Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-706/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X9 və X6 cinayət məsuliyyətinə cəlb edilmələri haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X7 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 və X6 cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, atası X8 23 Avqust 2022-ci il tarixində Ukrayna Respublikası Kiyev şəhərində vəfat etmiş və cənazəsi Azərbaycana gətirilərək Gədəbəy rayonunda dəfn olunmuşdur. Atasının ölümündən sonra vərəsəlik işi zamanı məlumat almışdır ki, atasının ondan və qardaşı X4 başqa iki övladı da var. Mərhum atasının ukraynalı bir qadından olan nigahdankənar övladları Samir Mamedov və Ruslan Mamedov da vərəsəlik şəhadətnamələrini almış və vərəsəlik işlərində ümumi 4 vərəsə ilə iş yekunlaşmışdır. X2 ögey qardaşlarını onlara qarşı istifadə etmək üçün əlaqəyə keçmiş etibarnamə almışdır. Bu etibarnamə əsasında vəkili vasitəsi ilə onlara ləyaqətsiz vərəsəlik işi açmışdır. Qeyd etdiyim məhkəmə işi onların lehinə yekunlaşmış və qətnamə çıxarılmışdır. Qeyd edilən məhkəmə işində iddiaçı X10 ona böhtan atmışdır. Belə ki, Samir Mamedov iddia ərizəsində qeyd etmişdir ki, o atasından imtina etmiş və şəxsiyyət vəsiqəsindən atasının adını sildirmişdir. Eyyni zamanda X1.az, pravda.az və digər kütləvi informasiya vasitələrində bildirmişdir ki, o, atasından imtina etmişdir. Bu əsassız böhtanlardan sonra o, dərin mənəvi sarsıntı keçirmişdir. Odur ki, ona böhtan atdığı üçün X9 və X6 təqsirləndirilən şəxs elan olunaraq barələrində cinayət işi başlanıİmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 bildirmişdir ki, X9 və X10 ikisi birləşib ona böhtan atmışlar. Sənədləri o, şikayətində qeyd etmişdir. Eyni zamanda mediaya da, vermişlər. Bu ona neqativ təsir etmişdir. O, X5 məhkəmədə iştirak etməsini və niyə böhtan atdığını izah etməsini və ya böhtan atdığını boynuna alıb üzr istəməsini istəyir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X9 onun əmisidir. Əmisinin 83 yaşı var. X9 atasından ona qalan mirasdan pul mənimsəmək üçün X10 ilə əlbir olmuşdur. Bununla bağlı Nərimanov rayon məhkəməsində işə baxılmışdır. Zamanov Zaman onlarla heç vaxt maraqlanmamışdır. Onun şəxsiyyət vəsiqəsi Ukrayna şəxsiyyət vəsiqəsidir və atasının adı vəsiqədə olmuşdur. O, heç vaxt Zaman Zamanovun yanında atasından imtina etdiyini deməmişdir. Onun atası ilə münasibəti həmişə normal və yaxşı həddə olmuşdur. Onun köhnə vəsiqəsi və bu il aldığı vəsiqə təsdiqləyir ki, o, atasının adını heç yerdən çıxarmamışdır. Ukrayna Respublikasında bütün Ukrayna vətəndaşlarına pasport Avropa standartlarında verildiyinə görə içərisində ata adı olmamışdır. Təbii ki, bu sənədin əsasında verilən bütün sənədlər də, belədir. Azərbaycan Respublikasının bütün sistemlərində onun atasının adı var və heç vaxt oradan silinməmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsini və X9 və X6 cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, mübahisənin kökündə əmlak bölgüsü durur. Yasamal rayonundakı əmlakı ələ keçirmək istəyirlər. Şikayət vermiş şəxs notariusa ərizə vermiş və ərizədə göstərmişdir ki, yalnız 2 nəfər vərəsə var. Samir və Ruslan Ukrayna Respublikasında yaşadıqlarına görə mirası özlərinə götürmək üçün həmin şəxslər barəsində məlumat verməmişlər. Şəxsiyyət vəsiqəsi məsələsi ilə bağlı şikayətçinin atasından imtina barədə miqrasiyadan məktub var. O, hesab edir ki, burada cinayət hadisəsi yoxdur, cinayət tərkibi yoxdur. Çünki Ali məhkəmənin Plenumunun 2014-cü il 3 nömrəli qərarında göstərilmişdir ki, böhtan yalan olduğunu bilə-bilə yayılan məlumatlar hesab edilir. Bu yalan məlumat deyil özləri 4 il atası ilə əlaqə saxlamamışlar. Atası ölən kimi üçü çıxmamış miras əmlakı bölməyə getmişlər və özləri Zamin müəllimin yanında “atamızdan imtina edirik atamız bizim atamız deyil” demişlər. Çünki 2018-ci ildən atası anası ilə boşanmışdır. O, hesab edirki, burda heç bir böhtan yoxdur və bu şəxsin hərəkətləri cinayət kimi qiymətləndirilə bilməz. Çünki müxtəlif orqanlara verilən ərizə, şikayət şəxsin hərəkətini cinayət qiymətləndirilməsini istisna edir. Buna görə də hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməli olduğu halda X7 şikayətində doğulduğu il, məşğuliyyət növü, vəzifəsini göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməli olduğu X7 şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun nə vaxt törədilməsini göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməli olduğu halda X7 tərəfindən verilmiş şikayətdə barəsində şikayət verilmiş şəxsin hansı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddəsində nəzərdə tutulmuş əməli törətməsi göstərilməmişdir. Bundan əlavə CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayət şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməli olduğu halda X7 xüsusi ittiham qaydasında şikayətində şikayətin verdiyi yeri göstərməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X9 və X6 barəsində cinayət təqibi üzrə icraatın başlanılmasına və cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X9 və X6 cinayət məsuliyyətinə cəlb edilmələri haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-706/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-706/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver