Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-725/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslə onun qardaşı oğlu vasitəsi ilə tanış olmuşdur. Qızı Zeynəb universiteti bitirib heç bir yerdə işləmədiyindən ona iş axtarmaq məqsədi ilə xüsusi ittiham qaydasında şikayət verilən şəxslə tanışlıq münasibəti yaratmışdır. Söhbət əsnasında qızının işsiz olduğunu bildirmişdir. X3 onun tanışı olduğunu və kömək edə biləcəyini bildirmişdir. 09 oktyabr 2019-cu il tarixdə ona qızını işə düzəltmək üçün 11.000 (on bir min) manat pul vermişdir., lakin aradan müəyyən vaxt keçməsinə baxmayaraq, bir xəbər olmamışdır. X3 onunla əlaqə saxlayaraq 3000 (üç min) manat əlavə pul lazım olduğunu bildirmişdir. Həmin pulu hesab kartına Biləcəri qəsəbəsində yerləşən “Rahat” marketdə ödəmə terminalı vasitəsi ilə ödəmişdir. Bundan sonra qızı xəstələnmiş və onun müalicəsi ilə məşğul olmuşdur. Bir müddət keçdikdən sonra X1 onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Elə bu səbəbdən də Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Müraciəti Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı Kamandar Ələsgərovun icraatında olmuş, sonra isə Binəqədi RPİ-nə göndərilmiş və Nuru Həsənovun icraatına verilmişdir. Binəqədi RPİ-nin müstəntiqi 26 avqust 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın təsviri hissəsində göstərilir ki, araşdırma zamanı izahatı alınmış X2 yazmış olduğu ərizəsi ilə cavabdeh tanış olmuş, bildrmişdir ki, guya onunla 2003-cü il tarixində tanış olmuş, sonra isə yaxın münasibətdə olaraq, qeyri rəsmi olaraq ər-arvad kimi yaşamış, lakin 2019cu il tarixindən isə münasibətlərinin pisləşməsi səbəbindən ondan ayrılmışdır. 19 iyun 1996-ci il tarixli Vİİ JQ 263979 №-li Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, o ailəlidir, övladları vardır, həmçinin, ali təhsilli müəllimədir. Göründüyü kimi, Binəqədi RPİ-nin istintaq şöbəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şər-böhtan yazmaqla onun nüfuzuna xələl gətirmiş və ailə daxilində söz-söhbətə səbəb olmuşdur. Odur ki, X3 barəsində Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən cinayət məsuliyyətini cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 verilmiş şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və X1 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, X4 ilə bağlı polis idarəsində verdiyi izahat tamamilə həqiqəti əks etdirən məlumatlardır. Belə ki, o, X4 ilə 2003-cü il tarixdən qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. 2019-cu ildən isə münasibətlərinin pisləşməsi səbəbindən ayrılmışlar. Kəbirə Əliyevanın qızını işə düzəltmək üçün 11000 manat, daha sonra 3000 manat pulu ondan alması ilə bağlı qeyd etmək istəyir ki, o, Kəbirə Əliyevadan yalnız 3000 manat borc pul almışdır. Kəbirə Əliyeva həmin pul məbləğini tanıdığı şəxsdən faizlə götürmüşdür, o daha sonra hissə-hissə həmin məbləği Kəbirə Əliyevaya geri qaytarmışdır. Qızını işə düzəltmək üçün isə ümumiyyətlə ondan pul almamış, sadəcə tanışı Rafiq adlı şəxsdən öz işlədiyi firmaya işə düzəltməsinə köməklik göstərməsi üçün xahiş etmişdir. Göstərilənlərin nəzərə alınmasını, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən yalnız barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin ad, soyad, ata adı, qeydiyyat ünvanı sadalanmaqla kifayətlənmiş, onun təvəllüdü, məşğuliyyəti, vəzifəsi qeyd edilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində X4 tərəfindən özü iddiaçı kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs isə cavabdeh kimi qeyd edilmişdir ki, göstərilən hal da qanunvericiliyin tələblərinə ziddir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147.1-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X3 barəsində CM-in 147.1-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X1 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-725/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-725/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver