Məhkəmə qərarları › İş №1(001)-709/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-709/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-709/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Qobustan rayonu Bədəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 7(001)-523/2023 nömrəli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasını tam çəkməmiş, Qobustan rayonu Bədəlli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı CÇM-də cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 12 iyul 2023-cü il tarixdə saat 19:30-da Binəqədi RPİ 43-cü PB-in əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,213 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi mağazaya müştəri kimi daxil olan tanımadığı şəxsin siqaret qutusu və alışqanı mağazada qalmış, həmin siqaret qutusunun içərisində psixotrop maddə metamfetamin olmuşdur. Həmin gün polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-in 43-cü PB-yə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. 43-cü PB-in inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Qeyd olunan psixotrop maddə metamfetamin ona məxsus deyil, qeyd etdiyi kimi mağazaya müştəri kimi gələn tanımadığı şəxsin unudub getdiyi siqaret qutusunun içərisində olmuşdur. Həmin bükümü üzərində saxlayıb gəzdirməklə səhvə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində işləyir.43-cü PB-yə daxil olmuş əməliyyat məlumatına əsasən psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə Binəqədi RPİ-in 43-cü PB-in CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 12 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 5 ünvanına gəlmişlər. 12 iyul 2023-cü il tarixdə saat 19:30 radələrində yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-in 43-cü PB-yə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün 43-cü PB-in təhqiqatçına təhvil vermişlər.Təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və şalvarının sol yan cibindən isə 01 ədəd qolbağın aparatını massanın üzərinə qoymuşdur.Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində patı olduğunu, həmin bükümü həmin günü səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu məscidin yanında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 19-20). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 19:30-da Binəqədi RPİ 43cü PB-in əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 30-31). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3782 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki 1 ədəd bükümdə təmiz çəkisi 1,213 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 37-41). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.52-53). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 74-76). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 6479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.132-133). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1,213 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut tanınmaqla tədqiqata sərf edildikdən sonra qalan qalığı 1,163 qram çəkidə olan psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİyə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1,i.v.134). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi kimi ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir və qeyd edir ki, onun gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 10 ay 05 günü 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cild 1, i.v 81-90). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci ildə törətdiyi analoji cinayətinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, bundan düzgün nəticə çıxarmamış, həmin cəza növü ona tərbiyəedici və xəbərdaredici təsir göstərməmiş, cəzanı çəkdiyi müddətdə yenidən qəsdən oxşar cinayət törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-523/2023 saylı qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-523/2023 saylı qərarı əsasında həbsdə olduğu nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (cəmi 2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 6479 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 1,163 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 7(001)-523/2023 nömrəli qərarı ilə təyin olunmuş 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti cəza olaraq 1 (bir) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 1,163 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar