarında Nəsimi rayonunda yerləşən "Papanin" adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0.64 qram olması müəyyən edilmiş, aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 176 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin 1 (bir) ədəd "Redmi" markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. 13 iyul 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş “Redmi” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyindən sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3627 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Azərbaycan Respublikası DİN Zərflər üçün № 176» möhür əksi “şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs; iştirak etdi /imza/ R.Cavadov; /imza/ Şahid2” yazılar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,357 ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxildir. Həmin rəyə əlavə edilmiş aktdan görünür ki, götürülmüş psixotrop maddədən 0,05 qram nümunə götürülmüş, 0,307 qram psixotrop maddə metamfetamin geri qaytarılmışdır. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil etmişdir. şübhəli şəxsin dindirilməsi haqqında 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, psixotrop maddələrdən istifadə etdiyini, 12 iyul 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə öz istifadəsi üçün 10 manata 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamin əldə edərək üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sevetlana Məmmədova küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini, üzərində şəxsi axtarış aparılakən həmin bükümü polis əməkdaşlarına təqdim etdiyini etiraf etmiş və “ifadəmi oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imzalamışdır. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan olunmuşdur. təqsirləndirilən şəxsin dindirilməsi haqqında 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin"’ adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını biilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata bir ədəd şəffaf sellofona bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü götürüb istifadə üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Svetlana Məmmədova küçəsində olan zaman polis əməkdaşları tərəfindən üzərində narkotik vasitələri və ya psixotrop maddələri saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə aparıldığını, xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş altında şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş metamfetamin adlanan psixotrop aşkar edilərək götürüldüyünü, həmin maddənin zərfə qoyularaq qablaşdırılıb möhürləndiyini etiraf etmiş və tərtib edilmiş protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır. təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” 14 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmişdir. təqsirləndirilən şəxsin MSY-dən azad olunması, barəsində qətimkan tədbiri seçilməsi haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o müvəqqəti saxlama yerindən azad edilmişdir. Maddi sübut kimi tanıma haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,357 qram metamfetamindən ekspert tədqiqatından sonra qalan 0,307 qram psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Diskə baxış keçirilməsi barədə 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD” formatlı diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 15 iyul 2024-cü il tarixli, 4815 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə aparılan cinayət işi üzrə icraata xx.xx.20217-ci il tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 5 ay, 9 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-348/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütləni və sol yan cibindən 1 (bir) ədəd "Redmi" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılarkən sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini xx.xx.2024-ci il tarixdə səhər saatlarında Nəsimi rayonunda yerləşən "Papanin" adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin çəkisi 0,357 qram hesab edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsininin görüntülərini əks etdirən disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Psixotrop maddələr” adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,357 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-348/2022 saylı hökmü ilə az ağır cinayət törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin cəzanın 5 ay, 9 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ictimai təhlükəli əməli isə cəzadan şərti olaraq azad edildiyi xx.xx.2023-cü il tarixindən 2 il müddət keçmədən, yəni məhkumluğunun ödənilmədiyi və götürlmədiyi xx.xx.2024-cü il tarixdə törətmişdir ki, bu da onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli 12 iyul 2024-cü il tarixdə, yəni Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Buna görə də ona AR CM-nin 66.2-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, yəni hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, «CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.” Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, “cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-in 76 və 90-cı maddələrində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77 və 90-1-ci maddələrində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini nəzərdə tutan 70-ci maddəsində və bir sıra digər güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməsi hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkumun məhkəməyə müddət baxımından müraciət etmə imkanını aradan qaldırır və onun vəziyyətini ağırlaşdırır. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi cəza çəkmə müddətinin əvvəlinin hazırkı halda Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmü ilə məhkum edildiyi cəzanın əvvəlindən, yəni 21 avqust 2024-cü il tarixdən hesablandığı halda onun yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müraciət etmək hüququ daha tez yaranmış olur. Odur ki, təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəzanın çəkilmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən götürüldüyü halda onun vəziyyətini yüngülləşdirdiyindən həmin tarixdən hesablanmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixinədək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmü ilə təqsirli bilindiyi cinayət işi üzrə isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, ümumilikdə 4 gün müddət Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza müddətindən çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun digər cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və ona təyin edilmiş cəza üzrə hökmün qanuni qüvvəyə minməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,307 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-317/2024 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək tutulduğu, cəmi 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,307 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin həyata keçirlməsini zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar