Məhkəmə qərarları › İş №1(001)-72/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-72/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-72/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Lənkəran şəhəri, Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Şilavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o 19 iyun 2022-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 22-ci korpusda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- bir bükümdə təmiz çəkisi 1,770 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 50 manat pul müqabilində əldə edib üzərində saxlayaraq daşımış, 20 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində həmin narkotik vasitəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılaraq saat 17:20-də orada üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan təmiz çəkisi 1,770 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. Lakin, 20 iyun 2022-ci il tarixdə, yəni Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyatçıları tərəfindən saxlanan gün üzərində narkotik vasitə olmamışdır. Həmçinin, şübhəli şəxsin tutulması və şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda onun Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyatçıları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin qarşısında saxlanılaraq tutulması göstərilsə də, əksinə olaraq o, özü könüllü olaraq qardaşından şikayət etmək məqsədi ilə polis bölməsinə getmişdir. Polis bölməsinə getdikdən sonra orada polis əməkdaşları tərəfindən saxlanılmışdır, qardaşı ondan şikayət etdiyi üçün polis əməkdaşları ona təzyiq göstərərək məhz narkotik vasitə istifadəçisi və aludəçisi olduğundan, həmin gün üzərində narkotik vasitə olmasını etiraf etməsini istəmişlər. O da məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dediklərini etmiş, onun üzərinə polis bölməsində xidməti otaqların birində müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilmiş, onun tərəfindən bütün sənədlər imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, narkotik vasitələrdən istifadə etdiyini, lakin həmin gün bölməyə qardaşından şikayət etmək üçün getdiyi vaxt üzərində narkotik vasitə olmadığını, mobil telefonun da üzərində olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid1 Tarıyel oğlu ifadə verərək bildirmişdir ki, o, BPİ-nin 43-cü PB-nin əməliyyat qrupunda əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 19 iyun 2022-ci il tarixdə tərəfindən xx xxxx 1989-cu ildə Lənkaran şəhəri Şilavar kəndində anadan olmuş, Lənkaran şəhəri Şilavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək, qəbul etməsi və üzərində saxlayaraq gəzdirməsi barədə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, buna görə də Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuş, sonra Turalla birlikdə həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında məlumatda göstərilənlərə uyğun olan və xarici görünüşcə Alxosa oxşar şəxsi saxlamış, saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1 -ci mədən, 9-cu korpus nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Alxosa narkotik vsitələrin qanunsuz əldə etməsində və üzərində saxlayaraq gəzdirməsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməyi, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Alxos adlı şəxs heç bir etirazının olmadığını bildirərək onlarla birlikdə ünvan 1 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan bükülünü çıxardıb masanın üzərinə qoymuş, sonra Alxosdan üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulduqda, o, üzərində heç bir başqa əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, həmin qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu bildirdi, həmin narkotik vasitəni 19 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən 22-ci korpusda tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını, özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını və özü ilə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə baxış iclasında dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X11 cinayət işi üzrə digər Şahid1 Tarıyel oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il, saat 17:00-da Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan təmiz çəkisi 1,770 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3455 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,770 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narktik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofona bükülmüş bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olması və həmin maddəni öz istifadəsi üçün 19 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 22-ci korpusda tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli, 4861 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib, N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 331-ci maddəsi ləğv edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 1,720 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin anbarına təhvil verilmişdir. Bundan başqa iş üzrə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesini əks etdirən video çəkilişin köçürüldüyü 01 ədəd DVD disk, məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli 6/3455 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli 4861 nömrəli rəyi iş üzrə sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkilləri tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını, həmçinin, şübhəli şəxsin tutulması haqqında protokolda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin qarşısında saxlanıldığı qeyd edilsə də orada saxlanılmadığını, əksinə olaraq özünün qardaşından şikayət vermək üçün Binəqədi RPİ-nin 43-cü PB-nə gedərkən tutulduğunu bildirmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs müdafiəçisi X9 şifahi vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasında iştirak etmiş əməliyyat müvəkkillərinin anten dairəsi haqqında məlumatların "xxxx" MMC, "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinin 20 iyun 2022-ci il səhər saat 09:00-dan axşam saat 20:00-a qədər hansı anten dairəsində olması, bu nömrələrin daxil olduğu telefonların İMEİ kodları və həmin İMEİ kodlu telefonlarda istifadə olunan digər nömrələrin anten məlumatları və internet şəbəkəsindən istifadə zamanı abonentin anten məlumatları barədə məlumatın "xxxx" MMC, "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Sözügedən qərar icra olunmuş və "xxxx" MMC-dən əməliyyat müvəkkilərinin istifadəsində olmuş mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdə anten dairəsinə dair məlumatlar götürülərək məhkəmə iclasında tədqiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 Tarıyel oğlunun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixə olan anten dairəsi məlumatına əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi azadlığının faktiki məhdudlaşdırıldığı vaxtda, yəni saat 16:00 radələrində anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, ünvan 4 ünvanında qeydə alınmışdır. Daha sonra anten dairəsinin saat 16:12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 4, 1 dəqiqə sonra, yəni saat 16:13-də Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən ərazisində olduğu qeydə alınır. Həmçinin, həmin anten dairəsinə dair məlumatda 1 dəqiqə intervalla anten dairəsinin Bakı şəhəri, Nərimanov rayonu (saat 09:01) və Bakı şəhəri, Binəqədi rayonu (saat 09:02) ərazisində olduğu göstərilir. Məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili X8 istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixə olan anten dairəsi məlumatına əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi azadlığının faktiki məhdudlaşdırıldığı vaxtda, yəni saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 4 ünvanında qeydə alınmışdır. Daha sonra saat 16:32 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 4, 1 dəqiqə sonra, yəni saat 16:33-də Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən ərazisində olduğu qeydə alınır. Məhkəmə hesab edir ki, anten dairəsinin 1 dəqiqə intervalla Bakı şəhəri, Binəqədi rayonu və Bakı şəhəri, Nərimanov rayonu ərazilərində olması, həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 4 və Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən ərazisini 1 dəqiqə ərzində dəyişdirməsi ağlabatan deyil. Bu səbəbdən, məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilmiş anten dairəsinə dair məlumatların sübut növü kimi qəbul edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu gün üzərində narkotik vasitə olmamasına dair verdiyi ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxması, həmin narkotik vasitənin miqdarı cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə” aparılması haqqında 20 iyun 2022-ci il tarixli protokol, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərinin əks edildiyi CD disk, eyni zamanda təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin növünü və miqdarını müəyyən edən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3455 nömrəli rəyi ilə tam sübuta yetirilir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən narkotik vasitə çıxmamasına dair verdiyi ifadəyə tənqid yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs müdafiəçisi X9 təqsirləndirilən şəxsin təqsirsiz olmasına dair mülahizələr irəli sürsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin ona elan olunan ittiham üzrə təqsirli olmaması sübuta yetirilməmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” X7 vasitəsilə Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X16 adlı yetkinlik yaşına çatamayan övladı var. Məhkəmə, X12 yetkinlik yaşına çatamayan övladı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, cinayət işi üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 20 iyun 2022-ci il tarixdə saat 16:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:10-dan 11:05-ə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru Fuad Məmmədov həbsin seçilməsinə dair təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək, hazıradək Ədliyyə Naziliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,720 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmaqla, onun barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilərək, hazırda Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,720 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar