Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-73/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,730 qram çəkidə narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 iyul 2023-cü il tarixdə saat 15:35 dəqiqədə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yeni yaşayış massivində binaların arxa tərəfində saxlanılıb Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 7/100 ünvanda yerləşən 40-cı PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,730 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatdadır, lakin ünvan 3ır. Təxminən bir il müddətində narkotik vasitə heroin istifadə etmişdir, belə ki, narkotik vasitə aslılığında olduğu üçün bədənində ağrılar əmələ gəlmiş və ağrıların qarşısını almaq üçün də narkotik vasitə heroin alaraq inyeksiya yolu ilə qəbul etmişdir. Əvvəllər məhkum olunmuş və azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib vaxtından əvvəl şərti azad olunmuşdur. Sonuncu dəfə 12 iyul 2023-cü il tarixdə 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata narkotik vasitə heroin alaraq cibinə qoyub üzərində saxlayaraq gəzdirmişdir. Həmin gün saat 15:35 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yeni yaşayış massivində yerləşən yaşayış binalarının arxasında piyada gedən zaman iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. 40-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərində öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş olunmaqla şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümn içərisində nə olduğu və haradan əldə etməyi soruşulmuş, bu zaman bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin günü saat 12 radələrində Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokolun doğruluğunu və zərfi imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilmiş 0,730 qram narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, o, cümlədən kimlərəsə satmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyil, belə ki, həmin şəxsi tanımamışdır. Həmin şəxsi yalnız üzdən tanımış və şifahi olaraq narkotik vasitə istifadə etməsini bilmişdir. Müvəqqəti olaraq 4-5 günlük Masazır qəsəbəsi, S.Aslanov küçəsində yerləşən 6 mərtəbəli binanın, 1-ci blokundakı 1 nömrəli mənzildə gəlmiş, buna görə də maddi vəziyyəti ilə əlaqədar istintaqdan yayınmışdır. Faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski 36, mənzil 9 ünvanda yaşamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 12 iyul 2023-cü il tarixdə xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Binəqədi rayon prokuroruna və Binəqədi Rayon Məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin sahə rəisi, polis mayoru Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzvü Şahid2 ilə birlikdə məlumat əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yeni yaşayış massivinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncunu kənardan bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığı zaman saat 15:35 dəqiqədə sonuncunu binaların arxa hissəsində saxlamışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Bölmədə raport yazıb rəisə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında vəkilin iştirakının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə olması görünmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olmasını, narkotik vasitəni həmin günü səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını demişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Səhəri günü Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə 0,730 qram narkotik vasitə heroin vardır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:45-də Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,730 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə heroindir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Cəfər Nəzərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli, 4470 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, X2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi məqsədilə barəsində həbsli axtarış elan edilmiş və cinayət işinin istintaqı təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. 18 avqust 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağrəngli sellofan bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 RPİnin MSY-dən azad edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-248/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 08 ay 29 günündən vaxtından əvvəl şərti azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,680 qram psixotrop maddə heroin, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, axtarış və diskə baxış protokolları, ekspertiza rəyləri iş üzrə maddi sübut kimi qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-628/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından üzrlü səbəb olmadan yayındığı üçün barəsində seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmiş və cinayə işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində tutulmuş və Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(001)-971/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Tahir oğlunun barəsində 4 ay müddətinə həbs qotimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı həmin görüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olmaması müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 12 iyul 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,730 qram çəkidə narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 iyul 2023-cü il tarixdə saat 15:35 dəqiqədə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yeni yaşayış massivində binaların arxa tərəfində saxlanılıb Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 7/100 ünvanda yerləşən 40-cı PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,730 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa istintaq orqanı tərəfindən sübut kimi istifadə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair protokol və videoyazı ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilsə də, məhkəmə iclası zamanı videoçəkilişə baxış keçirilərkən videogörüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən axtarış və ya götürmə foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparılır, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı iştirak etmiş şahidlər X6 və X3 onun üzərindən narkotik vasitə olan heroin aşkar edilməsini göstərsə də, həmin şahidlər cinayət prosesində şəxsi marağı olmayan şəxs hesab edilə bilmədiyindən hal şahidi kimi qəbul edilə bilməzlər. Məhkəmə qeyd edir ki, həmin iki polis əməkdaşı təqsirləndirilən şəxsi tutaraq təhqiqatçıya təhvil verən şəxslərdir. Onların iş üzrə şəxsi marağı olmayan şəxslər kimi qiymətləndirilməsi qeyri-mümkündür. Göründüyü kimi, şübhəli şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürməni əks etdirən videogörüntü tam olmadığından(şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı görüntü mövcud deyil), həmçinin həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı iki hal şahidi (cinayət prosesində şəxsi marağı olmayan) iştirak etmədiyindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyul 2023-cü il tarixli protokolun sübutedici qüvvəsi yoxdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə vermiş olduğu etirafedici ifadəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. AR CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs Tahir oğlu özünü təqsirli bilsə də, şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsiri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunvericiliyin tələbinə riayət edilmədən aparılmış, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi inkar olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 114 ( yüz on dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,680 qram narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,680 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 4(012)-971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,730 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,680 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-73/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-73/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver