Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-70/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Yardımlı rayonu Gendərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq 01 il 01 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində hazırki cinayət işi üzrə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,336 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini bir ədəd gümüşü rəngli kağız bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin gün saat 17:00-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aboyev adına parkda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 18:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddələr istifadəçisidir, psixotrop maddələrin metamfetamin kimi tanıdığı növündən istifadə edir. xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd metamfetamin bükümü almışdır. Aldıqdan sonra o, gün ərzində metamfetamini qəbul etməyi planlaşdırmışdır. Həmin gün 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Aboyev adına parkda olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları olmasını bildirmişlər. Həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşınması və istifadə etməyinə dair şübhəli olduğunu demişlər və ona təklif olunmuşdur ki, onlarla birlikdə Binəqədi 4-cü PŞyə getsin. O, həmin şəxslərlə birlikdə Binəqədi RPİ-in 4-cü PŞ-in inzibati binasına getmişdir. Orada ona dövlət hesabına vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edilmişdir. 4-cü PŞ-in inzibati binasında yerləşən otaqda videoçəkilişlə üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, isə öz növbəsində gizlətməyin mənasız olacağını fikirləşək əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə olan metamfetamini masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümdə metamfetamin olmasını bildirmişdir. Daha sonra isə təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. Sonra təhqiqatçı onun polisə təqdim etdiyi bükümü qablaşdırmış, bu barədə protokol tərtib etmişdir. Qablaşdırmaya tədbir iştirakçıları bir-bir imza etmişlər. Saxlanılan zaman və ondan sonra, Binəqədi 4-cü PŞ-nin inzibati binasında ona qarşı hər hansı bir fiziki və ya psixoloji formada təsir və zorakılıq hərəkətləri göstərilməmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 4-cü PŞ-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ona daxil olmuş əməliyyat məlumatlarında xx.xx.1999-cu ildə Yardımlı rayonu Gendərə kəndində anadan olmuş Təqsirləndirilən şəxs Talib oğlunun qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması bildirilmişdir. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, o, qrupun rəhbəri təyin edilmişdir. Daha sonra 15 fevral 2024-cü ildə saat 17:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aboyev adına parkda piyada olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs Talib oğlu adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və 4-cü PŞ-in polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs Talib oğlu kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin şəxsi Binəqədi RPİ-in 4-cü PŞ-in inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs Talib oğlu razılaşdıqdan sonra, onlarla birlikdə 4-cü PŞ-in inzibati binasına gəlmiş və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs Talib oğlunun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Talib oğluna üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs Talib oğlu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs Talib oğlu bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs Talib oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs Talib oğluna masanın üzərinə qoyduğu maddənin nə olmasını deməsi təklif olunduqda, o, bir ədəd gümüşü rəngli kağız bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, onu 15 fevral 2024-cü ildə saat 11 radələrində M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün on manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Talib oğlu üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkilmişdir. Aşkar edilən psixotrop maddə metamfetamin boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan və şöbəyə gətirilən zaman, eləcə də şöbədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis mayoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 22). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aboyev adına parkda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 18:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli psixotrop maddə metafetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 34-35). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/926 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ..” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamindir (cild 1, i.v 44-47). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 60-61). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 84-86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 1112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 90-91). Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,336 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,286 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd sd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 152-153). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 6 (altı) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış 1(003)-653/2024 nömrəli cinayət işi üzrə həbsdə saxlanıldığı 6 (altı) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, (cəmi 8 gün) ona təyin edilmiş cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1112 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,286 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış 1(003)-653/2024 nömrəli cinayət işi üzrə tutulduğu 6 (altı) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, (cəmi 8 gün) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,286 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-70/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-70/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver