Məhkəmə qərarları › İş №1(001)-71/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-71/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-71/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada qaydada evlərin təmiri ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, X9, nömrəsiz fərdi ev ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə saat 07:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda “Opel” markalı “Astra minik” modelli **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Zərərçəkmiş şəxs hərəkətdə olduğu yola çıxdıqda sonuncunun ona siqnal verməsini cüzi səbəb gətirərək Zərərçəkmiş şəxs avtomobilindən düşürdüb onunla mübahisə edərək tanışı X3 ilə cinayət əlaqəsinə girib bir qrup şəxs halında ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə nəlayıq söyüşlər söymuş, özlərini ətrafdakılara qarşı qoyaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib ictimai yer olan küçədə yüksək səslə nalayiq ifadələr işlədərək, avtomobillərin hərəkətinə tıxac yaradıb Zərərçəkmiş şəxs üzərinə hücum edib Elbrus Qurbanov qəsdən onun üzünə kəllə ilə zərbə vurmuş, bu zaman Təqsirləndirilən şəxs isə onun baş və ənsə nahiyyənə yumruqla qəsdən vurub ona burun belinin qançır-şişkinliyi və ənsə nahiyyəsinin dərialtı hematoması və sol əlin arxa səthinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, ona Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır, hüquqları izah edilib və bu ittiham üzrə özünü təqsirli bilmir. İstifadəsində “Opel” markalı “Astra minik” modelli **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 29 aprel 2022-ci il tarixdə təxminən saat 07:20 radələrində o, evdən çıxıb bibisi oğlu Şahid3 götürüb birlikdə qeyd edilən avtomobil ilə Nardaran qəsəbəsinə işləməyə gedirmişlər. Həmin tarixdə saat 07:40 radələrində o, Qobudan Hökməli dairəsi istiqamətinə gedəndə “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan, araşdırma zamanı anket məlumatlarının Zərərçəkmiş şəxs olduğunu bildiyi sürücüsünün piyada keçidində keçən uşaqlara yol vermədiyini , avtomobili sürətlə sürdüyünü görmüşdür. Bu zaman özünün idarə etdiyi nəqliyyat vasitəsi ilə ona çataraq uşaqlara nəyə görə yol vermədiyini soruşmuş, sürücü isə ona siqanal verərək əsəbi halda ötüb keçmişdir. Ona görə də aralarında mübahisəli vəziyyət yaranmışdır. Sonra Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda Zərərçəkmiş şəxs avtomobilini saxlamış və sərnişinlərini düşürtmüşdür, o, da avtomobilini saxlatmışdır ki, onunla birlikdə işləyən və yolda onları gözləyən iş yoldaşları Elbrus Qurbanovu və Şahid2 götürsün. O, Zərərçəkmiş şəxs avtomobilini saxladığını görüb yaxınlaşıb ona demişdir ki, nə üçün onunla kobudluq edir. Zərərçəkmiş şəxs yenə də onunla kobud danışmışdır, hətta onu təhqir etmişdir, onda o, Məmmədə demişdir ki, avtomobildən düşsün və sonuncuya irad tutmuşdur ki, düzgün etmir. Bu zaman onun yanına Ramil və işçi yoldaşları yaxınlaşmışlar, yaranan mübahisə zamanı X5 Səfərova yaxınlaşıb özü dalaşmaya qoşularaq kəllə ilə Məmmədin üzünə zərbə vurmuşdur, Məmməd Elbrusa yumruq atsa da, yumruq Elbrusa dəyməmişdir, sonra dalaşma qızışmış, o, Zərərçəkmiş şəxsla tutuşmuş, bu zaman söyüş şöymüşlə. Bu zaman Zərərçəkmiş şəxs üzündən qan gəlmişdir. Odur ki, tanımadığı iki nəfər yoldan keçən kişi, həmçinin, Şahid3 və Şahid2 onları araladılar. Dalaşma zamanı Zərərçəkmiş şəxs ona və Elbrus Qurbanova xəsarət yetirməmişdir. Mübahisə və dalaşma təxminən 15-20 dəqiqə davam etmiş, dalaşma özü isə cəmi 3-4 dəqiqə davam etmişdir. Həmin ərazidə yaşadığı və uşaqlarının da o yoldan keçdiyi üçün hadisəyə emosional yanaşdığını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, anket məkumatlarında qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hadisə ilə bağlı bildirir ki, fərdi qaydada ticarətlə məşğuldur, habelə vaxtı olanda etibarnamə ilə idartə etdiyi “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 29 aprel 2022-ci il tarixdə saat 07:40 radələrində o, Qobudan Hökməli dairəsi istiqamətinə gedəndə “Opel” markalı “Astra minik” modelli **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, araşdırma zamanı adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs köməkçi yoldan baş yola qəflətən onu gözləmədən çıxmışdır. O, həmin sürücüyə siqnal da vermişdir. Yolda bir dəfə Pərviz adlı həmin sürücü onun solunda saxlamışdır, lakin tıxac yarandığından yenə irəli sürmüşdür, sonra yolda onun yanında manevrlər edirmiş. Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda Pərviz avtomobilini saxlamışdır, o, da sərnişin düşürtdüyündən avtomobilini saxlamışdır. Bu zaman Pərviz onun avtomobilinə yaxınlaşıb demişdir ki, avtomobilindən düşsün. O, istəmirdi ki, dalaşma olsun, odur ki, avtomobilindən düşmək istəmirmiş. Lakin Pərviz təkidlə onu avtomobilindən düşürtmüş və ona irad tutmuşdur ki, niyə siqnal verir. Bu zaman Pərvizin yanında sonra adlarını bildiyi Elbrus Qurbanov, Şahid3 və Şahid2 adlı şəxslər olmuşlar. Yaranmış mübahisə zamanı Elbrus Qurbanov ona yaxınlaşıb o, Elbrusu söymədiyi halda özü onu təhqir edib dalaşmaya qoşularaq kəllə ilə onun üzünə zərbə vurmuşdur, o, Elbrusa yumruqla vurmaq istəsə də, yumruq dəyməmişdir, sonra isə Pərviz dalaşmaya başlayıb onun baş və ənsə nahiyyəsinə yumruqla vurmuşdur. Bu zaman onun üzündən qan gəlmişdir. Onlar bir birləri ilə çəkişəndə onun sol əlinin arxa səthi də sıyrıldı, lakin bu xəsarət ona qəsdən yetirilməmişdir. Həmin vaxt yolda keçən tanımadığı iki kişi, həmçinin Pərvizin yanında olmuş Şahid3 və Şahid2 onları aralamışlar. Dalaşma zamanı o, heç kimə xəsarət yetirməmişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir, dalaşma özü isə cəmi 3-4 dəqiqə davam etmişdir. Bu zaman yolda ictimai qayda pozulmuş, nəlayiq söyüşlərdən istifadə edilmiş, tıxac yaranaraq yolun hərəkəti dayanmış, ətrafa çoxlu tanımadığı şəxslər toplaşmış, habelə bu istiqamətdə taksi sürücülüyü edən qardaşı Şahid1 təsadüfən oraya gəlmiş və hadisənin şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, onlar bir yerdə yaşayırlar. Hadisə vaxtı Məmməd fərdi qaydada ticarətlə məşğul olaraq restoranlar üçün bazarlıq edirmiş, habelə etibarnamə ilə idartə etdiyi “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, da “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 29 aprel 2022-ci il tarixdə saat 07:40 radələrində o, sərnişin daşıyarkən Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda olanda görmüşdür ki, qardaşı Məmmədin avtomobilini dayandırmış və döyülmüş vəziyyətdədir, üzündə və paltarında qan izləri vatrdır, ətrafda da insanlar toplaşmışlar. O, yaxınlaşanda Məmməd ona demişdir ki, Qobudan Hökməli dairəsi istiqamətinə gedəndə “Opel” markalı “Astra minik” modelli **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, araşdırma zamanı adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs köməkçi yoldan baş yola qəflətən çıxmış, yolda bir dəfə onun solunda saxlamış, lakin tıxac yarandığından yenə irəli sürmüş, yolda yenə də Pərvizin yanında manevrlər edirmiş. Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda Məmməd avtomobilini saxlamış, sərnişinlərini düşürtmüş, bu zaman Pərviz onun avtomobilinə yaxınlaşıb onu təkidlə avtomobildən düşürmüş, mübahisə etməyə başlamış, nəlayıq söyüş söymüş, Pərvizin yanında sonra adlarını bildiyi Elbrus Qurbanov, Şahid3 və Şahid2 olmuşlar. Yaranmış mübahisə zamanı Elbrus Məmmədə yaxınlaşıb dalaşmaya qoşularaq kəllə ilə Məmmədin üzümə zərbə vurmuş, sonra Pərviz Məmmədin üstünə gəlib baş və ənsə nahiyyəsinə yumruqla vurmuşdur, Məmmədin üzündən qan gəlmişdir. Həmin səs-kuya toplaşan tanımadıqları iki kişi, həmçinin Pərvizin yanında olmuş Şahid3 və Şahid2 onları ayırmışlar. Dalaşma zamanı Məmməd heç kimə xəsarət yetirməmişdir, mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, dalaşma özü isə cəmi 3-4 dəqiqə davam etmişdir. Bu zaman yolda söyüş söyülərək və səs-kuy yaranaraq ictimai qayda pozulmuş, tıxac yaranmış, ətrafa çoxlu tanımadıqları şəxslər toplaşmışdı, o, hadisə yerinə gələndə dalaşma təzəlikcə qurtarsa da, toplaşmış şəxslər hələm dağılmamışdırlar və avtomobillərin tıxacı olmuşdu. Araşdırma zamanı o, Təqsirləndirilən şəxs görəndə sonuncu iş yoldaşı Elbrusla birlikdə onun qardaşı ilə dalaşıb döydüyünü, hazırda peşiman olduğunu demişdir, barışmaq istəyirdi. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsində bildirmişdir ki, hadisə 29 aprel 2022-ci il tarixdə təxminən saat 07:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda baş vermişdir. Hadisənin şahidlərinin anket məlumatları və telefonları ona məlum deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə işləyirlər, Pərvizin istifadəsində “Opel” markalı “Astra minik” modelli **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 29 aprel 2022-ci il tarixdə təxminən saat 07:20 radələrində Pərviz evdən çıxıb bibisi oğlu Şahid3 götürüb birlikdə qeyd edilən avtomobil ilə Nardaran qəsəbəsinə işləməyə gedirmişlər. Yolda isə onunla Elbrus Qurbanovu götürməli idilər. Bildiyinə görə həmin tarixdə saat 07:40 radələrində X6 dairəsi istiqamətinə gedəndə “KİA” markalı “Pride minik” modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan, araşdırma zamanı Zərərçəkmiş şəxs olduğunu bildiyi sürücüsü ilə Pərvizin münaqişəsi yaranmışdır, lakin o, Elbrusla bunu birbaşa özləri görməmişlər, bu söhbətlərdən onlara məlum olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda Zərərçəkmiş şəxs avtomobilini saxlayaraq sərnişinlərini düşürtmüşdür, Pərviz də avtomobilini saxlamışdır ki, yoldan onları, yəni onu və Elbrus Qurbanovu götürsün. Bu zaman o, görmüşdür ki, Pərviz “KİA” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilini saxladığını görüb yaxınlaşıb ona nə isə demişdir ki, Zərərçəkmiş şəxs da Pərvizlə kobud danışmışdır, onda Pərviz Məmmədə demişdir ki, avtomobildən düşsün və Pərvizə irad tutmuşdur ki, düzgün etmir. Bu zaman Pərvizin yanına onlar yaxınlaşmışlar, yaranan mübahisə zamanı X5 Səfərova yaxınlaşıb münaqişəyə qoşularaq kəllə ilə Məmmədin üzünə zərbə vurmuş, Məmməd Elbrusa yumruq atsa da, yumruq Elbrusa dəyməmişdir, sonra dalaşma qızışmışdır. Bu zaman Zərərçəkmiş şəxs üzündən qan gəlmişdir. Odur ki, tanımadıqları iki nəfər yoldan keçən kişi, həmçinin o və Ramil dalaşanları aralamışlar. Mübahisə və dalaşma təxminən 15-20 dəqiqə davam edib, dalaşma özü isə cəmi 3-4 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur və qonşu kimi yaşayırlar. 29 aprel 2022-ci ildə səhər saat 07:00 radələrində işə gedərkən Pərvizin nəqliyyat vasitəsində olmuşdur. Sürücünün yanındakı oturacaqda əyləşdiyini, yolda qarşıdan 2 uşağın keçdiyini gördüyünü, arxadan qara avtomobilin gəldiyini və siqnal verərək keçdiyini gördüyünü, Pərvizin də həmin maşının sürücüsünə “ay qardaş yavaş sür” dediyini, həmin sürücünün isə Pərvizə “əclaf sənə görə çıxmışam abqona” dediyini xatırladığını qeyd etmişdir. Həmin vaxt Pərvizə boş ver, fikir vermə deyərək onu sakitləşdirmiş, hadisənin baş verdiyi yerə çatan zaman Elbrusla Anarın onları gözlədiyini görmüşdür. Həmin vaxt zərərçəkmişin avtomobili arxada saxladığını görmüş, Pərvizin avtomobildən düşdüyünü və həmin sürücü ilə söhbət etdiyini görmüşdür. Bir neçə dəqiqə gözləmiş və Pərvizin qayıtmadığını görüb o da avtomobildən düşmüşdür. Həmin vaxt Elbrus da Pərvizgilə yaxınlaşmış və digər avtomobilin sürücüsünün Pərvizi söydüyünü gördükdə Elbrus ona “niyə təhqir edirsən” demiş, həmin sürücü də Elbrusa nalayiq ifadə işlətmişdir. Bu zaman Elbrus hirslənərək həmin sürücünün boynunun arxasından bir əliylə tutmuş və kəllə ilə onun üz nahiyyəsinə zərbə yetirmişdir. Bu zaman Anarla birlikdə onları ayırmışdırlar. Anarla Pərviz həmin vaxt Elbrusu tutmuşdurlar. Zərərçəkmiş şəxsin qolundan tutaraq maşının arxa tərəfinə çəkmiş, bu zaman həmin şəxs Pərvizin avtomobilinin şəklini çəkmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040806 cinayət işi 19 iyul 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılaraq istintaq aparılması üçün icraatıma qəbul edilmişdir. 19 avqust 2022-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və 22 sentyabr 2022-ci ildə iş üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi zəruri olduğundan icraatı təzələnmişdir. 22 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 23 sentyabr 2022-ci il tarixdə istintaqdan gizlənən X1 axtarışı elan olunmaqla həmin tarixdə ********* nömrəli cinayət işininin materiallarından sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-tibbi ekspertizasının 29 aprel 2022-ci il tarixli 810 nömrəli rəyindən görünür ki,

1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun belinin qançırşişkinliyi, ənsə nahiyyəsinin dərialtı hematoması və sol əlin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişlər. Qeyd olunan xəsarətlərdən ənsə nahiyyəsinin dərialtı hematoması dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir.2. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərər alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 29 aprel 2022ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnağı, kəllə, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. 3. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər bədənin əl çatan nahiyyələrində yerləşmələrinə baxmayaraq çəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. 4. Vət. Zərərçəkmiş şəxs adına 29 aprel 2022-ci il tarixdə “X7” PHŞ-də keçirilmiş burun sümüyünün rentgen müayinəsi zamanı burun sümüyündə aşkar olunmuş dəyişiklər köhnə travma ilə əlaqəli olub, 29 aprel 2022-ci il tarixdə ona yetirilmiş travma ilə səbəbli əlaqəsi olmadığından sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olmadı. 29 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla Təqsirləndirilən şəxs iş yoldaşı X3 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini həmin tarixdə saat 07:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsindən Sulutəpə dairəsinə gedən yolda törətdiyi təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə onun özünü təqsirli bilməməsi ilə bağlı ifadəsini işin halları ilə uyğunluq təşkil etmədiyindən onun cinayət məsuliyyətindən yayınmaq üçün verdiyi ifadəsi kimi qəbul edir. Bununla da, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini, gənc olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Abşeron rayonu, Qobu qəsəbəsi, X9, nömrəsiz fərdi ev ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və işlədiyi Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Abşeron rayonu, Qobu qəsəbəsi, X9, nömrəsiz fərdi ev ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu, işlədiyi Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar