Məhkəmə qərarları › İş №1(001)-75/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-75/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-75/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlayaraq üzərində daşımışdır.

2. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə ünvan ünvanda yerləşən “Avrasiya” klinikasının arxa hissəsində ağ rəngli üzərində “Dynamic Express” yazısı olan sellofan bağlamanın içərisində gizlədilmiş yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1 ədəd “Makarov” (“PM”) konstruksiyalı tapançanı, atəşə yararlı, zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 08 ədəd patronu və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan 1 ədəd sandıqçanı 01 may 2024-cü il tarixdə həmin ünvandan əldə edərək saxlamaqla üzərində daşıyan zaman həmin tarixdə, saat 22:00-da Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan ünvanda yerləşən “Avrasiya” klinikasının arxasında saxlanılaraq, ünvan ünvanda yerləşən həmin polis şöbəsinə aparılmış və orada 02 may 2024-cü il tarixdə, saat 00:50-də üzərinə şəxsi axtarış keçirilərkən, 01 ədəd ağ rəngli üzərində “Dynamic Express” yazısı olan sellofan bağlamanın içərisində yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1 ədəd “Makarov” (“PM”) konstruksiyalı tapançanı, atəşə yararlı, zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 8 ədəd patronu və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan 1 ədəd sandıqça aşkar edilərək götürülmüşdür.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel tarixində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt “Avrasiya” klinikasının arxasında olmuş və oraya narkotik vasitə əldə etmək məqsədi ilə getmişdir. Ona həmin ünvanda narkotik vasitənin olması ilə bağlı məlumatı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və votçap vasitəsilə danışdığı şəxs vermişdir. Orada böyük bir bağlama olmuşdur. O, bağlamaya yaxınlaşan zaman polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, oraya narkotik vasitə əldə etmək məqsədi ilə getmiş və ünvan barədə məlumatlı olmuşdur. Bağlamanı götürsə də, onun içərisinə baxmamışdır. Ondan başqa bir şəxs də olmuş, lakin o, həmin ünvana nə məqsədlə getdiklərini bilməmişdir. O, həmin şəxsin evində yaşamış və həmin şəxs avtomobilin içərisində əyləşmiş, onun yanında olmamışdır. Bağlama həmin yerdə olan ağacın dibində olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, tarixi dəqiq xatırlamasa da, axşam vaxtları Təqsirləndirilən şəxs “Avrasiya” klinikasının arxasında saxlayıb onu Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs şöbədə ya bağlamadan, ya da belindən silahı çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, silahı 8-ci mikrorayon, ya da Keşlə ərazisində kimə isə vermək məqsədi ilə aparır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onunla birlikdə Şahid3 və səhv etmirsə Şahid2 da onlarla birlikdə olmuşdur. Şəxsi “Avrasiya” klinikasının arxasında saxlamışlar. Şəxsə heç bir psixoloji və ya fiziki zor tətbiq olunmamışdır. Tam xatırlamasa da Teyyubdan həmin yerə nə məqsədlə gəldiyi soruşulmamışdır. Əməliyyat tapşırığında nə yazıldığını xatırlamır. Onlar bu barədə əməliyyat məlumatı əldə etmişlər. Ünvana getdikdə şəxs artıq orada olmuşdur. Həmin vaxt Teyyubun əlində paket olmuşdur. Şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Teyyubu şöbəyə dəvət etdikdən sonra təhqiqatçının otağında vəkilin iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt Teyyubun yanında başqa bir şəxs də olmuşdur. Bildiyi qədəri ilə həmin şəxs Keşlədə yaşamışdır. Həmin şəxs Teyyubun ona Azadlıq ərazisinə gedəcəklərini bildirdiyini demişdir. Onunla bağlı baxış keçirilməsini xatırlamır.

6. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, İlin əvvələri olmuş, lakin tarixi dəqiq xatırlamırasa da axşam saatları olduğunu bilir. Təqsirləndirilən şəxs qanunsuz olaraq silah dövriyyəsi həyata keçirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid1 və Şahid3 ibarət olan əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı əməliyyat tədbirləri həyata keçirilmiş və şəxsi “Avrasiya” klinikasının arxasında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Teyyubu “Avrasiya” klinikasının arxasında saxlamışlar. Onu polis şöbəsinə dəvət edib, inzibati otaqda üzərinə baxış həyata keçirmişlər. Təhlükəsizlik baxımından onların həmin yerdə baxış həyata keçirmə səlahiyyəti olmamışdır. Əməliyyata rəhbərliyi Şahid1 həyata keçirmişdir. Silah bağlamanın içində olmuş, şəxs bağlamanı əlinə götürmüşdür. Teyyubun yanında bir nəfər şəxs də olmuşdur. Lakin həmin şəxs Teyyuba kömək etməmiş, sadəcə dayanmışdır. Onların avtomobilinin olması ilə bağlı məlumatı olmamışdır.

7. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

8. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

9. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sürsatını əldə edəcəyi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır.

10. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 01 may 2024-cü il tarixdə saat 22:00-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

11. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, o, belində gizlətdiyi 01 ədəd ağ rəngli üzərində “Dynamic Express” yazısı olan sellofan bağlama, əynində olan tünd göy rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd eynəyi və əynində göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/877 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Streçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. (Bax: silahın tədqiqi hissəsinə).Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. (Bax: silahın tədqiqi hissəsinə). Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: təqdim edilmiş 8 ədəd 9x18 mm kalibrli patrondan 3 ədədi eksperimental atəş üçün istifadə olunmuşdur.

13. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 287/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmışdır.

15. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur.

16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/903 nömrəli rəyindən görünür ki, qədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançadıryivli odlu döyüş silahıdır, saz vəziyyətddir, atəş açmaq üçün yararlıdır detallarının üzərində dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 05 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik Makarov (PM)” “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “Makarov” (PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və istifadəyə yararlıdır. Həmçinin müəyyən edilir ki, təqdim edilmiş 5 ədəd 9x18 mm kalibrli patrondan 2 ədədi eksperimental atəş üçün istifadə olunmuşdur.

17. DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs belində gizlətdiyi 01 ədəd ağ rəngli üzərində “Dynamic Express” yazısı olan sellofan bağlama, əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd eynəyi və əynində göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bu zaman ümumilikdə 08 ədəd patron və 01 ədəd daraq olan silahdan ayrıldıqdan sonra o, İran İslam Respublikasının vətəndaşı şəxs ilə danışdığını, silahı deyilən əraziyə aparıb qoyduqda qarşılığında pul və ya narkotik vasitə əldə edəcəyini bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən 01 ədəd silah qablaşdırılaraq zərfə qoymaqla üzəri möhürlənərək imzalanır. Bundan sonra keçirilən hərəkət protokolaşdırılır və şəxslər tərəfindən imza edilir.

18. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 1884 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dırk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin xx.xx.2024-cü il tarixli, 4605 nömrəli Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

20. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 01 ədəd “Makarov” markalı odlu döyüş silahı və onun komplekt hissələri olması müəyyən edildiyindən, həmin 01 ədəd tapança və onun komplekt hissələri olan 01 ədəd daraq (sandıqça) və 03 ədəd 9x18 mm kalibrli patron, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntünü olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmıştanınması nəzərə alınmış məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

21. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

22. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

23. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.

24. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

26. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

27. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi predmetin odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. İş materiallarından görünür ki, zəruri ekpertiza keçirilərək şübhəli əşyanın istifadəyə yararlı silah olduğu ilə bağlı rəy əldə edilmişdir.

28. CM-in 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür.

29. CM-in 228-ci maddəsi ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi, həmçinin təmir edilmiş, yararsız odlu Silahların və ya odlu silah vəziyyətinə gətirilmiş təlim silahlarının qanunsuz dövriyyəsi zamanı da yaranır.

30. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-in 228-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad olunma üçün könüllü təhvil vermə halı Təqsirləndirilən şəxs əməlində mövcud deyildir. Yuxarıda adı qeyd edilən Plenum qərarının 15-ci bəndində könüllü təhvil vermə halı belə müəyyən edilmişdir ki, CMin 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında, eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyəsinə görə təhvil verilməsi könüllü təhvilvermə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin əməlində isə könüllü təhvil vermə olmamış, odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

31. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur.

32. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

33. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

34. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

35. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

36. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

37. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

38. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

39. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

40. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

41. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

42. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

44. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

45. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

46. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 01 may 2024-cü il tarixdə saat 22:00-da məhdudlaşdırılmaqla həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-287/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır.

47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

48. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

49. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

50. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmalıdır.

51. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

52. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

53. Məhkəmə, CM-in 93.1.2-ci maddəsini rəhbər tutub, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin xx.xx.2024-cü il tarixli, 4605 nömrəli Ambulator X2 rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir.

54. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

56. CPM-in 289.8.3 və 289.8.4-cü maddələrinə əsasən ittiham aktına müstəntiqin xüsusi müsadirə olunması təklif edilən əmlak barədə, habelə mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə arayışları əlavə edilir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, iş üzrə hər hansı bir mülki iddia yoxdur.

57. CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması sübutlar gətirilməklə əsaslandırılmalıdır.

58. 2005-ci il Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir.

59. Beləliklə, məhkəmə qeyd edilənləri CM-99-1 və CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanca verilmiş 1 (bir) ədəd “Makarov” markalı tapança və onun komplekt hisssələri olan 1 (bir) ədəd daraq (sandıqça) və 3 (üç) ədəd 9X18 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və Daxili İşlər Nazirliyinə təhvil verilməli, həmçinin 9X18 mm kalibrli 5 (beş) ədəd patronun eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınmalı, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

60. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.

61. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir.

62. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

63. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

64. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

65. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

66. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

67. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

68. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 01 may 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd “Makarov” markalı tapança və onun komplekt hisssələri olan 1 (bir) ədəd daraq (sandıqça) və 03 ədəd 9X18 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 9X18 mm kalibrli 5 (beş) ədəd patronun eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar