Məhkəmə qərarları › İş №1(001)-716/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-716/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-716/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamşısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs tamah məqsədilə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlayaraq gəlir əldə etmək üçün icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünavnında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranda fərdi otaqların birində qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, 14 iyun 2022-ci il tarixdə həmin kafedəki 3 nömrəli fərdi otaqda özü ilə birlikdə müştərilər Şahid3, Şahid1 və Şahid2 zəruri şərait yaradıb pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə saat 01:20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünvanında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranda 3 nömrəli fərdi otağa baxış keçirilən zaman otaqda onların qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünvanında yerləşən “Qəbələ Təndir” adlı restoranı Ramin adlı şəxsdən aylıq 7 000 manata icarəyə götürmüşdür. Həmin vaxtdan restoranı işlədir, özü də bütün günü restoranda olub işə nəzarət edir. 13 iyun 2022-ci il tarixdə tanışı Şahid1 onunla əlaqə saxlayaraq tanışı Şahid2 14 iyun 2022-ci il tarixdə ad günü olduğunu və onun restoranında qeyd etmək istədiyini bildirmişdir. O da razılaşmışdır. 14 iyun 2022-ci il tarixdə Şahid2 öz qonaqları ilə restorana gəlmişlər və qonaqlıq keçirmişlər. Qonaqlıq qurtardıqdan sonra o da Mobili təbrik etmiş və həmin zaman tanışları Şahid1 və Şahid3 təklif etmişlər ki, “poker” kart oyunu oynasınlar. Poker kart oyunu oynamağın cinayət olduğunu bilməmiş və əgər bilsəydi bu oyunu oynamazdı. Özünü buna görə qismən təqsirli bildiyini qeyd etmişdir. Qonaqlar əylənmək üçün kart oynamaq istəmiş və yemek yedikləri kabinetdə stolun üstü təmiz olmadığı üçün ondan başqa bir kabinetə keçməyi xahiş etmişdirlər. O da onlara razılıq verərək 3 nömrəli başqa bir kabinetə keçmələrini bildirmişdir. Həmin zaman Abdulla özü ilə kart da gətirmişdir. O da kart oynamışdır. Artıq 15 iyun 2022-ci il tarixdə gecə saat 00:15 radələrində onlar kart oynamağa başlamışlar. Həmin zaman onunla birlikdə Şahid1, Şahid3 və Şahid2 oynamışlar. Onun tanımadığı Mobilin tanışları olan X8 və X9 da oyuna baxmışlar. Onlar oynaya bilmədiklərini bildirərək imtina etmişlər. Onlar ilk əvvəl 50 qəpik-1 manatdan oynamağa başlamışlar. Oyunda “seka” pulu deyilən pul yığılmamışdır. O ifadəsində oyunun 10-15 dəqiqə davam etdiyini, əməliyyatçılar kabinetə daxil olan zaman stolda yığılan pulun heç 50 manata çatmadığını, hamının, hətta orada olmayan kassir X4 oraya gətirilərək cibindəki pulların çıxarılaraq seka kimi sayıldığını göstərmişdir. O öz cibindən təxminən 250 manata yaxın pulun seka hesab edilərək götürüldüyünü qeyd etmişdir. Ofisiantın əlini yuyub işdən çıxmaq istədiyi vaxt, kassirin isə işdən evə gedərkən Azza şirniyyat mağazasının yanında saxlanılıb gətirildiyini, video çəkilişin sonradan onlar dediyi kimi aparıldığını, restoranın, həmçinin restoranın qarşısındakı obyektin müşahidə kamerasında olan görüntülərin götürülərək həmin gün və saata aid görüntülərin silindiyini, özünə məxsus müşahidə kamerasının yaddaş kartının ona 2 ay sonra, digər obyektə məxsus yaddaş kartının isə hadisədən təxminən 2 gün sonra geri qaytarıldığını bildirmişdir. Kassirin cibində restoranın fəaliyyətindən qazanılmış təxminən 1500 manat məbləğində pul olduğunu, onun ümumiyyətlə hər şeydən xəbərsiz olduğunu qeyd etmişdir.Himayəsində 2 azyaşlı övladı və xəstə ata-anası olduğunu, ilk dəfə cinayət hesab edilən əməli törətdiyini, kart oynamağın cinayət olduğunu bilmədiyini və ona cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun həmyerlisidir. Onunla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs da həmyerlisidir. Onunla arasında heç bir ədavət və düşmənçilik, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünvanında yerləşən “Qəbələ Təndir” adlı restoranı işlədir. 14 iyun 2022-ci il tarixdə onun ad günü olmuşdur. Buna görə də Abdulla Rəşadla əlaqə saxlayaraq öz tanışları ilə birlikdə onun ad gününü onun restoranında qeyd etmək istədiyini bildirmişdir. Rəşad da razılaşmışdır. 14 iyun 2022-ci il tarixdə o digər tanışları ilə birlikdə restoranda qonaqlıq keçirmişdir. Qonaqlıq qurtardıqdan sonra Rəşad da yaxınlaşaraq təbrik etmiş və həmin zaman onlar Rəşada təklif etmişlər ki, “poker” kart qumar oyunları oynasınlar. Həmin vaxt əhvalları yaxşı olmuş və əylənmək istəmişdirlər. Təqsirləndirilən şəxs da razılıq vermişdir. Həmin vaxt yemək yedikləri kabinetdə stolun üstü oyun oynamaq üçün təmiz olmadığından başqa bir kabinetə keçmək istədiklərini bildirmiş və başqa kabinetə keçmişdirlər. Həmin zaman kartın kim tərəfindən gətirildiyini xatırlamır. Artıq 15 iyun 2022-ci il tarixdə gecə saat 00:15 radələrində onlar kart oynamağa başlamışlar. Həmin zaman onunla birlikdə Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 də oynamışlar. X1 və X9 da oyuna baxmışlar. Onlara da oynamağı təklif etsələr də oynaya bilmədiklərini bildirərək imtina etmişlər. Seka ilə bağlı aralarında hər hansı bir danışıq olmadığını, restoranın özündə sok, su olduğunu, əgər istəsəydilər restoranın özündən sifariş edə biləcəklərini qeyd etmişdir. Kart oynamaları təxminən 5-10 dəqiqə davam etmiş, bu zaman kabinetə mülki geyimdə şəxslər daxil olmuşdur. Həmin vaxt onlara da seka yığılmadığını bildirmişdir. 50 qəpikdən başlayaraq 1 manata qədər məbləğdə uduşdan oynamışdırlar. Ofisiantı restorandan kənarda saxlayıb kabinetə gətirdiklərini, ortada təxminən 50 manata yaxın məbləğ olduğunu, kabinetə daxil olan şəxslərin hər kəsin cibində olan pulları, həmçinin restoranda kassir kimi işləyən şəxsin cibində olan bütün pulları ortaya tökdürdüyünü və seka kimi saydıqlarını qeyd etmişdir. Bildiyi qədərilə o restoranda qumar oyunları təşkil edilmir. Oyun oynamağı ilk kimin təklif etdiyini xatırlamır. Video çəkilişin isə ilk əvvəldən deyil, sonradan ssenari üzrə edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun Qəbələdən tanışıdır. 13 iyunda Rəşada zəng edərək Mobilin ad günü olduğunu və onun restotranında qeyd etmək istədiyini bildirmişdir. 14 iyun 2022-ci il tarixdə yemək yedikdən sonra əylənmək üçün kart oynamaq istəmişdirlər. Yemək yedikləri kabinetdə stolun üstü təmiz olmadığından Rəşaddan başqa kabinetə keçməyi xahiş etmişlər. Həmin vaxt seka yığılmadığını, əməliyyatçılar otağa daxil olanda təxminən 15 dəqiqə olardı ki kart oynanıldığını, hamının cibindəki pulu, hətta kassirin cibindəki 1500 manata yaxın pulunun da ortaya qoyulub sayıldığını, video çəkilişin daha sonra onların istəyinə uyğun qaydada çəkildiyini, içkili olduğundan kartı kimin gətirdiyini xatırlamadığını, seka yığılmadığını qeyd etmişdir. Öz cibindəki 150 manat pul da seka kimi sayılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs yerlisi olduğunu, tez-tez onun restortanına getdiyini, həmin gün də orada olduğundan Rəşadın oyun oynadığını görüb onlarla birlikdə oyuna qoşulduğunu göstərmişdir. Təxminən 50 qəpikdən-1 manatdan oynadıqlarını, seka barədə aralarında razılaşma olmadığını, sekanın ümumiyyətlə yığılmadığını, əməliyyatçıların hamının cibindəki pulları seka kimi hesabladığını, video çəkilişin isə sonradan onların diktəsi ilə aparıldığını qeyd etmişdir. Ofisiantı kabinetin xaricində saxlayıb gətirmiş, hətta o kabinetdə olmayan kassirin də cibindəki pulu stola qoymuşdurlar. 10-15 dəqiqə davam edən kart oyununda heç 20 manat yığılmır və ittiham aktında göstərilən qədər məbləğin bu qısa vaxt ərzində yığılması da mümkün deyildir. Özünün cibində olan 250 manata yaxın pulun seka kimi hesablanaraq götürüldüyünü göstərmişdir. Məhkəmə iclasında digər Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünvanında yerləşən “Qəbələ Təndir” adlı restoranı işlədir. 2021-ci ilin oktyabr ayından o həmin restoranda ofisant işləyir. Onunla arasında əmək müqaviləsi də bağlanılmışdır. 14 iyun 2022-ci il tarixdə sonradan adının Şahid2 olduğunu bildiyi şəxsin ad günü məclisinə o qulluq etmişdir. Təxminən 23:00-24:00 radələrində əlini yuyub işdən çıxmaq istəyəndə 1 nəfər ona yaxınlaşmış, onu başqa bir kabinetə salmış, ona bu şəxslərə sən qulluq etmisən sualını vermiş, o isə o şəxslərə başqa kabinetdə qulluq etdiyini və həmin kabineti hələ də təmizləmədiyini bildirmişdir. O 3 nömrəli kabinetə daxil olarkən orada olan şəxslərin yerdə uzanıqlı vəziyyətdə olduğunu, qorxusundan ətrafa diqqətlə baxa bilmədiyini, o otağa nə su, nə də siqaret alıb aparmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 25 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Hadisə yerinə baxış və götürmə aparılması haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə saat 01:18 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünavnında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranına baxış keçirilmiş, baxış zaman otaqda müştərilərin Təqsirləndirilən şəxs birlikdə qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılması telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Baxış zamanı otaqdakı qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul vəsaiti və 01 dəst oyun kartları öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 01 dəst oyun kartı Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına və 2362 manat pul vəsaiti isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı diskə baxış keçirilən zaman içərisində olan video görüntüdə 15 iyun 2022-ci il tarixdə saat 01:18 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 A ünavnında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranına baxış keçirildiyi, baxış zaman otaqda müştərilərin Təqsirləndirilən şəxs birlikdə kart oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən həmin oyundan əldə edilmiş 2 362 manat məbləğində pul vəsaiti, həmçinin 01 dəst oyun kartının götürülməsi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranda 3 nömrəli kabinetdə tanışları, Şahid3, Şahid1 və Şahid2 ilə 0,50 (əlli) qəpikdən 01 (bir) manata qədər olan məbləğ müqabilində kart vasitəsi ilə qumar, yəni pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamaları sübut olunsa da, orada Təqsirləndirilən şəxs tərəfindən qumar oyunlarının oynanılması üçün yer, yəni qumarxana təşkil edilməsi sübut olunmadığından, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsinə əsasən qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin yaranması üçün-şəxsin hərkəti qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamada ifadə olunmalıdır. Göstərilən normanın mənasına görə qumar oyunlarının keçirilməsi üçün şəraitin yaradılmasının iki kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək, ikincisi isə həmin yeri saxlamaqdan ibarətdir. Məhkəmə hesab edir ki, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə- qumar oyunlarının oynanılması üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), əldə etmə, onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), oyun iştirakçılarını seçmə hərəkətlərinin yerinə yetirilməsində ifadə olunmalıdır. Qumar oyunlarının keçirilməsi üçün yer saxlama isə təşkil edilmiş yerin fəaliyyət göstərməsi üçün xidmətçilərin işə cəlb edilməsi, qumarxananın işləməsini təmin etmək məqsədilə xərclərin ödənilməsi, oyun iştirakçılarına müxtəlif məzmunlu sosial-məişət xidmətlərinin göstərilməsi, yerin mühafizəsinin təmin edilməsi və sair hərəkətlərin edilməsini ehtiva edir. Qeyd olunan hərəkətlərin edilməsi, qumarxananın fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən edimişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Göründüyü kimi bu cinayət xarakterli, qanunazidd hərəkətlərin məqsədi qumar oyunlarını keçirilməsi üçün yer təşkil etməkdən, qumar oyunlarına cəlb etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Qeyd etmək lazımdır ki, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya onları saxlamaq əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin qumar oyunlarının keçirilməsi üçün yer təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Bununla belə, göstərilən hər iki cinayət xarakterli əməldə ayrı-ayrılıqda (qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə, həmçinin qeyd edir ki, qumar oyunları yaşayış və qeyri-yaşayış sahələrində (evlərdə, mənzillərdə, xidməti otaqlarda, ofislərdə, mehmanxana otaqlarında, sosial və mədəni-məişət xidməti göstərən idarə, müəssisə və təşkilatların binalarında, qazanxanada, qarajda,anbarda, zirzəmidə və sair yerlərdə) təşkil edilə və keçirilə bilər. Qumarxanalar təkcə qapalı məkanlarda deyil, açıq sahələrdə də təşkil edilə və keçirilə bilər. Qumarxananın təşkil edildiyi və keçirildiyi yerin əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Bu cinayətin törədilməsində subyektiv cəhətin zəruri əlaməti kimi təqsirkar şəxsdə qabaqcadan qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama niyyətinin olması və qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılmasıdır. Belə ki, Qanunverici CM-in 244-1.1-ci maddəsində qumarxananın fəaliyyətə başlayıb başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır, yəni qumarxana təşkil edən şəxs qumar oyularının keçirilməsini arzulamalı, iştirakçıları seçmə hərəkətlərini yerinə yetirməli, məqsədinə nail olmaq üçün buna uyğun yer təşkil etməlidir. Qumarxana təşkil etmədə mütləq cinayətə hazırlıq mərhələsi olmalı, onun hazırlığı qumar oyunlarının keçirilməsinə hesablanmalıdır. Həmin yerdə qumar oyunlarının keçirilib-keçirilməməsindən asılı olmayaraq, yerin qumar oyunlarının keçirilməsi üçün hazırlanması ilə cinayət başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Şəxs qumarxananı təşkil etməklə ictimai mənəviyyata zidd hərəkət etdiyini dərk edir, orada qumar oynayanları və onların ailələrini çətin maddi vəziyyətə sala biləcəyini qabaqcadan görür və şəxsi mənafeyi naminə qumara meylli şəxslərin qumarxanaya gəlməsi və orada qumar oynamalarını arzulayır. Göründüyü kimi qumarxana təşkil edən şəxsin əməlində cinayət tərkibinin yaranması üçün onun məhz qumar oynamağa meylli şəxslərin istirahəti, əyləncəsi üçün lazımi şəraiti yaratmaqdan, yəni, istifadəsində olan yeri qumar oyunlarının həyata keçirilməsi üçün uyğunlaşdırmaqdan, lazımi avadanlıqlarla təchiz etməkdən ibarətdir. Bununla da şəxs ictimai mənəviyyat əleyhinə olan -qumarxana, qumar oyunlarının keçirildiyi yeri təşkil etmə və ya saxlama cinayət əməlini törətmiş olur. Beləliklə, cinayət törədən şəxsin hərəkətləri nəticəsində təyinatı başqa cür istifadə olan yer qumarxanaya çevrilir. Həmin vaxt qumarxana təşkil etmə gəlir əldə etmək və ya digər məqsədlə törədilə bilər. Hər bir halda cinayəti törədənin əməli zəif iradəli qumara meylli şəxsləri qumar oynamağa həvəsləndirmə, sövq etmə, qumar oynayanlara dəstək olma və.s hərəkətlərdə özünü göstərməlidir. Bu cür ictimai mənəviyyat əleyhinə olan hərəkətlər şəxsin əməlinin ictimai təhlükəli olduğunun, şəxsin kriminala meylli xarakterinin göstəricisidir. Bu da onu deməyə əsas verir ki, bu kriminal hərəkətlərin məqsədi qumarxananı təşkil etməkdən, qumar oynamağa sövq etməkdən və bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Məhkəmə qeyd edilən hallara uyğun olaraq hesab edir ki, Cinayət Məcəlləsinin 244- 1.1-ci madəsinin nəzərdə tutulmuş cinayət əməlinə düzgün hüquqi qiymət vermək üçün qumarxana təşkil etməklə qumar oyunlarının keçirilməsini, şəxslərin öz aralarında qumar oyunu keçirməsindən fərqləndirmək lazımdır. Belə ki, birinci halda, yəni qumarxana təşkil etməklə qumar oyunlarının keçirilməsi zamanı təqsirkar şəxs fəal surətdə öz niyyətini həyata keçirmək üçün qumar oyularının keçirilməsini arzulayır, iştirakçıları seçmə hərəkətlərini yerinə yetirir, məqsədinə nail olmaq üçün buna uyğun yer təşkil edir. İkinici halda isə qumar oynamağa meyilli olan şəxslərin təsadüfən toplaşması, istirahət və əyləncəyə olan tələbatlarını qarşılamaq məqsədilə öz aralarında qumar oyunlarının keçirilməsini təmin edirlər. Birinci halda təqsirkarın əməlində qumarxana təşkil etmə və ya saxlama cinayətinin, ikinci halda isə qumar oynayan şəxslərin əməllərində qumar oynamaya görə inzibati tərkibi yaranır. Bununla belə hazırda, Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 və Şahid2 barələrində İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işində təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti olan qumarxana təşkil etməsi öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs əsas məşğuliyyəti restoran fəaliyyəti ilə məşğul olmaqdır. O, hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş tanışları ilə qumar oynadığı yeri də məhz restoran kimi istifadə etmək üçün icarəyə götürmüşdür. Məhkəmə istintaqı zamanı onun qumar oyunlarının keçirilməsi üçün təşkilatçılığı, yəni həmin yerin qumar oyunlarının keçirilməsi üçün hazırlanması, uyğunlaşdırılması, qumara meylli şəxslərin dəvət edilməsi, ora yığışan şəxslərin istirahəti-əyləncəsi üçün digər tədbirlərin görülməsində ifadə olunan hərəkətləri etməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranında 3 nömrəli kabinetdə tanışları, Şahid3, Şahid1 və Şahid2 ilə 0,50 (əlli) qəpikdən 01 (bir) manata qədər olan məbləğ müqabilində kart vasitəsi ilə qumar, yəni, pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamışdırlar. Şahid1 və Şahid3 əylənmək və vaxt keçirmək məqsədilə kart oyunu oynamağı təklif etmiş o da həmin şəxslərin qumar oynamalarına icazə verib özü də onlarla birlikdə kart vasitəsi ilə pul müqabilində qumar oynamışdır. Qumar oyunundan əldə edilmiş ortada olan vəsait təxminən 50 manat olmuş, 2362 manat götürülmüş vəsaitin 1500 manatı kassir X6, 250 manatı Təqsirləndirilən şəxs, 250 manatının Şahid3, 150 manatının Şahid1, 162 manatının isə Şahid2 məxsus olduğu müəyyən edilmişdir. Beləliklə, cinayət işinin materiallarında olan sübutlar təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs istifadəsində olan restoranda tanışları ilə birlikdə qumar oynamasını sübut edir. Halbuki, AR Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv cəhətdən qumar oyunlarının oynanılması və ya keçirilməsində deyil, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamada ifadə olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda da göstərilmişdir ki, təqsirləndirilən şəxs həmin yeri restoran kimi icarə əsasında istifadə edir. Cinayət işinə əlavə edilmiş videoyazı, hətta tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış protokolundan da görünür ki, həmin yer restoran kimi istifadə edilmiş və həmin təyinata da uyğundur. Məhkəmə hesab edir ki, restoranda qumarxana təşkil etmə təqsirləndirilən şəxsin həmin yeri restoran görüntüsü yaratmaqla qumar oyunlarının keçirilməsinə uyğunlaşdırılmış yerə çevirməsi halında mümkün olardı. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda onun tanışları ilə birlikdə istifadəsində olan restoranda qumar oynamalarına icazə verməsinin qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə kimi qiymətləndirilməsi ilə razılaşmır. Məhkəmə, həmçinin qeyd edir ki, qumar oynamaq təklifi Təqsirləndirilən şəxs tərəfindən irəli sürülməməklə yanaşı, oynamaq üçün kart dəsti də onun tərəfindən təşkil edilməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilən video görüntüdən stolun üzərində oynanılan açıq kart dəstinin götürüldüyü, başqa bir kart dəsti və ya qumarxana təşkili üçün nəzərdə tutulmuş hər hansı bir başqa vasitə, avadanlıq olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması sübuta yetirilmədiyindən, ona həmin maddə ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna əsasən qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin faktla əlaqədar həmin maddə üzrə onun barəsində ittiham hökmünün çıxarılması maddi və prosessual hüquq normalarının tələbləri baxımından birmənalı olaraq istisna edilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmadığından, həmin cinayət əməlini törətməsi ilə bağl təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun həmin maddə ilə təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin əməlində CM-in 244-1.1-ci maddəsinin tərkibi olmadığından, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olub, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş verilmiş, yerindən götürülmüş 1(bir) qutu kart dəyəri olmadığına görə məhv edilməlidir. Məhkəmə maddi sübut kimi götürülmüş 2362 manat məbləğində pula münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı seka kimi hesablanaraq maddi sübut kimi götürülmüş 2362 manat məbləğində pul vəsaitindən 1500 manat pulun retoranda kassir kimi çalışan X7, 250 manatın Təqsirləndirilən şəxs, 250 manatıın Şahid3, 150 manatın Şahid1, 162 manatın isə Şahid2 məxsus olması, 50 manat məbləğində vəsaitin isə qumar oyunu nəticəsində əldə edilən vəsait olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qumar oyununa aiddiyyəti olmayan pul vəsaitləri qanuni sahiblərinə qaytarılmalı, qumar oyunundan əldə edildiyi müəyyən edilmiş 50 manat məbləğində pul vəsaitinə münasibətdə qərar qəbul edilmədən həmin vəsaitə münasibətdə qərar qəbul edilməsi, o cümlədən Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 və Şahid2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün hazırki hökmün surəti müvafiq orqana göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keşirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olub, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasına verilmiş, hadisə yerindən götürülmüş 1(bir) dəst kart dəyəri olmadığına görə məhv edilsin. İş üzrə maddi sübut olub, Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş, hadisə yerindən götürülmüş 2362 (iki min üş yüz altmış iki) manat məbləğində pul vəsaitinin 1500 (min beş yüz) manatı qanuni sahibi olan X6, 250 (iki yüz əlli) manatı qanuni sahibi Təqsirləndirilən şəxs, 250 (iki yüz əlli) manatı qanuni sahibi Şahid3, 150 (yüz əlli) manatı qanuni sahibi Şahid1, 162 manatı isə qanuni sahibi Şahid2 geri qaytarılsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında qalan 50 (əlli) manat məbləğində pul vəsaitinə, o cümlədən Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 və Şahid2 inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün aidiyyatı üzrə hökmün surəti Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinə göndərilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar