Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-76/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, orta təhsilli, Xaçmaz rayonu, Pirquluoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, X.Dadaşov küçəsi, fərdi ev ünvanında yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,510 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 21:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanının yerləşən həmin polis bölməsinə gətirilmiş, həmin tarixdə, saat 22:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,510 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu, X.Dadaşov küçəsi, fərdi ev ünvanında tək yaşayır. Doğulduğu Xaçmaz rayonunda qohumları olsa da, onlarla əlaqəsi yoxdur. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında 40-cı PB-nin yanından keçərkən polis əməkdaşları tərəfindən saxlanılmış və bölməyə aparılmışdır. Saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Bölmədə üzərinə narkotik vasitə qoyulmuş və vasitənin ona məxsus olmasını etiraf etməsi tələb edilmişdir. O, da öz növbəsində üzərinə videoçəkiliş altında baxış keçirilən zaman narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. O, narkotik vasitələrin istifadəsi ilə məşğul olmamışdır. Məhkəmə ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 29 yanvar 2024cü il tarixində saxlanıldığını, lakin şəxsi axtarış və götürmə hərəkətinin aparılmasına dair videoçəkilişin iki gün sonra edildiyini, onu saxlayarkən Vüsal Bayramonun avtomobildə olduğunu, bölmədə ona edilən təzyiqlər səbəbindən özünü təqsirli bilməsinə dair ifadə verdiyini, həmçinin eyni səbəbdən müdafiəçisinə ona edilmiş qanunsuz hərəkətlər barədə məlumat vermədiyini, Şahid1 ona heç bir təzyiq etmədiyini, uzun illər, təxminən 15-20 il bundan əvvəl narkotik vasitə olan marixuana istifadə etdiyini, daha sonra heç vaxt narkotik vasitələrin istifadəsi ilə məşğul olmadığını, narkoloji ekspertiza rəyində nə səbəbə asılılıq sindromundan əziyyət çəkdiyinin aşkar edildiyini bilmədiyini, həmçinin saxlanıldığı tarixdə üzərində mobil telefon olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Nərimanov RPİ-nin 17-ci PB-nin c/a üzrə əməliyyat müvəkkili, kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Çalışdığı bölməyə, xx.xx.1967-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Pirquluoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşıması və saxlaması ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərərsiz mənbədən əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, onun və Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə sahə inspektoru polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, o, qrupun rəhbəri təyin edilmişdir. Daha sonra 31 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında piyada olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan zaman həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin şəxsi Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gəlmiş və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə tərəfimizdən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin deməsi təklif olunduqda, o, 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə psixotrop maddə metamfetamini 31 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi , “Meyvəli” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkisi 0,56 qram olmuşdur. Aşkar edilən psixotrop maddə metamfetamin boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuşdur, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində bildirmişdir ki, etimad doğuran gərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə metamfetaminin daşıması və saxlaması barədə daxil olmuş məlumat öz təsdiqini tapmış, lakin narkotik vasitə və satışı ilə məşğul olması ilə əlaqədar hansısa bir məlumat əldə olunmamışdır. Məhkəmə ona verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayan zaman yalnız o və Şahid2 olmuş, başqa heç bir şəxs olmamış, şəxsi ilk dəfə görmüş, ondan əvvəl sonuncunu tanımamış, X7 dairəsi, Ruslan Allahverdiyev küçəsi, “Çinar”, “Uğur”, “Araz”, “Omid” marketlərin yanında saxladıqlarını, həmin ərazinin 40-cı PB-nə təxminən iki kilometr aralı olduğunu, sonuncunun saxlanan zaman tək olduğunu, keçirilmiş əməliyyat zamanı mobil telefonunun üstündə olubolmamasını xatırlamadığını, Yasamal rayonunda yaşadığını, təqsirləndirilən şəxsin özünün Lökbatandan Sulutəpəyə gəldiyini və narkotik vasitəni Lökbatandan almasını etiraf etdiyini bildirmişdir. Məhkəmə baxış iclasında dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:15-də MSY-nə daxil olmuş, həmin tarixdə, saat 23:50-də azad olunmuşdur. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,510 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Rza Nəzərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “DVD diskdə olan görüntüyə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. xx.xx.2024-cü il tarixli, 683 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarından yayındığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə istintaq sonuncu tapılanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq gəldiyi üçün cinayət işi üzrə icraat təzələnmiş və sonuncu barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ekspertiza rəyləri, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, müvafiq protokollar, həmçinin şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin aparıldığı bir ədəd “DVD” disk maddi sübut növü kimi qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunaraq cinayət işi üzrə istintaq dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-76/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə istintaq təzələnmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya Binəqədi RPİ-nin 40-cı PB-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da 40-cı PB-nə gətirilmiş, həmin tarixdə, saat 22:50-də Binəqədi RPİ-nin MSY-nə göndərilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya Binəqədi RPİ tərəfindən cavab olaraq, xx.xx.2025-ci il tarixli “X8 saxlanılan şəxslərin uçotu” kitabından çıxarışlar daxil olmuş, həmin çıxarışlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da Binəqədi RPİ-nin MSY-nə daxil olmuş, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Saxlanma Yerindən azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmaması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixdə cavab daxil olmuş, cavabın məzmununda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da 40-cı PB-nə gətirildiyi, həmin tarixdə, saat 22:50-də Binəqədi RPİ-nin MSY-nə göndərildiyi bildirilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya Binəqədi RPİ tərəfindən cavab olaraq, xx.xx.2025-ci il tarixli “X8 saxlanılan şəxslərin uçotu” kitabından çıxarışlar daxil olmuş, həmin çıxarışlardan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da Binəqədi RPİ-nin MSY-nə daxil olduğu, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Saxlanma Yerindən azad olunduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı dindirilmiş cinayət işi üzrə şahidlər sonuncunun xx.xx.2024-cü il tarixdə, axşam vaxtlarında saxlandığını bildirərək bu xüsusatı bir daha təsdiq etmişlər. Bundan əlavə, təqsirləndirilən şəxs saxlanıldığı tarixdə üzərində mobil telefon gəzdirmədiyini bildirdiyi üçün məhkəmə tərəfindən sonuncuya məxsus telefon nömrəsinin anten dairəsi məlumatlarının götürülməsi mümkün olmamışdır. Məhkəmə təqsirəndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilən zaman, sonuncunun əynindəki şalvarın cibindən içərisində narkotik vasitə olan bükümü çıxararaq təqdim etdiyi və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığı müəyyən edilmişdir. Eyni zamanda, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadəsi alınan zaman özünü təqsirli bilərək, 20 manat pul qarşılığında 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almasını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonra, 40-cı PB-nin inzibati binasında və digər yerlərdə hər hansı bir fiziki və ya psixoloji formada zorakılığa məruz qalmamasını bildirmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi – polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması barədə xüsusat öz təsdiqini tapmamışdır. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 31 yanvar 2024-cü il tarixdə, saat 21:00-da məhdudlaşdırıldırılmış, 01 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 02 fevral 2024-cü il tarixli qərarlarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilməsi məlum olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, 18 mart 2025-ci il tarixdən hazırki vaxtadək saxlanıldığı 01 (bir) ay 17 (on yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiriilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2024-cü il tarixli, 683 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,460 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən, dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə(vəkillərə) ödənilən haqqın məbləği artırılaraq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, 29 aprel 2025-ci il tarixədək 20 (iyirmi) saat, cinayət işi üzrə hökm çıxanadək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X3 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat, cəmi 340 (üç yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda 01 (bir) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,460 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat, cəmi 340 (üç yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-76/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-76/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver