Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-761/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən başlayaraq övladları, xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 450,00 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(001)- 5054/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2024-cü il tarixədək 600,00 manat məbləğində aliment pulu ödəmiş, lakin 10200,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər alimenti ödəyə bilməmiş, hal-hazırda imkanı olduqca ödəməyə çalışır. O, alimenti maddi çətinliyə görə ödəyə bilməmişdir. O, uşaqlarına baxmaq məsuliyyətini dərk etsə də aylıq aliment borcunu ödəməyə imkanı çatmamışdır. Onun yığılmış borcu ödəmək fikri var, ev satıldıqdan sonra borcu ödəməyi düşünür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, uşaqları ilə ünsiyyət saxlamış, görüşmüşdür. O, sonuncu dəfə uşaqları ilə 3 gün əvvəl görüşmüşdür. O, sonucu dəfə noyabr ayında aliment ödəmişdir. O, işaxtaran kimi məşğulluq idarəsində qeydiyyata düşmüş, lakin ona iş təklif olunmamışdır. O, 2013-cü ildə ailə həyatı qurmuş, 2022-ci ildə boşanmışdır. Məhkəmə tərəfindən təyin edilmiş aliment məbləği 450 manat olaraq müəyyən edilmişdir. O, aylıq aliment ödənişi ilə bağlı imkanı çatan qədər ödəniş etmiş, lakin yığılmış borcunu ödəyə bilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs boşandıqdan sonra sonuncu alimenti ödəməmiş, ödəməkdən imtina etmişdir. O, uşaqların psixoloji vəziyyətini nəzərə alaraq ataları ilə görüşmələrinə könüllü olaraq şərait yaratmış, sonuncunun evinə göndərmişdir. O, üç uşağı ilə birlikdə kirayə evdə qaldığına görə uşaqlarını nəzarətsiz qoyub işləyə bilmir. O, şəraiti olmayan evdə üç uşağını saxlayır. Məhkəmə tərəfindən ona keçmiş ərinin evində yaşamaq hüququ verilmişdir. Lakin Təqsirləndirilən şəxs atası Fazil Məmmədov ona demişdir ki, həmin evdə yaşadığı halda oğlu tərəfindən onun başına gətirilə biləcək heç bir bəlaya görə məsuliyyət daşımır. O, qarşı tərəfdən onun üçün həyətdə yaşamaq üçün şərait yaradılmasını, bu halda yığılmış aliment borcundan imtina edə biləcəyini demişdir. Lakin onun üçün bu şərait yaradılmamışdır. Təqsirləndirilən şəxs həbs edilməsinin və ya azadlıqda olmasının onun üçün heç bir fərqi yoxdur. Onun tələbi Təqsirləndirilən şəxs tərəfindən alimentin ödənilməsidir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, sonuncu dəfə Təqsirləndirilən şəxs ona noyabr ayının ortalarında 200 manat, oktyabr ayında isə 300 manat ödəniş etmişdir. O, hal-hazırda Təqsirləndirilən şəxs yığılmış aliment ödənişi olan 10200 manat pulu tələb edir. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs uşaqlarına münasibəti normaldır. Təqsirləndirilən şəxs uşaqlarına heç bir dəyərli hədiyyə almamış bir dəfə uşağına gödəkcə almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2014, 2017 və 2018-ci il təvəllüdlü 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli və alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə onun icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu icra sənədinin icrasını könüllü qaydada icra etməmişdir. Bununla bağlı borcluya dəfələrlə xəbərdarlıq göndərilmiş, xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinə gəlməsi təmin olunmuş, yaranmış aliment borcunu ödəməsi tələb olunsa da tələbi təmin etməmişdir. Budan sonra Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-1287/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmışdır. Təqsirləndirilən şəxs tələbin könüllü icrasını təmin etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 974/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrar icra şöbəsinə dəvət olunmuş, borcun ödənilməsi ilə bağlı vaxt təyin edilmiş, borcunun ödəməyəcəyi halda CM-in 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı bildirilmişdir. Bütün bunlara baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, iki il ərzində cəmi 600 manat aliment ödəmişdir. xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 300 manat aliment ödəmişdir. Halbuki, həmin dövr ərzində Təqsirləndirilən şəxs ödəməli olduğu alimentin miqdarı 10800 manat olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlara cavab olaraq borcu ödəyəcəyi ilə bağlı söz vermişdir. Təqsirləndirilən şəxsin işlə təmin edilməsi üçün aidiyyəti üzə məşğulluq idarəsinə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs fərdi işlə məşğul olaraq ehtiyaclarını ödəmək üçün qazanc əldə etmiş, lakin alimentin ödənilməsini təmin etməmişdir. Təqsirləndirilən məhkəmə qətnaməsinin və icra vərəqəsinin məzmunu dəflərlə tanış edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5054/2022 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, 01 avqust 2014-cü il təvəllüdlü X4, 25 mart 2017-ci il təvəllüdlü X5 və 10 sentyabr 2018-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5054/2022 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 1287/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-974/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-764/2024 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-761/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-761/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver