Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-705/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Ağdam rayonu, Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Yataqxana küçəsində yerləşən yataqxanada yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 22 iyul 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 6,169 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd üzərində yaşıl naxışları olan sellofan bükümdə əldə edərək əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 22 iyul 2024-cü il tarixdə saat 22:15-də Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 23:35-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində yaşıl naxışları olan sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 6,169 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə təxminən saat 20 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmiş və oradan tanımadığı şəxsdən 45 manat pul müqabilində bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana almış, istifadə etmək məqsədi ilə üzərində daşımışdır. Həmin günü Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində olan zaman təxminən saat 22:15 radələrində iki nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlayaraq 4-cü PŞ-nə aparmışlar. Şöbədə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, şalvarının sol yan cibindən isə “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Özü idmançıdır, 4-5 ay müddətdə işsiz qalmış və həmin zaman narkotik vasitələrdən istifadə etmişdir. Bölmədə olan zaman yaxud saxlanıldığı anda ona hər hansı bir fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, anasının xəstə olmasını bildirməklə məhkəmədən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaverilmməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in istintaq şöbəsinin müstəntiqi Şahid1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Şöbədə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, sol yan cibindən isə 01 ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu və həmin gün Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşən Beynəlxalq avtovağzalın ərazisində tanımadığı şəxsdən 45 manata aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:15-d6 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş X5 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü, şalvarının sol yan cibindən isə arxasında şəxsiyyət vəsiqəsi olan bir ədəd mobil telefonu təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu və bükümü həmin gün Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşən Beynəlxalq avtovağzalın ərazisində tanımadığı şəxsdən 45 manata aldığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq baxış keçirilərkən qanunla qadağan olunmuş başqa heç bir predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 (bir) ədəd sellefona bükülmüş bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 7 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə və “Redmi” markalı telefon içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 173 saylı möhürü ilə möhürlənmiş və protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, birləşmiş cinayət işinin nömrəsi ********* olaraq saxlanılmış, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsinə övsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs təxminən 2-3 aydır narkotik vasitələrdən istifadə etdiyini, xx.xx.2024cü il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedərək tanımadığı şəxsdən 45 manat müqabilində narkotik vasitə marixuana əldə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində daşıdığını, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2-3 aydır narkotik vasitələrdən istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedərək tanımadığı şəxsdən 45 manat müqabilində narkotik vasitə marixuana əldə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində daşıdığını, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməklə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işinin nömrəsi ********* olaraq saxlanılmış, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 177.2.1,177.2.3, 221.3 və 234.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiahm elan olunması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CMnin 177.2.1, 177.2.3, 221.3 və 234.1-ci maddələri ilə həmin tarixdə saat 11:30-da yenidən ittiham olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-7/1190 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN «Zərflər üçün №173” möhür əksi, «iştirak etdi: o/imza/ Şahid1: /imza/ Şahid2; Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs; Ekspert: /imza/ S.Soltanov; Qablaşdırıldı: təhqiqatçı imza/ A.Kazımov» yazılar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi: 6,169 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 6,169 qram maddə qəbul edilmiş, 0,1 qram nümunə götürülmüş, 6,069 qram geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-551/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il saat 21:10-dan hesablanmaqla 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Ayaz Kazımov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, sol yan cibindən isə 01 ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir şey aşkar edilmir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu və həmin gün Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşən Beynəlxalq avtovağzalın ərazisində tanımadığı şəxsdən 45 manata aldığını bildirir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefona baxış zamanı əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-714/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2024-cü il tarixli, 6436 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 221.3 ve 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3, 128 və 234.1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 ve 177.2.3-cü maddələri nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən və həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli üzrə zərərçəkmiş şəxs ilə barışmasına görə həmin maddələr ilə barəsində cinayət işi üzrə icraata həmin hissələrdə xitam verilməsi, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş «həbs qətimkan tədbiri nəzərə alınması, Quliyev Hicran İbrahim oğlunun evindən oğurluq olunması faktı üzrə X6 barəsində Azərbaycan Respublikası CM- nin 177.2.3-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması, ayrılmış ********* saylı cinayət işi üzrə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.4, 234.2-ci maddəsinin, X1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.1, 186.1-ci maddəsinin tərkibi olmadığından barələrində bu hissədə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək məqsədilə hazırkı cinayət işindən material ayrılması və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi barədə Binəqədi rayon polis idarəsinin 4-cü PŞ-nə tapşırıq verilməsi, Təqsirləndirilən şəxs barəsində AR Cinayət Məcəlləsinin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tədbiq edilməməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 6,169 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 6,069 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla Binəqədi rayon polis idarəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli ibtidai araşdırmanı həyata keçirən müstəntiq tərəfindən qəbul edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuoru tərəfindən təsdiq edilmiş “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəllənin 40.3 və 39.1.11-ci maddələrinə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsiləndərilməsinə dair hissədə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması qərara alınaraq həmin ittiham 0310.2024-cü il tarixdə saat 11:00-da elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək 2-3 aydır narkotik vasitələrdən istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedərək tanımadığı şəxsdən 45 manat müqabilində narkotik vasitə marixuana əldə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində daşıdığını, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-705/2024 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş və diskdə olan video görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə uyğunluq təşkil etmişdir. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş “Xəstəlik tarixindən çıxarışlardan (Epikrizlərdən) görünür ki, Təqsirləndirilən şəxs anası X7 onkoloji xəstəliyi mövcuddur. Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dioplomdan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs sambo üzrə ölkə çempionatında 3-cü yer tutduğuna görə təltif edilmişdir. Eyni zamanda digər sertifikat və diplomlardan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş idman yarışlarında yer tutuduğuna görə təltif edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, sambo və cüdo üzrə keçirilmiş idman yarışlarında yer tutaraq müxtəlif diplom və sertifikatlarla təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas onun CM-nin 177.2.1, 177.2.3, və 221.3-cü maddələri ilə təqsirləndirilməsi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş və daha sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına da həmin maddələrlə ittiham elan olunması əsas olmuşdur. Lakin sonradan təqsirləndirilən şəxsə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsiirliliyi sübut edilmədiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, eyni zamanda ona verilmiş digər ittiham üzrə əməli CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, zərəçəkmiş şəxslə barışdığına görə həmin hissədə də cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2024-cü il tarixli, 6436 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində Təqsirləndirilən şəxs Kannabinioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunması göstərilsə də, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olması CM-59.2) və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət (Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:15-də şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş, həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 14:30-dan 15:00-dək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə isə saat 15:25-dən 16:00-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra isə müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir), həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay, 10 (on) gün olmaqla ümumilikdə 4 (dörd) ay, 12 (on iki) gün müddət müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 6,069 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 60 (altmış) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Yataqxana küçəsində yerləşən ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 282-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həmçinin xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay, 10 (on) gün olmaqla, ümumilikdə 4 ay 12 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 3 (yeddi) ay, 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs üzərinə hazırda yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Yataqxana küçəsi ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 6,069 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-705/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-705/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver