Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-72/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Samux rayonu, Alabaşlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Samux rayonu, Alabaşlı qəsəbəsi ərazi dairəsi, Alabaşlı qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, ibtidai istintaq dövründə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ((bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 21 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,291 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, həmin günü saat 18 radələrində ünvan 2 ünvanın qarşısında Daxili İşlər Nazirliyinin X7 Alayının 2-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə saxlanılıb ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,291 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yanında yerləşən “Bizim” marketdən alışveriş edən zaman orada ödənişlə bağlı kassada anlaşılmazlıq yaranmış, həmin zaman marketdə nəzarətçi işləyən Zahir adlı şəxslə mübahisəsi olmuşdur. Mübahisəyə səbəb 21 iyul 2023-cü il tarixdə həmin marketdən bəzi ərzaq məhsulları alması, dəyərinin kart vasitəsilə ödəniş etmək istəyən zaman pulun keçməməsi olmuşdur. Bundan sonra Zahir adlı şəxs onun marketin ikinci mərtəbəsində ki otağa aparıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Zahir həmin zaman düşünmüşdür ki, o marketdən oğurluq etmək istəyir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları gəlmiş, həmin otaqda onun üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı bir qeyri qanuni əşya aşkar edilməmişdir. Onun üzərinə baxışı polis əməkdaşı Şahid1 həyata keçirtmişdir. Üzərinə baxış keçirilən zaman o, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ödəniş kartı və cibindəki iyirmi yeddi manat pulu çıxararaq stolun üzərinə qoymuş, polis əməkdaşı özünə məxsus telefonla stolun üzərindəki əşyaların şəklini çəkdiyini bildirmişdir. O, bundan sonra Binəqədi RPİ-nin 5-ci Bölməsinə aparılmışdır. O, Polis bölməsində olan zaman bölmənin müavini ilə aralarında mübahisə olmuş, həmin zaman polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etdiyini, yəni narkoman olduğunu demişlər. O isə əvvəllər narkotik vasitə istifadə etdiyini indi isə istifadə etmədiyini bildirmişdir. Onun üstündən heç nə çıxmadığını, ona işgəncə və təzyiq edilərək məcburiyyət qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli onun üzərinə qoyduqlarını, vəkili bir dəfə çəkiliş zamanı gördüyünü söyləmişdir. O, Binəqədi RPİ-nin 5-ci Bölməsinin işçiləri və rəis müavini tərəfindən döyüldüyünü, ona “narkotiki götürməlisən boynuna” deyildiyini, ilk öncə döyüldüyünü, daha sonra stola bağlandığını bildirmişdir. Ona təzyiq edərək döyən şəxslərin 04 nəfər olduğunu, adlarını bilmədiyini, simadan tanıdığını, hər hansı orqana bununla bağlı şikayət etmədiyini, müstəntiqin ona “üç ay ərzində sənə kömək edəcəyəm, bu işlə qurtaracaqsan “ dediyini, müstəntiqin vədinə əməl etmədiyini, prokurorluğa müraciət etmədiyini, həmin vaxt bədənində xəsarət izləri olduğunu söyləmişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə axşam üstü saat təxminən 18:00-19:00 radələrində Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin yaxınlığında yerləşən “Bizim” marketin yanında iş yoldaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Səttar Bəhlulzadə küçəsində aşkar etdiklərini, vətəndaşla fəal söhbət etdiklərini, vətəndaşın öz adını birinci səhv dediyini və onun danışıqları həqiqəti əks etdirmədiyi üçün eləcə də imici, hərəkətləri və hərəkətləri ilə özünü şübhəli apardı deyə onu 5-ci Polis Bölməsinə dəvət etmişdirlər. Üzərinə bölmədə baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni Papanindən aldığını demişdir. Bölmədə şəxsə hər hansı psixi, fiziki təzyiq olmamışdır. Axtarış zamanı şüşə deyilən maddə aşkar olunmuşdur. Saxlanılan şəxs həmin maddəni öz şəxsi istifadəsi üçün Papanindən aldığını söyləmişdir. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq, marketin mühafizəçisinin ona zəng edərək marketdə şübhəli bir adam olduğunu bildirməsini qeyd etmişdir. O isə marketə gəlib kənardan müşahidə apararaq onun xoşagəlməz tip olduğunu görmüşdür. Kənardan müşahidə zamanı onu narkotik təsir altında olan ya da, içki qəbul edən şəxsə bənzətmişdir. Adını soruşduqda Təqsirləndirilən şəxs adının Natiq olduğunu söyləmişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqda isə adının Rafiq olduğu aşkarlanmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. O, marketdə ikinci mərtəbəyə qalxan zaman Təqsirləndirilən şəxs yuxarıda mühafizəçinin yanında olduğunu görmüşdür. Marketin içərisində onun üzərinə tam olarq baxış keçirilməmiş, sadəcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi deyilmiş, sonuncu da üzərindəki əşyaları çıxardıb masaya qoymuşdur. Cibində yandıran, çek filan olmuşdur. Tam baxış keçirilməmişdir. Bölməyə aparıldıqdan sonra orada baxış keçirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanımır. Onu Şahid1la birlikdə ərazidə xidmət aparan zaman təxminən saat 18:00 radələrində Səttar Bəhlulzadə küçəsində Bizim marketin qarşısında şübhəli şəxs kimi görmüşdür. Həmin ərazinin onların xidməti üzrə ərazisi olduğunu bidirmişdir. Sonra onu şübhəli şəxs qismində 5-ci Polis Bölməsinə dəvət etmişdirlər .Marketin işçiləri şübhəli şəxs olduğunu bildirdikləri üçün ora yaxınlaşdıqlarını söyləmişdir. Şahid1 zəng gəlmiş və bundan sonra onlar həmin əraziyə gəlmişdirlər. Marketdə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs adını səhv demişdir, başqa ad demişdir. O, marketdən yağ oğurlamışdır. Təqsirləndirilən şəxsin dediyinə görə o kartla ödəniş edəcəkdir. Ona ödəniş edə bilirsənsə et, get demişdir. O, isə kartlarını çıxartmış, lakin kartlarında pul olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman ona üzərində nə varsa çıxart demişdirlər. O, da üzərində nə varsa çıxartmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı zorakılıq edilməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onların mühafizə xidmətinin bir şəxsi saxlaması ilə bağlı ona məlumat bildirilmişdir. Təqsirləndirilən şəxs əlində “Bizim” Marketə məxsus ərzaq məhsulları olan paket olmuşdur. Mühafizə xidməti onu saxladığı zaman o, heç nə oğurlamadığını, heç nə etmədiyini söyləmişdir. Rəhbər şəxs, yəni mağaza müdiri mağazada olmadığına, əvəzləyici şəxs o, olduğuna görə kamera otağına yaxınlaşmış və ona kassa alğı-satqısı zamanı qeydə alınan görüntüsünü göstərmişlər. Görünütülərdə marketdən çıxmaq istəyən həmin vətəndaşın marketin əməkdaşları tərəfindən tutulduğunu görmüşdür. O, həmin şəxslə danışmaq üçün aşağı mərtəbəyə düşmüşdür. Həmin vaxt marketin nəzarət xidməti polis çağırmışdır. Təqsirləndirilən şəxs ikinci mərtəbəyə gözlətmişlər. Polis gəldikdən sonra otaqdan çıxdıqlarını, polis əməkdaşlarının “biz aparmalıyıq, qurtardı getdi” dediklərini bildirmişdir. Nəzarət kameralarına baxış otağında baş verən hadisələrdən xəbəri olmamışdır. Ona verilən suallara cavab olaraq mağazada Təqsirləndirilən şəxs oğurluq ehtimalı ilə saxlanıldığı zaman polis əməkdaşlarına zəng etdiklərini və polis əməkdaşları mağazaya gəldikdən sonra onların söhbətdən kənarlaşdıqlarını bildirmişdir. Mağazada şübhəli şəxs gördükləri zaman onun məlumat verməyə ixtiyarının olmadığını söyləmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hazırda "xxxx" MMC-də işləyir. “Bizim” Market mağazasında baş mühafizəçi işləmişdir. Hadisə bir neçə ay bundan öncə baş vermişdir. Həmin gün bir nəfər şəxs ərzaq məhsullarını kassaya vurmamış, bu səbəbdən mağazadan çıxan zaman saxlanılmışdır. Həmin şəxsi marketdə ikinci mərtəbədə gözlətmişdirlər. Hadisə baş verəndə Zahir orada olmamış o, sonradan yaxınlaşmışdır. Şəxsi kamera görüntülərinə baxış keçirtmək üçün mağazanın kameralara nəzarət otağına aparmışdırlar. Bu zaman 03 nəfər, yəni o, Zahir və Vüsal adlı polis əməkdaşı olmuşdur. Marketin əməkdaşları onların səlahiyyətinə aid olmadığı üçün Təqsirləndirilən şəxs üzərində axtarış keçirtmədiklərini söyləmişdirlər. Çevik polis əməkdaşlarına məlumat mühafizəçi kimi özü tərəfindən verilmişdir. Saxlanılan şəxs otaqda saxlanıldığı zaman həmin kamera otağında daimi olmadığını, otağa girib-çıxdığını bildirmişdir. Belə ki, o, ərazi rəislərinə hadisə barədə məlumat vermişdir. Oğurlanmış ərzaq məhsullarının içərisində iki qab yoqurt, qatılaşdırılmış süd olmuşdur. Ərzaq mallarının ümumi dəyəri 35-40 manat təşkil etmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs səs-küy etməmişdir. Hadisə 15 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs zahiri görünüşündən narkotik vasitələr istifadəçisi olduğunu güman etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 21 iyul 2023-cü il tarixdə saat 18:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 22 iyul 2023-cü il tarixdə təhqiqatçı Əli Əliyevin qərarı ilə cinayət işi aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin tarixdə cinayət işi icraata qəbul edilmişdir. 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb etmək üçün kifayət qədər sübutlar olmadığından sonuncu şübhəli şəxs qismində RPİ-nin MSY-dən azad edilmişdir. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 22 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3947 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №174” möhür əksi, “...Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,291 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X3 X4 Komissiyasının 27 iyul 2023-cü il tarixli 4783 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 5-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin bükümdə şüşə kimi tanıdığı maddə vardır, onu həmin günü günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində saxlamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 5-ci PB-nin xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, disk “DVD” formatlıdır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü aşkar olunmuş, həmin görüntü açıldıqda Binəqədi RPİ-nin 5-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, belə ki, sonuncu özünü təqdim etmiş, onun yanında iki nəfər polis əməkdaşlar vardır, polis əməkdaşları DİN-nin ƏÇPA-nın 2-ci PB-nün polis nəfərləridir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, o da da əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxarıb təqdim etmiş və həmin bükümün içərisində ağ rəngli rəngli maddə vardır. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən heç bir əşya aşakr edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə “şüşə” kimi tanıdığı maddədir, onu həmin günü günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 4(001)- 722/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,241 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə CM-in 145.2.4, 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 20 dekabr 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-in 178.3.2-ci maddəsi CM-in 29, 178.2.1, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsinə tövsüf edilmiş, CM-in 320.1-ci maddəsinə xitam verilmiş, qəti olaraq 09 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə Ali məhkəmənin qərarı ilə CM-in 29, 178.2.1, 29,178.2.4-cü maddələri xaric edilmiş, CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 04 il 06 ay, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il, CM-in 66.3-cü maddəsi tətbiq edilərək 06 il, CM-in 69.3-cü maddəsi tətbiq edilərək 5 il, 05 ay, 27 gün azadlıqdan məhrum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdət tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 66.5 və 69.3-cü maddələrinə əsasən 1 (bir) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(001)- 627/2023 saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində (Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə 10 A) yerləşən “Bizim market”in müşahidə kameralarından binanın giriş, həyətyanı sahə və binanın daxili görüntülərinin əks olunduğu xx.xx.2023-cü il tarixə olan video görüntülərin məhkəməyə təqdim edilməsi üçün qərar qəbul edilmişdir. 02 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, “Bizim market”in müşahidə kameralarından binanın giriş, həyətyanı sahə və binanın daxili görüntülərinin əks olunduğu video görüntü kameralarının yaddaş tutumunun maksimum 20-30 gün təşkil etdiyi üçün video görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Binəqədi Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı Binəqədi RPİ-nin 5-ci PB-nin polis əməkdaşları Şahid2 və qeyriləri tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 339.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(001)- 72/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə daxil olan və çıxan zənglər, SMS mətnlər, habelə qeyd olunan müddət ərzində zənglər qəbul edilərkən və həmin nömrələrdən zənglər edilərkən abonentin hansı əhatə dairəsində olması (anten dairəsinin) barədə məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə saat 14:06-14:51 dəqiqə müddətində yalnız Bakı şəhəri, Binəqədi rayonu ərazisi hüdudlarında olduğu, Papanin adlanan ərazidə olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Bizim” marketdən bir neçə ərzaq məhsulu almış, aldığı məhsulların dəyərini ödəmək üçün kassaya yaxlınlaşaraq ödəniş kartından ödəniş etmiş, lakin kassadakı əməkdaşın ödənişin keçməməsi səbəbi ilə onun getməsinin qarşısını almaq üçün marketin mühafizəçisinə bildirmiş, mühafizəçi Təqsirləndirilən şəxs dayandıraraq aldığı məhsulların dəyərini ödəməsi ilə bağlı məsələni soruşmuş və marketin əməkdaşları onun məhsulları oğurlamaq istəməsindən şübhə edərək çevik polis əməkdaşlarını çağırmış, polis əməkdaşları gələnə qədər onu marketin ikinci mərtəbəsində gözlətmişlər, polis əməkdaşı Şahid1la ikinci mərtəbədə müşahidə kameralarına nəzarət otağında Təqsirləndirilən şəxs kassada satış əməliyyatının keçirildiyi vaxtın video görüntülərinə birlikdə baxmışlar, həmin vaxt sonuncu üzərindəki əşyaların stolun üzərinə qoymuş, daha sonra oğurluq faktının araşdırılması üçün o, Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə aparılmış, həmin zaman onun üzərində narkotik vasitə olmamışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, 5-ci Polis Bölməsinə aparıldıqdan sonra təzyiqlərlə üzləşdiyini və məcburiyyət qarşısında qalaraq CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli özünün törətdiyini qəbul etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş polis əməkdaşları və əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri ittihamı təsdiq edən ifadələr olmamış, ibtidai istintaq dövründəki ifadələrlə, iş materiallarında göstərilən hallarla məhkəmə araşdırması zamanı verilən ifadələr arasında ziddiyyətlər olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlərin ifadəsi Təqsirləndirilən şəxs ifadəsi ilə eynilik təşkil etməklə həmin ifadələr təqsirləndirilən şəxsin yolda saxlanılması və polis bölməsində üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metafetamin aşkarlanması faktını əsaslı şübhə altına almışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokolun, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, cinayət işində olan xx.xx.2023-cü il tarixli raportda : “xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Səttar Bəhlulzadə küçəsi 10A ünvanda xidmət apararkən özünü şübhəli aparan bir nəfər şəxsi gördük, həmin şəxsə yaxınlaşdıq həmin şəxs öz hərəkətlərində şübhəli olduğu üçün həmin şəxsi 2422 saylı avtopatrulla 5-ci polis bölməsinə təmin etdik. Bölmədə məlum oldu ki həmin şəxs Təqsirləndirilən şəxsdur.” Halbuki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən “Bizim” marketin binasında oğurluqda şübhəli bilinərək saxlanıldığı və bu səbəbdən polis bölməsinə aparıldığı müəyyən edilmişdir. Cinayət işində olan 22 iyul 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolunda, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 14:00-da Papanin adlanan yerdən tanımadığı şəxsdən 20 manat şəffaf sellofana bükülmüş bir ədəd bükümün içərisində psixotrop maddə “şüşə” deyilən maddəni alaraq üzərində saxladığını, həmin tarixdə saat 18 radələrində Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 10A ünvanının qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiyini, onun üzərində psixotrop maddə olduğu üçün həyəcanlanıb qorxduğunu qeyd etmişdir. Halbuki məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs təzyiqlərə görə yalan ifadə verdiyini bildirərək, üzərində heç bir psixotrop və narkotik vasitə olmadığını, ümumiyyətlə həmin günü “Papanin” adlana ərazidə olmadığını bildirmiş və onun saxlanılma yeri və şəraiti barədə qeyd etdiyi hallar iş üzrə şahid ifadələri, o cümlədən təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatları ilə öz təsdiqini tapmışdır. Həmçinin anten məlumatları ilə təqsirləndirilən şəxsin 21 iyul 2023-cü il tarixdə 14 radələrində “Papanin” adlana ərazidə olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla uydurma xarakter daşıdığından həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,291 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan psixotrop maddənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, reallığı özündə əks etdirmədiyindən onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 0,291 qram metafetamin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. xx.xx.2023-cü il tarixli, 4887 nömrəli “Ambulator X1” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkolojitibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,291 qram olan psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,241 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetamin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, çəkisi 0,241 qram olan psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən təmiz çəkisi 0,291 qram olan psixotrop maddə metafetamin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,241 qram olan psixotrop maddə metafetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-72/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-72/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver