Məhkəmə qərarları › İş №1(001)-73/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-73/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-73/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ağdam şəhəri, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta ixtisas təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə xx.xx.1983-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, ali təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 24, mənzil 90-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 251A, mənzil 79-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun bacısı oğlu olan X3 cəzaçəkmə müəssisəsindən sərbəst buraxdıracağına dair yalan vəd verib aldadaraq inandırmış və 2018-ci ilin iyul ayının ortalarında ünvan 1 ünvanında yerləşən “Həyat” şadlıq sarayının qarşısında Şahid1 vasitəsi ilə 14000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, sonuncunun bacısı oğlu olan X3 cəzaçəkmə müəssisəsindən sərbəst buraxdıracağına dair yalan vəd verib aldadaraq inandırmış və 2018-ci ilin iyul ayının ortalarında ünvan 1 ünvanında yerləşən “Həyat” şadlıq sarayının qarşısında Şahid1 vasitəsi ilə 14000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2015-ci ildən tanıyır, sonuncu ilə bir iki dəfə iş görmüş və Təqsirləndirilən şəxs1 ona təxminən 52500 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs hadisə baş verənədək yaxından tanımamış, sonuncunu kirvəsi Rafaelin dayısı olduğunu bilmişdir. Təxminən 2018-ci il tarixdə Rafael ona qohumunun bir nəfər şəxsə bıçaqla xəsarət yetirməsini və qohumunun İstintaq Təcridxanasında həbsdə saxlanıldığını bildirmişdir. Ondan həmin şəxsə kömək etmək üçün tanış adam olub olmadığını soruşduqda o, Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu və sonuncunun həmin işin öhdəsindən gələ biləcəyini Rafaelə bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 ilə danışıb həbsxanadan azad ediləcək şəxsin anket məlumatlarını sonuncuya vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 ona həmin işin həlli üçün danışdığını və bu iş müqabilində ondan 14000 manat pul istədiklərini bildirmişdir. Bundan sonra o, bu barədə Rafaelə bildirmiş və Rafael də qohumlarının mobil nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs1 14000 manat pulu özünə götürüb, sonuncuya ona olan 52500 manat borcundan çıxacağını Təqsirləndirilən şəxs1 bildirdikdə sonuncu onunla razılaşmışdır. Beləliklə 2018-ci ilin iyun ayında o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Çingizin qohumu olan Ceyhun adlı şəxslə Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsində yerləşən «Həyat» şadlıq sarayının qarşısında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs1 biraz kənarda dayanmış, lakin onun Şahid1la söhbətini eşitmişdir. Həmin vaxt o, Şahid1 bu işi görmək üçün Zərərçəkmiş şəxs göndərdiyi 14000 manat pulu almışdır. Pulu Şahid1 aldıqdan sonra, sonuncu çıxıb getmiş, o, isə Təqsirləndirilən şəxs1 ilə danışdığı kimi 14000 manat pulu özünə götürməli olduğu halda Təqsirləndirilən şəxs1 həmin işi görmək üçün ondan 2500 manat pul istəmiş və o, sonuncuya 2500 manat pulu elə həmin yerdə vermişdir. 11500 manat pulu isə Səfərin ona olan 52500 manat borcundan silmişdir. Təxminən 20-25 gün sonra Təqsirləndirilən şəxs1 ona söz verdiyi işin öhdəsindən gələ bilmədiyni, götürdüyü 14000 manat pulu özü Çingizə qaytaracığını bildirmişdir. Yəni əslində onun Çingizə heç bir borcu olmamış və Təqsirləndirilən şəxs1 həmin pulla ona olan borcundan 12500 manat borcunu silmiş olurdu. Əlavə olaraq Səfərin onun özünə 41000 manat borcu qalmışdır. Bir neçə ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 həmin pulu Çingizə verə bilməmişdir. Həmin ərəfədə o, vəziyyətin bu cür olduğunu görüb Çingizlə bir dəfə görüşərək, pulu qaytarmağa biraz vaxt verməsini xahiş etmişdir. Çingiz onlara müəyyən vaxt versə də, Təqsirləndirilən şəxs1 pulu qaytara bilmədiyi üçün Çingiz onların barəsində polisə şikayət emişdir. İlkin araşdırmanın gedişatında Təqsirləndirilən şəxs1 dəymiş maddi ziyanın 7000 manatını Çingizə qaytarmış və yerdə qalan 7000 manatı da qaytaracağına söz versə də, qaytara bilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxsə dəymiş ziyanın qaytarılmasının, himayəsində az yaşlı uşağının olmasının nəzərə alınmaqla məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilib ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Rəfaeli tanıyır. Onun dostu Təqsirləndirilən şəxs2 52500 manat borcu olmuşdur. Təqsirləndirilən şəxs2 ona zəng edərək, Rəfaelin qohumunun bir nəfər şəxsi bıçaqladığını, bunun üstündə həbsdə olduğunu və həmin adamı həbsxanadan çıxarmaq lazım olduğunu bildirmişdir. O, isə Təqsirləndirilən şəxs2 cavab olaraq həmin şəxsi həbsxanadan çıxara biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Çingiz adlı şəxsin istifadəsində olan mobil nömrəsini vermiş və sonucunun həbsxanada olan şəxsin dayısı olduğunu ona bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ona Çingizin bu işə görə 14000 manat pul verə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ona bu işi həll edəcəyi halda, ona olan 52500 manat borcundan 15000 manatını siləcəyini bildirmişdir. Bundan sonra o, Çingizin istifadəsində olan mobil nömrəsinə zəng edib adının Seyid olduğunu bildirib, bacısı oğlu İbrahimi həbsxanadan məhkəmə vasitəsilə azad edə biləcəyini demişdir. Bir neçə gündən sonra Çingizin qohumu Şahid1 "Həyat'' şadlıq sarayının yanında avtomobilin içində Təqsirləndirilən şəxs2 14000 manat pul vermiş, o, isə həmin vaxt avtomobildən bir az aralı “Həyat” şadlıq sarayının yanında dayanıb gözləmişdir. Ceyhun gedəndən sonra o, Təqsirləndirilən şəxs2 yaxınlaşmış və sonuncu ona 14000 manat pulun onda olduğunu, İbrahimi həbsxanadan çıxaracağı halda ona olan 52500 manat borcundan siləcəyini təkrar etmişdir. Bundan sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə şəxslərlə əlaqə saxlamış, lakin nə qədər çalışsa da İbrahimi həbsxanadan çıxara bilməmişdir. Bu səbəbdən Çingiz ona zəng edərək, verdiyi 14000 manatı tələb etmişdir. O, isə Çingizə pulu Təqsirləndirilən şəxs2 verdiyini və pulu sonuncudan tələb etməsini bildirmişdir. O, Çingizlə müxtəlif yerlərdə təxmini 4-5 dəfə görüşmüş və hər dəfə Çingizdən müddət istəmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır. 02.06.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayında bacısı oğlu İbrahim kirayə qaldığı evdə qonşusu ilə mübahisə edərək, qonşusunu bıçaqlamış, İbrahimin barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, Kürdəxanı istintaq təcridxanasında İbrahimin ziyarətinə tez-tez gedirmiş. İbrahim ona işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağını bildirmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin işi soruşduqla belə bir işin orada olmadığını ona bildirmişlər. O, məhkəmədən çıxanda yolda təsadüfən xalası nəvəsi Rəfael ilə qarşılaşmış və İbrahimin işini Rafaelə danışmış, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi düzəldəcək şəxs axtardığını bildirmişdir. Rəfael ilə həmin danışıqdan təxminən 3-4 gün sonra Rafael ona zəng edərək, İbrahimin məsələsində ona kömək edəcək “Seyid” ləqəbli şəxsi tapdığını, onun mobil nömrəsini həmin şəxsə verdiyini və tezliklə ona zəng ediləcəyini bildirmişdir. "Seyid” ləqəbli şəxs ona zəng edərək, Rəfaelin dostu “Seyid“ olduğunu bildirmişdir. “Seyid” ləqəbli, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 adlı şəxs ona vəkil və məhkəmənin xərcini ödəyə bilib-bilməyəcəyimi soruşmuşdur. O, Təqsirləndirilən şəxs1n məbləği soruşduqda, sonuncu ona 14000 manat pul lazım olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 dediyi məbləğlə o, razılaşmış, çünki bacısı Cəmilənin yeganə övladının həbsxanada qalmasına razı ola bilməzdi. O, Ağcabədi rayonu, Cəfərbəyli kəndində yerləşən iki mərtəbəli evini 15000 manata satmışdır. 2-3 gün sonra Rəfael ona zəng edərək, Təqsirləndirilən şəxs1 ona zəng etdiyni, 14000 manat məbləğində pulu sonuncuya çatdırmaq lazım olduğunu bildirmişdir. O, Rəfaelə səhəri gün 14000 manatı çatdıra biləcəyini demişdir. Səhəri gün o, işdən çıxa bilmədiyi üçün, xalası qızı Çöhrənin kürəkəni Şahid1 zəng edərək, müəyyən məbləğdə pulun bir nəfər şəxsə çatdıra bilib-bilməyəcəyini soruşmuşdur. Ceyhun isə nahara yaxın iş növbəsini bitirəcəyini Bakı şəhərində “Ayna Sultanova” deyilən yerdə görüşərək pulu ondan ala biləcəyini bildirmişdir. Təxminən 2018-ci ilin iyul ayında o, nahar fasiləsində taksi ilə “Ayna Sultanova” deyilən yerə gedərək, Şahid1la görüşərək 14000 manat pulu kağıza bükülü formada və Təqsirləndirilən şəxs1 mobil nömrəsini Şahid1 verərək, pulu sonuncuya çatdırmasını xahiş etmişdir. Axşam saatlarında Şahid1 ona zəng edərək, 14000 manatı qaynı Rəfaelin dostu Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində yerləşən “Həyat” şadlıq sarayının yanında avtomobilin içərisində verdiyini demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 avtomobildən bir az aralı “Həyat” şadlıq sarayının qarşısında dayandığını bildirmişdir. Xeyli vaxt keçdiyinə baxmayaraq, Təqsirləndirilən şəxs1 heç bir məlumat çıxmamışdır. Təqsirləndirilən şəxs1 ilə o, müxtəlif yerlərdə təxminən 4-5 dəfə görüşmüş və hər dəfə sonuncuonu aldadaraq vədlər vermişdir. Bundan sonra 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs2 ona zəng edərək, “Həyat” şadlıq sarayının qarşısında görüşməyi təklif etmiş və onlar həmin yerdə görüşdükdə, Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 pul istəməməsini, pulu özü ona verəcəyini bildirərək, ondan 2019-cu ilin mart ayının axırına qədər vaxt istəmişdir. O, 2019cu ilin mart ayının axırına kimi gözləmiş, lakin onlardan heç bir xəbər çıxmamışdır. Bundan sonra o, məcbur qalıb polisə bu barədə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışıq əldə olunmuş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayında qohumu Zərərçəkmiş şəxs ona zəng edərək, bacısı oğlu olan X1 CÇM-dən azad etdirmək istəydiyini, bununla bağlı qaynı Rafaelin vasitəsi ilə “Seyid” ləqəbli, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslə tanış olduğunu və həmin şəxsin onun bacısı oğlunu 14000 manat müqabilində məhkəmə vasitəsi ilə azadlığa buraxdıracağını söz verdiyini, həmçinin həmin şəxsin böyük vəzifədə işlədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona 14000 manat pul düzəltdiyini və həmin məbləği Təqsirləndirilən şəxs1 çatdırmasını ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs xahişini nəzərə alıb 2018-ci ilin iyul ayınında iş növbəsindən çıxdıqdan sonra, sonuncu ilə Bakı şəhəri, Ayna Sultanovanın heykəlinin yanında görüşərək, həmin 14000 manat pulu Zərərçəkmiş şəxs götürüb, Təqsirləndirilən şəxs2 adlı şəxslə əlaqə saxlamış və pulu hara aparacağını ondan soruşmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs2 pulu Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən «Həyat» şadlıq sarayının qarşısına gətirməsini tələb etmişdir. O, “Həyat” şadlıq sarayının qarşısına getmiş və orada olan zaman Təqsirləndirilən şəxs2 ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 isə «Həyat» şadlıq sarayının həyətindəki çayxanada çay içmiş, Təqsirləndirilən şəxs2lə görüş zamanı Zərərçəkmiş şəxs ona verdiyi 14000 manat pulu təqdim etmişdir. O, Təqsirləndirilən şəxs2 pul verən zaman onların görəcəkləri iş barədə heç bir söz danışmamışdır. Məhkəmə baxışı zamanı Şahid2 şahid qismində elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs anasının xalası oğludur, Təqsirləndirilən şəxs2 isə oğlunun kirvəsidir. 2018-ci ilin iyul ayında kirvəsi Cavid və onun dostu olan Təqsirləndirilən şəxs1lə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Həyat” restoranında əyləşən zaman, Zərərçəkmiş şəxs ona zəng vurmuşdur. Çingiz ona telefonda bacısı oğlu İbrahim Məmişovun bıçaqla adam vurub xəsarət yetirdiyini, buna görə İstintaq Təcridxanasında saxlanıldığını və işinin hal hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ondan əhatəsi geniş olduğundan bu işin həlli üçün bir nəfər nüfuzlu adam tapmasını xahiş etmişdir. O, Çingizə bu məsələ ilə bağlı maraqlanacağını deyib telefon danışığını bildirdikdən sonra, Təqsirləndirilən şəxs1 onun danışığının şahidi olduğundan, nə baş verdiyini soruşduqda, o Çingizin dediklərini sonuncuya təkrar danışmışdır. Təqsirləndirilən şəxs1 ona geniş əhatəsi olduğunu, Bakı Ağır Cinayətlər Məhkəməsində dayısının işlədiyini, həmin işi 14000 manata müqabilində həll etdiyni bildirmişdir. O, Təqsirləndirilən şəxs1 bahalı avtomobillər idarə etməsini, səliqəli geyimdə olmasını gördüyündən, fikirləşmişmiş ki, 14000 manat pula görə Təqsirləndirilən şəxs1 yalan danışmaz. Lakin, Təqsirləndirilən şəxs1 barədə Təqsirləndirilən şəxs2 də maraqlanmış, sonuncu Səfər Səfərəzadənin düz adam olmasını təsdiq etmiş və bu işin öhdəsindən gələ biləcəyini ona bildirmişdir. Bundan sonra o, bu barədə Zərərçəkmiş şəxslə danışmış və sonuncuya Təqsirləndirilən şəxs1 dərindən tanımadığını, əgər özünün başqa adamı varsa həmin adamla iş görməsini, lakin Çingiz ona başqa adamının olmadığını və Səfərlə bu işi görmək istədiyini bildirmişdir. Bundan sonra o, Cavid, Səfər və Çingizlə görüşən zaman, bu işin həlli üçün 14000 manata razılaşmışlar. Həmin ərəfədə o, Çingizin, qohumu Ceyhunun vasitəsi ilə Səfərə 14000 manat pul göndərdiyni və Ceyhun həmin pulu Binəqədi rayonu, 8-ci mikrorayon “Həyat” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs2 verdiyini eşitmişdir. Onun Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qohumu Çingizlə tanış etməsində məqsədi, Çingizə bu işdə təmənnasız kömək olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona həmin 14000 manatdan heç bir məbləğdə pul verməmişlər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30.12.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. (i.v. 1) 27.05.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “Həyat” şadlıq sarayının qarşısıdır. (i.v. 29-30) Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş iltizamdan və qəbzdən görünür ki, sonuncu Zərərçəkmiş şəxs 7000 manat ödəmişdir. (i.v. 52, 53) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (i.v. 79) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, təqsirləndirilən şəxs Səfərzadə X4 rayon Məhkəməsinin 07.11.2002-ci il tarixli hökmü ilə CM-in 263.2, 264-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 13.01.2003-cü il tarixli qərarı ilə 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01.08.2016-cı il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Abşeron rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə CMnin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4, 67.1-ci maddələrinə əsasən 4000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. 16.08.2019-cu il tarixdə həmin cərimə tam ödənilmişdir. (i.v. 80-82, 85-91) 28.02.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v. 95) 28.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (i.v. 99) 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 112-113) 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v.123-124) AZE11786051 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 05.05.2011-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı vardır. (i.v.127) 02.05.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 130) 12.07.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (i.v. 132) 12.07.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Resublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. (i.v. 134) 12.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 147-148) 12.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v.158-159) 16.07.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış. (i.v. 165) 01.11.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək, istintaqı davam etdirilmişdir.(i.v. 167) 01.11.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 169-172) Binəqədi RPİ-nin 5-ci polis bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 190) Binəqədi RPİ-nin 5-ci polis bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 191) 19.04.2021-ci il tarixli qərardan ki, qəbz sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 192- 199) Zərərçəkmiş şəxs 02.06.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənildiyidən Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 29.12.2021-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formasından ölmüşdür. Müdafiəçi1 09.06.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vəfat etdiyindən CPM-in 39-cu maddənin tələblərinə əsasən bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.05.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş və ölmüş şəxsin yaxın qohumu (qohumları) Təqsirləndirilən şəxs1 hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmənin 09 iyun 2022-ci il tarixli, 1(001)-73/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual 39.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4, 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayət əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində azyaşlı uşağın olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayət əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar