Məhkəmə qərarları › İş №1(001)-71/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-71/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-71/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı qəsəbəsi, ünvansız fərdi evdə kirayədə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı istintaqa şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talama məqsədi ilə 07 mart 2023-cü il tarixdə, saat 20:30 radələrində sonuncu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Şahid idarə etdiyi “Hyundai Matrix” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yolunda yerləşən Zərərçəkmiş şəxs icarə şərtləri əsasında işlətdiyi mağazanın qarşısına gələrək, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxs avtomobildə qalıb gözləmiş, Təqsirləndirilən şəxs isə mağazaya daxil olub orada Zərərçəkmiş şəxs 100 manat nağd pulu xırdalamağı xahiş etmiş və sonuncu 02 ədəd 50 manatlıq pul əskinazlarını verdikdən sonra, o həmin yerdən uzaqlaşmaqla pulları ələ keçirib açıq talayaraq Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmir, belə ki, onun niyyəti ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi soyğunçuluq etmək olmamışdır, o Mustafadan pul almış, sonra isə həmin pulu geri qaytarmışdır. Belə ki, 07 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən metal qəbulu məntəqəsinin yaxınlığında mağaza işlədən Mustafa adlı tanışından ona xırda pul lazım olduğu üçün 50-50 manat olmaqla 100 manat məbləğində borc pul almış və pulu alarkən taksi sifariş verdiyini, həmin taksini yola saldıqdan sonra gətirib pulu verəcəyini bildirmişdir. Pulu almaqda məqsədi yaşadığı ünvana «Bolt» şirkətindən sifariş verdiyi taksiyə pulu ödəmək, daha sonra isə gətirib Mustafanın pulunu qaytarmaq olmuşdur. Lakin vəziyyət başqa cür olmuş, hadisədən 1 gün sonra səhər saatlarında Mustafanın pulunu qaytarmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq narkotik vasitə istifadəçisi olmadığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, əvvəllər metal qəbulu məntəqəsində işlədiyindən Mustafanı üzdən tanıdığını, taksi sürücüsünün yolda taksiyə mindirdiyi digər şəxsi tanımadığını, pul istəyən zaman tək olduğunu, Mustafanın daha sonra avtomobilə minib arxasınca gəldiyini, avtomobildən ona əli ilə işarə etdiyini görmədiyini, pulu mustafaya geri qaytarmaq niyyəti ilə aldığını, yolun digər tərəfinə qaçaraq keçməyisinin səbəbini yolda avtomobillərin çox olması ilə bağlı olduğunu bildirmişdir. Son olaraq onun barəsində məhkəmə tərəfindən ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4 aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yolunda yerləşən Tərlan adlı sahibkara məxsus mağazanı icarə şərtləri əsasında işlədir. 07 mart 2023-cü il tarixdə saat 20.30 radələrində o, mağazada olmuş və ondan başqa həmin vaxt mağazada təqribən 3-4 nəfər müştəri də olmuşdur. Bu vaxt əvvəllər tanımadığı cavan oğlan gəlmiş və ona yaxınlıqdakı metal qəbulu məntəqəsinə gəldiyini, orada 100 manatlıq pul əskinasını xırdalamaq istədiyini, lakin xırdalaya bilmədiyin, bu səbəbdən buraya gəldiyini bildirmiş və ona adı ilə müraciət etmişdir. O, kassadan iki ədəd 50 manatlıq əskinas çıxarıb həmin şəxsə uzatmış, həmin şəxsin 100 manatlıq əskinası ona verəcəyini gözləmiş, lakin həmin şəxs 100 manatlıq əskinası ona vermədən onun uzatdığı iki ədəd 50 manatlıq əskinası götürüb cəld mağazanı tərk etmişdir. Bir neçə saniyə həmin şəxsin bu hərəkətinin mahiyyətini anlamağa çalışmış, qəfil özünə gələrək aldadıldığını anlamış və həmin şəxsin arxasınca mağazadan çölə çıxmışdır. O, çölə çıxdıqda həmin şəxsin yolun o biri tərəfində saxlamış furqon tipli «Hyundai Matrix» markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdiyini görmüş, avtomobilə tərəf qaçsa da avtomobil artıq hərəkət etmişdir. Baş vermiş hadisə ilə bağlı o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Hadisədən təxminən 10 gün sonra soyğunçuluq edən şəxsin özü onun mağazasına gələrək guya soyğunçuluğu qardaşının etdiyini və pulu qardaşının əvəzindən ödəməyə hazır olduğunu demişdir. O, bu hadisənin üstünə çox da getməmiş və həmin şəxslə razılaşmış, pulu onun bank kartının hesabına köçürməsini istəmişdir. Təxminən bir gün sonra onun bank hesabına həmin məbləğ, yəni 100 manat vəsait köçürülmüş, yəni ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu alıb qaçanda qışqıraraq onu çağırmış, o isə qaytaracağını bildirərək getmişdir. Bundan əlavə hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsin anası və qardaşı onun etdiyi hərəkətə görə üzrxahlıq etmişlər. O hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, əvvəllər 166 yük daşıma xidmətində fəhlə işləmişdir. 2022-ci ilin dekabr ayından etibarən icarə şərtləri əsasında idarə etdiyi **-OE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Matrix” markalı avtomobillə «Uber» və «Bolt» şirkətlərində taksi sürücüsü kimi xidmət göstərmişdir. 07 mart 2023-cü il tarixdə saat 19.53 dəqiqədə Bolt şirkətindən sifariş almış, sifarişdə ünvan 3 ünvandan ünvan 4də parkına müştərini aparmalı olduğu qeyd edilmiş və gediş haqqı 17 manat 70 qəpik nəzərdə tutulmuşdur. O, sifarişi qəbul edər-etməz qısa zaman kəsiyində həmin ünvana getmiş və orada müştəri qismində əvvəllər tanımadığı iki nəfər şəxs avtomobilinə əyləşmişdir. Onlardan biri avtomobilin qabaq sağ oturacağında, digəri isə arxa oturacağın sağ tərəfindən əyləşmişdir. O, sifariş üzrə hərəkət edib ilk ünvan olaraq ünvan 5əzur restoranı ilə qarşı-qarşıya yerləşən başqa bir restoran olmuşdur. O, həmin restoranın qarşısında saxlamış, arxada əyləşən şəxs avtomobildən düşmüş, təxminən 5-6 dəqiqə sonra geri qayıtmış və avtomobilə təkrar minmişdir. Bu vaxt onların hər ikisi sifarişdən kənara çıxıb Baksol yolu istiqamətində hərəkət etməsini xahiş etmişlər. O, etiraz etməmiş, onların dediyi istiqamətdə avtomobili hərəkət etdirmişdir. Bir qədər həmin istiqamətdə hərəkət etdikdən sonra onların dediyi yerdə, yəni metal qəbulu məntəqəsinin qarşısında dayanmışdır. Arxada əyləşmiş şəxs təkrar avtomobili tərk etmiş və təxminən 5- 6 dəqiqə sonra təkrar avtomobilə qayıtmışdır. Bundan sonra onlar aldığı sifariş üzrə Novxanı qəsəbəsi istiqamətində hərəkət etməsini ondan xahiş etmişlər. O, həmin şəxslərin istəyi və aldığı sifariş üzrə Novxanı istiqamətində hərəkət edərkən Baksol yolunda, radara çatmamış yerdə olduğu vaxt arxada əyləşən şəxs təkrar maşını saxlamağı xahiş etmiş, arxada əyləşmiş şəxs təkrar avtomobildən enib yolun qarşısına doğru hərəkət etmiş, həmin vaxt o, həmin şəxsin hara getdiyinə diqqət yetirməmişdir. Təxminən 5-6 dəqiqə sonra həmin şəxs, təkrar geri qayıdıb avtomobilə əyləşmişdir. O, avtomobili idarə edib hərəkətə başladıqda arxadan kiminsə maşını saxlatdırmaq istədiyini, yəni əl etdiyini hiss etmiş, lakin əl edən şəxsi müştəri sanıb avtomobili saxlamadan oradan uzaqlaşmışdır. Həmin vaxt avtomobildə müştəri olduğu üçün yeni müştəri ala bilməyəcəyini düşündüyünə görə və ona əl edən şəxsi müştəri zənn etdiyinə görə avtomobili saxlamadan oradan uzaqlaşmışdır. Lakin sonralar araşdırmaya cəlb edilərkən avtomobilin arxa oturacağında əyləşmiş şəxsin həmin vaxt avtomobili tərk edib hansısa mağazaya girdiyi, 100 manat pul götürüb qaçdığı və onun idarə etdiyi avtomobilə minərək oradan uzaqlaşması ona məlum olmuşdur. Təbii ki, o, həmin şəxsin bu hərəkətlərindən xəbərsiz olmuş və avtomobilə əli ilə işarə edib saxlamasını istəyən şəxsin ələ keçirilmiş pulun sahibi olduğunu bilməmişdir. O, avtomobillə oradan uzaqlaşıb Novxanı qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Novxanı qəsəbəsi, Murad marketin qarşısındakı döngədən sol tərəfə dönərək xeyli yol qət etmiş və hansısa fərdi yaşayış evinin qarşısında saxlamışdır. Onlar məhz həmin yerdə onun idarə etdiyi avtomobili tərk etmiş və arxada oturan şəxs gediş haqqı olaraq 5 manat pul vermişdir. Gediş haqqı 17 manat 70 qəpik təşkil etdiyi üçün o, pulun qalığını istədikdə isə pulun qalığını onun kart hesabına yükləyəyini bildirdiyindən, kart hesabının nömrəsini vermişdir, lakin hazırki vaxtadək ona qalıq vəsait ödənilməmişdir. Sonra o, oradan uzaqlaşmış və çalışdığı taksi şirkətinə gediş haqqının tam ödənilmədiyi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onları Novxanı qəsəbəsindən götürərək “Zəngəzur” şadlıq sarayının yanına qeyd edilmiş ünvana apardım, daha sonra yenə götürdüyü ünvana gətirmişdir. “Zəngəzur” şadlıq sarayının yanına çatanda arxada oturan sərnişin avtomobildən düşüb harasa getmiş, 3-4 dəqiqə sonra isə qayıtmışdır. Ümumi gedişin məbləği 18 manat hesablansa da, arxadan oturan sərnişin tərəfindən ona 5 ədəd 1 manatlıq şəklində pul ödənmiş, qalan pulu isə kartına atacağını bildirirərək çıxıb getmişdir. Sərnişinlər bir-biri ilə söhbət etməmişlər və təyinat nöqtəsində avtomobildən birgə düşmüşlər. Yol boyu avtomobildə əyləşən şəxslərin bir-biri ilə ünsiyyət saxlamasının şahidi olmamışdır. Onlar avtomobilə bir yerdə əyləşib, bir yerdə düşsələr də, yalnız arxa oturacaqda əyləşən şəxs avtomobildən düşmüş və geri qayıtmışdır. Taksiyə minən 2 nəfərdən biri avtomobilin ön oturacağında, digəri isə arxa oturacaqda əyləşmişdir. Hadisənin üzərindən çox uzun müddət keçdiyindən tam təfərrüatı ilə hər şey yadında deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması məqsədilə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq əməli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yolunda yerləşən “Nanə” marketdə baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 15:20-də şübhəli şəxs kimi tutulmuşdur. 30 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən 07 mart 2023-cü il tarixdə təqdim edilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yolunda yerləşən mağazada quraşdırılmış videomüşahidə kameraları tərəfindən qeydə alınmış hadisənin videogörüntüləri olan 01 ədəd «DVD- R» diskə baxış keçirilmiş, baxış zamanı diskdə «VİD-20230308-WA0003» və «VİD-20230309-WA0005» yazıları olan iki ədəd faylların olduğu, 19 saniyə davam edən «VİD-20230308-WA0003» adlı faylda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yolunda yerləşən mağazada quraşdırılmış videomüşahidə kameralarının Təqsirləndirilən şəxs 2 ədəd 50 manatlıq pul əskinasının Zərərçəkmiş şəxs aldıqdan sonra mağazanı tərk etdiyi, yolu keçərək tünd rəngli avtomobilə əyləşib oradan uzaqlaşdığı görüntülərini qeydə aldığı, «VİD-20230309- WA0005» adlı fayllda «VİD-20230308-WA0003» adlı faylldakı görüntülərin təkrarlandığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də CM-in 177.2.3-cü maddəsi ilə başlanan cinayət işi hazırda icraatdadır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-620/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilməməsi, eyni zamanda cinayət işi üzrə məhkəməyədək icraat zamanı özünü təqsirli bilməməsinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsi alınan zaman, BOLT tətbiqi vasitəsi ilə taksini özünün sifariş etdiyini, həmin vaxt avtomobilə tək əyləşdiyini, sifarişdə qeyd etdiyi ilk ünvana çatdıqdan sonra daha bir müştərinin əl etdiyini, taksi sürücüsünün ondan icazə aldıqdan sonra həmin müştərinin də avtomobilə əyləşməsini bildirmişdir. Onunla Şahid arasında keçirilən üzləşdirmə zamanı da, şahidin ifadəsində göstərdiklərinin yalan olduğunu, taksini özünün sifariş etdiyini, arxada əyləşən şəxsin daha sonra taksiyə minməsini bildirmişdir. Onunla Zərərçəkmiş şəxs arasında keçirilən üzləşdirmə zamanı isə zərərçəkmiş şəxsin ifadəsində bildirdiklərini təsdiq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü təqsirli bilsə də, məhkəmə iclası zamanı özünü soyğunçuluq cinayətinin törədilməsində təqsirli bilməyərək, pulu taksiyə vermək üçün aldığını və daha sonra zərərçəkmiş şəxsə geri qaytardığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin özünü soyğunçuluq cinayəti ilə təqsirli bilməməsinə dair verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünü qismən təqsirli bilərək verdiyi etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 3 mart 2005-ci il tarixli Plenum qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 100 manatı xırdalamaq adı ilə iki ədəd 50 manat alsa da, 100 manatı zərərçəkmiş şəxsə verməmiş, sonradan zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin arxasınca qaçmış, o isə taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 2 ədəd 50 manatlıq əskinası taksiyə pul vermək üçün aldığını, daha sonra qaytarmaq niyyətində olduğunu soyğunçuluq cinayətini törətmədiyini bildirsə də, zərərçəkmiş şəxsin 2 ədəd 50 manatlıq pulun geriyə qaytarılması üçün təqsirləndirilən şəxsin arxasınca qaçması, təqsirləndirilən şəxsin taksiyə əyləşərək oradan uzaqlaşması təqsirli şəxs tərəfindən soyğunçuluq cinayətinin törədilməsini təsdiq edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə dair ittiham irəli sürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur və bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan CM-in Xüsusi hissəsinin norması ağırlaşdırıcı əlamət olmadan soyğunçuluğu nəzərdə tutan Cinayət Məcəlləsinin 180.1-ci maddəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırılan hüquqi möqeyə görə cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayət əməlinin obyektiv cəhətini təşkil edən əməlin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayətinin obyektiv cəhətini təşkil edən əlamət özgə əmlakının açıq talanmasından ibarətdir. Cinayət işi ürə zərərçəkmiş şəxs və şahid həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu ondan götürüb qaçmasını bildirmiş, Eyni zamanda cinayət işi üzrə şahid həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə isintaqı zamanı vermiş olduğu ifadələrində onun avtomobilinə iki şəxsin əyləşdiyini, Təqsirləndirilən şəxs avtomobildə arxa oturacaqda əyləşməsini, Təqsirləndirilən şəxs iki dəfə avtomobildən düşərək bir neçə dəqiqə keçdikdən sonra geri qayıtmasını, sərnişimlərin bir-biri ilə danışmamasını bildirmişdir. Bundan əlavə məhkəmə iclasında hadisənin baş verməsini əks etdirən videogörüntülər tədqiq edilərkən Təqsirləndirilən şəxs 2 ədəd 50 manatlıq pul əskinasının Zərərçəkmiş şəxs aldıqdan sonra mağazanı tərk etdiyi, yolu keçərək tünd rəngli avtomobilə əyləşib oradan uzaqlaşdığı müəyyən olunmuşdur. Göründüyü kimi, CM-nin 180-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətin-əmlakın açıq talanmasının Təqsirləndirilən şəxs tərəfindən tək törədilməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin (o pulu qaytarmaq niyyəti ilə aldığına dair ifadə vermişdir), zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, eyni zamanda videogötüntü ilə sübuta yetirilmişdir. Lakin, buna baxmayaraq, istintaq orqanı Təqsirləndirilən şəxs BOLT tətbiqi vasitəsi ilə taksi sifariş edən zaman həmin taksiyə iki nəfər əyləşməsi, daha sonra təyinat nöqtəsində yəni Novxanı qəsəbəsi, Murad Marketin yaxında iki nəfər şəxsin düşməsini əsas götürməklə təqsirləndirilən şəxsə qarşı həmin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə dair ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı CM-nin 180.2.1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaq məlum olmayan digər şəxsin həmin cinayətin törədilməsində birgə icraçılar kimi iştirak etməsinə dair hər hansı bir sübut cinayət işinin materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmənin qənaətinə görə, təsvir edilənlər Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin CM-in 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə dəyişdirilməsini tələb edən hal kimi qiymətləndirilməlidir. CPM-nin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X5 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməli və o Azərbaycan Respublikası CM-in 180.1ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” İnformasiya sistemindən çıxarışda görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, evli olmasını və himayəsində azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə, saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. 21 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində tanınmış və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs həmin gün saat 17:10-dan 17:50-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-620/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. CPM-in 158.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 21 mart 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 02 dekabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar