Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-74/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihama görə o, 2200 manat məbləğində pul borcunu tələb edən tanışı Zərərçəkmiş şəxs1 zəng edərək bununla bağlı məsələni həll etmək üçün sonuncunu 20 avqust 2022-ci ildə saat 23:30 radələrində görüşə dəvət edib ictimai yer sayılan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, «Zeytun bağları» adlanan ərazidə borcunu vermədiyi təqdirdə polisə şikayət edəcəyini irad tutaraq bəhanə gətirib münaqişə yaratmaqla dalaşaraq heç bir əsaslı səbəb olmadan insanların rahatlığını və ictimai asayişi pozub, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinaslıq göstərmiş,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çoxlarının mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş, sonra da öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək üzərində gətirdiyi naməlum bıçağı silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 qarşı zorakı hərəkətlər edib vurarkən sonuncu özünü müdafiə etmək üçün həmin bıçağın tiyəsindən əlləri ilə tutduğundan sağ əlin ovuc səthinin sıyrığı, habelə əlləri ilə Zərərçəkmiş şəxs1 müxtəlif nahiyələrinə vurub sağ üst göz qapağının, sağ gözaltı nahiyənin, sağ gözün bayır kənarının sıyrıqları, sağ almacıq nahiyəsinin, boyun nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yarısını ön səthinin, bel nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcələri təyin olunmayan və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Adil oğluna ortaq biznes qurmağa, yəni spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı ilə bağlı davamlı işlər görəcəyinə dair yalan vədlər verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə 24 yanvar 2023-cü ildə saat 15:35 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, H.Hüseynov küçəsi 23 saylı binanın yanında 4320 manat məbləğində pulunu nagd şəkildə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 Adil oğluna 4320 (dörd min üç yüz iyirmi) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü və 178.1ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittihamda özünü təqsirli bilməyərək, lakin cinayət əməli törətməkdə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2020-ci ildə «VİP Status» şirkətində ekspeditor işləyən zaman tanış olmuş, münasibətləri yaxşı olmuşdur. Həmin vaxtı Bayramdan nisyə qaydada 6000 manata yaxın dəyərində araqlar almış, aldığı araqların pulunun əksər hissəsini ödəsə də, 2200 manat borcu qalmışdır. Müxtəlif vaxtlarda Bayram ondan pulunu tələb etsə də, müflis olduğundan pulu qaytara bilməmişdir. Buna görə aralarında sözlü mübahisələr olmuş, lakin heç vaxt dava-dalaş olmamışdır. 20 avqust 2022-ci ildə gecə saat təxminən 23 radələrində Xırdalan şəhərində kirayədə yaşadığı mənzildə olarkən Bayram ona zəng etmiş, yenidən pulunu tələb etmişdir. Ona maddi vəziyyətinin ağır olduğunu, bu səbəbdən pulu qaytara bilmədiyini deyib, bir qədər vaxt verməsini istəmişdir. Lakin Bayram telefonda onunla kobud danışmış, onu söymüş və «Memar Əcəmi» metrosunun yanına çağırmışdır. Bayramın sözləri ona pis təsir etdiyindən yaxınlıqda yaşayan qohumu Elgünə zəng edərək, onu “Memar Əcəmi” metrosunun yanına aparıb gətirməsini xahiş etmişdir. Belə ki, öz avtomobili olmadığından arada Elgünün taksi xidmətindən istifadə edir. Bir qədər sonra Elgün idarə etdiyi avtomobil ilə evə gələrək, onu “Memar Əcəmi” metrosunun yanına aparmışdır. Orada avtomobildən düşərək Bayramın avtomobilinə yaxınlaşmış və qabaq oturacaqda əyləşmişdir. Avtomobilin salonuna baxanda arxa oturacaqda Bayramın tanışları Əhməd və Hikmətin olduğunu görmüşdür. Onları da tanıdığından onlarla da görüşmüş, sonra Bayram avtomobili işə salıb idarə etməyə başlamış və birlikdə «Heydər» məscidinin yaxınlığına gəlmişlər. Yol boyu aralarında heç bir gərginlik olmamışdır. «Zeytunluq» adlanan əraziyə çatanda Bayram avtomobili saxlamış, birlikdə avtomobildən düşmüşlər. Bayram onu «zeytunluq» adlanan ərazinin torpaqlıq hissəsinə doğru aparmış, Əhməd və Hikmət isə avtomobilin yanında qalmışlar. Ətrafda heç kimin olmadığı yerə çatıb dayanmışlar. Artıq Əhməd və Hikmət də onları görməmişlər. Orada Bayram yenidən ondan pulunu tələb etmiş, Bayrama maddi vəziyyətinin ağır olduğunu, bu səbəbdən pulu qaytara bilmədiyini deyib ona vaxt verməsini istəmişdir. Bu sözündən sonra Bayram ona «mən bilmirəm, pulumu doğ indi ver» deyib qəfildən sinəsindən yumruqla vurmuşdur. Onun sözlərindən və yumruq zərbəsindən əsəbləşmiş, o da Bayramı yumruqla vurmuşdur. Sonra bir-birinə qarşılıqlı zərbələr endirmişlər. Geri çəkilən Bayram yerdən daş parçası götürüb daşla ona zərbə endirmiş, möhkəm ağrı hiss etdiyi üçün cibində olan suvenir-brelok bıçaqla Bayramın qolundan vurmaq istəyərkən, Bayram bıçağı əli ilə tutmuş, bıçaq onun əlini kəsmişdir. Bundan sonra hər ikisi sakitləşmişlər. Onları aralayan, kənardan baxan olmamışdır. Çünki olduqları yer insanların gediş-gəliş yolu olmamış, hərəkət olan mühitdən xeyli kənarda olmuşdur. Məhz buna görə onlar elə yerə getmişlər ki, onları görən olmasın. Sakitləşəndən sonra o, Bayramı orada qoyaraq torpaq hissədən ayrı istiqamətdə yola çıxmış, tanımadığı taksi avtomaşını ilə yaşadığı evə getmişdir. Bədənində ağrılar olsa da, həkimə müraciət etməmişdir. Suvenir-brelok bıçaq isə hadisə yerində əlindən yerə düşüb orada qalmışdır. Hadisə heç kimin olmadığı yerdə ikisinin arasında olmuş, təxminən 5 dəqiqə davam etmişdir. Hadisədən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la barışıq əldə etməyə cəhdlər etsə də, Bayram onunla barışmaq istəməmişdir. Bundan əlavə o, "xxxx" MMC-də ekspeditor işləyərkən həmin cəmiyyətin mühasibi Zərərçəkmiş şəxs2 Adil oğlu ilə tanış olmuş, yaxşı münasibətləri olmuşdur. Təxminən 2023-cü ilin yanvar ayının axırlarında alver etmək üçün Abbasdan borca 3520 manat pul istəmişdir. Belə ki, həmin vaxtlar müxtəlif şirkətlərdən nağd qaydada mallar, o cümlədən spirtli içkilər və siqaret məmulatları almaq üçün ona təcili pul lazım olmuşdur. O, Abbasa bildirmişdir ki, həmin pulun müqabilində mal alıb satacaq, əldə etdiyi gəlirdən isə ona əlavə pul verəcəkdir. Abbas da razılaşıb iki-üç gün sonra Binəqədi rayonu ərazisində yerləşən keçmiş «Oazis» restoranın yaxınlığında ona 3520 manat pul vermişdir. Həmin pula spirtli içkilər və siqaret məmulatları alıb alver etsə də, əldə etdiyi gəlirdən başqa şəxslərə olan borclarını qaytarmış, Abbasın pulunu verməmişdir. Sonradan eşitmişdir ki, Abbasın maliyyə problemləri yarandığından öz saatını lombarda girov qoyub borclarını ödəmişdir. Ona görə də, Abbas ona verdiyi 3520 manatın əvəzinə 4320 manat, yəni lombardın pulunu da tələb etmişdir. Halbuki, o Abbasdan 4320 manat borc almamışdır. Buna baxmayaraq maddi vəziyyəti pis olduğundan onun pulunu qaytara bilməmiş, Abbas polisə şikayət etmişdir. İşə məhkəmədə baxıldığı dövrdə Abbasa olan pul borcunu ödəmək istəsə də, Abbas pulu ondan götürməmiş, artıq gec olduğunu deyib barışıq verməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməlinin cinayət olduğunu dərk edir və Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurduğunun fərqindədir. Bu əməldə özünü tam təqsirli bilir və əməlindən səmimi peşmançılıq hissi keçirir. Bayram hadisə günü onu söyüb təhqir etməsə, sinəsindən yumruqla vurmasa idi, bu hadisə baş verməzdi. Çünki, hadisəyə qədər borc üstündə aralarında sözlü mübahisələr olsa da, heç bir dava-dalaş olmamışdır. O, həmin günü Bayramın çağırışına görə onun yanına gəlmiş, onunla mübahisə etmək fikrində olmamışdır. Düşünmüşdür ki, gedib ona vəziyyəti izah edər və bir qədər vaxt verməsini xahiş edər. Lakin Bayram onu “Memar Əcəmi” metrosunun yanından özünün idarə etdiyi avtomobil ilə «Zeytunluq» adlanan əraziyə aparmış, söhbət etmək istədiyi yeri özü seçmiş, ilk zərbəni ona özü endirmişdir. İbtidai istintaq orqanı cinayət işini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlasa da, naməlum səbəbdən daha ağır maddəyə dəyişdirmişdir. Odur ki, törətdiyi əməlin cinayət qanununun norması ilə düzgün tövsif olunmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la barışıq əldə etməyə cəhdlər göstərməsini, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Adil oğluna olan pul borcunu isə qaytarmağa hazır olduğunu, lakin onun pulu götürmədiyini nəzərə almağı, cəza təyin edərkən isə himayəsində 2 azyaşlı uşağı olmasının diqqətdə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs «Vip Status» şirkətində bir yerdə işləyən vaxtdan tanımışdır. Münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin avqust ayında Ələkbər ondan 3 günə qaytarmaq şərti ilə 2600 manat borc pul istəmiş, o da həmin məbləğdə pulu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində ona vermişdir. 3 gün keçməsinə baxmayaraq Ələkbər pulunu tam qaytarmamışdır. Belə ki, Ələkbər həmin puldan 400 manatını 2022-ci ilin aprel ayında geri qaytarmış, lakin 2200 manat pulu isə qaytarmamışdır. 20 avqust 2022-ci ildə günorta saatlarında o, Ələkbərə zəng etsə də, Ələkbər zənginə cavab verməmişdir. Həmin gün gecə saat 23 radələrində «Memar Əcəmi» metrosunun yanında tanışları Əhməd və Hikmətlə birlikdə çay içərkən yenidən Ələkbərə zəng etmiş, bu dəfə Ələkbər telefonu açmışdır. Ona görüşmək istədiyini bildirmiş və Ələkbəri «Memar Əcəmi» metrosunun yanına çağırmışdır. Bir qədər keçmiş Ələkbər «Memar Əcəmi» metrosunun yanına gəlmiş, ona yaxınlaşıb idarə etdiyi avtomaşına əyləşmişdir. Həmin vaxt avtomobildə tanışları Əhməd və Hikmət də olmuş, onlar arxa oturacaqda əyləşmişlər. İdarə etdiyi avtomobili hərəkətə gətirib «Heydər» məscidinin yanına sürmüşdür ki, heç kimin olmadığı yerdə söhbət etsinlər. Həmin yerə çatdıqda avtomobildən düşmüşlər. O, Ələkbəri heç kimin olmadığı «zeytunluq» adlanan ağaclıq hissəyə söhbət etməyə çağırmış, Ələkbər də razılaşmış, birlikdə həmin yerə doğru getmişlər. Əhməd və Hikmət isə avtomobilin yanında dayanıb onları gözləmişlər. Heç kimin olmadığı yerə çatanda Ələkbərə “məndən 3 günə borc pul istədin, insanda namusqeyrət yaxşı şeydir” dedikdə, Ələkbər cibindən bıçaq çıxarıb onu qolundan vurmaq istəmişdir. O, Ələkbərin bıçaq olan əlindən tutmuş, bu zaman bıçaq əlini kəsmişdir. Sonra bir-birilərinə yumruqla qarşılıqlı zərbələr endirmişlər. Zərbələrdən Ələkbər yerə yıxılmış, bıçaq əlindən düşmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. Sonra Ələkbər yerdən duraraq ayrılıb başqa istiqamətdə getmişdir. O, isə tanışları Əhməd və Hikmətin dayandıqları yerə qayıtmışdır. Həkimə getmiş, baş vermiş hadisə barədə Binəqədi RPİ-in 7-ci PB-də ərizə yazmışdır. Hadisə təxminən 5 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı ətrafda heç kim olmamış, nə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə heç bir maneə yaratmamışlar. Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs2 Adil oğlu məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, cinayət işinə onun iştirakı olmadan baxılmasını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Cinayət prosesi tərəfləri Zərərçəkmiş şəxs2 Adil oğlunun məhkəmədə iştirakını tələb etməmişlər. Zərərçəkmiş şəxs2 Adil oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də mühasib vəzifəsində işləyərkən onunla bir yerdə işləyən Təqsirləndirilən şəxs biznes qurmaq üçün ona bir sıra təkliflər irəli sürmüşdür. Guya ki, ticarətlə bağlı davamlı işlər görəcəkmiş. Həmin məqsədlə Ələkbər ondan ortaq kimi 4320 manat məbləğində pul istəmiş və o da razılaşmışdır. 24 yanvar 2023-cü ildə saat 15:35 radələrində Ələkbərlə yaşadığı ünvanın arxa hissəsində görüşüb ona 4320 manat məbləğində pul vermişdir. Bir neçə gün keçməsinə baxmayaraq Ələkbər onu aldatmağa başlamış və hər gün müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. O, öz saatını lombarda qoyub borclarını ödəməyə başlamış və bu barədə Ələkbərin özünə dedikdə sonuncu guya ki, 06 fevral 2023-cü ildə onun pulunu qaytaracağını bildirmişdir. Lakin Ələkbər yenə də onun pulunu qaytarmamış və heç bir iş də görməmişdir. O artıq Ələkbər tərəfindən aldanıldığını başa düşüb polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildən tanıyır. Həmin vaxt o və Ələkbər Bakı şəhərində fəaliyyət göstərən, qida məhsullarının satışı ilə məşğul olan "xxxx" MMC-də satış təmsilçisi kimi birlikdə işləmişlər. 2018-ci ildə o, həmin şirkəti tərk edərək başqa işə düzəlmiş, Ələkbər isə "xxxx" MMC-də işini davam etdirmişdir. Zərərçəkmiş şəxs1 da təxminən 15 ildir ki, tanıyır. Belə ki, onlar uzun müddət bir məhəllədə yaşamış və həmişə yaxşı münasbətləri olmuşdur. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bayramdan 2600 manat borc pul götürmüş, borcun 400 manatını qaytarsa da, 2200 manatını qaytarmamışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarında saat 22-23 radələrində o, Bayramla bir yerdə olarkən Bayram Təqsirləndirilən şəxs zəng edərək ondan pulunu istəmiş, telefonda sözlü mübahisələri yaranmış, Bayram Ələkbəri “Memar Əcəmi” metrosunun yanına çağırmışdır. Bir qədər sonra Ələkbər ora gəlmiş, birlikdə Bayramın avtomobilinə əyləşərək «Heydər» məscidinin yanına getmişlər. Həmin vaxt yanlarında tanışları Hikmət də olmuşdur. «Zeytunluq» adlanan əraziyə çatdıqda Ələkbər və Bayram avtomobildən düşərək piyada söhbət edə-edə torpaqlıq ərazinin içərisinə doğru gedib gözdən itmişlər. O və Hikmət isə onları avtomobilin yanında gözləmişlər. Çünki, onların savaşacaqlarına inanmamışlar. Təxminən 5 dəqiqə sonra narahat olub onların getdikləri istiqamətdə piyada hərəkət etməyə başlamışlar. Gedərkən görmüşlər ki, Bayram onlara tərəf gəlir, Ələkbər isə yanında yoxdur. Ona çatanda Bayramın əlinin qan içində olduğunu görmüşlər. Bayram bildirmişdir ki, Ələkbər bıçaqla onu qolundan vurmaq istəyərkən bıçağı əli ilə tutmuş, bu zaman bıçaq əlini kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumdur. Zərərçəkmiş şəxs1 isə baş vermiş hadisədən sonra tanımışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarında gecə saat 23 radələrində Ələkbər zəng edərək, onu “Memar Əcəmi” metrosunun yanına aparmasını xahiş etmişdir. Yaxın yaşadıqları üçün Ələkbərə razılıq vermiş, idarə etdiyi «Kia Rio» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Ələkbərin yaşadığı evə gəlmişdir. Yolda Ələkbər ona demişdir ki, pul borcu olduğu Bayram adlı şəxs ona zəng edib görüşə çağırır. Ələkbəri “Memar Əcəmi” metrosunun yanına gətirmiş, Ələkbər maşından düşüb Bayramın avtomobilinə əyləşmişdir. Bir qədər sonra Bayram avtomobili hərəkətə gətirib «Zeytunluq» adlanan əraziyə doğru sürmüşdür. O, Ələkbəri evinə geri qaytarmalı olduğundan Bayramın avtomobilinin arxasınca gəlmişdir. Sonra görmüşdür ki, Bayram və Ələkbər avtomobildən düşüb söhbət edə-edə torpaqlıq əraziyə tərəf gedirlər. Həmin avtomobildən düşən 2 nəfər isə avtomobilin yanında dayanıb gözləyirlər. O, həmin şəxslərə yaxınlaşdıqda onların çoxdan tanıdığı və yaxşı münasibətlərdə olduğu Əhməd və Hikmət adlı şəxslər olduğunu görüb onlarla görüşərək hal-əhval tutduqdan sonra üçlükdə söhbət etmişlər. Təxminən 5 dəqiqə sonra Bayramla Ələkbərin getdikləri istiqamətə doğru gedərək, onlarla maraqlanmaq istəmişlər. Bu zaman Bayramın onlara tərəf gəldiyini, yanında Ələkbərin olmadığını görmüşlər. Yaxınlaşanda Bayramın əlinin qan içində olduğunu görmüşlər. Nə olduğunu soruşduqda Bayram bildirmişdir ki, Ələkbər bıçaqla onu qolundan vurmaq istəyərkən əli ilə bıçağı tutmuş, bu zaman bıçaq əlini kəsmişdir. Ətrafa baxsa da, Ələkbəri görə bilməmişdir. Sonra oradan uzaqlaşıb evinə getmişdir. Sonradan Ələkbərdən hadisə ilə bağlı soruşmuş, Ələkbər demişdir ki, Bayram onu söyüb sinəsindən yumruqla vurduğu üçün savaşmışlar. Bayram yerdən daş götürüb onu vurduğu üçün o, da cibindəki suvenir bıçaqla onun qolundan vurmaq istəyən zaman bıçaq Bayramın əlini kəsmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.27). Cinayət işlərinin birləşdirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 1, i.v.24-25). Hadisə yerinə baxış keçirilməsi barədə 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “zeytunluq” adlanan yerdə baş vermişdir (cild 1, i.v.34-38). Canlı şəxsin məhkəmə-tibbi müayinəsi üzrə 23 avqust 2022-ci il tarixli 1807 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançırı, sağ üst göz qapağının, sağ gözaltı nahiyənin, sağ gözün bayır kənarının sıyrıqları, sağ almacıq nahiyəsinin, boyun nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, bel nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən 21 avqust 2022-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə, ümumilikdə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində yetirilə bilərdilər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir (cild 1,i.v.50-53). Şübhəli olan şəxsin tutulması haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 128 və 178.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 113). Cinayət işinin tövsif edilməsi haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 128 və 178.1-ci maddələrindən həmin Məcəllənin 178.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 125-126). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.3-cü və 178.1-ci maddələri ilə ittiham elan edilmişdir (cild 1, i.v.130-131). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 1, i.v.149- 150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.171). AZ-İİİ seriyalı № 758765 nömrəli və AZ-İV seriyalı № 000549 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Gülay və xx.xx.2017-ci il təvəllüdlü Əlövsət adlı uşaqlar var (cild 1, i.v.123-124). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X6 Binəqədi rayon şöbəsinin 03 avqust 2023-cü il tarixli 25/1807 nömrəli canlı şəxsin əlavə ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançırı dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ üst göz qapağının, sağ gözaltı nahiyənin, sağ gözün bayır kənarının sıyrıqları, sağ almacıq nahiyəsinin, boyun nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, bel nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərdən sağ əlin ovuc səthinin sıyrığı qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə onun bıçağın tiyəsini əlləri ilə tutarkən tiyənin ucunun təsirindən əmələ gələ bilməsi mümkündür. Digər xəsarətlər isə insan bədəninin hissələrinin təsirindən əmələ gələ bilərdilər (cild 1, i.v.216-221). Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən və qiymətləndirilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Belə ki, xüliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici əlaməti kimi silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına görə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xüliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2021-ci ildən qaytarılmayan pul borcu olmuş, borc qaytarılmadığına görə əvvəllər aralarında sözlü mübahisələr yaşanmışdır. 20 avqust 2022ci ildə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng edərək onu “Memar Əcəmi” metrostansiyasının yanına görüşə çağırmış, Təqsirləndirilən şəxs həmin yerə gəldikdən sonra onu öz avtomobilinə əyləşdirərək Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “zeytunluq” adlanan yerə aparmış, orada onunla pulun qaytarılmamasına görə mübahisə edərək, “insanda namus-qeyrət yaxşı şeydir” deyib sinəsindən yumruqla vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs da onu yumruqla vurmuş, onlar arasında dava-dalaş başlamışdır. Beləliklə də, hadisə baş verən gün Təqsirləndirilən şəxsla zərər çəkmiş Zərərçəkmiş şəxs1 mübahisəsi səbəbsiz yerə yaranmamış, bu hadisə heç kimin olmadığı yerdə baş verdiyindən ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə səbəb olmamışdır. İşin faktiki hallarına əsasən həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud surətdə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Zərərçəkmiş şəxs1 onun ünvanına ağır ifadələr işlədərək yumruqla sinəsindən vurması ilə əlaqədar şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsə qarşı barışmazlıq hissindən yaranan, bir qədər sonra isə özünü göstərən münaqişəli vəziyyət şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirlən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın kobud surətdə pozulmasına dəlalət edən, o cümlədən insanların rahatlığının və ictimai asayişin pozulması konkret faktlar əsasında nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç ibtidai istintaq zamanı toplanmış sübutlar sırasında da rast gəlinməmişdir. Belə ki, ittihamda Təqsirləndirilən şəxs istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq onun zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İbtidai istintaq orqanının istinad etdiyi Zərərçəkmiş şəxs1 və hadisə yerində olmuş şahidlər Əhmədov Əzizovun, Şahid3, Şahid1 ifadələri də cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud surətdə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir. Belə ki, həm zərər çəkmiş, həmdə şahidlər məhkəmədəki ifadələrində bildirdilər ki, hadisə “zeytunluq” adlanan ərazinin heç kimin olmadığı hissəsində baş vermiş, bu zaman Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs yanında heç kim, o cümlədən onlar belə olmamışlar. İstintaq orqanı ifadələrə guya həmin vaxt məscidin həyətində olan şəxslərin yaxınlaşaraq onları ayırdıqları kimi əlavələr etsə də, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs heç kim ayırmamış, çünki onların mübahisəsini görən olmamışdır. Eyni zamanda şahidlər Əhmədov Əzizov, Şahid3 və Şahid1 hadisənin insanların çoxluq təşkil etdiyi ərazidən kənarda, yəni heç kimin olmadığı yerdə baş verdiyini bildirərək, insanların rahatlığının və ictimai asayişin pozulmadığını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yaraşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Ali Məhkəmənin müvafiq Plenum qərarında da göstərildiyi kimi şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkmişin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs 20 avqust 2022-ci ildə saat 23:30 radələrində Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “zeytunluq” adlanan yerdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun ünvanına ağır ifadələr işlədib sinəsinə yumruqla vurmasından sonra yumruqla vurması, hadisənin heç kimin olmadığı yerdə 5 dəqiqə davam etməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti alması kimi hərəkətlərə görə Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə istintaqında təkzibedilməz sübutlarla təsdiq edilmişdir ki, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında zərərçəkmiş şəxsin səhv hərəkətləri nəticəsində yaranmış barışmazlıq zəminində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurub ona yüngül bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxs, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 olmuş, münaqişə zərər çəkmiş şəxsin düzgün olmayan əməlləri və sair hərəkətlərindən irəli gələn səbəblər nəticəsində baş vermiş və bu zaman ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi kimi hallar baş verməmişdir. Bu isə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə,məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 haqqında» X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, hökm çıxarılarkən müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməli, yəni Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə də cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu həmin ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəsəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 2 azyaşlı uşaqların olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, öz əməlinə mənfi münasibətini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməyə cəhdlər göstərməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 128 və 178.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128 və 178.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti cəzası müəyyən edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, habelə yaşadığı Ağcabədi rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (2 gün) azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Ağcabədi rayonu Cəfər Cabbarlı küçəsi ev 157) Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağcabədi rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-74/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-74/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver