Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-719/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X7 Sultan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə naməlum vaxt və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,642 qram çəkidə narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış, həmin günü saat 18:40 radələrində Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Binəqədi rayonu, Fatmayı bağlar massivində saxlanılıb ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarının sağ cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,642 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaları barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cinayət işinin materialları ilə ümumiyyətlə tanış olmamış və həmin tarixdə Binəqədi rayonu, Fatmayı bağlar massivində yaşadığı evdə olmuşdur. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Binəqədi rayon məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Səmədov X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə olan hərəkət trayektoriyasından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi istiqamətində hərəkətdə olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Fatmayı bağlar massivində yaşadığı evdə olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Binəqədi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun barəsində cinayət işinin istintaqı aparıldıqdan sonra müstəntiq tərəfindən ona cinayət işinin icraatına xitam verildiyi bidirilmiş və ona təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. O, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərində Probasiya Xidməti tərəfindən ona təhkim edilmiş elektron nəzarət vasitəsi gəzdirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda olan imza ona məxsus olsa da, o, həmin tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində olmamış, cinayət işinin materialları ilə tanış edilməmişdir. O, xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində olmuş, həmin gün fərdi evlərin birində usta fəaliyyəti ilə məşğul olmuşdur. O, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində olmuş və ona müstəntiq tərəfindən verilmiş sənədləri oxumadan imzalamış, həmin vaxt vəkili yanında olmamış, işin baxılması üçün məhkəmə göndəriləcəyini bilməmişdir. xx.xx.2023-cü il tarixdə mobil telefonuna məhkəmə tərəfindən göndərilən bildirişdən sonra bilmişdir ki, barəsində istintaqı aparılmış iş baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs da orada olmuş, onun iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuşdur. Lakin Təqsirləndirilən şəxs çıxışına əsasən barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində istintaqı aparılmış cinayət işi üzrə müdafiə hüququ pozulmuş və cinayət işinin materialları ilə tanış edilməmiş, təqsirləndirlən şəxsin barəsində olan işin məhkəməyə göndərilməsi barədə məlumatı olmamışdır. Odur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasının gedişində əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs müdafiə və cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Bununla bağlı cinayət işinin materialları nəzərdə keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi imzaları vardır. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xİdmətindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş məktubdan və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hərəkət trayektoriyası barədə elektron nəzarət sistemindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində olmuş, onun Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsi istiqamətində hərəkəti müəyyən edilməmişdir. Qeyd olunan hallardan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 faktiki olaraq Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmasını təmin etməyərək onun hüquqlarını pozmuşdur. Belə ki, CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218-221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 91.5.22-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması onun hüququ olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokol tərtib edib iş üzrə istintaqı yekunlaşdırmışdır. Halbuki sorğu verilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya İdarəsinin məktubundan və məktuba əlavə edilmiş çıxarışlardan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən hərərkətlərinin aparılmasında vəkil Müdafiəçi ilə birlikdə iştirak etməməsi müəyyən edilmişdir. Göstərilən həmin hal xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolun formal olaraq tərtib olunmasını və həmin tarixdə müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxslə Binəqədi Rayon Polis İdarəsində istintaq hərəkətlərinin aparılamamasına dəlalət edir. Bununla yanaşı müdafiə hüququnun pozulması ilə bağlı məhkəmə qeyd edir ki, müdafiə hüququ təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi halları istər Azərbaycan Respublikasının Cinayət- Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları birmənalı qadağan edir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, müdafiəçiyə malik olmaq konstitusion hüququnun həyata keçirilməsinin qaydaları və şərtlərini tənzimləyərkən qanunverici CPM-in 92-ci maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiəçi tərəfindən keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin etmək məqsədi ilə CPM ona müəyyən hərəkətləri qadağan etmişdir. Həmin qadağalar “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş vəkilin vəzifələrinin lazımınca yerinə yetirilməsinə xidmət edir. Həmin qadağaları pozmağa görə müdafiəçi işlədiyi vəkillik qurumu qarşısında intizam məsuliyyəti daşıyır Bundan başqa CPM-in 92.11-ci maddəsində müdafiəçinin vəzifələri sadalanmışdır. Həmin vəzifələr müdafiəçinin hüquqi yardım göstərilməsi üzrə öz vəzifəsini lazımınca yerinə yetirməsinin, vəkilin peşə fəaliyyətinin prinsip və qaydalarına riayət edilməsinin, habelə cinayət təqibi üzrə icraatın qaydalarına riayət edilməsinin təmin olunmasına yönəlmişdir. Bu vəzifələrin yerinə yetirilməməsi müdafiəçinin başlıca olaraq intizam məsuliyyətinə, bəzən isə cinayət məsuliyyətinə səbəb ola bilər. Müdafiəçinin öz prosessual vəzifələrinə hörmətlə yanaşması onun tərəfindən müdafiə funksiyasının yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü tarixdə Binəqədi Rayon Polis İdarəsində olmamış, ümumiyyətlə sonuncu cinayət işinin materialları ilə tanış edilməmişdir. Buna baxmayaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokol tərtib edərək müxtəlif vaxtlarda təqsirləndirilən şəxs və müdafiəçisinə imzalatmış, faktiki olaraq sözügedən istintaq hərəkəti həyata keçirilməmişdir. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən Cinayət- Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün);... 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... Beləliklə, məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284-286-cı maddələrinin tələbləri pozulduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi barəsində tədbir görülməsi üçün qərarın surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmləlidir. Məhkəmə, CPM-in 306.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmlıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılsın.
4. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi barəsində tədbir görülməsi üçün qərarın surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin.
5. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə yerinə göndərilsin.
Hakim: Vüsal Tağıyev