Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-77/2022 07.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 25.09.1961-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu ərazisində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 17 avqust 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin” qarşısında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixatrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşımış, 17 avqust 2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi, rayonu, Motodrom yaşayış massivində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin” yaxınlığında Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan ağ rəngli cins şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kağızda təmiz çəkisi 1.170 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qara rəngli kağızda təmiz çəkisi 0,668 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdə təxminən saat 12 radələrində tək olaraq Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından keçdiyi zaman yerdə şəffaf sellofana bükülmüş bükülünü görmüş və o, həmin bükülünü götürüb baxan zaman görmüşdür ki, həmin bükümün içərisində 2 ədəd büküm vardır. O, həmin bükümləri acanda görmüşdür ki, həmin bükümlərin birində narkotik vasitə olan heroin və digərində isə psixotrop maddə metamfetamin vardır. O, həmin maddələri əynində olan şalvarın cibinə qoymuşdur ki, ürəyi istədiyi zaman istifadə edər. Həmin günü, yəni 17 avqust 2021ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında olduğu zaman, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşları kimi təqdim edib ondan adını və soyadını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 40-cı polis bölməsinə dəvət etmişlər. O, da öz növbəsində buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 40-cı polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və həmin zaman polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmamasını, olduğu halda könüllü təqdim etməyi təklif etmişdir. Həmin zaman o, əynində olan şalvarın cibindən özünə məxsus “Samsung GT- C3322İ” markalı mobil telefonunu, içərisində 6 (altı) manat pul, üzərində “Bakı Kart” yazısı olan plastik kartı, “Azər İşığa” məxsus plastik kart və özünə məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli pul kisəsini və şəffaf sellofana bükülmüş iki ədəd ağ və qara rəngli kağıza bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, bükümlərin içərisində olan maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir və həmin maddələri 17 avqust 2021-ci- il tarixdə saat 12 radələrində yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra isə üzərində şəxsi axtarış aparılsa da, hər hansı bir əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2 ilə birlikdə məlumat əsasında saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonu. Motodrom yaşayış massivində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin” yaxınlığına getmişlər. Həmin vaxt onlar orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təvəkkülə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış və bu zaman Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində 01 ədəd “Samsung” markalı mobil telefonu, içərisində 6 (altı) manat pul, üzərində “Bakı Kart” yazısı olan plastik kart, “Azər İşığa” məxsus plastik kart, və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, şəffaf sellofana bükülmüş 02 ədəd, ağ və qara rəngli kağız bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli kağıza bükülmüş bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümləri 17.08.2021 -ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təvəkkülün üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq, möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 17.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması barədə Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 17.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17.08.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofana ayrı-ayrılıqda bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 18.08.2021-ci il tarixli, 6/3563 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N234’’ dairəvi möhür əksi olan zərfdə təmiz çəkisi 1,170 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,668 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,170 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,120 qram, metamfetaminin təmiz çəkisi – 0,668 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,618 qram. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 5(001)- 1168/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə 18 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 19.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 4(001)-862/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. 23.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,170 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,668 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 1,120 qram qalmış qalığı, eləcə də metamfetaminin 0,618 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 18.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan ağ rəngli cins şalvarının sol yan cibindən 2 ədəd ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş maddəni təqdim edib, həmin bükülülərin içərisindəki maddələrin heroin və metamfetamin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 29.09.2021-ci il tarixli, 3672 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 03.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. 09.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. 11.11.2021-ci il tarixli 64 saylı MİKS-nin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli, 4(001)-1199/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs oğlu Murad Məmmədova məxsus sənədlərdən görünür ki, X4 İİ Qarabağ Müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının Prezidentinin 29.12.2020-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı ilə təltif edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, oğlu X2 İİ Qarabağ Müharibəsində iştirak edərək göstərmiş olduğu şücaətə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu ərazisində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 17 avqust 2021-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 4(001)-862/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmış və hazırkı vaxtadək həbsdə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 21 (iyirmi bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,120 qram narkotik vasitə olan heroin və 0,618 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 21 (iyirmi bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu ərazisində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,120 qram narkotik vasitə olan heroin və 0,618 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-77/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-77/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver