Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-732/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Camal” adlı şəxsin qabaqcadan onun“whatsapp” ani mesajlaşma proqramında olan hesabına narkotik vasitənin şəkilini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən yol nişanının altından 20 (iyirmi) manat pulu “Milli ön” ödəniş terminalı vasitəsi ilə əvvəlcədən “Camal” adlı şəxsin ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,986 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu azadlıq prospekti «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,986 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X9 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan psixotrop maddə istifadəçisi olmuşdur. Narkotik vasitələri İran İslam Respublikası vətəndaşı «Camal» adlı şəxsdən əldə etmişdir. Belə ki, o, Camal adlı İran İslam Respublikası vətəndaşının vatsapp ani mesajlaşma şəbəkəsi vasitəsi ilə +**********07 saylı mobil nömrə ilə əlaqə saxlamış, ondan narkotik vasitə istəmiş, Camal ona bank kartı şəkli atmış, o, həmin kart hesabına ödəmə terminalları vasitəsi ilə pul yükləmiş, daha sonra Camal ona konum və şəkil atmış, o, da Camalın ona atdığı konumun yerinə gedərək oradan narkotik vasitə götürmüşdür. 21 sentyabr 2022-ci il tarixdə təxminən axşam saatlarında o, Camalın göndərdiyi karta 20 manat pul yükləmiş, Camal Bakı şəhəri, Nizami rayonu, «Koroğlu» metrostansiyasının yaxınlığında yol hərəkəti nişanının altına narkotik vasitəni qoymuş, o, da gedib həmin narkotik vasitə heroini həmin yerdən götürmüşdür. 23 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti «X11 məntəqəsi»nin yaxınlığında olan zaman Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu 4-cü PŞ-nə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə PŞ-nə getmiş və orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı o, ondan aşkar olunmuş narkotik vasitə heroini öz istifadəsi üçün 20 manat pul müqabilində İran İslam Respublikası vətəndaşı Camal adlı şəxsin ona vatsap ani mesajlaşma şəbəkəsi vasitəsi ilə göndərdiyi karta pul yükləməklə öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Bu barədə protokol tərtib edilmiş və həmin protokolu o, və iştirakçılar imzalamışlar. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən X7 elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantıdır. O, 23 sentyabr 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru polis mayoru Şahid2 ilə birlikdə Elsəvər adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində «X11 Məntəqəsi» nin yaxınlığında X8 gizli müşahidə edib izlədikdən sonra saxlayaraq 4-cü PŞ-yə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra X5 narkotik vasitələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PŞ-də X5 üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X5 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X9 boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim edərək, həmin bükülüdə nakotik vasitə heroin olmasını və xx.xx.2022-ci il tarixdə axşam saatlarında “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Camal” adlı şəxsin qabaqcadan onun “whatsapp” ani mesajlaşma proqramında olan hesabına narkotik vasitənin şəkilini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən yol nişanının altından 20 (iyirmi) manat pulu “Milli ön” ödəniş terminalı vasitəsi ilə əvvəlcədən “Camal” adlı şəxsin ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək, şəxsi istifadəsi üçün aldığını, 23 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu azadlıq prospekti «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanıldığını bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasında X5 üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5469 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) X9 ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,986 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,986 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,886 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Ramin Nağdəliyev tərəfindən X9 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin xx.xx.2022-ci il tarixli, 5510 nömrəli Ambulator X2 rəyindən görünür ki, X6 opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında X5 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilir, X9 əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyur, ondan həmin bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə axşam saatlarında “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu “Camal” adlı şəxsin qabaqcadan onun “whatsapp” ani mesajlaşma proqramında olan hesabına narkotik vasitənin şəkilini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən yol nişanının altından 20 (iyirmi) manat pulu “Milli ön” ödəniş terminalı vasitəsi ilə əvvəlcədən göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək, şəxsi istifadəsi üçün aldığını bildirir, bundan başqa X5 üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir, daha sonra büküm zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. Maddi sübut kimi tanınma və cinayət işinin materiallarına əlavə edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 aşkar edilib götürülmüş təmiz çəkisi 0,986 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 0,886 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. X1 üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs X9 əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X7 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı X5 təqsirləndirildiyi CM-in 234.1ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, X5 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X7 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxs X5 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X7 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunması), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxs X5 narkotik vasitə və psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum olunmasını, narkomaniyadan məcburi müalicə olunması zərurətinin olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi CMin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X5 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X7 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, X9 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, X5 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, X7 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,886 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X4 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs X5 hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X7 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,886 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti X4 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. X7 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, X7 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-732/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-732/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver