Məhkəmə qərarları › İş №1(001)-78/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-78/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-78/2022 14.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, Zərərçəkmiş şəxs3 iştirakları ilə, 18 iyul 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməmiş, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, SMP-518 , yataqxana 3 ünvanında qeydiyyatda olmaqla da Abşeron rayonu, Saray qəsəbəsi, dalan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 17 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni tikililərdəki X4 yaşadığı evin plastik pəncərəsini özündəki vintburanla sındırmaqla mənzilə qanunsuz daxil olub, evin yataq otağının şkafından 300 manat pulu, şkafın üstündəki şüşə balonun içindən 230 manat xırda pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs F.Hüseyinova ümumilikdə 530 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən, 23 aprel 2021-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, yeni tikililərdəki Zərərçəkmiş şəxs1 yaşadığı evin taxta qapısını sındırıb həyətə girərək evin plastik pəncərəsini özündəki vintburanla sındırmaqla mənzilə qanunsuz daxil olub, evin şkafından 1300 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir . Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən, 18 may 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, yeni tikililərdəki X2 məxsus təmir olunan evin hasarından keçib evin plastik pəncərəsini özündəki vintburanla sındırmaqla mənzilə qanunsuz daxil olub, evdən hər birinin dəyəri 230 manat olan 3 ədəd perforator, 270 manat dəyərində 1 ədəd drel, 40 manat dəyərində kabel, 200 manat dəyərində 1 ədəd müşahidə kamerasının yaddaş cihazı, 50 manat dəyərində qaynaq aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxs H.Mirbabayevaya ümumilkdə 1250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir . Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə, təkrarən, 26 may 2021-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, yeni tikililərdəki Zərərçəkmiş şəxs3 yaşadığı evin hasarından keçib evin plastik pəncərəsini özündəki vintburanla sındırmaqla mənzilə qanunsuz daxil olub, evdən 100 manat dəyərində “Bosch” markalı drel, 150 manat dəyərində perforator, 90 manat dəyərində dəmirkəsən ütü, 90 manat dəyərində laqonda, hər biri 10 manat olmaqla 6 ədəd işıq nizamlayıcısı, 60 manat dəyərində 1 ədəd avtomat elektrik paylayıcısı, biri 7 manat olmaqla 20 ədəd elektrik ötürücüsünün arxa qutusunu , hər biri 10 manat olmaqla 14 ədəd elektrik ötürücüsü, 1600 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilkdə 2430 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydiyyatda olsa da Abşeron rayonu, Saray qəsəbəsi, dalan 1 ünvanındakı həyət evində anası ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, 2021-ci ilin mart ayında cəzasının sonu ilə azadlığa çıxmışdır. Əvvəllər usta işləmiş, həbsdən azad olunandan sonra özünə iş tapa bilməmişdir. Maddi vəziyyətinin pis olması ilə bağlı oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayon ərazisindən bir neçə evdən oğurluq hadisələrini törətmişdir. 2021-ci ilin aprel ayının ortalarında, saat 23 radələrində Sulutəpə qəsəbəsi, 313 saylı orta məktəbin yanındakı həyət evindən oğurluq etmişdir. Həmin həyət evinin yanından keçəndə işıq yanmadığı üçün əmin olmuşdur ki, evdə heç kəs yoxdur. Evin daş hasarından keçməklə həyətə daxil olmuşdur. Evin mətbəxinin plastik pəncərəsini özündəki vintburanla sıxaraq pəncərəni açmışdır. Evin pəncərəsindən də mənzilə daxil olmuşdur. Özündəki alşqanın işığını yandıraraq otaqları axtarmağa başlamışdır. Yataq otağındakı şkafı açmış, oradakı əşyaları yerə tökmüş və paltarların altından 300 manat pul götürmüşdür. Daha sonra isə həmin otaqdakı şkafdakı içərisində xırda pullar olan balon görmüş və balonun içindəki xırda pulları götürüb cibinə doldurmuşdur. Daha sonra onra isə evdən qiymətli bir əşya tapa bilməmişdir. Yataq otağındakı evin plastik pəncərəsindən çıxaraq evi tərk etmişdir. Bundan başqa 2021-ci ilin aprel ayının sonlarında, səhər saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsindəki həyət evindən oğurluq etmişdir. Belə ki, həmin tarixdə Motodrom yaşayış sahəsindəki həyət evinin yanından keçərkən taxta qapının üstündə balaca qıfıl görmüş və evdə heç kəsin olmadığına əmin olmuşdur. Ətrafda heç kimin onu görməməsinə arxayın olub evin taxta qapısının qıfılını özündəki vintburanla sındıraraq taxta qapını açaraq həyətə daxil olmuşdur. Sonra isə evin plastik pəncərəsini həmin vintburanla açaraq otağa daxil olmuşdur. Evlərin otaqlarını axtarmağa başlamış və şkafdakı siyirtmədə sellofanın içində pulların olduğunu görmüşdür. Pulları götürərək cibinə qoymuşdur. Evdə qiymətli bir şey tapa bilməmişdir. Sonra isə gəldiyi yolla da evi tərk etmişdir. Yolda ikən oğurladığı pulları saymış və 1300 manat pulun olduğunu aşkar etmişdir. Bundan başqa 2021-ci ilin may ayının ortalarında, gecə saat 03 radələrində Binəqədi rayonu, Çiçək qəsəbəsindəki həyət evindən də oğurluq etmişdir. Belə ki, həmin tarixdə oradan keçərkən iki mərtəbəli evin işığının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, evin hasarından keçməklə həyətə düşmüş, evdə təmir işlərinin aparıldığını və yaşayış olmadığını görmüşdür. Evin birinci mərtəbəsindəki pəncərənin plastik pəncərəsini özündəki vintburanla sındıraraq pəncərədən içəri daxil olmuşdur. Evdə müşahidə kamerası olduğu üçün ilk əvvəl videomüşahidə kamerasının yaddaş qurğusunu çıxararaq özü ilə götürmüşdür. Daha sonra isə evdə olan drel, qaynaq aparatını, perforatorları, qaynaq aparatını özü ilə götürdüyü kisənin içinə yığmışdır. Sonra isə kəsici alətlə divarda olan elektrik naqillərini kəsib alətlə birlikdə kisənin içinə yığmışdır. Oradan da gəldiyi yolla da evi tərk etmişdir. Oğurladığı əşyaların hamısını səhərisi gün Sabunçu qəsəbəsində bazarda 150 manata satmışdır. Həmin əşyaların içindən yalnız bir ədəd dreli özü ilə götürərək evə gətirmişdir. Bundan başqa 2021-ci ilin may ayının sonlarında Binəqədi rayonu, DSK yolundakı həyət evindən də oğurluq etmişdir. Belə ki həmin tarixdə, gecə saat 02 radələrində oradan keçərkən evin işığının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, evin hasarından keçməklə həyətə düşmüşdür. Sonra isə evin yan tərəfindəki plastik pəncərəni özündəki vintburanla sındıraraq pəncərədən içəri daxil olmuşdur. Evdən drel, laqonda, perforator, işıq rozetkaları və s. əşyaları yığaraq özü ilə gətirdiyi kisənin içinə yığmış, sonra isə götürdüyü həmin əşyaların köməyi ilə divarda olan elektrik kabellərini kəsərək həmin kisənin içinə yığmışdır. Oğurladığı əşyaların hamısını səhərisi gün Sabunçu qəsəbəsində bazarda 250 manata satmışdır. Həmin əşyaların içindən yalnız bir ədəd perforatoru özü ilə götürərək evə gətirmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurluq hadisəsini tək törətmiş, oğurluq etdiyi evlərin yerini ona heç kim deməmişdir. Həmin evlərin yanından keçərkən qapının bağlı olduğunu və eyni zamanda da evlərdə işıq yanmadığı üçün evlərdə heç kimin olmadığı qənaətinə gəlmişdir. Oğurluq edərkən istifadə etdiyi vintburanı tulladığı yeri xatırlamır. Oğurluq zamanı əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Binəqədi rayonu, Çiçək qəsəbəsindəki evdən oğurladığı dreli və Binəqədi qəsəbəsi, DSK yolundakı evdən oğurladığı perforatoru evə qoymuş, sonradan həmin əşyaları polislərə təqdim etmişdir. Sadaladığı ünvanlardan başqa oğurluq etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1la barışmış və sonuncuların ondan heç bir şikayəti, tələbi yoxdur. Digər zərər çəkmiş şəxslə isə barışıq əldə olunmamışdır. Ona görə də, deyilənlərin və cinayəti səmimi etiraf etməsinin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 17 aprel 2021-ci il tarixdə, axşam saat 19 radələrində ailə üzvləri ilə qayınanasıgilə getmişdir. Taksi sifariş edərək evin işıqlarını söndürüb evi tərk etmişdir. Həmin gün saat 23.50-də evə qayıtmışdır. Evə daxil olanda evin yataq otağındakı əşyalar dağılmış vəziyyətdə olmuşdur. Yataq otağında yerdə şüşə qırıntıları görmüş, şkafa baxarkən 300 manat pulunun oğurlandığını aşkar etmişdir. Bundan əlavə yataq otağındakı balonun içində olan xırda qəpiklərdən ibarət 230 manat pulunun da oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 530 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs evə mətbəxin plastik pəncərəsini sındıraraq girdiyini, evin yataq otağındakı pəncərəsindən də evi tərk etdiyini müəyyən etmişdir. Oğurluq nəticəsində ona 530 manat maddi ziyan dəymiş, evdən başqa heç nə oğurlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə, saat 07 radələrində evdən çıxaraq taxta qapısını bağlamışdır. Saat 10 radələrində yaşadığı evə qayıdarkən evin taxta qapısının sındırıldığını görmüş və evdən oğurluq olmasından şübhələnmişdir. Həyətə girmiş və evin plastik pəncərəsinin açıq olduğunu görəndən sonra evdən oğurluq olmasına əmin olmuşdur. İçəri daxil olduqda o əvvəlcə pullarının yerində olub-olmadığını aydınlaşdırmışdır. Belə ki, otaqda selofanın içərisində 1300 manat pulu olmuş, həmin pul oğurlanmışdır. Baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, daha sonra isə Binəqədi RPİ 40-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Evdən başqa heç nə oğurlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, 2008-ci ildə Bakı şəhəri Binəqədi rayonu DSK yolunda yerləşən 3 sot torpaq sahəsini alaraq, 2019-cu ildə həmin torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Həmin ev tam təmir olunmamış, evdə yaşayış olmamışdır. Sonuncu dəfə isə həmin evdə 24 may 2021-ci il tarixdə olmuş və həmin tarixədək evdə heç bir cinayət hadisəsi baş verməmişdir. 26 may 2021-ci il tarixdə, saat 10.30-da evə tikinti materiallarını gətirdiyi zaman müəyyən etmişdir ki, evindən oğurluq olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs evin yan sol plastik pəncərəsini sındıraraq otağa daxil olmuş və otaqdan divarnı içinə çəkilmiş ümumi uzunluğu 400 metr olan elektrik naqilini kəsib çıxarmaqla oğurlamışlar. Bundan əlavə həmin otaqdan 1 ədəd “Bosch” markalı dreli, 1 ədəd laqondanı, 1 ədəd preferatoru, 1 ədəd ütünü, 14 ədəd elektrik ötürücü qutunu (razetka), 6 ədəd işıq nizamlayıcısını, 1 ədəd avtomat elektrik paylayıcısını və 20 ədəd elektrik ötürücü qutusunun arxa hissəsinin oğurlandığını aşkar edərək, bu barədə dərhal DİN-nin 102 xidmət zəng mərkəzi sisteminə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2430 manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış 400 metr elektrik naqilinə o 1600 manat pul verib almışdır . Bundan əlavə 1 ədəd “Bosch” markalı drel 100 manat, 1 ədəd markasını xatırlamadığı preferator 150 manat, 1 ədəd markasını xatırlamadığı dəmir kəsən ütü 90 manat, 1 ədəd markasını xatırlamadığı laqondanın qiyməti 90 manat təşkil edir. Bundan başqa elektrik əşyaları da oğurlanmışdır. Belə ki, biri 10 manat olmaqla 14 ədəd elektrik ötürücü qutu, biri 10 manat olmaqla 6 ədəd işıq nizamlayıcısı, 1 ədəd 60 manat dəyərində avtomat elektrik paylayıcısı və biri 7 manat olmaqla 20 ədəd elektrik ötürücü qutusunun arxa hissəsi də oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, yeni tikililərdə 5 sot torpaq sahəsinin içərisində 2 mərtəbəli ümumi sahəsi 110 kv/metr olan mənzil ona məxsusdur, həmin evdə ustalar təmir işlərini aparır. Həmin evin bütün otaqları yarımçıq təmir olunmuş, qapı və pəncərələri qoyulmuşdur. Bu səbəbdən də həmin mənzildə yaşayış olmamışdır. 17 may 2021-ci il tarixdə, saat 10 radələrində mənzildə işləyən ustalar həmin günə olan işlərini yekunlaşdırıb evin qapı və pəncərələrini də bağlayaraq çıxıb getmişlər. Bundan sonra 18 may 2021-ci il tarixdə, saat 08 radələrində ustalara nəzarət edən Zərərçəkmiş şəxs5 Yusif oğlu mənzilə gəlib təmirə davam etmək istəyən zaman mənzilin giriş qapısını açıb içəri daxil olarkən mənzildən oğurluq olmasını aşkarlamış və bu barədə ona məlumat vermişdir. İşdən çıxandan sonra həmin evə getmiş, həqiqətən də evdən tikinti materiallarının, kabellərin və s. oğurlandığını aşkar etmişdir. Belə ki, evdən 3 ədəd hər birinin dəyəri 230 manat olan perforator, 1 ədəd 270 manat dəyərində drel, 40 manat dəyərində uzunluğu 20 metr olan kabel, 1 ədəd 200 manat dəyərində müşahidə kamerasının yaddaş cihazı, 50 manat dəyərində olan qaynaq aparatını oğurlamışlar. Bundan əlavə evdə olan divarların suvaq və astarını vurub dağıdaraq elektrik açarının quraşdırılması üçün çıxıntısı qoyulmuş bütün elektrik naqillərini kəsərək aparmışdır. Qeyd olunanların yenidən bərpa olunması üçün əlavə 5000 manat xərc çəkmək lazım olduğunu bildirmişdir. Oğurluq etmiş naməlum şəxs darvazanın üstündən həyətə tullanmış və evin plastik pəncərəsini sıxıb açmaq yolu ilə evə daxil olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 1250 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindın Təqsirləndirilən şəxs şikayətçidir və ona cinayət qanunun normaları çərçivəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs5 Yusifoviç ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində 5 sot torpaq sahəsinin içərisində tikilmiş 2 mərtəbəli ümumi sahəsi 110 kv/metr olan mənzildə təmir işləri aparan ustalara nəzarət edir. 17 may 2021-ci il tarixdə, saat 10 radələrində həmin mənzilə gəlib ustalara nəzarət edib çıxıb getmişdir. Bundan sonra 18 may 2021-ci il tarixdə, saat 09 radələrində usta köməkçisi ona telefonla zəng vuraraq təmir elədikləri evdən oğurluq olması barədə ona məlumat vermişdir. Dərhal həmin evə gələrək baş vermiş oğurluq hadisəsinin şahidi olmuşdur. Bundan əlavə evin divarındakı kabel də kəsib aparılmış və divarı yararsız hala salmışdır. Hadisə barədə evin sahibi Zərərçəkmiş şəxs4 məlumat vermişdir. Zərərçəkmiş şəxs4 evindən 3 ədəd hər birinin dəyəri 230 manat olan perforator, 1 ədəd 270 manat dəyərində drel, 40 manat dəyərində uzunluğu 20 metr olan kabel, 1 ədəd 200 manat dəyərində müşahidə kamerasının yaddaş cihazı, 50 manat dəyərində olan qaynaq aparatını oğurlamışlar. Bundan əlavə evdə olan divarların suvaq və astarını vurub dağıdaraq elektrik açarının quraşdırılması üçün çıxıntısı qoyulmuş bütün elektrik naqilləri kəsilərək aparılmışdır. Həmin evdə olan bütün əşyaların Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildirmişdir. Həmin əşyaları təmir ilə bağlı onunla Zərərçəkmiş şəxs4 tikinti materialları mağazasından birlikdə almış, pulunu da sonuncuya verib. Evdən 1250 manat dəyərində tikintidə işlənilməsi üçün nəzərdə tutulan əşyalar oğurlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İ cild i.v 1) 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2021-ci il tarixdə, saat 09 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, yeni tikililərdəki evdə baş vermişdir. (İ cild i.v. 10-13) 18 may 2021-ci il tarixli protokoldan görünür ki, 18 may 2021-ci il tarixdə, saat 03 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, yeni tikililərdəki evdə baş vermişdir. (İ cild i.v. 39-40) 18 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 17 aprel 2021-ci il tarixdə, saat 23 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni tikililərdəki evdə baş vermişdir. (İ cild i.v. 124-128) 26 may 2021-ci il tarixli protokoldan görünür ki, 26 may 2021-ci il tarixdə, saat 02 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, yeni tikililərdəki evdə baş vermişdir. İ cild (i.v. 243-245) 04 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v 94) 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə əldə olunmuş bir ədəd perforator Zərərçəkmiş şəxs5 Yusif oğluna tanınmaya təqdim olunmuş və sonuncu evdən oğurlanmış həmin perforatoru tanımışdır. (İ cild i.v. 113) 05 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, yeni tikililərdəki evdə törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İ cild i.v. 114-117) 07 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni tikililərdəki evdə törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İ cild i.v. 176-180) 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. (İ cild i.v. 146) 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild i.v. 149-150) Binəqədi rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 4/(001)-678/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyul 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v 171-175) Binəqədi rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 4/(001)-905/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 02 ay müddətinə 04 noyabr 2021-ci il tarixinədək uzadılmışdır. (İ cild i.v 215-218) Binəqədi rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 4/(001)-1153/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 01 ay müddətinə 04 dekabr 2021-ci il tarixinədək uzadılmışdır. (İİ cild i.v 29-30) 06.11.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, yeni tikililərdəki evdə törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İİ cild i.v. 40-48) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 9/7928 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş markalanma yazısı olmayan bir ədəd perforatorun istifadə müddəti nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 60 manat müəyyən edilir. (İİ cild, i.v. 49-51) 21 saylı MKS tərəfindən verilmiş 11.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild, i.v. 53) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış 10.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin 14.07.2015-ci il tarixli qərarı ilə 10 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli qanunu tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 13.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v 182-183) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 avqust 2021-ci il tarixli, 9/5075 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd «İnterskol D- 35 ER» markalı drelin istifadə müddəti nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 20 manat müəyyən edilir. (İ cild i.v. 187-189) 23.10.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə əldə olunmuş bir ədəd perforator Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunmuş və zərər çəkmiş şəxs həmin perforatorunu tanıyaraq evindən oğurlandığını bildirmişdir. (İİ cild, i.v. 11) Məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 2146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İİ cild, i.v. 14-16) 07.11.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd perforator və X2 məxsus bir ədəd drel maddi sübut kimi tanınmışdır. (İİ cild, i.v. 54-63) Zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş 15.12.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 14.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 14.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 14.01.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindın Təqsirləndirilən şəxs şikayətçidir və ona cinayət qanunun normaları çərçivəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12 və 59.1.14-ci maddələrinə əsasən zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs3 oğlu, Zərərçəkmiş şəxs1 oğlu ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır və ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 04 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17-30-da şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. (i.v.96) Göründüyü kimi, Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus bir ədəd perforator və X2 məxsus bir ədəd drelin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 iyul 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus bir ədəd perforator və X2 məxsus bir ədəd drelin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar