Məhkəmə qərarları › İş №1(001)-713/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-713/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-713/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının 2 (iki) il 4 (dörd) ay 27 (iyirmi yeddi) günü çəkilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış,hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı CÇM-də cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin Daxili intizam Qaydaları» ilə qadağan edilmiş əşya sayılan bir ədəd «İphone 11» markalı «A211» modelli, «**********84845, **********15722» İmei kodlu mobil smartfonu naməlum mənbədən və naməlum vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş ********** nömrəli danışıq kartı vasitəsi “WhatsApp” proqramını tətbiq etməklə xx.xx.2023-cü il tarixdən müxtəlif şəxslərə səsli və yazılı mesajlar göndərməklə, habelə ********** nömrəli telefona zənglər etməklə tanışı X3 və digər şəxslərlə əlaqə saxlamaqla istifadə etmiş, xx.xx.2023-cü ildə saat 16:45-də həmin smartfon daxilində danışıq kartı ilə birlikdə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı tibbi sanitar hissəsinin palatasında dolabçada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2021-ci ilin iyun ayından Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Səhhətində olan xəstəliklə əlaqədar tibb sanitar hissəsində saxlanılmışdır. 06 iyul 2023-cü ildə palatada olduğu zaman saat 16:45-də müəssisə əməkdaşları tərəfindən keçirilən axtarış-baxış zamanı palatada olan dolabçanın içərisində 1 ədəd içərisində ********** nömrəli nar danışıq kartı olan işlək vəziyyətdə «iPhone» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Telefon ona məxsusdur. Həmin telefondan istifadə etmişdir. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alıb ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 11 saylı CÇMin əməliyyat şöbəsinin rəisi Şahid1 Vahid oğlu ifadəsində göstərmişdir ki, əməliyyat şöbəsi tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat təxminən 16:45-də müəssisənin tibb sanitar hissəsində məhkum Təqsirləndirilən şəxs saxlanıldığı palatada hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilmişdir. Tədbir zamanı ondan hər hansı bir qadağan olunmuş əşyanın olubolmaması barədə soruşulmuş, hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirmişdir. Bundan sonra baxış-axtarış tədbiri keçirilmişdir. Tədbir zamanı palatada olan dolabçadan daxilində nar danışıq kartı olan işlək vəziyyətdə 1 ədəd qara rəngli «İphone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Aparılan araşdırma zamanı aşkar olunmuş həmin mobil telefonun İmei kodu **********84845 olması və daxilində olan nar danışıq kartının isə ***-***-**-** olması müəyyən olunmuşdur. Qara rəngli «İphone» markalı mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə zərfə yerləşdirilərək müvafiq qaydada qablaşdırılmışdır. Tərtib olunmuş protokol və həmin zərf məhkum Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum Təqsirləndirilən şəxs həmin mobil telefon aparatından istifadə edərək müxtəlif şəxslərlə telefon danışıqları etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşıları Şahid2, Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək şahid C.V.Qurbanovun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.5). Axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat 16:45 radələrində müəssisənin tibb sanitar hissəsində qəfləti axtarış-baxış tədbirləri keçirərkən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs saxlanıldığı palatada olan dolabçadan ona məxsus daxilində nar danışıq kartı olan (**********) işlək vəziyyətdə 1 ədəd «İPHONE» markalı mobil telefon aparatı (İMEİ kodu: **********84845) aşkar edilərək götürülmüşdür (cild 1, i.v 8-9). Kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/990 №-li rəyindən görünür ki, bir ədəd sensor ekranlı «İOS 16.1.1.» əməliyyat sistemi ilə təhciz olunmuş «iPhone 11» markalı «A211» modelli, «**********84845, **********15722» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim olunan mobil smartfonun yaddaşında (kontaktlar, «SMS» mesajlar, foto, audio, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu. Təqdim edilmiş mobil smartfonun daxilindən pozulmuş hər hansı bir məlumat müəyyən olunmadı (cild 1, i.v 82-85). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/990 saylı kompüter-texniki ekspertizasının rəyinə əlavə olunmuş «Verbatium» yazısı olan bir ədəd DVD-R diskə keçirilmiş baxış protokolundan görünür ki, tətqiq olunan «iPhone 11» markalı «A2111» modelli mobil smartfonun yaddaşında olan səsyazmaları və «WhatsApp» yazışmasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə yazmışdır: «Aslan salam, mənəm Zülfü, necəsən brat, sağol qardaşım» və həmin tarixdə saat 14:43-də 9 saniyə müddətində səs yazısı var, Aslan adlı şəxsə səs mesajı göndərir: «Hə, brat, inşallah yorulmayasan, Allahın köməkliyi ilə yaz da brat, yaz yazışaq, danışmaq zad, poxa düşəcəm mən», bundan əlavə xx.xx.2023-cü il tarixdə saat 16:47-də oları səs yazısı «Aslan, neynirsən, haradasan, posloykadasan, içindəsən..» səs yazısı bununla bitir. Həmin məlumatlardan göründüyü kimi, smartfon xx.xx.2023-cü il tarixdən istifadədə olmuş və Təqsirləndirilən şəxs bu smartfondan uzun müddət istifadə etmişdir (cild 1, i.v 114-115). Maddi sübut kimi tanıma haqqında 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd mobil smartfon, daxilində danışıq kartı ilə birlikdə və ekspertiza rəyinə əlavə edilmiş DVD-R disk, habelə «Azerfon MMC-in diskdə olan məlumtları maddi subut kimi tanınmış və işə əlavə edilmişdir (cild 1, i.v 116). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2 dəfə məhkum olunmuşdur: 1) Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azazdılqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, i.v 81). Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(101)-447/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum edilmiş, cəza çəkmə müddətinin əvvəli 08 may 2020-ci ildən hesablanmışdır (cild 1, i.v 34-40). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 139-140). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinin tələblərinə görə təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alnmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün, həmin cinayət əməli residivlik müəyyən edilərkən nəzərə alınmamalıdır. Buna görə də, halhazırda Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası olsa da, onun tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə uyğun olaraq residiv yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(101)-447/2020 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 dekabr 2023-cü il tarixdən, yəni hazırkı cinayət işi üzrə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone 11” markalı “A211” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı məhv edilməli, 2 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(101)-447/2020 nömrəli hökmü ilə təyin olunmuş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 2 (iki) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti cəza olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxsdan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübut – 1 ədəd “İphone 11” markalı “A211” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı məhv edilsin. İki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar